Məhkəmə qərarları › İş №2(103)-4677/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4677/2023

10.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4677/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X7 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1687/2023 saylı, 16 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə "ARAZ-Tİ” MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə ünvan 1 ünvanındakı 558-ci məhəllədə yerləşmiş “Araz-Tİ" MMC-nin binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən 107 nömrəli, 186,4 kv.m sahəsi olan mənzillə bağlı olmuş və bu mənzilin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(004)-9854/2016 saylı qətnaməsinə əsasən iddiaçının sahiblik və istifadəsinə verilməsi müəyyən edilmişdir.

2. İcra prosesində mənzillərin nömrələnməməsi və MTK-nın nümayəndəsinin təklifi ilə iddiaçıya digər blokda yerləşən ayrı mənzil təhvil verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cı il tarixli, 8(103)-138/2023 saylı qərardadı ilə MMC tərəfindən H.Cavid prospekti 46 saylı ünvanındakı 558-ci məhəllədə yerləşmiş “Araz-Tİ" MMC-nin binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən 107 nömrəli, 186,4 kv.m sahəsi olan mənzilin əvəzinə H.Cavid prospekti 46 ünvanında, 558 məhəllədə binanın 1-ci blokunun 4cü mərtəbəsində yerləşən ümumi sahəsi 191,0 kv.m olan 9 nömrəli mənzilin verilməsinə dair icra hərəkətləri etibarlı hesab edilmişdir.

3. “Araz-Tİ" MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, “Araz-Tİ" MMC-yə məxsus yaşayış binasının 1-ci girişinin 4-cü mərtəbəsində ümumi sahəsi 191,00 kv.m olan 4 otaqlı, 09 saylı mənzilin payçısı Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixli müqavilə üzrə ümumi pay dəyəri 191.000,00 manat ödənilmişdir. Payçı tərəfindən ödəniş tam şəkildə həyata keçirilmişdir. Cavabdeh1 “Araz-Tİ" MMC-yə heç bir borcu yoxdur.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və "xxxx" MMC arasında bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında 28 dekabr 2017-ci il tarixli müqavilənin və 28 dekabr 2017-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məhkəməyə müraciət edərək Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 05 sentyabr 2016-cı il tarixli, 2(004)- 9854/2016 saylı saylı işlə əlaqədar icra vərəqəsi üzrə Yasamal rayon icra məmuru tərəfindən tərtib edilmiş 12 fevral 2018-ci il tarixli aktın və xx.xx.2018-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh1 ərizəsini bu formada əsaslandırmışdır ki, icra nəticəsində İddiaçı təhvil verilmiş mənzil, onunla "xxxx" MMC arasında bağlanmış Yaşayış binasında mənzil tikintisi haqqında 28 dekabr 2017-ci il tarixli müqaviləyə əsasən ona məxsusdur. Lakin icra olunan zaman İddiaçı təhvil verilmişdir. Ərizədə əlavə olaraq da 28 dekabr 2017-ci il tarixli maliyyə arayışını əsas göstərmişdir ki, o, mənzilin əvəzi olaraq 191.000 manatı tam olaraq ödəyib. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(004)-830/2022 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Bu qərardaddan onun tərəfindən şikayət verilmişdir. Hal-hazırda mənzil İddiaçı mülkiyyətindədir. İcra nəticələrinin ləğvi ilə bağlı Yasamal Rayon Məhkəməsinə birinci dəfə şikayət olunmuşdur. Bu zaman 2(004)-364/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə qəbul edilmişdir. Lakin bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5664/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. Bu zaman Yasamal Rayon Məhkəməsində iş araşdırılarkən məhkəmə prosesində iddiaçının nümayəndəsi X3 etiraf etmişdir ki, 28 dekabr 2017-ci il tarixli müqavilədə göstərilmiş 191.000 manatı “ARAZ T.İ.“ MMC-yə ödəməmiş, MMC ilə əlaqəsi olmayan Sakit Məmmədov adlı şəxsə bir hissəsini ödəmişdir. Baxmayaraq ki, o əvvəl qeyd etmişdir ki, o pulu "xxxx" MMC-nin nümayəndəsinin yanında vermişdir. Nümayəndənin məhkəmə iclasında ödəniş olunmadığını bildirdikdən sonra o pulu başqa bir şəxsə verdiyini etiraf etmişdir. Baxmayaraq ki, bu hal da sual altındadır. Lakin adı çəkilmiş şəxsin onsuz da, “ARAZ T.İ.“ MMC ilə əlaqəsi yoxdur. Bundan başqa "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə imzalanarkən Yasamal Rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 1(004)-377/2016 saylı hökmü ilə qeyd edilmiş müqavilədə direktor kimi imzası olan X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, habelə digər təsərrüfat subyektlərində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4.000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Yəni, müqavilənin bağlandığı 28 dekabr 2017-ci il tarixində "xxxx" MMC-nin direktoru X6 ola bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Hansı ki, həmin zaman "xxxx" MMC-nin qanuni təmsilçi X6 deyildi. Bu barədə Yasamal Rayon Məhkəməsində araşdırma aparılarkən məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə sorğu verilmişdir. Həmin sorğuya verilmiş 21 fevral 2022-ci il tarixli cavabda qeyd edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 1(004)-377/2016 saylı hökmü xx.xx.2017-ci il tarixində icra edilərək X4 adı hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmış, o, xx.xx.2018-ci il tarixdə cəmiyyətə yenidən direktor təyin edilmişdir.

6. Cavabdeh1 nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının evi ilə bağlı məhkəmə qətnaməsi var. Bakı Apelyasiya Məhkəməsi tərəfindən də həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ilə 2005ci il tarixdə müqavilə bağlanmış və onun mənzili həmin binada ünvan 1 ünvanındakı 558-ci məhəllədə yerləşən 2-ci blok 4-cü mərtəbədə yerləşən 107 nömrəli, 186,4 kv.m sahəsi olan mənzildir. Cavabdehin mənzili isə 1-ci girişdə olan 9 nömrəli mənzildir. İcra sənədi səhv icra edilmişdir. İddiaçı müqaviləni bağlayanda binanın heç bünövrəsi də qoyulmamışdır. X6 icra sənədinə də imza atmışdır və onun səlahiyyəti olmamışdır. Həmçinin, cavabdeh imza səlahiyyətinin olub-olmamasını bilməyə borclu deyildir. Ödənişi ödəyib mənzili almışdır. İddiaçının mənzili başqa mənzil olduğundan onun hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Mənzilin dəyərinin ödənilməsi maliyyə arayışı ilə təsdiq edilir. Cavabdeh mənzilin dəyərini hissə-hissə ödəmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o icra məmuru işləmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(004)-9854/2016 saylı icra sənədinin icrası zamanı qeyd edilən binaya getmişlər. Mənzillərdə nömrələnmə problemi var idi və mənzillər nömrələnməmişdir. Onlar MTK-nın nümayəndəsini dəvət etmişlər. Məhkəmənin qətnaməsində mənzilin faktiki sahəsi bəlli idi. Həmin sahəyə uyğun digər mənzil MTK-nın nümayəndəsinin iştirakı ilə təhvil verilmişdir. Binada mənzili tapmaq mümkün deyildi. Qətnamədə göstərilən sahəyə uyğun mənzil ümumiyyətlə yox idi.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, bina ümumiyyətlə problemli binadır. Mənzil təhvil veriləndə binaların nömrələri yox idi. Bu məsələni aydınlaşdırmaq üçün icra prosesinə MTK-nın nümayəndəsi dəvət edilmişdir. MTK-nın nümayəndəsi 2-ci blokun həmin blok olduğunu və mənzilin Məlahət xanıma məxsus olduğunu qeyd etmişdir. O, həmin vaxt mənzilin mülkiyyətçisi olub-olmadığını soruşmuş, MTK-nın nümayəndəsi isə cavabında mənzilin mülkiyyətçisi olduğu təqdirdə qapısının köhnə deyil, təzə olmalı olduğunu bildirmişdir. Onlar mənzilin təhvil verilməsini aktlaşdırılmış və icra sənədi üzrə icraata xitam vermişlər.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1687/2023 saylı 16 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Cavabdeh1 əqd bağlanarkən X4 müəyyən vəzifə tutma hüququndan məhrum edilməsi barədə hökmün qəbul edilməsindən məlumatı olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Həmçinin, əqdin bağlandığı şərait və əqdin MMC-nin möhürü ilə təsdiq edilməsi halı da nəzərə alınaraq Cavabdeh1 bu barədə məlumatının olmaması ağlabatandır. Əlavə olaraq da, şahidlərin ifadəsi və iş materialları ilə təsdiq edilir ki, icra mərhələsində icra məmurlarına Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanındakı 558 və 566cı məhəllələrdə yerləşmiş “ARAZ T.İ.“ MMC-nin tikilməkdə olan binasında 9 nömrəli mənzili X6 tərəfindən müəyyən vəzifə tutma hüququndan məhrum edildiyi dövrdə göstərilmiş və mənzilin İddiaçı təhvil verilməsi barədə aktı da o imzalamışdır. Bu hal da onu göstərir ki, X6 müvəqqəti olaraq dövlət və yerli özünüidarə orqanlarında, habelə digər təsərrüfat subyektlərində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilsə də, faktiki olaraq vəzifəsinin icrasına davam etmişdir. Nəzərə alınmalıdır ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq onlar əqdi bağlamalıdırlar.

11. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, iddiaçı mübahisəsini etdiyi mənzillə bağlı subyektiv hüquq sahibi deyildir. İddiaçı ilə "ARAZ-Tİ” MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə ünvan 1 ünvanındakı 558-ci məhəllədə yerləşmiş “Araz-Tİ" MMC-nin binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən 107 nömrəli, 186,4 kv.m sahəsi olan mənzillə bağlı olmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(004)-9854/2016 saylı qətnaməsinə əsasən iddiaçının sahiblik və istifadəsinə verilməli olan mənzil də məhz həmin müqavilədə nəzərdə tutulan mənzil olmuşdur. İcra prosesində mənzillərin nömrələnməməsi və MTK-nın nümayəndəsinin təklifi ilə iddiaçıya digər blokda yerləşən ayrı mənzil təhvil verilmişdir. İcra prosesində iddiaçıya hər hansı səbəbdən icra sənədində göstərilən mənzil əvəzinə digər mənzilin verilməsi, ona bundan əvvəl həmin mənzillə bağlı “ARAZ T.İ.“ MMC ilə Cavabdeh1 arasında bağlanmış müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışını mübahisələndirmək hüququ vermir.

12. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337.2, 349, 350, 358.1, 358.2, 360.1, 360.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1687/2023 saylı, 16 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

14. Apelyasiya şikayəti ümumilikdə iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasın xahiş etmişdir. Həmçinin bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin qərardadından verdikləri şikayət əsasında Apellyasiya Məhkəməsi Yasamal Rayon Məhkəməsinin qərardadını ləğv etmişdir. Onların MTK ilə olan müqaviləsi əsasında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən onlara verilmiş mənzil vardır. Həmin mənzilə dair sonradan Cavabdeh1 məhkəməyə müraciət edərək bildirmişdir ki, onun da müqaviləsi vardır. Bu səbəbdən də məhkəməyə müraciət etmişlər ki, qeyd olunan müqavilə etibarsız sayılsın. Etibarsızlığa səbəb olan əsas ondan ibarətdir ki, müqavilə bağlanan zaman xx.xx.2017-ci il tarixində müqaviləni MTK tərəfidən imzalayan şəxs, yəni X6 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə direktor vəzifəsi tuta bilməzdi. Məhkəmə gedişatında İqtisadiyyat Nazirliyinin daxilində Dövlət Vergi Xidmətinə sorğu da verilmişdir və sorğuya cavab əsasında müəyyən olunmuşdur ki, həmin zaman X4 adı direktor kimi reyerstrdən çıxarılmışdır, yəni hökmün icrası ilə əlaqədar olaraq reyestrdən çıxarılmışdır. İddiaçı ilə MTK arasında müqavilə bağlanmışdır. Müqavilə üzrə 1-ci blok, 4-cü mərtəbə, 186 kv.m-lik mənzilin verilməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə öhdəliklər icra olunmadığı üçün məhkəməyə verilmişdir. Məhkəmədə qətnamənin icrası zamanı icra məmurları gələrək 4-cü mərtəbə, 186 kv.m-lik mənzil olmamasını bildirmişlər. Bunlara 191 kv.m-lik mənzil təklif edilmiş, daha sonra 5 kv.m sahənin də əlavə ödənişini aralarında razılaşdırmış, aktlaşdırmışlar və bununla da icra yekunlaşmış hesab edilmişdir. Daha sonra həmin icra aktı mübahisələndirilmiş, lakin yekunda icra hərəkətləri etibarlı hesab edilmişdir. Aktın tərəfləri tələbkar və borclu mənzillə bağlı qarşılıqlı razılaşırlar və icra məmuru da bunu aktlaşdırır. Tərəflərin hər hansı birinin bununla bağlı şikayəti yoxdur. Mübahisəli mənzil məhkəmə qərarı ilə iddiaçıya verilmişdir. Həmin mənzildə heç bir təmir işləri aparılmamışdır. Yerli baxış zamanı həmin mənzilin iddiaçının istifadəsində olması müəyyən olunmuşdur. Onlara verilmiş mənzil məhkəmə qətnaməsinin icra mərhələsində müəyyən olunmuşdur. Onlara verilən mənzillə razıdırlar. Faktiki olaraq mənzil onlara təhvil verilmişdir. Cavabdehlə bağlanan müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. İcra məmuru tərəfindən tərtib olunmuş aktda qeyd olunmuşdur ki, həmin vaxt binada mənzillərlə bağlı nömrələmə yoxdur. Hal-hazırda da nömrələmə yoxdur. Nömrələməni MTK-nın nümayəndələri edə bilər, akt tərtib olunan zaman da MTK-nın nümayəndəsi həmin mənzili göstərmişdir. Cavabdeh1 nümayəndəsi Hüseynov Əsəd gələrək etiraf etdi ki, 191 min manat pul verilməyibdir. İş materiallarında ciddi hesabat blankı yoxdur. Müqavilə formaldır, 191 min manatın verilib-verilməməsi sual altındadır. Hazırda həmin mənzildə təmir işləri gedir. Hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında “İddiaçı mənzildən çıxarılması və mənzilin Cavabdeh1 təhvil verilməsinə dair” iddia ərizəsi mövcuddur. Bu prosesin nəticəsinə görə Yasamal Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə icraat dayandırılmışdır. Hazırkı iş üzrə müqavilə etibarsız olduğu halda onların iddia verməyə subyektiv hüququ olmayacaqdır. Həmin mənzildə İddiaçı yaşayır. Mənzilin açarı 7 ildir İddiaçıdir. İddiaçı qarşı qaldırılan iddiaların heç bir hüquqi əsası yoxdur. 17.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkilinin dedikləri ilə razı olduğunu bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, 2005-ci ildə o bu mənzili Ədalət adlı direktordan alıb. Hal-hazırda binanın sahibi Sakit müəllimdir. Onların arasında qohumluq əlaqələri vardır. Daha sonra onların arasında mübahisə düşür, Şirkətin müdiri Sakit müəllim özü dəfələrlə ona bildirir ki, pulu ona vermədiyinə, Ədalətə verdiyinə görə ona ev verməyəcəklər. Həmin binada Xanımın adına ev yoxdur. Müqavilə bağlanan zaman bina tikilməmişdir. Ona görə də mənzil göstərilməmişdir. Mənzilin ünvanını binanı tikən özü müəyyən etmişdir. 18.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bildirmişdir ki, verilmiş iddia tələbi tam əsassızdır. Tərəflərin MTK ilə bağladıqları müqavilə və maliyyə arayışından görünür ki, müqavilələrin tarixi tamamilə fərqlidir, 2005 və 2017-ci il tarixlərində olan müqavilələrdir. Müqavilədə ünvanlar, mərtəbələr, kv.m-lər fərqlidir və verilən pullar fərqlidir. İddiaçının subyektiv hüquqları da yoxdur. İddiaçının binası tikilən zaman 2005-2006-cı illərdə Cavabdeh1 mənzili olan bina tikilməmişdir. Cavabdeh1 mənzili olan bina 2015-2016-cı illərdə tikilmişdir. Binada 107 saylı mənzil 9-cu mərtəbədə yerləşir, 4-cü mərtəbədə yerləşmir. 2005-ci ildə müqavilə bağlanan zaman iddiaçı tərəfin iddia etdikləri mənzil yox idi. Bu müqavilədən asılı olan bir işdir. Müqavilənin bütün rekvizitləri hüquqlarını müdafiə etdiyi şəxsin mənzilinin rekvizitləri ilə üst-üstə düşür. İddiaçı bildirir ki, həmin evdə yaşayır, lakin yerli baxış zamanı iddiaçının müqaviləsində göstərilən mənzilin binanın 9-cu mərtəbəsində yerləşdiyi müəyyən eedilmişdir. Onların mənzili isə öz yerindədir. İddiaçıya münasibətdə qətnamə səhv icra olunmuşdur. İddiaçı ilə müqavilə bağlanan zaman onların binası tikilməmişdi. 19.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh "xxxx" MMC məhkəmə iclasında təmsil olunmamış və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq norması

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

20.Azərbaycan Respublikasının Konstitusiyası 60 maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

21.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 22.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 23.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 24.358.1 və 358.2-ci maddələrinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 25.567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

27. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 29.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 30.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

Apelyasiya baxışının hədləri

32.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 33.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın tam təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. 34.Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

35.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. 36.Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 37.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək hüququ verilmişdir. Belə ki, müqavilə əqddir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Lakin əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər: hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər; hüququ və ya qanuni mənafeni mübahisəli edə bilər; vəzifənin icrasını çətinləşdirə bilər. 38.Toxunmanın olub-olmadığı müəyyən edilərkən əqdin yaratdığı nəticə əsas götürülür. Belə ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə görə bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə 3 yerə bölünür: hüquq münasibəti əmələ gəlir; hüquq münasibəti dəyişir; hüquq münasibəti xitam olunur.

39. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna 3 element daxildir: münasibətin subyekti; münasibətin obyekti; münasibətin məzmunu.

40. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan üç elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar əqdin əmələ gətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır.

41. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan görünür ki, mübahisələndirilən müqaviləyə əsasən Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanında, 558 və 556-cı məhəllələrdə tikilməkdə olan binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 191,0 kv.m olan 9 nömrəli mənzili, dəyərini "xxxx" MMC-yə tam şəkildə ödəməklə almışdır. 42.Cavabdeh1 həmin müqaviləyə əsasən verilməli olan mənzil Bakı şəhəri Yasamal Rayon Məskəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-9854/2016 saylı qətnaməsi icra edilərkən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46 ünvanında, 558 məhəllədə binanın 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,4 kv.m olan 107 nömrəli mənzilin əvəzinə İddiaçı təhvil verilmişdir. Həmin icra hərəkətləri Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(004)-830/2022 saylı qərardadı ilə etibarsız hesab edilsə də, daha sonra apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərardad ləğv edilmişdir. 43.Belə ki, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, 8(103)-138/2023 saylı qərardadında mübahisəli 9 saylı mənzilin MMC tərəfindən Cavabdeh1 təhvil verilməsini təsdiq edən hər hansı aktın və ya protokolun olmamasına, müqavilələrin bağlanması zamanı binanın tam inşa edilməməsinə, binadakı mənzillərin nömrələnməməsinə, binanın 4-cü mərtəbəsində 186,4 kv.m sahəsi olan mənzilin mövcud olmamasına istinad edərək icra məmurunun həyata keçirdiyi icra hərəkətlərinin qanuni olduğunu qeyd etmişdir. 44.Göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanında, 558 və 556-cı məhəllələrdə tikilməkdə olan binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 191,0 kv.m olan 9 nömrəli mənzilin İddiaçı verilməli olması halı artıq öz təsdiqini tapmış faktlardandır. Lakin bu hal MMC–ni Cavabdeh1 28 dekabr 2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanında, 558 və 556-cı məhəllələrdə tikilmiş binalardan mənzil vermək üzrə yaranmış öhdəlikdən azad etmir, ələxüsus da bu hal sözügüdən müqavilənin etibarsız hesab edilməsi üçün əsas deyildir. 45.Belə ki, cavabdehlər arasında bağlanmış alqı-satqı və podrat müqavilələrinin ünsürlərindən ibarət qarışıq müqavilə üzrə MMC-nin müvafiq ödəniş müqabilində inşa etdiyi binadan Cavabdeh1 mənzil verilməsinə dair öhdəliyi yaranmış, sonuncu üçün bu öhdəlik mülkiyyət hüququnun yaranması, yəni hüquq münasibətinin əmələ gəlməsi ilə nəticələnməlidir. Mübahisə predmeti olan bu hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç birinin də iddiaçıya aidiyyəti yoxdur. Çünki, iddiaçı bu müqavilə münasibətlərinin subyekti deyildir, müqaviləyə əsasən yaranmış öhdəlik münasibətinin məzmununun da iddiaçıya bağlılığı müəyyən edilməyib, çünki subyektiv hüquq və hüquqi vəzifə (məs. əmlakı vermək, müqabilində pul ödəmək və s.) müqavilənin tərəflərinə aiddir. 46.Bundan başqa müvafiq növdən olan müqavilənin predmetini tərəflərin əsas hüquq və vəzifələrinin məcmusu təşkil etdiyi nəzərə alınsa müəyyən olunar ki, MMC-nin cavabdehə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanında, 558 və 556-cı məhəllələrdə tikilməkdə olan binalardan mənzil vermək üzrə vəzifəsi iddiaçı ilə əlaqədar deyildir (müqavilə bağlanan zaman həmin bina tikilməmiş olduğundan və müqavilədə qeyd edilən mənzilin ona verilməsi mümkün olmadığından bu üçüncü şəxslərin hüquqlarından azad olan istənilən mənzil ola bilər). Belə olan halda hazırki işdə yuxarıda göstərilən üç elementdən heç birinin iddiaçıya aidiyyəti olmadığı müəyyən edilir. 47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarının məzmunundan göründüyü kimi pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Beləliklə göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia, buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından rədd olunmalıdır. 48.Məhkəmə kollegiyası həmçinin iddiaçının iddia ərizəsində qanuni əsas olaraq istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 350-ci maddəsinin dispozisiya şərtlərinin işin faktiki hallarına tətbiqən yoxlanılmasının mümkün olub-olmaması ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. 49.Həmin maddəyə görə əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. 50.Beləliklə əqd açıq-aşkar və əhəmiyyətli dərəcədə əlverişsiz şərtlərlə bağlanmışdırsa, digər tərəf təmsil olunan tərəf üçün əməliyyatın zərərli olması barədə məlumatlı olmuşdursa və həmin əqdin iqtisadi cəhətdən əsaslandırılmış hesab edilməsinə imkan verən heç bir hal yoxdursa məhkəmə qaydasında mübahisələndirilə bilər. Lakin qeyd edilməlidir ki, bu qaydaya uyğun olaraq, məhkəmə belə bir əqdi yalnız “maraqları üçün məhdudiyyətlər müəyyən edilmiş” şəxsin iddiası əsasında etibarsız hesab edə bilər. Məsələn, adından mübahisəli əqd bağlanmış hüquqi şəxs, təssərüfat cəmiyyətinin iştirakçısı və s. 51.İş materiallarından göründüyü kimi iddiaçı yuxarıda sadalanan şəxslərdən deyildir və beləliklə də onun tərəfindən bu maddənin verdiyi imkanlardan istifadə edilməklə əqdin etibarlılığının mübahisəlindirilməsi istisna edilir.

52. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsinin, mübahisə predmeti olan müqaviləyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 349 və 350-ci maddələrinə əsasən hüquqi qiymət verilməsi yalnışdır. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı, iddiaçının iddia tələbi üzrə subyektiv hüquqa malik olmaması öz təsdiqini tapdığı təqdirdə isə hüquqi dəyərləndirməni artıq bitirməlidir, çünki işin həlli üçün bunun heç bir əhəmiyyəti yoxdur. 53.Buna baxmayaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi həm də iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olmamasına istinad etdiyindən, iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 54.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

55. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 56.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1687/2023 saylı 16 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar