Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4670/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş (Açar sözlər: «əsassız hesablanmış borcun silinməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1589/2023 saylı, 02 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Abonentin saldosuna əsasən, verilən qaz xətti üzrə **********00640 sayla qeydiyyata alınmış abonent koduna (abonent İddiaçı) 2022-ci ilin fevral ayınadək ümumilikdə 2473,68 (2365,2 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar əsasında hesablanmış borc, 108,48 (aparılmış ödənişlər nəzərə alınmaqla) manat qazdan istifadəyə görə hesablanmış debitor borc) manat zərər hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona əsassız hesablanmış 2473,68 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Tələbdə göstərilir ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ünvanında yerləşən evə məxsus qaz sayğacına əsassız olaraq yüksək məbləğdə borc hesablanmışdır. Sözügedən aktlardan heç bir xəbəri olmamışdır və akt onun iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqda sonradan onu məlum oldu ki, Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında saycağda nasazlıq aşkar edilmişdir və guya bu da sayğaca müdaxilə edilməsi və qaz itgisi kimi qiymətləndirilmişdir. Sözügedən aktlar əsasında 2473.68 manat məbləğində qaz borcu hesablanmışdır. Qaz sayğacına müdaxilə etmək imkanı və heç vaxt belə bir niyyəti olmamışdır. Buna baxmayaraq, ona əsassız olaraq borc hesablanmışdır. Cavabdeh təşkilat qaz xəttinə müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyim nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməlidir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1589/2023 saylı, 02 may 2023-cü il tarixli qətnaməsi (hakim Emin Məmmədli) ilə iddia tələbinin qismən təmin edilərək Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu **********00330) hesablanmış 2008,8 manat məbləğində borcun silinməsi; 40,08 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı fotoşəkillər çəkilərək aktlar tərtib edilmiş, cavabdehə ümumilikdə aktlar əsasında (2019-cu ilin mart ayından 2020-ci ilin mart ayınadək) 2365,2 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı tərəf həmin aktlara görə hesablanmış borcun silinməsini tələb edir. İddiaçı həqiqətən də aktların tərtib edildiyi vaxt təbii qazdan qeyri-qanuni istifadə etdiyini etiraf edərək, aktlarda dəymiş zərərin düzgün hesablanmadığını bildirir. Bununla da, iddiaçı təbii qazdan qeyri-qanuni istifadə edilməsi hissəsində iddia tələbini qəbul etməklə cavabdehi bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların cavabdeh tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Cavabdeh təşkilat tərəfindən iddiaçının sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş aktlar əsasında İddiaçı 2365,2 manat ziyan hesablasa da iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada öz həmin məbləğdə ziyanın hesablanmasını əsaslandıran, yəni idiaçının məhz 2365,2 manat məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi halı etiraf edilməklə məhkəmə araşdırması zamanı müəyyən edilsə də, ziyanın hesablanması zamanı ziyanın hesablanmasına əsas olmuş qaz avadanlıqlarından dəmir sobanın olmasının qeyd olunan ünvanda mövcud olması sübut olunmamışdır. Belə ki, iş materiallarında olan “dəymiş ziyanın hesablanmasına dair tələbnamələrdən” görünür ki, ziyanın hesablanması zamanı əksəriyyət halda iddiaçının mənzilində 2 qaz avadanlığının olması nəzərə alınmaqla hesablamalar aparılmışdır. Belə olan halda, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı aktlara əsaslanmaqla itirilmiş qazın bərpası üçün 2365,2 manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz. Bundan başqa iddiaçının evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. Lakin iddiaçı yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsədə ona ziyan hesablanarkən əksəriyyət halda qaz avadanlıqlarının orta günlük iş rejimi 4 saat göstərilsədə, bir qisim tələbnamələrdə bu 6-24 saat olaraq hesablanmışdır. Məhkəmə orta günlük iş rejiminin 4 saat olaraq 30 günə hesablanmasını ağlabatan və işin hallarına uyğun hesab edir. Qeyd olunanlara əsasən iddiaçı təşkilatın nümayəndələri tərəfindən hər həftə aparılan yoxlamalar nəzərə alınaraq, itirilmiş təbii qazın bərpasına dair zərərin hesablanma müddəti bir ədəd PQ4 qaz sobası və QSSQ üzrə günlük orta iş rejimi 4 saat olmaqla hesablanmalıdır. Odur ki, araşdırılan 11 akt üzrə 32,40 (1.2x4x30=144 kub, 1.5x4x30=180 metr olmaqla 32,4 manat (324 x 0,10),manat hesablanmaqla, cəmi 356,4 (32,40 manat x 11 akt) manat məbləğində borcun iddiaçıya hesablanması ədalətli və ağlabatandır. İddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00330 olan) hesablanmış 2008,8 (2365,2-356,4) manat məbləğində borc silinməlidir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçının silinməsini xahiş etdiyi borcun 108,48 manatı onun tərəfindən təbii qazdan istifadəyə etdiyi üçün sayğac göstəricilərinə əsasən hesablanmış borcdur. Qeyd olunan qanunvericiliklərin tələblərinə əsasən, cavabdeh üzərinə götürdüyü öhdəlikləri vaxtı-vaxtında tam icra etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə həmçinin hesab etmişdir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib şikayətində göstərir ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən Birliyə vurulmuş zərərləri sübut edir. Belə ki, həmin aktlar Cavabdeh İBnin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış və bir nüsxəsi abonentə təqdim edilmişdir. Abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Belə ki, məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür. Həmçinin, hakim iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq təmin etdiyini öz qərarında tam bildirməmişdir. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə nəzərən, hakim iddianı nəyə görə təmin etdiyini tam və sübutlarla əsaslandırmadığından işə yenidən baxılaraq iddianın təmin edilməməsini xahiş edirlər. Qətnamə iddiaçının izahatına və məhkəmənin qanuna söykənməyən mülahizəsinə dayanmaqdadır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
7. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
9. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
10. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
11. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:
Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir, yəni təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnaməsinin təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) təmin edilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə düzgün olmuşdur.
19. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın təmin edilən hissəsində faktiki hallar yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia o hissədə haqlı sayılır.
20. Maddi zərər vurulması üçün təqsirli olaraq mülki hüquq pozuntusu törədilməli zərərçəkən şəxs bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh şikayətində iddiaçının ona təmin edilən məbləğdən artıq miqdarda maddi zərər vurulduğunu göstərsə də buna dair iş materialında hər hansı bir sübut mövcud deyil, apellyasiya şikayətinə də bu barədə hər hansı bir sübut əlavə edilməmişdir.
21. Düzdü, iddiaçı qohumlarının yay aylarında ona məxsus evdə yaşadıqlarını və qazdan qeyri-qanuni istifadə etdiyini, evində qaz sobası və qeyri-standart su qızdırıcısının olduğunu bildirib. Məhz iddiaçının bu etirafını nəzərə alaraq birinci instansiya məhkəməsi qazdan sayğacdan kənar istifadəyə görə iddianı qismən təmin etmişdir. Cavabdeh sayğacdan kənar istifadənin həcminə dair məhkəməyə mötəbər sübut təqdim etməsə də birinci instansiya məhkəməsinin iddianın təmin etmədiyi məbləğ onun mənafeyinə uyğun olmuşdur.
22. Ancaq iddiaçı iddianın təmin edilməyən hissəsini mübahisələndirməsə də cavabdeh təmin edilən hissəni mübahisələndirir, lakin şikayətində, şikayət xatirinə istifadə olunan ümumi dəlillər göstərir və maddi və prosessual hüquq normalarının tətbiqində konkret hansı səhvə yol verildiyini açıqlamır. Yəni, birinci instansiya məhkəməsi qazdan sayğacdan kənar istifadəyə görə cavabdehin xeyrinə fərdi yaşayış evi üçün kifayət qədər olan məbləği silməmişdir.
23. Cavabdehin bu cür hesablama üsulu ilə nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin ona vurduğu maddi ziyan həcmini müəyyən etmək mümkünsüzdür. Çünki, iddiaçının qeyd olunan məbləğdə cavabdehə zərər vurması inandırıcı və ağlabatan görünmür. Cavabdeh iddiaçının sayğac vasitəsilə əvvəlki dövrələr üzrə istehlak etdiyi qazın həcminə dair də məhkəməyə sübut təqdim etməyib. Buna görə də, dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın xx.xx.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması, hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Çünki, həmin sənədin normativ hüquqi akt kimi qeydə alınmasına dair də sübut təqdim edilməmişdir.
24. İddiaçı təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə daha böyük məbləğdə ziyan vurmuşdursa cavabdeh “daha böyük məbləğdə zərərə” və onun hesablanması qaydasına dair məhkəməyə mötəbər sübut təqdim etməli idi. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. O isə bu barədə yalnız aktlar, mübahisəli ünvana aidiyyəti olduğu bilinməyən fotoşəkillər və qanunvericiliyin tələbinə uyğun olmayan hesablama qaydasını əksini əks etdirən tələbnamə təqdim etmişdir. Bu cür sənədlər isə mötəbər hesab edilə və iddianın tam rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, iddiaçı da törətdiyi mülki hüquq pozuntusu həcmində öhdəliyi yarana və buna uyğun məsuliyyət daşımalıdır.
25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda deliktlərdən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
26. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1589/2023 saylı, 02 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1589/2023 saylı, 02 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.