Məhkəmə qərarları › İş №2(103)-4675/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4675/2024

30.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4675/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X11 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Azərbaycan Respublikası DİN BDYPİ-yə qarşı iş üzrə (Açar sözlər: nəqliyyat vasitəsinin alqı-satqı müqavilənin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətinə qaytarılmasına dair yenidən qeydiyyat şəhadətnaməsinin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X12 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs K.M.Bağırovun nümayəndələri və vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X11 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Azərbaycan Respublikası DİN BDYPİ-yə qarşı (X13 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və əmlakın iddiaçının mülkiyyətinə qaytarılmasına dair yenidən qeydiyyat şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-1626/2024 nömrəli qətnaməsindən iddiaçı və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı X9 (əvəzindən X17 imza etməklə) mülkiyyətində olan “BMW X-5” markalı, 2013-cü il buraxılışlı, Ban nömrəsi: WBAKR610900G95949 olan, ** ZU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 30.000 manata alıcı İddiaçı satmışdır. Qeyd olunan nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən İddiaçı adına xüsusi mülkiyyət kimi DİN BDYPİ-də qeydiyyata alınmışdır.

2. xx.xx.2023-cü il tarixli 10584 reyestr nömrəli nəqliyyat vasitəsinə dair sərəncam hüququ verən etibarnamə ilə İddiaçı mülkiyyətində olan “BMW X-5” markalı, 2013-cü il buraxılışlı, Ban nömrəsi: WBAKR610900G95949 olan, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini Cavabdeh1 etibar etmişdir. Etibarnamə 1 il müddətinə xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixə kimi verilmişdir. Etibarnamə üzrə səlahiyyətlər digər şəxsə verilə bilər. Etibarnaməni İddiaçı əvəzindən onun Bakı şəhəri 51 saylı notariat ofisində verdiyi xx.xx.2023-cü il tarixli 7E-4687 reyestr nömrəli etibarnamə əsasında X16 imzalamışdır.

3. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı (əvəzindən xx.xx.2023-cü il tarixli 10584 reyestr nömrəli etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Cavabdeh1 imza etməklə) mülkiyyətində olan “BMW X-5” markalı, 2013-cü il buraxılışlı, Ban nömrəsi: WBAKR610900G95949 olan, **-DU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 37.500 manata Cavabdeh3 (əvəzindən səlahiyyətli nümayəndəsi X14 imza etməklə) satmışdır. Alqı-satqıdan sonra nəqliyyat vasitəsinə yeni **-XV-*** dövlət qeydiyyat nişanı verilməklə xx.xx.2023-cü il tarixli şəhadətnaməyə əsasən Cavabdeh3 adına xüsusi mülkiyyət kimi DİN BDYPİ-də qeydiyyata alınmışdır.

4. Nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həmin nəqliyyat vasitəsindən etibarnamə əsasında istifadə hüququ verilmişdir.

5. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 02-61/24 nömrəli daşınar əmlakın qiymətləndirilməsi barədə rəyində göstərilmişdir ki, “BMW X-5” markalı, 2013-cü il buraxılışlı, **-XV-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobilin xx.xx.2024-cü il tarixə bazar dəyəri 60.000 manat təşkil edir.

6. Vəliyev X4 RPİ-nin istintaq şöbəsinə verdiyi izahatında avtomobili faizə pul götürmək məqsədilə girov qoyduğu şəxslərin Əfəndi Kamal və Elton Mənsimov olduğunu, onlardan 27.000 manat pul götürdüyünü və 3 ay ərzində hər ay 12.500 manat ödəməklə faizlərlə birlikdə 37.500 manat pul qaytaracağına dair razılaşdıqlarını, bundan sonra avtomobili dostunun anası Cavabdeh3 adına formal olaraq alqı-satqı müqaviləsi əsasında keçirdiyini, maşını satmadığını, etibarnamə əsasında özü idarə etdiyini, faktiki onun sahibliyi və istifadəsində olduğunu, ümumiyyətlə Cavabdeh3 tanımadığımı, Kamilə pul ödəyə bilmədiyindən avtomobili ona qaytardığını bildirmişdir.

7. Cavabdeh3 Nərimanov RPİ-nin istintaq şöbəsinə verdiyi izahatında, avtomobilin Elton Mənsimova aid olduğu üçün onun adına alındığını, sözügedən avtomobildən heç bir xəbərinin olmadığını, Cavabdeh1 tanımadığını bildirmişdir.

8. Cinayət işinin başlanması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Cavabdeh1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlamışdır.

9. 16.11.2023-cü il tarixdə X18 ilə Cavabdeh1 arasında “BMW X-5” markalı, **- XV-*** dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinə münasibətdə borc müqaviləsi tərtib edilmiş, müqavilə yalnız Cavabdeh1 tərəfindən imzalanmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X17 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Azərbaycan Respublikası DİN BDYPİyə qarşı “müqavilənin etibarsız hesab edilməsi və əmlakın iddiaçının mülkiyyətinə qaytarılmasına dair yenidən qeydiyyat şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı məxsus olmuş “BMW X-5” markalı, 2013-cü il buraxılışlı, Ban nömrəsi: WBAKR610900G95949 olan **- XV-*** (əvvəlki **-DU-***) dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh3 adına keçirilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsində bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin avtomobilin İddiaçı mülkiyyətinə qaytarılmasına dair yenidən qeydiyyat şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, X17 avtomobillərin kirayəsi ilə məşğuldur. Bu minvalla Cavabdeh1 tanımışdır. Cavabdeh1 iddiaçıdan gündəlik kirayə avtomobil götürmüş və pulunu ödəmişdir. Günlərin birində Cavabdeh1 iddiaçı X15 məxsus və Kamilin dostunun atası İddiaçı adına sənədləşdirilmiş **-DU-*** dövlət qeydiyyat nişanlı BMW X5 markalı avtomobili görmüş və Kamilin həmin avtomobili satmaq istədiyini öyrənmişdir. Daha sonra Xəyyam həmin avtomobili almaq istədiyini Kamilə bildirmişdir. Avtomobilin qiyməti təxminən 45.000 ABŞ dolları olmuşdur. Xəyyam Kamildən avtomobilin qiymətində güzəşt etməsini istəmiş və nəğd ödəniş etmək imkanı olmadığından kredit götürərək, həmin məbləği ona ödəyəcəyini bildirmişdir. Kamil də Xəyyamı əvvəllər də tanıdığından ona etibar edərək inanmış və avtomobili 38.000 ABŞ dollarına Xəyyama satmağı razılaşmışdır. Həmin avtomobil əvvəllər baş etibarnamə əsasında Kamil tərəfindən idarə edilmişdir. Kamil avtomobili Xəyyama verməmişdən qabaq, ona pul lazım olduğundan X7 girova qoyaraq faizə 40.000 manat pul götürmüşdür. Yəni, Kamil öz adına olan baş etibarnaməni həmin qadına vermişdir. Bu səbəbdən artıq Kamilə verilmiş etibarnamə qüvvəsini itirmişdir. Bundan sonra Kamil borcunu qaytarmış və avtomobili Xəyyama satmaq qərarına gəlmişdir. Bu zaman artıq Xəyyama veriləsi etibarnamə birbaşa avtomobilin rəsmi mülkiyyətçisi olan İddiaçı adından verilməli idi. Avtomobil formal olaraq İddiaçı Behbud oğlunun adına rəsmiləşdirilmişdir. X20 razılaşmış və Xəyyam Kamilə bildirmişdir ki, avtomobili almaq üçün bankdan pul götürməlidir və bu məqsədlə ona baş etibarnamə və avtomobilin sənədlərini verməlidir. Kamil birinci şəxsin, yəni İddiaçı adından Xəyyama baş etibarnamə yazdırmış və ona təqdim etmişdir. Bundan sonra Xəyyam bildirmişdir ki, avtomobili banka girov qoyub pul götürəcək və buna bir neçə günə avtomobilin razılaşdırılmış dəyərini 38.000 ABŞ dolları pulu Kamilə verəcəkdir. Kamil avtomobili Xəyyama satandan sonra bir neçə gün gözləmiş və Xəyyamdan heç bir xəbər çıxmamışdır. Kamil Xəyyamla əlaqə saxlamış və bankdan pul götürüb-götürməməsini soruşmuşdur. Xəyyam demişdir ki, hələ alınmır, sənədlər bankdadır, yaxın zamanda həll edəcəkdir. Bundan sonra Kamil ondan şübhələnmiş və Xəyyamı izləmişdir. Şəhərdə Xəyyamı avtomobili idarə edərkən görmüş və məlum olmuşdur ki, Kamilə məxsus avtomobilin qeydiyyat nömrə nişanı dəyişdirilmişdir. Belə ki, avtomobilə yeni **-XV-*** dövlət qeydiyyat nişanı qoyulmuşdur. Kamil Xəyyamı saxladıb nə məsələ olduğunu aydınlaşdırarkən, Xəyyam yenə Kamili aldadaraq 3 gün ərzində pulu alacağını bildirmişdir. Bundan sonra Kamil aldandığını bilərək polisə şikayət etmişdir. Bu zaman Kamilə məlum olmuşdur, Xəyyam avtomobilin üzərində olan bahalı **-DU-*** dövlət qeydiyyat nişanını dövlət yol polisi idarəsində depozitdə saxlayaraq, hazırkı **-XV-*** nömrə nişanını avtomobilin üzərinə bağlayaraq faizə borc verən X6 tanışı Cavabdeh3 adına alqı-satqı edərək, X2 borc almışdır. Razılaşmaya əsasən Cavabdeh1 3 ay ərzində hər ay 12.500 manat olmaqla, cəmi 37.500 manat pulu Eltona qaytarandan sonra avtomobil Xəyyama qaytarılmalı idi. Avtomobil Gülsaranın adına keçsə də, Xəyyama avtomobili idarə etməsi üçün etibarnamə verilmişdir. Kamil polisə şikayət edəndən sonra Xəyyam avtomobilin pulunu və yaxud pulu tapa bilməsə avtomobili qaytaracağına söz vermişdir. Bir neçə gün sonra Xəyyam əlaqə saxlayaraq avtomobilin pulunu verə bilməyəcəyini Kamilə bildirmiş və avtomobili Kamilə qaytarmışdır. Avtomobil hazırda polisin cərimə meydançasına qoyulmuşdur. Bu zaman məlum olmuşdur ki, avtomobilin mühərriki yararsız vəziyyətə salınıb və mühərrikin təmirinə 15.000 manat tələb olunur. Bu zaman aralarında mübahisə yaranmış və avtomobili yararsız vəziyyətə saldığna görə Xəyyam Kamilə 9.000 manat pul vermişdir. Lakin hazırda avtomobil qanunsuz olaraq digər şəxsin adınadır. Məlum olmuşdur ki, Xəyyam 25.000 manat faizə borc pul almış və avtomobili girov qismində digər şəxsin adına, yəni Cavabdeh3 adına rəsmiləşdirmişdir. Cavabdeh3 polisə verdiyi izahatında Xəyyamı tanımadığını, avtomobili Eltonun aldığını bildirmişdir. Avtomobilin dəyəri 25.000 manat ola bilməz və Kamil avtomobili 44.000 ABŞ dollarına Xəyyama satmışdır. Hesab edir ki, alqı-satqı müqaviləsi görünüş üçün bağlanmış əqddir və etibarsız hesab edilməlidir.

12. Məhkəmə tərəfindən X13 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs cəlb etmişdir.

13. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 1626/2024 nömrəli qətnaməsi ilə (hakim V.M.Hacıyev) iddia tələbi təmin edilməmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, Kamil Bağırov avtomobilin faktiki olaraq ona məxsus olduğunu və dostunun atası İddiaçı adına sənədləşdirildiyini iddia etsə də, məhkəmə bunu qəbul etmir. Çünki, avtomobil rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak olmaqla, İddiaçı mülkiyyətində olmuşdur. Bu səbəbdən Kamil Bağırovun avtomobil üzərində hər hansı bir hüququ mövcud olmamışdır, mövcud olmayan hüququn müdafiəsi istisna olunur.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh3 bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək, avtomobilin dəyərini ödəməklə əldə etmişdir. Bununla da vicdanlı əldə edən kimi cavabdeh iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin iddiaçıya qaytarılması üçün qanuni əsaslar mövcud deyildir.

16. Məhkəmə avtomobilin Cavabdeh1 tərəfindən Cavabdeh3 borc pul alınması qarşılığında verilməsinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh3 qardaşı oğlu Vidadi, Eltonla birlikdə avtomobillərin alqı-satqısı ilə məşğul olurlar və aldıqları avtomobilləri Cavabdeh3 adına qeydiyyata aldırır, sonra isə digər şəxslərə satmaqla gəlir əldə edirlər. Vidadi şəriki Eltonla birlikdə qeyd olunan İddiaçı məxsus olmuş avtomobili də onun səlahiyyətli nümayəndəsi Cavabdeh1 satın almışlar, Cavabdeh3 adına sənədləşdirmişlər. Sonradan Elton həmin avtomobili Cavabdeh1 satacağına və oradan gəlir əldə edəcəyinə dair Cavabdeh1lə razılaşmış, lakin Cavabdeh1 razılaşdırılmış 37.500 manatı ayda 12.500 manat olmaqla Elton Mənsimova ödəmədiyi üçün avtomobilin sonradan Cavabdeh1 satılması baş tutmamışdır. Cavabdeh1 avtomobilin pulunu ələ keçirməklə İddiaçı maddi zərər vurmuşdur.

17. Məhkəmə qeyd etmişdir ki, avtomobilə dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən əmlakın İddiaçı məxsus olması DİN BDYPİ-də səlahiyyətli şəxs tərəfindən yoxlanılmışdır. Müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Cavabdeh3 aldığı nəqliyyat vasitəsini daşınar əmlakın dövlət reyestrində öz adına qeydiyyatdan keçirməklə xx.xx.2023-cü il tarixli şəhadətnamə əldə etmişdir. Cavabdeh3 nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir, onun mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə edilməlidir.

18. İddiaçı izah edilmişdir ki, ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsini Cavabdeh1 tələb etmək hüququ vardır.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İV hissəsinə, Mülki Məcəllənin 1.2, 5.3, 16.1, 152.4, 337, 359.1, 394, 399.1, 567-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına, X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” işi üzrə xx.xx.1982-ci il tarixli və “X22rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı və üçüncü şəxs birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını təhrif etmişdir. İddiaçı olaraq onların mövqeyi yalan ifadələrlə yazılmış, demədiyi sözləri qətnamənin əsaslandırma hissəsində iddiaçının adından yazmışdır. Alqı-satqı müqaviləsi formal olaraq qanunvericiliyin tələblərinə əməl edilərək bağlansa da, faktiki olaraq həmin alqı-satqı müqaviləsinin şərtləri əsas götürülməmişdir. Məqsəd girov olmuş, alqı-satqı müqaviləsi adı altında pərdələnmişdir. Bunu üçüncü şəxs qismində cəlb edilmiş Elton Quliyev özü izahatında təsdiq etmiş, Cavabdeh3 isə izahatında həqiqətən də avtomobil almadığını və heç kəsə bununla bağlı ödəniş etmədiyini bildirmişdir. Yəni, cavabdeh və üçüncü şəxs əslində nəinki dolayı yolla, hətta birbaşa yolla iddianı təsdiq etmişdir. Nəticədə avtomobil iddiaçı avtomobilin mülkiyyətçisi İddiaçı tərəfindən heç bir iradə ifadəsi olmadan özgəninkiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, -“İddiaçı avtomobilin səlahiyyətli nümayəndəsi Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh3 satılmasından məlumatlı olmuşdur.” Bu nə sənədlərlə, nə də işin faktiki halları ilə təsdiq edilməmişdir. Bunu məhkəmə öz şəxsi mülahizəsi əsasında yazmışdır. İşin faktiki halları da onu təsdiq edir ki, avtomobil formal olaraq iddiaçının adına olsa da, faktiki üçüncü şəxsin əmlakı olmuşdur. Yəni, işin bu faktiki halının məhkəməyə aidiyyəti yoxdur. Məhkəmənin onun qəbul edib-etməməsi öz işidi. Çünki iddiaçı zatən iddia qaldırmış və bu hüququ mübahisələndirmək gülüncdür. Bundan başqa, üçüncü şəxs bir çox hallarda yalan izahatlar vermişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Elton Mənsimov guya avtomobili alan zaman Xəyyamın İddiaçıla telefonla danışdığını və satmağa etirazının olmamasını bildirir. xx.xx.2024-cü il tarixli protokolunun 20:26-cı saniyəsində isə qeyd edir ki, “İddiaçıla özüm danışdım və satmağa etirazının olmadığını bildirdi”. Əvvəla belə bir hal baş verməmişdir, hər kəs qəbul edir ki, avtomobil İddiaçı adına olsa da, Kamil Bağırova məxsusdur. Yəni, onun satılmasına İddiaçı münasibət bildirə bilməz və bildirməmişdir. Həmçinin, məhkəmənin xx.xx.2024-cü il tarixli protokolunun 15:11-ci saniyəsində X21 avtomobilin cərimə və adına rəsmiləşdirilməsi də daxil cəmi 33.000 manat pul verdiyini bildirdi. Xəyyam da, ona təmiz 30.000 manat verildiyini, onun da 1.000 manatını Eltona verdiyini, yəni ona cəmi 29.000 manat verildiyini bildirdi. Elton da təsdiqlədi və yerdə qalan 3.000 manatı da cərimə və digər xərclərə çəkdiyini bildirdi. Lakin sonradan məhkəmənin sonuncu iclasında hakim sual verir ki, alqı-satqı müqaviləsində 37.500 manat göstərilmişdir. Bu ziddiyyəti nə ilə izah edə bilərsiz. Hakimin bu sualına Elton Mənsimov heç bir cavab verə bilməmişdir. Hətta ziddiyyətli cavablar verərək avtomobilə görə 35-36 min manat vermişəm demişdir. Hakimin yenə də 36.000 manat vermisənsə, niyə müqavilədə 37.500 manat yazıldığı barədə sualına Elton Mənsimov heç bir cavab verə bilməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh3 bağladığı əqdə münasibətdə vicdanlı olmuşdur. Bu tamamilə yalandır. Cavabdeh3 avtomobilin alqı-satqısından xəbəri olmamış, polisə verdiyi izahatında bunu təsdiq etmişdir. Pul vermədiyi halda halda vicdanlı alıcıdan söhbət gedə bilər. Beləliklə, məhkəmə bu qanunsuz mövqeyini işin faktiki halları ilə deyil, öz şəxsi mülahizələri ilə əsaslandırmış və sonda ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, mübahisənin predmeti olan müqavilə heç bir hüquqi nəticə yaratmayaraq yalnız görünüş üçün bağlanan əqd olduğundaan əhəmiyyətsizdir və etibarsız əqd hesab olunmalıdır. Nəticədə Xəyyam avtomobili faizə borc verən X6 tanışı Cavabdeh3 adına girova qoyaraq (alqı-satqı edərək), X2 borc almışdır. Halbuki, həmin alğı-satqı müaviləsi də görüntü xarakteri daşıdığından əhəmiyyətsiz hesab edilərək etibarsız əqd kimi qiymətləndirilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında iştirak edən İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs K.M.Bağırovun nümayəndə və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini xahiş etdi.

24. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh1 etibarnaməsi olmuş və o, sərəncam vermək hüququndan istifadə etmişdir. Cavabdeh1 etibarnaməni bir başa mülkiyyətçinin özü vermişdir. Ümumiyyətlə, avtomobil verilən zaman onların niyyəti avtomobili satmaq olmuşdur. Avtomobil icarə və ya girov məqsədi ilə verilməmişdir. Müqavilə imzalanan vaxtı İddiaçı də hadisədən məlumatlı olmuşdur. İddiaçı özü də etiraf edir ki, mülkiyyət hüququ ona məxsus olsa da o, formal mülkiyyətçi olmuşdur. Avtomobil faktiki olaraq Kamilin olmuşdur. Real olaraq cavabdeh tərəfindən pul ödənilib və avtomobil alınıb. Birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehi vicdanlı alıcı kimi qiymətləndirmişdir.

25. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 apellyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, birinci instansiya məhkəməsi vaxt verdi ki, ondan götürülmüş pulu qaytarsınlar, o da öz növbəsində avtomobili qaytarsın. O, buna razılaşdı, lakin vaxt verilməsinə baxmayaraq qarşı tərəfdən heç bir addım atılmadı. Xəyyam onu aldatmamışdır, etibarnamə ilə ona avtomobil satmışdır. Onların arasında müqavilə olub, üç ay ərzində ona 37.500 manat pul ödəməli idi. Avtomobil girov olmayıb. Avtomobili alıb öz nömrəsini üzərinə qoymuşdur. Xəyyam ona bildirmişdir ki, üç aya pulu verəcək, maşını satmasın. Hesab edirəm ki, birinci instansiya məhkəməsinin qətnaməsi doğru və əsaslıdır.

26. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

28. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 10.2 İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Maddə 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Maddə 12.3. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün rəsmi reyestrə ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur: 12.3.1. ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surəti; 12.3.2. qeydiyyat üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı: Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırki işdə iddia tələbi rədd edildiyindən və apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

34. Belə ki, işə baxmış birinci instansiya məhkəməsi maddi hüquq normalarının tədbiqində səhvə yol vermiş, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

35. İşdən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan, lakin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Kamil Bağırova məxsus olduğunu bildirdiyi mübahisəli nəqliyyat vasitəsinə dair etibarnamə əsasında sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətləri etmək səlahiyyətlərini Cavabdeh1 vermişdir. Sonuncu isə X3 aldığı borc müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq nəqliyyat vasitəsini girov məqsədilə formal olaraq alqı-satqı müqaviləsi əsasında alıcı Cavabdeh3 adına özgəninkiləşdirmişdir.

36. Belə ki, alıcı Cavabdeh3 Nərimanov RPİ-nin istintaq şöbəsinə verdiyi izahatında bildirmişdir ki, sözügedən nəqliyyat vasitəsindən heç bir xəbəri yoxdur, nəqliyyat vasitəsi X10 aiddir.

37. X14 isə işə birinci instansiya məhkəməsində işə baxılarkən izahatında bildirmişdir ki, əvvəlcə Cavabdeh1 aralarında danışıqlar olmuşdur ki, mübahisəli nəqliyyat vasitəsini ona 42.000 manata satsın, lakin Xəyyam sonradan fikrini dəyişmiş, avtomobili satmaq istəmədiyini, avtomobili onun adına keçirəcəyini bildirmişdir. Xəyyama 33.000 manat ödəmiş, aralarında olan razılaşmaya əsasən əgər Xəyyam 3 ay ərzində hər ay 12.500 manat olmaqla, cəmi 37.500 manat pulu ödəyərsə, o, avtomobili yenidən Xəyyama 37.500 manata satmağa razılaşmışdır.

38. Göründüyü kimi, Elton Mənsimov özü bildir ki, satış qiyməti 42.000 manata razılaşdırılmış nəqliyyat vasitəsinin satışından Cavabdeh1 fikrini dəyişərək imtina etmiş, sonradan Cavabdeh1 onun tərəfindən 33.000 manat ödənilmiş, Cavabdeh1 isə ona 3 ay ərzində hər ay 12.500 manat ödəməklə 37.500 manat qaytarmağı üzərinə götürmüşdür.

39. Cavabdeh1 birinci instansiya məhkəməsində işə baxılarkən izahatında bildirmişdir ki, mübahisəli nəqliyyat vasitəsi faktiki onda idi, onu nə Eltona, nə də Gülsaraya satmamışdır. Ona təcili pul lazım idi, BDYPİ-də Fuad adlı tanışından maraqlanmışdır ki, nəqliyyat vasitəsini harada girov qoya bilər. Fuad onu Elton ilə tanış etmiş və aralarında danışıq olmuşdur ki, Elton ona 30.000 manat verəcək, müqavilənin şərtlərinə görə hər ay 12.500 manat olmaqla, cəmi 37.500 manat pul Eltona ödəməli idi ki, sonra avtomobili yenidən onun mülkiyyətinə qaytarsınlar. Onlar eyni zamanda avtomobili idarə etməsi üçün ona etibarnamə vermişdilər.

40. Qeyd olunanlar həmçinin onunla təsdiq olunur ki, Cavabdeh1 nəqliyyat vasitəsinin alqı-satqısı həyata keçirildiyi günün növbəti günü məhz 3 ay müddətinə nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamə verilmişdir.

41. Yuxarıda göstərilənlərdən belə qənaətə gəlinir ki, alıcının mübahisəli nəqliyyat vasitəsini almaq niyyəti olmamış, alıcı tərəfindən nəqliyyat vasitəsinin dəyəri satıcıya ödənilməmiş, nəqliyyat vasitəsi alıcının faktiki sahibliyinə keçməmişdir.

42. Kollegiya qeyd edir ki, yuxarıda istinad olunan Mülki Məcəllənin 359.1-ci maddəsinin tələblərinə əsasən təmsilçinin etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs təmsil edilən adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

43. Maddənin məzmunundan göründüyü kimi, təmsil edilənin adından əqdi təmsil edən bağlayır, yəni əqdin bağlanmasına yönələn iradə ifadəsi ona məxsusdur.

44. İşdən müəyyən olunur ki, alıcı adından etibarnamə əsasında çıxış edən X14 ilə satıcının adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsini bağlayarkən niyyətləri olnar arasında mövcud olan borc müqaviləsi üzrə sonuncunun öhdəliklərinin icrasının təminatı olaraq nəqliyyat vasitəsini ipoteka ilə yüklü etmək olmuşdur. Beləliklə, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsi yalan (əhəmiyyətsiz) əqddir.

45. Lakin dövlət reyestrində qeydə alınmalı olan daşınar əşyanın ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmadığı üçün həmin əqdə aid olan qaydaların hazırki iş üzrə tədbiqi mümkün deyil.

46. Bununla belə kollegiya qeyd edir ki, X8 Cavabdeh1 borc müqaviləsi üzrə ödənilməli olan məbləğin tələb edilməsi istisna edilmir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 1626/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış “BMW X-5” markalı, 2013-cü il buraxılışlı, Ban nömrəsi: WBAKR610900G95949 olan **-XV-*** (əvvəlki **-DU-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin nəqliyyat vasitəsinin İddiaçı mülkiyyətinə qaytarılmasına dair yenidən qeydiyyat şəhadətnaməsi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar