Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4706/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X6 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(011)-227/2021 nömrəli qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən mənzil rəhmətlik həyat yoldaşı X3 məxsus olmuşdur. O, rəhmətə getdikdən sonra həmin mənzildə qazın ödənişləri onun adına keçmişdir. 2018-ci ildən həmin evdə onun razılığı ilə X4 və X10 ər-arvad yaşayırlar. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən birinci dəfə yoxlanış keçirilən zaman həmin mənzildə sayğacdan kənar qaz çəkilişinin olması aşkarlanmışdır. “Cavabdeh” İstehsalat Birliyinin işçiləri tərəfindən bunun qarşısı alınmış və qeyri-qanuni qaz çəkilişi aradan qaldırılaraq şlanq sökülmüşdür. 2019-cu ilin noyabr-dekabr aylarında isə həmin ailə tərəfindən qeyriqanuni qaz çəkilişi yenidən təkrarlanmışdır. “Cavabdeh” İB-nin işçiləri tərəfindən bu hal aşkarlanmışdır. Halhazırda isə həmin mənzildə qazdan qeyri-istifadəyə görə 3 ay ərzində 1720.90 manat cərimə yazılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, G.Mehmandarov kəndində yerləşən həmin mənzildə qazdan qeyri-qanuni istifadəyə görə “Cavabdeh” İB tərəfindən yazılmış 1720.9 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(011)-227/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh «Cavabdeh» İstehsalat Birliyi tərəfindən İddiaçı faktiki sahibliyində və istifadəsində olan Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən evlə bağlı hesablanmış 1720.90 manat borc məbləğini silmək vəzifəsinin cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə həvalə edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh “Cavabdeh” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-227/2021 saylı iş üzrə 11.02.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini və ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, cavabdeh “Cavabdeh” İB-nin maraqlarına zidd çıxarılmış müvafiq məhkəmə qətnaməsi ilə “Cavabdeh” İB-nin hüquq və mənafeyi pozulmuşdur. Birinci instansiya məhkəməsi qaydasında işə baxan məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını da mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddianın təmin olunması qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər (iddianın rədd olunmuş hissəsinə münasibətdə) işin faktiki və həqiqi hallarına uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İddiaçı tərəfindən cavabdehə vurulmuş maddi zərər cavabdehin uzun müddətə davam edən təqsirli və qanunazidd davranışları, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsi öhdəliklərindən kənara çıxaraq qaz xəttinə qanunsuz qoşulması nəticəsində təbii qazı özbaşına talaması, qaz xəttinin işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində hesablanmış və tərtib olunmuş aktlarla da rəsmiləşdirilmiş zərər məbləğidir. Məhkəmə isə müvafiq mülki iş üzrə qətnaməni ağlabatan şəkildə çıxarmışdır. Belə ki məhkəmə, cavabdeh barəsində tərtib olunmuş aktları “qış” və “yay” aylarına təsadüf etməsi durumuna görə dəymiş ziyan məbləğini hesablamışdır. Məhkəmə tərəfindən həmin qaydada hesablama əməliyyatının aparılması isə qanuni və əsaslı deyildir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq qətnamədə həmin maddi hüquq normaları iddiaçı tərəfindən qazpaylayıcı xəttə qanunsuz qoşulma ilə bağlı yaranmış əməlin hüquqi əsaslandırması kimi nəzərə alınmamış və qətnamədə qeyd olunmamışdır. Məhkəmə qətnaməsindən göründüyü kimi, iddiaçı tərəfindən itkiyə yol verilmiş təbii qaza görə yaranmış borc məbləği müəyyən edilmiş. Cavabdeh qismində “Cavabdeh" İB, Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş müvafiq qətnamənin nəticəsi ilə razılaşmır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən cavabdeh “Cavabdeh” İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (aktlar, hesabatlar, müxtəlif rakursdan çəkilmiş fotoşəkillər, təbii qazın dəyəri üzrə ödəniş cədvəlləri olan SALDO-larla) sübuta yetirmişdir. Odur ki, tərəflərindən göstərilənləri nəzərə alacaq apellyasiya instansiya məhkəməsi Xətai Rayon Məhkəməsinin qəbul etmiş olduğu məhkəmə aktı ilə razılaşmamalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X8 iddia tələbinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 noyabr 2019-cu il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, X2 mülkiyyətində olan Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən yaşayış evində sayğacdan kənar qeyri-qanuni qazdan istifadə olunması müəyyən edilmişdir. İş materiallarında olan “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2020-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən yaşayış evində sayğacdan kənar qeyri-qanuni qazdan istifadə olunması müəyyən edilmişdir. İş materiallarında olan “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 yanvar 2020-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən yaşayış evində sayğacdan kənar qeyri-qanuni qazdan istifadə olunması müəyyən edilmişdir. İş materiallarında olan “Cavabdeh” İB-si tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2020-ci il üçün 1720.90 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən verilmiş 12.06.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Günəşli qəsəbəsi, Mehmandarov küçəsi, 66/63-də yaşayan vətəndaş İddiaçı mərhum həyat yoldaşı X7 21.05.2017-ci il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nə müraciət edərək bildirmişdir ki, 18.05.2017-ci il tarixdə Məhəmmədli qəsəbəsi yeni yaşayış massivində yerləşən yaşayış evində oğurluq hadisəsi baş vermis, 1 ədəd laqonda, 1 ədəd direl və 1 ədəd “NOVAHOT” markalı kombi aparatı naməlum şəxslər tərəfindən oğurlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/2407 saylı, 04 dekabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, məhkəmə tərəfindən təqdim edilmiş görüntüdə İddiaçı məxsus Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən fərdi yaşayış evində "Cavabdeh" İB-nə məxsus qaz xəttinə sayğacdan kənar qeyri-qanuni qoşulma halı, eləcə də kənar xəttin qoşulmasına xarakterik olan izlər aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda cavabdeh olan “Cavabdeh” İB-si tərəfindən verilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarda mərhum X3 məxsus Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən yaşayış evində çıxarılmış “təbii qazdan qeyri qanuni istifadə edir” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən qazdan qeyri-qanuni istifadəni təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 1720.90 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2407 saylı, 04 dekabr 2020-ci il tarixli rəyi ilə də təsdiq edilmişdir ki, mərhum X1 mülkiyyətində olan və hazırda İddiaçı istifadəsində olan Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən evin yanından keçən “Cavabdeh” İB-yə məxsus paylayıcı qaz xəttinə baxış keçirilən zaman sayğacdan kənar hər hansı qoşulma faktı aşkar edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yaşadığı evə dair hesablanmış 1720.90 manat məbləğində borc silinməlidir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi, cavabdeh «Cavabdeh» İstehsalat Birliyi tərəfindən İddiaçı faktiki sahibliyində və istifadəsində olan Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən evlə bağlı hesablanmış 1720.90 manat borc məbləğini silmək vəzifəsinin cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə həvalə edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 2000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(011)-227/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4706/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4706/2021
20.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver