Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4688/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı və cavabdeh-iddiaçı Şəfiqə Səlimovanın iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması barədə” iddiasına, iddiaçı X1 cavabdehlər Bakı şəhəri 28 saylı Notariat Ofisi və İddiaçı qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mənzilə vərəsəlik hüququnun tanınması barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı-cavabdeh İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Hazırkı iş əvvəlcə ayrı-ayrı 2 mülki işdən ibarət olmuşdur: İddiaçı iddiasına dair mülki iş və Şəfiqə Səlimovanın iddiasına dair mülki iş. Birinci instansiya məhkəməsində icraat zamanı həmin işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir. İddiaçı və Şəfiqə Səlimova bacı-qardaşdır. Onların atası Yunis Səlimov xx.xx.2006-cı ildə ölüb və Səbail rayonu, Badamdar qəsəbəsi, A.Məmmədov küçəsi, ev № 95-də yerləşən 7 №-li mənzil miras qalıb (bundan sonra –mənzil). Tələb və onun həlli: İddiaçı iddiasında tələb olunub ki, mirasın qəbulu müddəti uzadılsın. Şəfiqə Səlimovanın iddiasında tələb olunub ki, miras mənzili qəbul etməsi faktı müəyyən edilsin və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi notariusa həvalə edilsin. Qətnamə ilə qət olunub ki, İddiaçı iddiası təmin edilməsin, Şəfiqə Səlimovanın iddiası təmin edilsin, Şəfiqə Səlimovanın mənzili miras kimi qəbul etməsi faktı müəyyən edilsin və mənzilə qanun üzrə vərəsəlik hüququ tanınsın. Qətnamədə qeyd olunub ki, qətnamə mənzilə dair Şəfiqə Səlimovanın adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, İddiaçı iddiası təmin edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu,cavabdeh-iddiaçı Şəfiqə Səlimova isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: İşdə 2 iddia olduğuna görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. 1-ci iddia, yəni İddiaçı iddiası əsassızıdır. Belə ki, Yunis Səlimov xx.xx.2006-cı ildə öldüyünə görə miras həmin tarixdə açılıb. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İddiaçı 3 ay müddətində, yəni xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək olan müddətdə göstərilən hərəkətləri etməyib. O, mirasın qəbulu müddəti bitdikdən 15 il sonra məhkəməyə müraciət edərək mirasın qəbulu müddətinin uzadılmasını xahiş edib. Mülki Məcəllənin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. İddiaçı iddia ərizəsində müddətin buraxılmasının üzrlü səbəbi kimi onu göstərib ki, atasının ikinci nikah üzrə arvadının və həmin nikahdan olan qızının mirasa dair şəhadətnamə aldıqlarını düşündüyünə görə qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün notariat ofisinə müraciət etməyib. Lakin bu səbəb üzrlü hesab edilə bilməz. Elə səbəblər üzrlü sayıla bilər ki, onların mövcudluğu vərəsənin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi mümkün olmasın, mirasın qəbul edilməsinə maneə törətsin və ya məhdudiyyətlər yaratsın. İddiaçı yanlış düşüncəsi belə səbəblərə aid deyil. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq onun iddiasını təmin etməyib. 2-ci iddia, yəni Şəfiqə Səlimovanın iddiası əsaslıdır. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Şəfiqə Səlimovanın atasının sağlığında (1994-cü ildən) mənzildə yaşamağa başlamış, atasını ölümündən sonra da mənzildə yaşamaqla davam etmiş, mənzilə sahiblik etmiş və mənzili idarə etmiş, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində lazımi qaydada əsaslandırılıb. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq Şəfiqə Səlimovanın iddiasını təmin edib. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4688/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4688/2022
08.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver