Məhkəmə qərarları › İş №2(103)-470/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-470/2020

31.01.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-470/2020 31.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və X2 Cavabdeh Məmməd oğluna qarşı “tikilinin inşasının qadağan edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyul 2019-cu il tarixli qətnamədən iddiaçıların birgə verdikləri apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçıların cavabdehə qarşı birgə irəli sürdükləri “tikilinin inşasının qadağan edilməsi və sair tələbi barədə” iddiasına dair mülki işə baxmış Səbail Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçılar həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti vermişlər. Apellyasiya qaydasında işə baxılarkən cavabdehin buna səlahiyyəti olan nümayəndəsi X4 və iddiaçılar qarşılıqlı razılıq əldə etmiş və ərizə ilə Məhkəməyə müraciət edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Ərizəyə tərəflərin bağladıqları “Barışıq sazişi” əlavə edilmişdir. Məhkəmə iş materiallarını və “Barışıq sazişini” araşdıraraq hesab edir ki, saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin bağladıqları “Barışıq sazişinin” şərtlərinə görə: - Bu saziş ilə tərəflər hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-470/2020 №-li iş üzrə mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər və danışıqlar yolu ilə həll edirlər; - İddiaçılar bu sazişin yuxarıda qeyd edilən bəndində göstərilən mülki iş üzrə iddia tələblərindən imtina edirlər. Cavabdeh isə ünvan 1 ünvanda liftin quraşdırılmasından imtina edir, tikinti hissələrinin həyətdən çıxarılmasını və həyətin əvvəlki vəziyyətə qaytarılmasını təmin edir; - Bu saziş mübahisəyə baxan məhkəmə tərəfindən təsdiq edilməsi barədə qərardad qəbul edildiyi andan qüvvəyə minir; - Bu sazişdə göstərilən məhkəmə mübahisələrinə dair işin icraatına xitam verilir; - Tərəflər sazişin şərtlərini pozduqda yaranmış mübahisə danışıqlar yolu ilə həll olunur. Bu mümkün olmazsa, tərəflər məhkəməyə müraciət edərək sazişin şərtlərinin məcburi icrası ilə bağlı icra sənədi almaq hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, tərəflərin bağladıqları “Barışıq sazişi” yazılı formada ifadə edilmiş və sazişi bağlamış şəxslər sazişi imzalamışlar. Apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, saziş qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bunları nəzərə alan Məhkəmə, hesab edir ki, “Barışıq sazişinin təsdiq edilməsi barədə” ərizə təmin edilməli və “Barışıq sazişi” təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, MPM-nin 391-ci maddəsinə görə, məhkəmənin qətnaməsi, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. MPM-nin 20-ci fəslinin 261-ci maddəsinin mənasına görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, habelə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-nin 261 və 391-ci maddələrinə əsasən hesab edir ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən, habelə MPM-nin 263, 402 və 405-ci maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Hazırki mülki iş üzrə iş üzrə Cavabdeh Məmməd oğlunun nümayəndəsi vasitəsi ilə və iddiaçılar İddiaçı1 və X2 bağladıqları aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin: - Bu saziş ilə tərəflər hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-470/2020 №-li iş üzrə mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər və danışıqlar yolu ilə həll edirlər; - İddiaçılar bu sazişin yuxarıda qeyd edilən bəndində göstərilən mülki iş üzrə iddia tələblərindən imtina edirlər. Cavabdeh isə ünvan 1 ünvanda liftin quraşdırılmasından imtina edir, tikinti hissələrinin həyətdən çıxarılmasını və həyətin əvvəlki vəziyyətə qaytarılmasını təmin edir; - Bu saziş mübahisəyə baxan məhkəmə tərəfindən təsdiq edilməsi barədə qərardad qəbul edildiyi andan qüvvəyə minir; - Bu sazişdə göstərilən məhkəmə mübahisələrinə dair işin icraatına xitam verilir; - Tərəflər sazişin şərtlərini pozduqda yaranmış mübahisə danışıqlar yolu ilə həll olunur. Bu mümkün olmazsa, tərəflər məhkəməyə müraciət edərək sazişin şərtlərinin məcburi icrası ilə bağlı icra sənədi almaq hüququna malikdirlər. Barışıq sazişi təsdiq edildiyindən hazırki mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyul 2019-cu il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar