Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4679/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 5 saylı Notariat Ofisi və ƏMDK yanında DƏDRX-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 5 saylı Bakı şəhəri Notariat Ofisində bağlanmış və qeydə alınmış Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov küçəsində yerləşən 0,45074 ha torpaq sahəsinə dair bağışlama müqailəsinin etibarsız hesab edilməsi və Cavabdeh2 23.08.2019-cu il tarixdə ünvan 1 ünvanladığı dövlət reyestrindən yeni çıxarışın sifarişi ilə bağlı ərizənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd olunmuşdur. İddiaçılar, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şikayətin dəlilləri ondan ibarətdir ki, Cavabdeh1 104.958 manat tutularaq, iddiaçılara ödənilməsi barədə Yasamal Rayon Məhkəməsinin 27.11.2018-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə mindiyi, yəni bu iş üzrə Ali Məhkəmənin qərarının elan edildiyi 17.07.2019-cu il tarixdən 36 gün sonra Cavabdeh1 qərəzli şəkildə öz öhdəliklərindən yayınaraq, mülkiyyətində olan mübahisəli daşınmaz əmlakı 23.08.2019-cu il tarixli notarial qaydada təsdiqlənmiş bağışlama müqaviləsi əsasında Cavabdeh2 bağışlamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, İddiaçı1 və X3 Əhmədovaya qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası Yasamal rayon Məhkəməsinin 27.11.2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, Cavabdeh1 104958 manat tutularaq İddiaçı1 və Azər Lütfəliyevə ödənilməsi qət edilmişdir. Qətnamə 17.07.2019-cu il tarixdə (Ali Məhkəmənin həmin tarixli qərarı ilə) qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Həmin icra sənədi üzrə icraat çərçivəsində icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 14 nömrəli mənzilin üzərinə həbs qoyulmuş və qərardad qanuni qüvvəyə minmişdir. Cavabdeh1, 23.08.2019-cu il tarixdə 5 saylı Bakı şəhəri Notariat Ofisində bağlanmış və qeydə alınmış bağışlama müqaviləsi əsasında ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov küçəsində yerləşən 0,45074 ha torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. Hazırda iddiaçlar, Cavabdeh1 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından yayınmaq məqəsdilə mülkiyyətində olan mübahisəli torpaq sahəsini Cavabdeh2 bağışlaması barədə 23.08.2019-cu il tarixli əqdin uydurma olduğunu bildirərək, həmin müqavilənin etibarsız hesab edilməsini tələb edirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə iddiaya etiraz edərək, qeyd olunan mülki iş üzrə iddianın təmin edilməsi üçün Cavabdeh1 məxsus Yasamal rayonu, İ.İsmayılov küçəsində yerləşən 0,45074 ha torpaq sahəsinin üzərinə həbs qoyulmadığını, hənçinin, özgəninkiləşdirilməsinin qadağan edilmədiyini bildirirlər. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Göründüyü kimi, uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Baxılan işdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 23.08.2019-cu il tarixli müqavilənin yalnız görünüşdə bağlandığını, yəni uydurma əqd olmasını sübuta yetirmək vəzifəsi iddiaçıların üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Buna baxmayaraq, iddiaçılar, Cavabdeh1 bu müqaviləni bağlamaqla tələbin ona məxsus mübahisəli torpaq sahəsinə yönəldilməsindən yayınmaq məqsədi daşıdığını bildirsələr də, məhkəməyə bununla bağlı kifayət qədər mötəbər sübutlar təqdim edə bilməmişlər. Əksinə, işdən görünür ki, Cavabdeh1 mülkiyyətində həmin vaxt başqa daşınmaz əşya da (ünvan 2 ünvanında yerləşən 14 nömrəli mənzil) olmuş və iddiaçıların xeyrinə qəbul edilmiş qətnamənin icrası çərçivəsində həmin əmlakın üzərinə həbs qoyulmuşdur. Bu isə o deməkdir ki, cavabdehin mübahisəli bağışlama müqaviləsini mülkiyyətində olan əşyaları sözügedən qətnamənin icrasından yayındırmaq niyyəti ilə bağlaması inandırıcı görünmür. Eyni zamanda, nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsinə dair 23.08.2019cu il tarixdə bağışlama müqaviləsi bağlanılarkən, həmin torpaq sahəsinin üzərinə hər hansı yüklülük və ya məhkəmə tərəfindən qoyulmuş qadağa olmamışdır. Beləliklə, Kollegiya, apellyasiya şikayəti ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-178/2021 saylı iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4679/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4679/2021
02.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver