Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4687/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxsin qanuni nümayəndəsi X4 nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı “etibarnamənin ləğv edilməsinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Мəhkəməsinin 2(002)-307/2021 saylı iş üzrə qəbul etdiyi 22 fevral 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxsin qanuni nümayəndəsi X4 nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı «etibarnamənin ləğv edilməsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 45 saylı Notariat X1 tərəfindən 06 aprel 2010-cu il tarixdə Bakı şəhəri 45 saylı Notariat Ofisində İddiaçı verdiyi 06.04.2040-cı il tarixə kimi qüvvəsi olan ƏN-İ 198855 nömrəli etibarnamənin ləğv edilməsinin əsassız və qanunsuz olduğundan etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, vətəndaş X12 06 aprel 2010-cu il tarixdə Bakı şəhəri 45 saylı Notariat Ofisində İddiaçı ona məxsus bütün əmlaklarının idarə edilməsi və üzərində sərəncam verilməsinə dair 06.04.2040-ci il tarixə kimi qüvvəsi olan ƏN-İ 198855 nömrəli etibarnamə vermişdir. ƏN-İ 198855 nömrəli etibarnamə cavabdeh 45 saylı Notariat Ofisi tərəfindən qeyri-müəyyən tarixdə ləğv edilmişdir. Cavabdeh etibarnamənin ləğvini etibarnamə üzərində etdiyi Qaradağ rayon məhkəməsinin 25.04.2011-ci il tarixli qərarı və MM-nin 365.1.7-ci maddəsinə dair qeydlə əsaslandırmışdır. Cavabdehin qeydindən görünür ki, etibarnamə vermiş E.Hümbətovun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qərarı olmuşdur. Qaradağ rayon məhkəməsinə edilmiş sorğuya verilmiş cavabdan görünür ki, Qaradağ rayon məhkəməsində X5 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə heç bir material aşkar edilməmişdir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən X12 tərəfindən 06 aprel 2010-cu il tarixdə Bakı şəhəri 45 saylı Notariat Ofisində İddiaçı ona məxsus bütün əmlaklarının idarə edilməsi və üzərində sərəncam verilməsinə dair verdiyi 06.04.2040-ci il tarixə kimi qüvvəsi olan ƏN-İ 198855 nömrəli etibarnamə əsassız və qanunsuz ləğv edilmişdir. İddiaçı 2020-ci ilin oktyabr ayında qeyd olunan etibarnamə üzrə ona verilmiş tapşırığı yerinə yetirmək istəyərkən etibarnamənin ləğv edilməsi ona məlum olmuşdir. Bundan sonra müvafiq orqanlara müraciət edib araşdırmalar aparmış və zəruri sənədləri əldə etmişdir. Həmin sənədlərdən ona aydın olmuşdir ki, cavabdeh iddiaçını qeyd olunan etibarnamə üzrə ona verilmiş tapşırıqlarını yerinə yetirməkdən məhrum etmişdir. Pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də cavabdeh 45 saylı Notariat Ofisi tərəfindən X5 verdiyi 06 aprel 2010-cu il tarixli 06.04.2040-ci il tarixə kimi qüvvəsi olan ƏN-İ 198855 nömrəli etibarnamənin ləğv edilməsi əsassız və qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Мəhkəməsinin 2(002)-307/2021 saylı iş üzrə qəbul etdiyi 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri 45 saylı Notariat X2 tərəfindən İddiaçı adına verilmiş 06 aprel 2010-cu il tarixli ƏN-İ 198855 №-li etibarnamənin ləğv edilməsinə dair hərəkətinin etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamədən üçüncü şəxsin qanuni nümayəndəsi X4 nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X14 Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 130 saylı 08 oktyabr 2020-ci il tarixli Sərəncamına əsasən üçüncü şəxs X6 qəyyumudur. Ella Zimmermanın atası Elmağa Hümmətovun 3 övladı- 2 oğlu və bir qızı vardır. Elmağa Hümmətov ali təhsilli olmuş və əqli fəaliyyət tələb edən vəzifələrdə çalışmışdır. Uzun illər Elmağa Hümmətov gözəl ailə başçısı olmuş, daim ailəsini sevmiş və qayğısına qalmışdır. Lakin uzun illər işlədiyi iş mühitindən ayrıldıqdan sonra içkiyə qurşanmış və xroniki alkoqolizmdən əziyyət çəkmişdir. Bununla əlaqədar olaraq 31.08.2009-19.09.2009-cu il və 21.02.2010-26.03.2010-cu il tarixindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə almişdir. Həmçinin Qaradağ Rayon Məhkəməsinin 28.08.2012- ci il tarixli qərarına əsasında 28.03.2012-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicəyə qəbul olunmuş və hal hazırda da müalicəsi davam edir. Bu məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 07.02.2021-ci il tarxili Qaradağ Rayon İcra Hakimiyyəti Qəyyumluq şöbəsinə göndərilmiş məktuba cavabda da əks edilmişdir. Ella Zimmerman və qardaşları halhazırda da atalarının qayğısına qalırlar, daim onun yanına gedir, səhhətinə nəzarət edirlər. X18 Federativ Respublikasında ailə qurub, orada işləyib yaşasa da, hər il azı iki dəfə olmaqla Azərbaycana ailəsinin yanina gəlir, xarici ölkədən onlara pal-paltar, dərmanlar, lazım olan azuqələri alıb gətirir. Daim ailəsini və xüsusi olaraq atasını nəzarət altında saxlayır və bir ildən artıqdır ki, daimi olaraq Azərbaycan Respublikasında ailəsinin yanında yaşayır. 06 aprel 2010-cu il tarixdə Elmağa Hümmətovun bacısı və onun qızı-İddiaçı hər kəsdən və ailə üzvlərindən xəbərsiz olaraq, Elmağa Hümmətovun xəstə və hərəkətlərinin dərk etməməyindən istifadə edərək, onu Bakı şəhəri 45 saylı Notariat Ofisinə aparmış və orada X6 adından İddiaçı Elmağa Hümmətova məxsus bütün əmlaklarının idarə edilməsi və üzərində sərəncam verilməsinə dair 06.04.2040-ci il tarixinə kimi qüvvəsi olan ƏN-İ 198855 nömrəli etibarnamə verilmişdir. Lakin daha sonra ailə üzvlərinin bundan məlumatı olmuşdur. X13 25 aprel 2011-ci il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Qərarına əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 105 saylı 03 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə fəaliyyət qabilliyəti olmayan X6 üzərində oğlu X15 qəyyum təyin edilmişdir. Daha sonra X6 qəyyumu olan X15 tərəfindən, İddiaçı notariat kontorunda 06 aprel 2010-cu il tarixli ƏN-İ 198855 nömrəli İddiaçı verilmiş etibarnaməyə xitam verilmişdir. Həmin etibarnamənin xitam verilməsi barədə X15 İddiaçı qızma ərizə və müraciət yazılaraq ünvanına poçt zərfi vasitəsi ilə rəsmi məlumat bildirilmiş və həmin etibarnamənin qaytarılmasını tələb etmişdir, lakin hələ də iddiaçı tərəfindən həmin etibarnamə bizə qaytarılmamışdır. Nəzərinizə çatdırım ki, tərəfimizdən göndərilmiş ərizələr barədə İddiaçı məlumatı olmasını sübutu olaraq bildirmək istəyirik ki, 08.07.2013-cü il tarixində iddiaçının ərizələrin alınması barədə bildiriş qəbzi imzalanmış və poçt vasitəsilə bizə təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsində işin araşdırılması gedən zaman qardaşım X7 hal-hazirda birinci qrup əlil olması və yaranan beyin infarktının işemik insultu xəstəliyi səbəbindən həmin bildirişlərin tapa bilməmişdik. Həmin xəstəliyin olması barədə sənəd də apelyasiya şikayətinə əlavə olunur. Yalnız birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunduqdan sonra həmin bildirişləri əldə edə bilmişik. Bununla da məlum olmuşdur ki, iddiaçı qeyd edilən etibarnaməyə 2013-cü ildən xitam verildiyini bildiyi halda, həmin etibarnamənin etibarsızlığı ilə bağlı iddia qaldırmaq müddətini ötürməklə, 7 il sonra sonra belə bir absurd iddia ilə məhkəməyə müraciət etmiş və məhkəmə də qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Buradan isə məhkəmənin bu işlə bağlı qərəzli olması şübhələri yaradır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddia müddətinin tədbiqi barədə ərizə birinci instansiya məhkəməsinə verilməli idi. Həmçinin iddiaçı hüququnun pozulduğunu bildikdən sonra 1 il müddətində iddia qaldırmış və bununla da iddia müddətini ötürməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehin və digər üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarına əlavə olunmuş 199 nömrəli 20 oktyabr 2020-ci il tarixli Bakı şəhəri 45 saylı Notariat Ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X12 adından İddiaçı verilmiş etibarnamə Qaradağ rayon Məhkəməsinin qərarına əsasən ləğv edilmişdir, məktuba əlavə eidlmiş müvafiq etibarnamənin üzərində etibarnamə ləğv edilmişdir, Qaradağ Rayon Məhkəməsinin 25.04.2011-ci il tarixli qərarı sözləri qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş ƏN-İ 198855 nömrəli etibarnamənin surətindən görünür ki, vətəndaş X12 06 aprel 2010-cu il tarixdə Bakı şəhəri 45 saylı Notariat Ofisində İddiaçı ona məxsus bütün əmlaklarının idarə edilməsi və üzərində sərəncam verilməsinə dair 06.04.2040-ci il tarixə kimi qüvvəsi olan etibarnamə vermişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 74 № li məktubunun məzmunundan aydın olur ki, X5 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair heç bir material aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş 25 aprel 2011-ci il tarixli şəxsin prosesual fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qərarın surətindən görünür ki, X12 prosesual fəaliyyət qabiliyyətli olmayan hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 105 saylı sərəncamından görünür ki, vətəndaş X15 atası 01 iyun 1937-ci il təvəllüdlü X6 üzərində qəyyum təyin edilməsi xahişi ilə Qaradağ Rayon İcra HAkimiyyəti Başçısına mürcaiət etmişdir. Qaradaö Rayon Məhkəməsinin 25 aprel 2011-ci il traixli qəraraı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilən 01 iyun 1937-ci il təvəllüdlü X6 X8 tərəfindən rəsmən qəyyumluğa götürlməsi zərurəti yaranmışdır. Ona əsasən X9 fəaliyyət qabiliyyəti olmayan 01 iyun 1937-ci il təvəllüdlü X10 üzərində qəyyum təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 130 saylı sərəncamından görünür ki, Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 03 sentybar 2012-ci il tarixli 105 saylı sərəncam etibarsız hesab edilmiş və vətəndaş X11 Qaradağ rayon Məhkəməsinin 25 aprel 2011-ci il tarixli qərarı ilə fəaliyyət qabiliyyəti olmayan 01 iyun 1937-ci il təvəllüdlü X10 üzərində qəyyum təyin edilmişdir. İş materiallarına əlavə olunmuş 647 nömrəli 01.02.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X16 Şəxsi tərəfindən verilmiş məktubun surətindən görünür ki, 1937-ci il təvəllüdlü ünvan 1 ünvanda qeydiyyatda olan, X13 31.08.09-19.09.09-cu il və 21.02.10-26.03.10-cu il tarixlərdə adı yuxarıda qeyd olunan xəstəxanada stasionar müalicədə olmuşdur. Sonuncu dəfə E.E.Hümmətov Qaradağ Rayon Məhkəməsinin 28.02.2012-ci il tarixli qərarı əsasında 28.03.2012-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliy Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicəyə qəbul olunmuş və hal-hazırda müalicəsi davam etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 31.1-ci maddəsinə əsasən fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki şəxslərin fəaliyyət qabiliyyətinin və ya onların sahibkarlıq fəaliyyəti və ya başqa fəaliyyətlə məşğul olmaq hüququnun məhdudlaşdırılmasının qanunla müəyyənləşdirilmiş şərtlərinin və qaydasının gözlənilməməsi müvafiq məhdudiyyəti qoymuş dövlət orqanının və ya digər orqanın aktının etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyətindən və ya fəaliyyət qabiliyyətindən tamamilə və ya qismən imtina etməsi və hüquq qabiliyyətinin və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına yönəldilmiş digər əqdlər əhəmiyyətsizdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. O, yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti daşıyır. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin himayəçinin razılığı tələb olunan hallarda, belə razılıq olmadan bağladığı əqd sonradan himayəçinin yazılı razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqda məhkəmə onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edir. Fiziki şəxsin üzərində təyin edilmiş himayəçilik məhkəmənin qərarına əsasən ləğv olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Həmin Məcəllənin 362.1.-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Həmin Məcəllənin 365.1.7-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması halında xitam verilir.. Kollegiya qeyd edir ki, Mülki qanunvericiliyin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi etibarnaməyə xitam verilməsi üçün əsasdır. Həmiçnin, mülki qnaunvericiliyin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər, fiziki şəxslərin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasının qanunla müəyyənləşdirilmiş şərtlərinin və qaydasının gözlənilməməsi müvafiq məhdudiyyəti qoymuş dövlət orqanının və ya digər orqanın aktının etibarsızlığına səbəb olur, fiziki şəxsin hüquq qabiliyyətindən və ya fəaliyyət qabiliyyətindən tamamilə və ya qismən imtina etməsi və hüquq qabiliyyətinin və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına yönəldilmiş digər əqdlər əhəmiyyətsizdir. Mülki və mülki prosessual qanunvericiliyin tələbinə əsasən şəxs yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilə bilər və yalnız bu hal Mülki Məcəlləni 365.1.7-ci maddəsinə əsasən etibarnamənin xitam verilməsinin əsası qismində (fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, məhdud fəaliyyət qabiliyyəti sayılması halında) çıxış edə bilər. Hazırki işdə isə Bakı şəhəri 45 saylı Notariat Ofisi tərəfindən müvafiq etibarnamənəyə xitam verilərkən X6 prosesual fəaliyyət qabiliyyətli olmadığı əsas götürülməklə notariat haqqında və mülki qanunvericiliyin normalarına əməl edilməmişdir. Belə ki, X6 fəaliyyət qabiliyyətinin olmayan hesab edilməsi və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırlmasına dair hər hansı məhkəmə qətnaməsinin olması halı müəyyən edilməmişdir. Kollegiya apellyasiya şikayətinin iddia müddətinin ötürülmüş olması ilə bağlı dəlilini də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci və 373.2-ci maddələrinə görə, ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Hazırki iddia tələbi notariusun hərəkətinin etibarsız hesab edilməsi olduğundan kollegiya hesab edir ki, qanunvericilikdə hazırki iddia tələbi üzrə iddia müddətinin olması nəzərdə tutulmamış, bununla da hazırki mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün üçüncü şəxs tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Мəhkəməsinin 2(002)-307/2021 saylı iş üzrə qəbul etdiyi 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün X4 ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4687/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4687/2021
26.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver