Məhkəmə qərarları › İş №2(103)-467/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-467/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-467/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı X2 vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(011)-7550/2019 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.08.2017-ci il tarixli müqaviləyə əsasən 833830 manat məbləğində kompensasiyanın əlavələr (faizlər) nəzərə alınmaqla Bakı şəhər Xətai rayon İcra Hakimiyyətindən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, cavabdehlə aralarında 01.08.2017-ci il tarixdə notarial qaydada bağlanmış müqaviləyə (Razılaşma) əsasən uzun müddətdir istifadəsində olan evini dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar almalı olduğu kompensasiyaya görə cavabdehin xeyrinə imtina etmişdir. Razılaşmaya əsasən cavabdeh ona məxsus 1092,9 kv.m evinin əvəzi kimi 833830 manat məbləğində kompensasiyanı əlavələr (faizlər) nəzərə alınmaqla müqavilə bağlandığı anda notariusun depozit hesabı vasitəsilə ona ödəməliydi. Müqavilə bağlandıqdan sonra o, evini cavabdeh tərəfindən yaradılmış köçürmə komissiayısına təhvil vermişdir. Cavabdeh müqaviləni imzaladıqdan sonra müqavilə üzrə öhdəliklərini icra etməkdən yayınır. Müqavilənin 11-ci bəndinə əsasən müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı dəymiş ziyanla yanaşı digər tərəfə dəbbə pulu ödəyir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13.11.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 833830 (səkkiz yüz otuz üç min səkkiz yüz otuz) manat məbləğində pulun əlavələr (faizlər) nəzərə alınmaqla, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətindən tutularaq X3 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, Xətai rayon Məhkəməsinin həmin qətnaməsi maddi və prossesual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən hesab edir ki, sözügedən qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən, əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçıya məxsus olduğunu bildirsə də, iddiaçının sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun, yaxud hər hansı sənədinin olub-olmaması araşdırılmamışdır. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllənin 14.3-cü maddəsinə uyğun olaraq dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Göründüyü kimi, məhkəmə sözügedən daşınmaz əmlakın iddiaçıya məxsus olub-olmamasını araşdırmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Bundan başqa, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müvafiq məktubla Ali Məhkəməyə müraciət edilərək daşınmaz əmlakın qiymətləri ilə əlaqədar məhkəmə işlərinə Nazirliyin ekspert və ya mütəxəsislərin iştirakının təmin edilməsi xahiş edilmişdir. Maliyyə Nazirliyinin həmin müraciətinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin 09 aprel 2010-cu il tarixli, 2- 182 nömrəli məktubu ilə respublikanın rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apellyasiya instansiyası məhkəmələrinə tövsiyyə edilmişdir ki, daşınmaz əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakını təmin etsinlər. Lakin məhkəmə işinə Maliyyə Nazirliyi cəlb edilməmiş, bununla da məhkəmə Ali Məhkəmənin göstərişinə əməl etməmişdir. Digər tərəfdən məhkəmə kompensasiya məbləğini hesablayarkən sözügedən daşınmaz əmlakın 1 kv. metrinin orta bazar qiymətini araşdırmadan kompensasiya məbləğini müəyyən etmiş və nəticədə dövlət büdcəsi qarşısında əlavə maliyyə öhdəliyi yaratmışdır. Göründüyü kimi, məhkəmə işə mahiyyəti üzrə baxarkən məsələni tam, obyektiv və hərtərəfli araşdırmamış, bəzi hallarda tətbiq edilməli olan normativ hüquqi aktı tətbiq etməmiş, həmçinin cavabdeh təşkilatın büdcədən maliyyələşdirilməsini nəzərə almamış və nəticədə maddi və prosessual hüquq normalarını kobud surətdə pozmaqla dövlət büdcəsinin ziddinə qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, izahatında əlavə olaraq qeyd etdi ki, iddiaçıya məxsus olmuş yaşayış evinin qiymətləndirilməsi həyata keçirilmişdir. Həmin qiymətləndirmə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mütəxəsisinin iştirakı ilə aparılmışdır. Qiymətləndirmə rəyindən də görünür ki, evin bazar və likvid dəyəri iddiaçıya veriləcək pul kompensasiyasından artıq məbləğ təşkil edir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi apellyasiya şikayətini qəbul etməmiş, izahatında qeyd etmişdir ki, ölkənin sosial-iqtisadi inkişafı sahəsində qəbul olunan Dövlət proqramları çərçivəsində iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, abadlıq-quruculuq işlərinin sürətləndirilməsinə, sosial məsələlərin həlli istiqamətində irimiqyaslı işlər görülməsinə şərait yaratmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar Xətai rayon ərazisində və Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işləri həyata keçirilməsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 10 iyun 2013-cü il tarixli, 225 saylı Sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Qeyd olunan Sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai ra yon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə təsdiq edilmiş komissiya yaradılmışdır. Həmin Sərəncamın icrasının təmin edilməsi istiqamətində 17.02.2017-ci il tarixində 52/1 saylı məktubla rayon İH tərəfindən “xxxx” Qiymətləndirmə (Əmlak Qiymətləndirilməsi) MMC-yə müraciət olunmuşdur. “xxxx” Qiymətləndirmə (Əmlak Qiymətləndirilməsi) MMC-nin göstərilən ərazinin qiymətləndirilməsini müəyyən edib nəticəyə gələrək, 53/M saylı, 24 fevral 2017-ci il tarixli cavabında qeyd olunmuşdur ki, Xətai rayon Turşsu küçəsi üzrə yaşayış evlərinin və həyət tikililəri üçün Azərbaycan Respublikasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq bəndləri (maddə 32, maddə 56, maddə 58, maddə 59, maddə 66) nəzərə almaqla hesablanmış bazar qiymətinə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən 20% əlavə haqq ödənilmək şərti ilə orta qiymətlər yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.m üçün 1000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750 manat, həyətdə əlavə tikililərin 1 kv.m üçün 50-350 manat müəyyən olunmuşdur. Sərəncamın icrası məqsədi ilə vətəndaş X3 məxsus yaşayış evi də köçürmə zonasına düşmüş və 317,8 kv.m yaşayış sahəsi üçün 317800 manat, 630 kv.m köməkçi sahə üçün 472500 manat, 145.1 kv.m əlavə yardımçı sahəsi 50,75 manat, cəmi 833830 manat hesablanmaqla, komissiya tərəfindən razılaşma aktı tərtib edilmiş və imzalanaraq 01.08.2017-ci il tarixdə notariat qaydada bağlanmış müqavilə əsasında təsdiq olunmuşdur. X1 razılığı əsasında onun fərdi yaşayış evi sökülmüş, lakin maliyyə vəsaiti çatışmamazlığı ilə əlaqədar ona bu günə kimi kompensasiyanın ödənilməsi həyata keçirilməmişdir. İş üzrə cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə və 3-cü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyini işə cəlb etməməklə, onun hüquq və vəzifələrinə toxunan məsələni həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş yuxarıda qeyd edilən prosessual pozuntu halını nəzərə alıb, hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(011)-7550/2019 saylı qətnaməsi ləğv edilməli, işə işdə olan sübutlar əsasında baxılmalıdır. İş materiallarından Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 23.12.2006-cı ildə verilmiş MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Turşsu küçəsində istifadədə olan 0,03 227 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, __otaqlı, 162,5 kv.m yaşayış, 431 kv.m köməkçi sahədən ibarət 25/1 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 34 saylı reyestr kitabının 3233 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarından göründüyü kimi, tərəflər arasında 01.08.2017-ci il tarixdə 14 saylı notariat kontorunda Razılaşma imzalanmışdır. Razılaşmanın 4-cü bəndinə görə birinci tərəf (iddiaçı) ikinci tərəfdən (cavabdehdən) 833830 manat məbləğində kompensasiya almaqla 1092,9 kv.m fərdi yaşayış evindən (mənzilindən və ya sahəsindən) ikinci tərəfin xeyrinə imtina edir. Razılaşmanın 5-ci bəndinə görə cavabdeh (ikinci tərəf) Müqavilənin 4-cü bəndində göstərilən məbləğdə qanunvericiliklə nəzərdə tutulan bütün əlavə (faizlər) nəzərə alınmaqla, hesablanmış kompensasiyanın birinci tərəfə (iddiaçıya) notariusun depozit hesabı vasitəsilə ödəyir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanlanmış 29 yanvar 2020-ci il tarixli, 25 saylı məktubunun surətindən görünür ki, ölkənin sosial-iqtisadi inkişafı sahəsində qəbul olunan Dövlət proqramları çərçivəsində iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, abadlıq-quruculuq işlərinin sürətləndirilməsinə, sosial məsələlərin həlli istiqamətində irimiqyaslı işlər görülməsinə şərait yaratmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar Xətai rayon ərazisində və Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işləri həyata keçirilməsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 10 iyun 2013-cü il tarixli, 225 saylı Sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Qeyd olunan Sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai ra yon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə təsdiq edilmiş komissiya yaradılmışdır. Həmin Sərəncamın icrasının təmin edilməsi istiqamətində 17.02.2017-ci il tarixində 52/1 saylı məktubla rayon İH tərəfindən “xxxx” Qiymətləndirmə (Əmlak Qiymətləndirilməsi) MMCyə müraciət olunmuşdur. “xxxx” Qiymətləndirmə (Əmlak Qiymətləndirilməsi) MMC-nin göstərilən ərazinin qiymətləndirilməsini müəyyən edib nəticəyə gələrək, 53/M saylı, 24 fevral 2017-ci il tarixli cavabında qeyd olunmuşdur ki, Xətai rayon Turşsu küçəsi üzrə yaşayış evlərinin və həyət tikililəri üçün Azərbaycan Respublikasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq bəndləri (maddə 32, maddə 56, maddə 58, maddə 59, maddə 66) nəzərə almaqla hesablanmış bazar qiymətinə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən 20% əlavə haqq ödənilmək şərti ilə orta qiymətlər yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.m üçün 1000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750 manat, həyətdə əlavə tikililərin 1 kv.m üçün 50-350 manat müəyyən olunmuşdur. Sərəncamın icrası məqsədi ilə vətəndaş X3 məxsus yaşayış evi də köçürmə zonasına düşmüş vç 317,8 kv.m yaşayış sahəsi üçün 317800 manat, 630 kv.m köməkçi sahə üçün 472500 manat, 145.1 kv.m əlavə yardımçı sahəsi 50,75 manat, cəmi 833830 manat hesablanmaqla , komissiya tərəfindən razılaşma aktı tərtib edilmiş və imzalanaraq 01.08.2017-ci il tarixdə notariat qaydada bağlanmış müqavilə əsasında təsdiq olunmuşdur. X1 razılığı əsasında onun fərdi yaşayış evi sökülmüş, lakin maliyyə vəsaiti çatışmamazlığı ilə əlaqədar ona bu günə kimi kompensasiyanın ödənilməsi həyata keçirilməmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13.11.2019-cu il tarixli qətnaməsi ilə vətəndaş M.Quliyevin Xətai rayon İcra Hakimiyyətinə qarşı iddiası təmin edilərək 833830 manat vəsaitin ödənilməsi qət edilmişdir. Qətnamənin qanuni qüvvəsini almasını nəzərə alaraq, M.Quliyevin hesabına 833800 manat vəsait ayrılmasına köməklik göstərilməsi xahiş olunmuşdur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən bu Qanunun 31.3-cü maddəsinə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxs torpaq üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satışına razılığı barədə alan orqanı yazılı şəkildə məlumatlandırdığı hallarda alan orqan həmin şəxslərin torpaqlarının qiymətləndirilməsini təmin edir. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən bu fəslə uyğun olaraq torpağın alınmasına dair təklifin verilməsindən əvvəl alan orqan bu Qanunun 31.3-cü maddəsinə uyğun olaraq könüllü alqı-satqıya razılıq vermiş alınmanın təsirinə məruz qalan şəxslərin razılığı ilə torpağın keyfiyyətini qiymətləndirmək üçün torpağa daxil ola, ondan nümunə götürə, zərurət olduqda torpağın qanunvericiliyə uyğun olaraq mərzlənməsini təmin edə, habelə torpağın bazar və ya bərpa qiymətinin müəyyən edilməsi üçün zəruri olan digər hərəkətləri edə bilər. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən bu fəslə uyğun olaraq alınan torpağın satın alındığı qiymətin növü və məzmunu bu Qanunun Vİİ fəsli ilə müəyyən olunan kompensasiya ilə eyniyyət təşkil edir, lakin bu zaman torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. Həmin Qanunun 32.4-cü maddəsinə əsasən alan orqan bu fəslə uyğun olaraq alınan torpağın qiymətinin növünü və məzmununu bilavasitə öz mütəxəssisləri və ya dəvət olunmuş müstəqil qiymətləndiricinin köməyi ilə müəyyənləşdirir, lakin hər bir halda satıcıya təklif və ya yeni təklif göndərməzdən əvvəl qiymətin növünü və məzmununu nəzarət orqanı ilə razılaşdırır. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır: -56.1.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin; -56.1.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya; -56.1.3. torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti; -56.1.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər; -56.1.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər; -56.1.6. alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı txxxxirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 58.2-ci maddəsinə əsasən torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Həmin Qanunun 58.3-cü maddəsinə əsasən torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Həmin Qanunun 58.4-cü maddəsinə əsasən torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Həmin Qanunun 59.2-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələrinin sərhədləri hüdudlarında yerləşən torpağın bərpa qiyməti eyni ölçülü və eyni istifadə üçün nəzərdə tutulmuş, eyni və ya daha üstün ictimai infrastruktur imkanlarına və xidmətlərinə malik olan və eyni ərazidə yerləşən torpağın köçürülmə və ya yerdəyişmə ilə bağlı xərclər, habelə üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı xərclər əlavə olunmaqla hesablanan qiyməti deməkdir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən evlər və digər tikililərin bərpa qiyməti onların ölçüsü və keyfiyyəti ilə eyni olan və ya onların ölçüsündən az və keyfiyyətindən aşağı olmayan əvəzedici evin və ya tikilinin əldə edilməsi və ya inşası üçün çəkilən xərclərə, ev və ya tikili qismən zədələndikdə, yaxud evin və ya tikilinin müəyyən hissəsi alındıqda isə onların bərpası üçün tələb olunan tikinti materiallarının bazar qiyməti ilə alınmasına və tikinti sahəsinə daşınmasına çəkilən xərclər, hər hansı işlər və podratçılarla bağlı çəkilən xərclər, habelə hər iki halda layihələndirmə və üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı çəkilən xərclər əlavə olunmaqla hesablanan qiyməti deməkdir. Həmin Qanunun 66.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3. dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-nin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında 01.08.2017-ci il tarixdə imzalanmış Razılaşmaya əsasən iddiaçı sahibliyində olan evini razılaşdırılmış kompensasiya müqabilində cavabdehin xeyrinə imtina etməyi, cavabdeh isə razılaşdırılmış pul vəsaitini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı öhdəliyini icra edərək evi cavabdehə təhvil versə də, cavabdeh Razılaşmada nəzərdə tutulmuş öhdəliyini icra etməyərək 833830 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməmişdir. Mübahisənin bu halı cavabdehin nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Ona görə də kollegiya hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Kollegiya iddiaçıya məxsus evə görə ödənilməli olan kompensasiyanın məbləğinin çox olması əsası ilə 3-cü şəxs tərəfindən qeyd olunan halın müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası təyin etmişdir. “xxxx” MMC-nin 24.12.2020-ci il tarixli, qiymətləndirmə rəyinə əsasən sökülmüş əmlakın yerinə baxış keçirilməsi prosesində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin aparıcı məsləhətçi-nəzarətçi müfəttişi Kamal Qasımov iştirak etmişdir. Aparılmış hesablamalara və təhlillərə əsasən, ünvan 3 ünvanında yerləşmiş, hazırda mövcud olmayan, şəkillər əsasında çıxarış üzrə 593,5, faktiki olaraq mövcud olmuş 1092,9 kv.m sahəli fərdi yaşayış evinin 24.12.2020-ci il tarixə bazar dəyəri 980000 manat, likvid dəyəri 880000 manat təşkil edir. Kollegiya hesab edir ki, qiymətləndirmə ilə bağlı rəy kifayət qədər əsaslandırılmış, əmlakın mövcud bazar və likvid dəyəri (internet məlumatları nəzərə alınmaqla, fotoşəkillərə və sökülmüş əmlakın yerinə baxış keçirilməklə) müəyyən olunmuşdur. Buna görə də, həmin rəy mötəbər sübut kimi qəbul olunmalıdır. Göründüyü kimi, iddiaçıya məxsus fərdi yaşayış evinin bazar və likvid dəyərləri 833830 manatdan artıq məbləğ təşkil etdiyindən, apellyatorun qeyd olunan dəlili əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən kollegiya iddianın təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddia ərizəsi verilərkən 30 manat dövlət rüsumu ödəniş etmişdir. Kollegiya hesab edir ki, iddia təmin olunduğundan, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya qeyd edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza xərci iddia təmin olunduğundan, cavabdehə aid edilməlidir. Apellyasiya mərhələsində keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 300 manat Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətindən alınaraq, “xxxx” MMC-nin hesabına (VÖEN:**********, Hesab N: AZ48AZEG********************, Bank: AG BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ75NABZ********************, KOD:505817; SWİFT: NABZAZ2C) keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin txxxxim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə txxxxim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(011)- 7550/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. 833830 (səkkiz yüz otuz üç min səkkiz yüz otuz) manat məbləğində pul əlavələr (faizlər) nəzərə alınmaqla, 30 (otuz) manat dövlət rüsumu, cəmi 833860 (səkkiz yüz otuz üç min səkkiz yüz altmış) manat Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətindən tutularaq, X3 ödənilsin. Apellyasiya mərhələsində keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətindən alınaraq, “xxxx” MMC-nin hesabına (VÖEN:**********, Hesab N: AZ48AZEG********************, Bank: AG BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ75NABZ********************, KOD:505817; SWİFT: NABZAZ2C) keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar