Məhkəmə qərarları › İş №2(103)-4675/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4675/2021

22.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4675/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 01.06.2013cü il tarixli, 177/5 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə 28.08.2020-ci il tarixli, 177/075/Ç nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə əvvəlki iş yerinə - İqamətgahlara Xidmətlər üzrə menecer vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Yasamal Rayon Məhkəməsinin işə əlavə olunmuş 23.11.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehin əmək müqaviləsinə xitam verilməsi haqqında 28.08.2020-ci il tarixli, 686/076/Ç nömrəli əmri ləğv edilmiş, X1 məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə, əvvəlki iş yerinə bərpa olunmuşdur. Göründüyü kimi, cavabdehin verdiyi analoji əmrin qanunsuzluğu sübuta yetirilərək əmr ləğv olunmuşdur. Bundan başqa, informasiya agentliklərinin yaydığı məlumata görə cavabdeh şirkətin rəhbəri Valter Qaq Azərbaycan Respublikası İXM-nin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddəsi ilə təqsirli bilinərək cərimə olunmuşdur ki, bu da onun işçilərə qarşı qanunsuz əməllərini aydın göstərir. İşdəki sənədlərə əsasən müəyyən olunur ki, cavabdeh iki nəfər işçinin eyni tarixli əmrlə işdən azad etmiş və bunu onunla əsaslandırmışdır ki, həmin şəxslər, yəni iddiaçı və onun müavini X6 şirkətə qarşı cinayət törətmiş və külli miqdarda yeyintiyə yol vermişlər. Lakin cavabdehin bu dəlili sübuta yetməmiş, əksinə cinayət işinin başlanmasının rədd olunması barədə müstəntiqin, daha sonra Yasamal Rayon Məhkəməsinin nəzarət qaydasında qəbul etdiyi qərarı və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə cavabdehin verdiyi şikayətlər əsassız hesab olunaraq təmin edilməmişdir. Cavabdehin yeganə sübut kimi istinad etdiyi "xxxx" MMC-nin birtərəfli qaydada tərtib etdiyi 28.08.2020-ci il tarixli rəyin isə qeyrimötəbər olması məhkəmədə tam sübuta yetirilmişdir. Belə ki, rəydə adı hallanan şəxslərin bir neçəsi məhkəmədə ifadə verərək bildirmişlər ki, rəy cavabdehin xahişi ilə və onların göstərdiyi formada tərtib edilmişdir. Bu da, həmin rəyin mötəbərliyinə ciddi şübhələr yaratmaqla onun etibarsız olmasını göstərir. Bundan başqa, prokurorluqda aparılan araşdırma ilə audit rəyinin və cavabdehin şikayətinin əsassız olması barədə qərar qəbul edilmiş, cavabdehin həmin qərarlardan nəzarət qaydasında verdiyi şikayətlər isə məhkəmələr tərəfindən rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili isə apellyasiya şikayətinə etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, işdə olan audit rəyində qeyd olunmuşdur ki, təqdim edilmiş elektron qaimələrdə qeyd olunan məbləğlər, icarə müqaviləsi və ona nisbətdə xidmət müqavilənin şərtləri baxımından uyğunsuzluqlar təşkil edir. Bu da xidmət haqlarının tələbi ilə bağlı təqdim edilmiş invoyslara və qaimələrə nəzarətin zəif olduğu və ya nəzarət edilmədiyini göstərir. Ən əsası da, bunlarla bağlı təqdim edilmiş invoyslar sifarişçi "X14" şirkətinin işçiləri tərəfindən imzalanmaqla, təsdiqlənmişdir. Yoxlamaya təqdim edilmiş müqavilə, qaimələr, invoyslar və digər sənədlərdən görünür ki, xidmət haqqı adı ilə X2 ödənişlərin edilməsinə yol açmış sənədlər "X14" şirkətinin işçiləri, əsasən də igamətgahlara xidmətlər üzrə Menecer vəzifəsində çalışan X7, bəzi hallarda isə menecer assistenti vəzifəsində çalışan X3 tərəfindən imzalanmışdır. Bu da əmək fəaliyyətində diqqətsizlik etmək, yaxud qəsdən işçi tərəfindən işəgötürənin maddi ziyanına səbəb olan hərəkətlərə yol verilməsidir. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə əlavə edilmiş "işin təsviri" sənədinə əsasən, iddiaçı tərəfindən həyata keçirilməli olan öhdəliklərdən biri də cavabdeh olduğu sahənin müstəqil gəlir mərkəzi kimi uğurla idarə edildiyinə əmin olmaq, bütün xərclərə nəzarət etmək və onlara nəzarət etmək üçün müvafiq tədbirləri tövsiyə etmək, şöbənin əməliyyat büdcəsinə ciddi riayət olunmasını təmin etməkdir. Lakin iddiaçı tərəfindən vəzifə öhdəlikləri həyata keçirilməmiş və əmək vəzifələri kobud şəkildə pozulmuşdur. Belə ki, cavabdeh ilə fiziki şəxs Elmar Mustafayev arasında bağlanılan 01.03.2017-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən, E.Mustafayev cavabdehə məxsus daşınmaz əmlak obyektlərinin icarəyə verilməsi ilə bağlı müştərilərin tapılması xidmətini həyata keçirməli, qeyd edilən xidmət əsasında isə, cavabdeh tərəfindən müqavilədə şərtləşdirilmiş muzd ödənməli idi. E.Mustafayev müxtəlif dövrlərdə ödənilməsi üçün hesabları iddiaçı vasitəsi ilə cavabdehə təqdim etmiş, cavabdeh isə iddiaçının öz öhdəliklərini vicdanla və düzgün şəkildə yerinə yetirdiyinə inanmaqla, hesablar üzrə ödənişləri yerinə yetirmişdir. Lakin sonradan məlum olmuşdur ki, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək, E.Mustafayev tərəfindən təqdim edilən hesabların doğruluğunu yoxlamadan cavabdehi bu hesabların doğruluğuna inandırmış və onun bu formada təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulmuşdur. Belə ki, bir neçə icarəçi E.Mustafayevin xidmətindən istifadə etmədiyi halda, o, bu icarəçilərin guya onun tərəfindən tapıldığına dair cavabdehə hesab təqdim etmiş və iddiaçı öz vəzifə öhdəliklərini yerinə yetirmədiyinə (hesabların düzgünlüyünə nəzarət etmədiyi üçün və hesabları imzaladığı üçün) görə, cavabdeh tərəfindən ona 53.844 manat məbləğində ödəniş həyata keçirilmişdir. Odur ki, göstərilənlərə əsasən, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş faktiki hallarına görə, tərəflər arasında bağlanmış 01.06.2013-cü il tarixli 177/5 nömrəli əmək müqaviləsinə əsasən, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində İqamətgahlara Xidmətlər üzrə Menecer vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə əlavə edilmiş "İşin təsviri" sənədinə əsasən iddiaçı tərəfindən həyata keçirilməli olan vəzifə öhdəliklərindən biri kimi cavabdeh olduğu sahənin müstəqil gəlir mərkəzi kimi uğurla idarə edildiyinə əmin olmaq, bütün xərclərə nəzarət etmək və onlara nəzarət etmək üçün müvafiq tədbirləri tövsiyə etmək, şöbənin əməliyyat büdcəsinə ciddi riayət olunmasını təmin etmək olduğu göstərilmişdir. Cavabdeh tərəfindən 28.08.2020-ci il tarixli, 177/075/Ç saylı əmrlə iddiaçı ilə bağlanılmış 01.06.2013-cü il tarixli, 177/5 saylı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən həmin tarixdən xitam verilmiş və əmrin əsası kimi 28.08.2020-ci il tarixli kənar audit rəyi, Şirkət tərəfindən tərtib edilmiş 20.06.2020-ci il tarixli 0069 akt, 9 müxtəlif müştəriyə aid olan məlumat, icarə müqavilələri, invoys və ödəniş qəbzləri göstərilmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Elmar Mustafayev arasında bağlanmış 01.03.2017-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən, Elmar Mustafayev cavabdehə məxsus daşınmaz əmlak obyektlərinin icarəyə verilməsi ilə bağlı müştərilərin tapılması xidmətini həyata keçirməli, cavabdeh isə əvəzində müqavilədə şərtləşdirilmiş muzdu ödəməli idi. İşdə olan invoys və ödəniş qəbzlərindən görünür ki, E.Mustafayevlə müqavilə münasibətlərinin davam etdiyi dövrdə Şirkət tərəfindən ona göstərdiyi xidmətlərin müqabilində müxtəlif vaxtlarda xidmət haqqı ödənilmişdir. “X4” MMC tərəfindən 26.08.2020-ci il tarixdən 28.08.2020-ci il tarixədək aparılmış audit yoxlamasının nəticəsinə dair 28.08.2020-ci il tarixdə tərtib edilmiş rəyə əsasən, audit yoxlamasına təqdim edilmiş müqavilələrin, Elmar Mustafayevlə bağlı xidmət müqaviləsinin, həmçinin bunlarla əlaqəli sənədlərin araşdırılması nəticəsində qeyd olunan müqavilələrin icraçı E.Mustafayevin xidməti ilə əlaqəsi müəyyən edilmir. Əksinə, icarəçi olan müqavilə tərəfləri ilə rəsmi e-mail yazışmalarında 9 ilkin müqavilə üzrə icarəyə götürənlərin E.Mustafayevlə və digər bir üçüncü şəxs vasitəsilə icarə müqaviləsinin bağlanması halının mövcudluğu öz təsdiqini tapmamış, icarə müqavilələrinin birbaşa icarəyəverənin özünə müraciət etməklə vasitəçisiz bağlandığı təsdiqlənmişdir. Nəticə etibarilə, qeyd olunan müqavilələr əsasında xidmət haqqı qismində tələb olunmuş və ödənilmiş 53.844 manat sifarişçi Cavabdeh Şirkəti ilə Elmar Mustafayev arasında mövcud olmuş xidmət müqaviləsindən kənar (yəni faktiki xidmət mövcud olmadan) ödənilmişdir. Qeyd olunan 53.844 manat, onun köçürülməsi ilə bağlı bank xidməti və faiz məbləğləri ilə birgə Cavabdeh Şirkəti ziyan etmişdir. Bakı şəhəri Yasamal rayon prokurorluğunun müstəntiqinin 11.11.2020-ci il tarixli qərarı ilə "X14” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin İqamətgahlara Xidmət şöbəsinin əməkdaşları İddiaçı, İlkin Yaqubov və Elmar Mustafayev tərəfindən Şirkətə məxsus pulun mənimsənilməsi, yəni Azərbaycan Respublikası CM-nin 179-cu maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi barədə "X14” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin müraciəti əsasında toplanmış 453-C-20 nömrəli material üzrə Elmar Mustafayev, İddiaçı və İlkin Yaqubovun əməllərində hər hansı bir cinayətin tərkib əlamətləri olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və "X14” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbərliyinə müqavilənin yerinə yetirilməsi prosesində mübahisələri həll etmək üçün agent Elmar Mustafayev barəsində mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin həmin qərardan məhkəmə nəzarəti qaydasında verdiyi şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.12.2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, qərar qanuni hesab edilmişdir. Bu qərardan Şirkət tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 13.01.2021-ci il tarixli tarixli qərarı ilə şikayət təmin edilməyərək, rayon məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı, cavabdehin istinad etdiyi hal üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə əməlində cinayət tərkibi olmamasına və əmək vəzifələrini laiyiqincə yerinə yetirməsinə baxmayaraq, ƏM-in 70-ci maddənin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə 28.08.2020-ci il tarixli əmrin qanunsuz olduğundan ləğv edilməsini, işə bərpa edilməsini və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, iddiaçı tərəfindən nəinki əmək müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmiş, həmçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulmuşdur. Belə ki, bir neçə icarəçi Elmar Mustafayevin xidmətindən istifadə etmədiyi halda, Elmar Mustafayev bu icarəçilərin guya onun tərəfindən tapıldığına dair cavabdehə hesab təqdim etmiş və iddiaçı öz vəzifə öhdəliklərini yerinə yetirmədiyinə (hesabların düzgünlüyünə nəzarət etmədiyi üçün və hesabları imzaladığı üçün) görə, cavabdeh tərəfindən Elmar Mustafayevə 53.844 manat ödəniş həyata keçirilmişdir. Yəni, iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması nəticəsində Şirkətə maddi ziyan vurulduğundan, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmiş və bu əsaslardan biri kimi də tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi halı nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, qeyd edilən normaların qarşılıqlı təhlilindən aydın olur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən işçinin qəsdən və ya səhlənkarlıqla əmək funksiyasının yerinə yetirməməsi, habelə qeyd edilən halın müvafiq iş yerində əmək və ya iş intizamının normal ahəngini pozması və ya işəgötürənin hüquqlarına və ya qanunla qorunan maraqlarına hər hansı ziyan vurmasına səbəb olması müəyyən edilməlidir. Baxılan işin hallarından görünür ki, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində İqamətgahlara Xidmətlər üzrə Menecer vəzifəsinə işə qəbul edilmiş və vəzifə öhdəliklərindən biri cavabdeh olduğu sahənin müstəqil gəlir mərkəzi kimi uğurla idarə edildiyinə əmin olmaq, bütün xərclərə nəzarət etmək və onlara nəzarət etmək üçün müvafiq tədbirləri tövsiyə etmək, şöbənin əməliyyat büdcəsinə ciddi riayət olunmasını təmin etmək olmuşdur. Əmək müqaviləsinə əlavə ilə tərəflər arasında razılaşdırılmış bu vəzifəsinin məzmunundan aydın olur ki, cavabdehlə Elmar Mustafayev arasında bağlanmış 01.01.2017-ci il tarixli xidmət müqaviləsi üzrə şirkət tərəfindən E.Mustafayevə ödənilməli olan xidmət haqqının məxaric olunması ilə bağlı əməliyyatlara nəzarət olunması iddiaçının əmək funksiyasına aid olmuşdur. Lakin iddiaçı tərəfindən tələb olunan nəzarət lazımi qaydada həyata keçirilmədiyindən E.Mustafayevə göstərmədiyi xidmətlərə görə Şirkət tərəfindən dəfələrlə haqq ödənilmiş, bunun nəticəsində də Şirkətə xeyli miqdarda ziyan dəymişdir. Bu fakt aşkar olunduqdan sonra isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 28.08.2020-ci il tarixdən xitam verilmişdir. Göründüyü kimi, iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması nəticəsində işəgötürənə xeyli miqdarda maddi ziyan dəymişdir. Kollegiya Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müddəaları hazırkı mülki işə tətbiq edərək qeyd edir ki, təşkilati-hüquqi formasından da göründüyü kimi, cavabdeh fəaliyyətinin əsas məqsədi gəlir əldə etməkdən ibarət olan kommersiya hüquqi şəxsidir. Dolayısı ilə, bu cür təsərrüfat subyektlərində işçinin əsas vəzifəsi öz fəaliyyəti ilə şirkətə fayda qazandırmaqdan ibarətdir. Belə olan halda, işçinin əmək vəzifələrinə etinasız yanaşayaq, lazımi diqqət və ehtiyatlılıq göstərməməsi səbəbindən Şirkətə əhəmiyyətli hesab olunacaq dərəcədə maddi ziyan vurulması özü-özlüyündə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan işəgötürənin qanuni mənafelərinə birbaşa zərər vurulmasıdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə 1 saylı əlavədən görünür ki, çalışdığı sahədə müəssisənin qazanc əldə etməsinə nail olmaq onun vəzifə funksiyalarından biri olaraq, birbaşa nəzərdə tutulmuşdur. İddiaçının işdən azad edilərkən ondan izahat alınmaması ilə bağlı dəlilina dair məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təşkilat tərəfindən təqdim edilmiş 28 avqust 2020-ci il tarixli iclas protokolundan göründüyü kimi, cavabdehin səlahiyyətli əməkdaşlarının iştirakı ilə İddiaçı işdən çıxmasının səbəbləri izah edilərək bu barədə izahat yazması təklif edilmiş, lakin o, izahat yazmaqdan imtina etmiş, və naməlum şəxslə telefon əlaqəsi saxladıqdan sonra işdən çıxma barədə əmrə imza etməklə yanaşı, həmin əmrdə ondan izahat alınmadığına dair qeyd etmişdir. Məhkəmə kollegiyası işin hallarını və tərəflər arasında olan münasibətlərin xarakterini nəzərə alaraq qeyd edilən sənədin həqiqiliyinə şübhə altına alan hər hzansı əsasın olmadığı qənaətinə gəlir və hesab edir ki, hazırkı halda iddiaçının izahat verməkdən imtina etməsi cavabdeh tərəfindən əmək qanunvericiliyinin pozulması kimi qiymətləndirilməməlidir. Bundan başqa, iş materiallarından da göründüyü kimi, İddiaçı eyni məsələrlə bağlı hüquq mühafizə orqanlarında aparılan araşdırmalar zamanı onun işdən çıxmasına əsas olan hallarla bağlı izahat verərək münasibətini bildirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, göstərilən vəziyyətdə iddiaçının işdən azad edilərkən ondan izahatın alınmamasına dair dəlili iş üzrə qəbul edilmiş qətnamənin ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlər ona dəlalət edir ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən İddiaçı işdən azad edilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. Kollegiya, apellyasiya şiakyətinin dəlillərinə müasibətdə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əməlində cinayət tərkibinin əlamətlərinin olmadığının qanuni qüvvəyə minmiş məhkəmə qərarı səviyyəsində təsdiq olunması, avtomatik olaraq onun əmək vəzifələrini pozmamış olması anlamına gəlmir. Çünki bir əməlin əmək pozuntusu hesab olunması onun eyni zamanda cinayət tərkibi yaratmış olması ilə şərtləndirilmir. Başqa sözlə, işçinin əməli cinayət məsuliyyətinə sabab olmasa belə, əmək və icra intizamını pozursa və ya işəgötürənin qanuni maraqlarına xələl yetirirsə, bu onun intizam qaydasında cəzalandırılmasına əsas verir ki, hazırkı işin hallarından bu fakt öz təsdiqini tapır. Bundan başqa, iddiaçı, cavabdehin onunla birlikdə işdən azad etdiyi İlkin Yaqubovun əmrin ləğv edilməsi, işə bərpa tələbinin birinci və apellyasiya instansiya məhkəmələrində icraat cərçivəsində təmin oluduğunu bildirsə də, nəzərə almamışdır ki, həmin qərarlar hazırkı iş üzrə preyudisial hüquqi qüvvəyə malik olmadığından, məhkəmə tərəfindən nəzərə alınması məcburi olan hüquqi mənbə deyil. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(00)-369/2021 saylı iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar