Məhkəmə qərarları › İş №2(103)-4671/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4671/2022

25.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4671/2022 25.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(010)-337/2022 nömrəli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Suraxanı rayon Sukanalizasiya idarəsinə qarşı “qanunsuz hesablanmış borc pulun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Suraxanı rayon Sukanal idarəsinin əsassız yazdığı cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı razılıq ərizəsinə əsasən cavabdeh Suraxanı rayon Sukanalizasiya idarəsi əsl Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə əvəz olunaraq, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən (bundan sonrakı mətndə Cavabdeh ASC) ünvanına yazılmış 170,33 manat su borcunun silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(010)-337/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanına (abonent kodu: **********000) hesablanmış 170,33 (bir yüz yetmiş manat otuz üç qəpik) manat məbləğində borcun ləğv olunması, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-337/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, ddiaçı İddiaçı Cavabdeh ASC-yə qarşı aktın ləğv edilməsinə və akt əsasında hesablanmış 170.33 manat borcun silinməsinə dair iddia tələbi Suraxanı Rayon məhkəməsinin qətnaməsi ilə təmin edilərək 170.33 manatın silinməsi qət edilmişdir. Bildirirlər ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus bağ sahəsinə baxış keçirilən zaman sayğacdan kənar bir ədəd d=20 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilmişdir. Bu barədə xx.xx.2021-ci il tarixli 83098 saylı akt tərtib edilmiş, faktı təsdiq edən video çəkiliş aparılmışdır. Akta əsasən 170.33 manat dəymiş ziyan hesablanmışdır. Məhkəməyə təqdim olunmuş foto və video görüntülərdə sayğacdan əvvəl quraşdırılmış borunun birləşmə hissəsinin rahatlıqla açılaraq sudan qanunsuz istifadə olunacağı görünsə də məhkəmə bu faktlara hüquqi qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı sayğacdan kənar rezin boru vasitəsi ilə qoşulma edərək sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində Cavabdeh ASC-yə 170.33 manat məbləğində ziyan vurmuşdur. Ziyanın məbləği qaydaların 8.7-ci bəndinə əsasən hesablanmışdır. Qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilmiş və video şəkiliş aparılmışdır. İş üzrə bu kimi sübutların olmasına baxmayaraq, məhkəmə tərəfindən göstərilən maddi hüquq normaları tətbiq edilməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən məhkəmə prosesində sudan qeyri-qanuni istifadə faktını sübut edən video görüntü ətraflı araşdırılmamışdır. Eyni zamanda həmin faktın doğruluğunu yoxlamaq üçün aktı tərtib edən əməkdaşlar şahid kimi dindirilməmiş, hadisə yerinə baxış keçirməmişdir. Video görüntünün araşdırılmaması məhkəmənin yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş Cavabdeh ASC-nin əməkdaşları nəzarətçi F.Həşimov və mühəndis B.Yusif tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, abonent İddiaçı sudan sayğacdan kənar qanunsuz istifadə etdiyi üçün cərimə yazılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh ASC arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid müqavilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş Abonent kartından həmçinin görünür ki, abonent kodu **********000 olan İddiaçı 170,33 manat məbləğində yekun borcu vardır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1.6-cı maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qanunun 1.7-ci maddəsinə görə müqavilələr fiziki şəxslərlə qanunla müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Həmin Qanunun 2.1.6-cı maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qanunun 2.1.9-cu maddəsinə görə aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qanunun 6.2-ci maddəsinə görə yaşayış binalarının mənzillərindəki suölçən cihazlar yaşayış binasının girişində, yaxud pilləkən qəfəslərində quraşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.4-cü və 6.5-ci bəndlərinə görə, yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. Azərbaycan Respublikasının Konstitusiyasına görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz (Maddə 73, İİ hissə). Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçıdan tələb edilən borcun real, həqiqətən sayğacdan kənar qeyri-qanuni istifadə nəticəsində hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü su təchizatçısının, yəni borcu hesablamış təşkilat olan Cavabdeh ASCnin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir, hazırki halda isə cavabdeh bunu sübut edə bilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında sadəcə olaraq həmin ünvana gedib baxış keçirdiyini və sayğacın üzərində olan bağlayıcını açaraq istənilən vaxt sudan istifadə etməyin mümkün olduğunu şifahi olaraq bildirmişdir ki, bu da sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. Bu baxımdan məhkəmənin qənaətinə görə, iddiaçının evinə hesablanmış borcun həqiqətən onun tərəfindən real sayğacdan kənar qeyri-qanuni istifadə nəticəsində yarandığı sübuta yetirilmədiyindən həmin borc iddiaçının abunə hesabından silinməlidir. Beləliklə, işin yuxarıda göstərilən hallarını və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ASC tərəfindən İddiaçı ünvanına (abonent kodu: **********000) hesablanmış 170,33 manat məbləğində borc ləğv olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddianın təmin edilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanına (abonent kodu: **********000) hesablanmış 170,33 (bir yüz yetmiş manat otuz üç qəpik) manat məbləğində borcun ləğv olunması, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi ilə bağlı birinci instasiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(010)-337/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar