Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4689/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin neft kəmərinin mühafizə zonasından sökülərək çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 228/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. SOCAR Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi X6, mühafizəçi X3 və NKİ QİB NBKXS-nın rəisi X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli akta əsasən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında, Şirvan- Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 2,8-ci km-də, kəmərə paralel 1-ci sırada 25 metr aralı məsafədə yerləşən, (39T 398343 ******* kordinatında) Cavabdeh Bahəddin oğluna məxsus köhnədən mövcud olan hər tərəfi hasarlı yaşayış evinin həyətində evə bitişik ikinci mərtəbəyə qalxmaq üçün pilləkan tikilməsi aşkar edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 2.8-ci km-də kəmərə paralel 1-ci sırada 25 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Badamdar qəsəbəsi, 1-ci yaşayış massiv, Cənub küçəsi ünvanında, (39T 398343 ******* kordinatında) Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar faktları aşkar edilmişdir. AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “X2 istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yıgılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. Göstərilənləri nəzərə alaraq SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 2.8-ci km-də kəmərə paralel 1- ci sırada 25 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Badamdar qəsəbəsi, 1-ci yaşayış massiv, Cənub küçəsi ünvanında, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 2468/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9980 saylı rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Aşıq Ələsgər (Cənub) küçəsində Cavabdeh istifadəsində olan daş hasar, fərdi yaşayış evi və pilləkən tikililərin SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ 500 mm-lik magistral neft kəmərinə birləşən Bibiheybət DŞ 300 mm-lik yeraltı neft kəmərindən 25 metr aralı məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin daş hasar, fərdi yaşayış evi və pilləkən tikililərinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “X2 istismarında texniki təhlükəsizlik qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur.
6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 228/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) iddia tələbi təmin edilmişdir.
7. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən həmin tikinti iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində aparıldığı üçün və həmin tikili statusuna görə özbaşına olduğu üçün, eyni zamanda həmin tikili yeraltı neft kəmərinin mühafizə zolağında yerləşdiyi üçün, iddiaçı mübahisəli tikilinin sökülməsi tələbi ilə məhkəmədə çıxış etməkdə tam haqlıdır.
8. Məhkəmə hesab etmişdir ki, mübahisəli özbaşına tikili İddiaçı istismarında olan neft kəmərin mühafizə zonasında kəmərdən 25 metr aralı məsafədə inşa olunduğundan və həmin tikili həm İddiaçı razılığı, həm qanunla nəzərdə tutulmuş icazələr alınmadan inşa edildiyindən və statusuna görə özbaşına hesab olunduğundan, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3, 157.8, 158.4, 180.1, 180.2, 180.4-cü maddələrinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1, 2, 3-cü hissələrinə, “X2 istismarında texniki təhlükəsizlik Qaydaları”na, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh köhnədən mövcud olan hər tərəfi hasarlı yaşayış evinin həyətində evə bitişik ikinci mərtəbəyə qalxmaq üçün pilləkanı yeniləmək istəmiş, həmin pilləkan əvvəlcədən mövcud olmuşdur. “X2 istismarında texniki təhlükəsizlik Qaydaları” 2004-cü il tarixdə təsdiq edilərkən mübahisəli torpaq sahəsi fərdi yaşayış sahəsinin tikintisi üçün xx.xx.1995-ci il tarixdə artıq ayrılmış və fərdi yaşayış evi tikilmişdir. 29 ildən sonra tikilinin sökülməsi cavabdehə qarşı iddiaçının qərəzli münasibətidir. İşə əlavə edilən Sərəncamdan görünür ki cavabdehin istifadəsinə verilmiş torpaq sahəsi məhz fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış torpaq sahəsidir. Məhkəmə tərəfindən ərazidə müayinə aparılmamış, tikintinin başa çatması dövrü araşdırılmamış, pilləkanın bütövlükdə yaşayış sahəsinin sökülməsi üçün əsas olub-olmaması araşdırılmamış, cavabdehin iştirakı təmin edilməmiş, cavabdehin pilləkənin yenilənməsi üçün razılıq almasına dair sübutlar araşdırılmamış və əsaslandırılmamışdır. Pilləkənin yenilənməsi yeni tikinti işinin aparılması deyildir. Mövcud tikilinin mövcud pilləkənin yenilənməsi üçün razılığın alınmasına dair iddiaçı sübut və əsas təqdim etməmişdir. Pilləkənin yenilənməsinə görə borudan əvvəl mövcud olmuş tikilinin sökülməsi əsassızdır. Qeyd edilən ərazidə onlarla eyni məsafədə köhnə və yeni tikililər mövcuddur ki, bu günədək nə sökülməmiş, nə köçürülməmiş, hətta xüsusi mülkiyyətə dair hüquqlar qeydiyyata alınmışdır. Bu qədər mənzilin içərisində məhz cavabdehə məxsus yaşayış sahəsinin pilləkəni yeniləməsi əsası ilə bütöv mənzilinin sökülməsi cavabdehə qarşı qərəzli və qeyri-obyektiv, subyektiv yanaşmadır. Qeyd edilən torpaq sahəsi dövlət tərəfindən tikinti üçün ayrılmış torpaq sahəsidir, cavabdeh iddiaya cavab verməli olan şəxs deyil, sadəcə mülkiyyətçi ilə razılaşma əsasında cavabdeh tərəfindən X1 xx.xx.1995-ci il tarixdə, 535 saylı Səbail Rayon İcra Hakimiyyətinin Sərəncamı ilə ayrılmış torpaq sahəsində tikilmiş mövcud tikilinin pilləkənini təhlükəyə məruz qalmaması üçün yenidən bərpa etmək istəmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
15. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Maddə 46. Dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
16. “X2 istismarında texniki təhlükəsizlik” Qaydaları Bənd 6.2. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Bənd 6.3. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Bəndə 6.7 “a”. Boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və quraşdırma işlərinin aparılması qadağandır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyrimümkün olduğunu əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırki işdə iddia tələbi təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Aşıq Ələsgər (Cənub) küçəsində Cavabdeh istifadəsində olan daş hasar, fərdi yaşayış evi və pilləkən tikililərin SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ 500 mm-lik magistral neft kəmərinə birləşən Bibiheybət DŞ 300 mm-lik yeraltı neft kəmərindən 25 metr aralı məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin daş hasar, fərdi yaşayış evi və pilləkən tikililərinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “X2 istismarında texniki təhlükəsizlik qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur.
22. “X2 istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafihə zonası boru kəmərləri oxunun hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır.
23. Cavabdeh tərəfindən məhkəməyə qeyd edilən torpaq sahəsində inşa edilən tikililərə və onların aparılmasına iddiaçı tərəfindən rəsmi razılığın verilməsinə dair hər hansı sənədlər təqdim edilməmişdir.
24. Mülki Məcəllənin 180.1 və 184.4-cü maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
25. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh heç bir hüquqa əsaslanmadan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin qanuni sahibliyində olan torpaq sahəsində tikinti işləri aparmaqla qanunvericiliyin tələblərini pozmuşdur. İnşa edilmiş tikililər həm İddiaçı razılığı, həm qanunla nəzərdə tutulmuş icazələr alınmadan inşa edildiyindən və statusuna görə özbaşına hesab olunduğundan iddiaçı “mübahisəli tikilinin sökülməsi” tələbini irəli sürməkdə haqlı olmuşdur.
26. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh aidiyyəti inzibati orqanlardan lazımi icazələr almadan, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin neft kəmərinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmadan, hətta neft kəmərini vizual müşahidə edərək mübahisəli özbaşına tikililəri inşa etməklə hüquq qaydalarına uyğun davranmamışdır. Cavabdeh mövcud şərtlər daxilində inşaata vəsait sərf etməklə bunun riskini əvvəlcədən öz üzərinə götürmüşdür.
27. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki,“...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev mülki qanunvericiliyin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”.
28. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”.
29. Bundan başqa, Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur (bax: L.C.B. Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə 9 iyun 1998-ci il tarixli qərara; Kalvelli və Çiqlio İtaliyaya qarşı; Eriksson İtaliyaya qarşı, 26 oktyabr 1999; Leri və başqaları Fransaya qarşı, 16 yanvar 2001).”
30. Yuxarıda istinad olunan Torpaq Məcəlləsinin 22.2-ci maddəsində də göstərilmişdir ki, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılırmasına məqsdələrdən biri əhalinin təhlükəsizliyinin təmin olunmasıdır.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, neft kəməri yüksək təhlükə mənbəyi olduğundan, kəmərdə hər an insanların həyatı və sağlamlığı üçün təhlükəli olan yanğın, partlayış və digər fövqəladə halların baş verməsi riski vardır. Dövlət isə bunun qarşısını almaq üçün müvafiq tədbirlər görməlidir.
32. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh məhkəmə iclaslarında iştirak edərək iddianı qəbul etmədiyini, onun yaşadığı evin 20 ildir ki, tikildiyini, evin çıxarışının olmadığını bildirmiş, iş üzrə ekspertizanın keçirilməsinə etiraz etməmişdir. Beləliklə də, cavabdeh iddia ərizəsində sökülməli olan evin ona məxsus olduğunu təsdiq etmişdir.
33. Apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.1995-ci il tarixli, 535 nömrəli sərəncamla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarında iştirak etsə də, həmin sübutu məhkəməyə təqdim etməmiş, həmin sübutun birinci instansiya məhkəməsinə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını isə apellyasiya şikayətində əsaslandırmamışdır.
34. Qeyd edilməlidir ki, apellyasiya şikayətinin məzmunundan da müəyyən edilir ki, həmin sərəncam cavabdehə deyil, X1 torpaq sahəsinin ayrılması ilə bağlı olmuşdur. Həmin torpaq sahəsinin cavabdehin inşa etdiyi tikililərin yerləşdiyi torpaq sahəsi olubolmadığı isə iş materialları ilə müəyyən edilmir.
35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-228/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR