Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4705/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-926/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Regional Qaz Satışı Departamenti tərəfindən hesablanmış məcburi köçkün İddiaçı 995,7531 (doqquz yüz doxsan beş)manat borcunun silinməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiada göstərilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə stansiyası, Yük vurma və boşaltmanın həyətində məskunlaşmış və ailəsi ilə birlikdə orada yaşayır . 2017-ci il 1 yanvar tarixinə kimi kommunal xidmətlərin ödənilməsində məcburi köçkünlər güzəştli şəxslər hesab edilir və ödənişlər dövlət tərəfindən ayrılmış vəsait hesabına həyata keçirilirdi. Həmin güzəşt 2017-ci il yanvar ayından etibarən aylıq müavinətlə əvəz edildi. Həmin tarixdən etibarən o kommunal ödənişi Cavabdeh tərəfindən verilən “smart kartlar” vasitəsi ilə ödəyir. 13 iyun 2017-cı il tarixdə “Azəriqaz’' X1 Qaz Satışı Departamenti ilə qazın alqı-satqısı barədə müqavilə bağlamışdır. Həmin tarixdə də onlara fərdi sayğac quraşdırılması barədə AKT tərtib olunmuşdur. Bütün o ərazidə yaşayanlar kimi ona da fərdi sayğac quraşdırılıb. Fərdi sayğac quraşdırılan gündən bütün kommunal xərcləri vaxtıvaxtında ödəmiş və bu günə kimi heç bir borcu olmamışdır. Fərdi sayğac çəkilənə kimi ümümi hamının istifadə etdiyi bir sayğac olmuşdur. Bu sayğacdan bütöv məhəllə istifadə etmişdir. Sayğac başqa bir məhəllədə yerləşdiyi üçün kimlərin istifadə etdiyini bilmir. Cavabdeh Regional Qaz Satışı Departamentinə ərizə ilə müraciət etmişdir. Cavabdan məlum olur ki, onların istifadə etdiyi sayğac başqa bir məhəllədə yaşayan Sarı İskəndərovun adına olan G-65 markalı 75018852 saylı ümümi qaz sayğacı vasitəsi ilə onlara ayrılmış limitdən əlavə istehlak edilmiş qaza görə borc yazılmışdır. Prezident 14 fevral 2017-ci il tarixli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanında köçkünlər üçün aylıq müavinət müəyyən edilmiş və fərdi sayğaclar çəkilmişdir. Yeni sayğac quraşdırılarkən borcun olması barədə heç kimə məlumat verilməmişdir. Onlarda elə abonentlər var ki, limitini qənaətlə işlətmiş, ona görə xeyli limiti qalmışdır. Borcu necə ola bilərdi. Həmin Fərmana olan dəyişiklikdə deyilir ki, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. Cavabdeh tərəfindən 8 yanvar 2016-cı il tarixində yaşadığı mənzilə fərdi sayğac quraşdırılana qədər həmin ünvanda birgə istifadə üçün kollektiv sayğacdan istifadə etmiş və kommunal xərcləri dövlət tərəfindən ödənmişdir. Məcburi köçkünlərin kommunal xidmət haqları fərdi şəkildə deyil, kollektiv şəkildə ödənilirdi. Bu isə hansısa xidmət qurumunun məcburi köçkündən fərdi qaydada xidmət haqqı yığmasının, yaxud onu borclu olmaqda suçlamasının yolverilməz olduğunu göstərir. Məcburi köçkünlərin istifadə etdikləri bütün növ kommunal xidmətlərin, o cümlədən təbii qazın dəyəri Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli qərarına əsasən, “Dövlətqaçqınkom” tərərfındən ayrı-ayrı müəssisə və obyektlərə yox, mərkəzləşdirilmiş qaydada hər ayın sonunda aidiyyəti xidmət təşkilatlarına ödənilirdi. Əgər limitə müvafiq olaraq aidiyyəti qurumlara ödənişlər edilirsə, həmin təşkilatların məcburi köçkünlərdən istehlak etdikləri kommunal xidmətlərə görə əlavə vəsait tələb etməsi qanunsuzluqdur. Asan Xidmətdən əldə etdiyi abonent saldosu haqqında arayışda fərdi sayğac quraşdırılana qədər olan müddət ərzində ona yazılmış borc öz əksini tapır: İddiaçı 995, 7531 ( doqquz yüz doxsan beş )manat məbləğində borc yazılıb. Borc yazıldığı tarixlərdə istifadə etdiyi qazın həcmindən asılı olmayaraq bütün ödənişlər dövlət tərəfindən ödənilirdi. Bu səbəbdən həmin məbləğin borc kimi adına yazılması ilə razılaşmır.Hazırda həmin məbləğin ödənilməsi maddi cəhətdən imkanı xaricindədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-926/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək **********0000 abonent kodu olan İddiaçı hesablanmış 995 manat məbləğində borcun silinməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edib iddia tələbinin rədd olunmasını xahiş edərək şikayətində göstərir ki, iddiaçının mübahisə olunan borc məbləği yalnız istehlakçı tərəfindən qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə olunması və ödənişin həyata keçirilməməsi nəticəsində yaranmış borc məbləğidir. Bu da özlüyündə borclunun barəsində mübahisə edilməyən vəzifəsini qanunvericiliyə və tərəflər arasındda bağlanmış müqaviləyə əsasən yerinə yetirmədiyini göstərir. İddiaçı mənzilinə xx.xx.2016-cı il tarixdə Smart G-4 İtron 1402AZ**********76 nömrəli, sayğac quraşdırılmışdır. Həmin dövrə qədər iddiaçı digər məcburi köçkünlərlə bərabər eyni sayğacdan istifadə etmiş, hər ailənin sərf etdikləri qaz öz abonent kodları üzrə saldolarına daxil edildiyi kimi iddiaçı və ailə üzvlərinin də sərf etdikləri qaz onların abonent saldosuna daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydasına uyğun olaraq məcburi köçkünlərə sərf etdikləri qaza görə aylıq 35 m3 olmaqla illik adam başına 420 m3 (42 manat) güzəşt müəyyən edilmişdir. Saldoya diqqət yetirsə iddiaçı və ailə üzvləri (4 nəfər) illik 1680 m3 istifadə etdikləri qazın dəyərini ödəməkdən azad edilmişdir. (qaçqın limiti xanası (4x42=168 manat) güzəşt edilmişdir. Bununla yanaşı saldodan da göründüyü kimi iddiaçı 2010-cu ildən 2016-cı ilə qədər sərf etdiyi 2970,9 manat qaza görə 982,39 manat ödəniş etmişdir. Məcburi köçkünlərə tətbiq edilən güzəştlər çıxıldıqdan sonra iddiaçının sərfiyyat üzrə 1050,37 manat borcu yaranmışdır. Lakin birinci instansiya məhkəməsi iddiaçının istifadə etdiyi qazın həcmindən asılı olmayaraq bütün ödənişlərin dövlət tərəfindən ödənilməli olduğunu hesab etmişdir. Halbuki qanunvericiliyə uyğun olaraq məcburi köçkünlər, eləcə də iddiaçı qazdan istifadəyə görə ödənişdən tamamilə azad edilməmişdir, yalnız müəyyən güzəştlər, yəni aylıq 35 m3 olmaqla illik 420 m3 (42 manat) istifadə etdikləri qazın dəyərini ödəməkdən azad edilir. İddiaçı isə ailə üzvləri ilə birgə güzəştlərdən istifadə etmiş, lakin limitdən artıq istifadə etdiyi qazın dəyərini ödəməmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmn olunmamasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı şəxs məcburi köçkündür. O, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə stansiyası, Yük həyətində məskunlaşmışdır. O, 2017-ci il 01 yanvar tarixinə kimi kommunal xidmətlərin ödənilməsində məcburi köçkünlər üçün qanunvericilikdə nəzərdə tutulmuş güzəştlərdən istifadə edirdilər və ödənişlər dövlət tərəfindən ayrılmış vəsait hesabına həyata keçirilirdi. Həmin güzəşt 2017-ci il yanvar ayından etibarən aylıq müavinətlə əvəz edilmiş, həmin tarixdən etibarən iddiaçı kommunal ödənişi Cavabdeh tərəfindən verilən “smart kartlar” vasitəsi ilə ödəməyə başlamışdır. 13 iyun 2017-ci il tarixdə Cavabdeh Regional Qaz Satışı Departamenti ilə iddiaçı arasında qazın alqı-satqısı barədə müqavilələr bağlanmışdır. Fərdi sayğac çəkilənə kimi ümumi olan hamının istifadə etdiyi bir sayğac olmuş, həmin sayğacdan bütöv məhəllə, hamılıqla istifadə etmişlər. İddiaçı yazılmış mübahisələndirilən borc məbləği ilə bağlı Cavabdeh Regional Qaz Satışı Departamentinə onlar tərəfindən müraciət ediləndə məlum olmuşdur ki, iddiaçıların istifadə etdikləri sayğac başqa bir məhəllədə yaşayan şəxsin adına olan ümümi qaz sayğacı vasitəsi ilə onlara ayrılmış limitdən əlavə istehlak edilmiş qaza görə müəyyən edilmiş borc məbləğidir. İddiaçı müvafiq borc məbləğlini əsassız hesab edərək, onun silinməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yeni sayğaclar quraşdırılarkən iddiaçının əvvəlki ümumi sayğacdan istifadə zamanı yaranmış borcun olması barədə müvafiq məlumatın qeyd edilən şəxsə verilməsi iş materiallarında və məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır. Eyni zamanda, məcburi köçkünlərin kommunal xidmət haqları fərdi şəkildə deyil, kollektiv şəkildə ödənildiyindən, mübahisələndirilən borc məbləğlərinin hər bir iddiaçı şəxsə münasibətdə konkret olaraq müəyyən edilməsi hansı hesablama metodları və qaydası əsasında aparılması da qeyri-müəyyən olaraq qalmışdır. Bu da öz növbəsində hansısa xidmət qurumunun məcburi köçkündən fərdi qaydada xidmət haqqı yığmasının, yaxud onun fərdi qaydada borclu olmaqda yolverilməz olduğunu göstərir. Eyni zamanda qeyd edilməlidir ki, borc məbləği yazıldığı tarixlərdə iddiaçının istifadə etdiyi qazın həcmindən asılı olmayaraq bütün ödənişlərin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən həmin məbləğin borc olaraq iddiaçının adına yazılmasının da heç bir hüquqi əsası yoxdur. Tətbiq edilməsi nəzərdə tutulan hüquq. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, cavabdehin şikayətində göstərdikləri dəlillər öz təsdiqini tapmır. Belə ki, cavabdeh mübahisələndirdiyi hissədə qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını, konkret olaraq Mülki Məcəllənin 385-ci maddəsinin, Mülki Prosessual Məcəllənin 14.2, 217, 385, 386-cı maddələrinin, eləcə də “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin və Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinin tələblərinin pozulduğunu göstərsə də qeyd olunan normaların pozulması işin halları ilə təsdiq olunmur. Belə ki, cavabdeh iddiaçının öz öhdəliklərini yerinə yetirməməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Başqa sözlə iddiaçının 2016-cı ilədək məcburi köçkün kimi limitdən artıq qazdan istifadə etməsini sübuta yetirilmir. Çünki, xx.xx.2016-cı ilə qədər iddiaçı digər məcburi köçkünlərlə bərabər eyni sayğacdan istifadə etsə də, hər ailənin sərf etdiyi qazın öz abonent kodları üzrə saldolarına hansı qaydada və metodla daxil edilməsinə dair də məhkəməyə hansısa sübut verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydasına uyğun olaraq məcburi köçkünlərə sərf etdikləri qaza görə aylıq 35 m3 olmaqla illik adam başına 420 m3 (42 manat) güzəşt müəyyən edilsə də iddiaçının 2010-cu ildən 2016-cı ilə qədər sərf etdiyi 2970,9 manat qaza görə 982,39 manat ödəniş edib məcburi köçkünlərə tətbiq edilən güzəştlər çıxıldıqdan sonra sərfiyyat üzrə 1050,37 manat borcu yaranması təsdiq olunmur. Ona görə də iddiaçının limitdən artıq istifadə etdiyi qazın dəyərini ödəmədiyi sübuta yetirilmədiyindən şikayət əsaslı ola və təmin edilə bilməz. Göstərilənlərlə yanaşı, cavabdeh iddiaçının qalıq borcunın 2010-2016-cı illərdə yaranmasını göstərir. Lakin Mülki Məcəllənin 551.2.1-ci maddəsinin tələbinə, yəni vaxtarışı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. Demək bu hissədə cavabdehin şikayəti əsaslı olsa belə, öhdəliklər üzrə müddət keçdiyindən şikayət bu hissədə də təmin edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-926/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-926/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4705/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4705/2022
28.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver