Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4707/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi, akta əsasən hesablanmış borcun silinməsi və borca görə tutulmuş vəsaitin qaytarılması tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 iyun 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdeh Birliyi qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi, həmin akt əsasında ona əlavə sərfiyyat kimi əsassız olaraq hesablanmış 777,6 manat məbləğində borcun silinməsi və əsassız borca görə ondan əsassız olaraq tutulmuş 138 manat məbləğində pulun Birlikdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birliyin əməkdaşları iddiaçının yaşadığı və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, 3203-cü məhəllə, bina 1 “D”-da yerləşən 41 saylı mənzilə avqust ayında baxış keçirən zaman qaz sayğacını dəyişməli olduqlarını bildirmişlər. Şəxsən özü evdə olmasa da ailə üzvləri Birliyin əməkdaşlarına şərait yaratmışlar ki, qaz sayğacını dəyişmək üçün lazımi tədbirlər görsünlər. Qaz sayğacı dəyişdirildikdən sonra cavabdeh Birlik tərəfindən iddiaçıya bildirilmişdir ki, əvvəlki qaz sayğacına müdaxilə edilməsi ilə əlaqədar ona əlavə sərfiyyat kimi onun adına olan **********50410saylı abonent koduna 777,6 manat məbləğində borc hesablanacaq və bununla bağlı xx.xx.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib olunmuşdur. İddiaçı bildirir ki, o və ailə üzvləri sayğaca müdaxilə etməmişlər. O, hər ay vaxtıvaxtında ödənişlərini etmişdir. Buna görə də, o, həmin aktı və akt əsasında hesablanmış borcu əsassız hesab edir. İddiaçı akta və hesablanmış borca etiraz etsə də, etirazına əhəmiyyət verilməmiş və iddiaçının hesabından 138 manat məbləğində pul silinmişdir. Göstərilən səbəbdən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
b) cavabdehin iddiaya etirazı barədə məlumat
3. Cavabdeh Birliyin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı uzun müddət ərzində təbii qazdan ödəniş etməyərək istifadə etmişdir. Bununla əlaqədar olaraq Birliyin əməkdaşları tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və bu zaman aşkar olmuşdur ki, iddiaçı qaz sayğacına müdaxilə etməklə təbii qazdan qanunsuz olaraq istifadə edir. Aşkar edilmiş faktla əlaqədar olaraq Birliyin əməkdaşları “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib etmişlər. Akt əsasında aparılmış hesablama nəticəsində müəyyən edilmişdir ki, iddiaçının əməli nəticəsində Birliyə 777,6 manat məbləğində ziyan dəymişdir. Tərtib edilmiş akt və akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi hesablanmış borc qanunidir. Buna görə də, iddia rədd edilməlidir.
b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın tam həcmdə təmin edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən qaz qaz sayğacına müdaxilə faktı cavabdeh Birlik tərəfindən tərəfindən sübuta yetirilməmişdir. Buna görə də, akt etibarsız hesab edilməli və aktdan irəli gələn bütün hüquqi nəticələr, o cümlədən akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi hesablanmış borc ləğv edilməli və əsassız borca görə iddiaçıdan tutulmuş vəsait geri qaytarılmalıdır. Çünki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi cavabdeh Birlik qanunda nəzərdə tutulmuş hallarda təbii qazın istehlakçıları barəsində müvafiq cərimə tədbirləri tətbiq edə bilər. Lakin məhkəmə qeyd edir ki, həmin tədbirlər müvafiq normativ hüquqa akta əsaslanmalıdır. Yuxarıda göstərilən Qanundan isə görünür ki, həmin qanunda cərimənin hesablanması qaydası müəyyən edilməmişdir. Yəni cərimənin hesablanması prosedurunun hüquqi tənzimlənməsi qanunda nəzərdə tutulmamışdır. SOCAR-ın xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş (qanunsuz istifadə olunmuş qazın dəyərinin hesablanması) Qaydalar isə normativ hüquqi akt olmadığından və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmadığından, həmin Qaydalara istinad edərək hər hansı cərimənin hesablanması qanuni hesab edilə bilməz. İddiaçı barəsində itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat normativ hüquqi akt hesab olunmayan Qaydalar əsasında hesablandığından, həmin hesabat qanuni hesab edilə bilməz.
c) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbinə qarşı olan etirazın məzmununa uyğun əsasladırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, Rayon Məhkəməsi iddianın təmin edilməsi hissəsində maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçıya məxsus və yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin eyvanında quraşdırılmış qaz sayğacının sıradan çıxmasının səbəbi yalnız müdaxilə nəticəsində mümkündür və sayğaca müdaxilə etməkdə iddiaçı və onun ailə üzvlərindən başqa şəxslərə maraqlı ola bilməzdi. Bu səbəbdən də xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi üçün əsas yoxdur. Lakin Rayon Məhkəməsi iddiaçının formal mülahizələrinə əsaslanan iddiasını və izahatını əsas götürərək, hesab etmişdir ki, iddia tələbi əsaslıdır.
d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat
8. Cavabdeh Birliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
9. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
10. İş üzrə iddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdi.
e) hazırkı iş üzrə apellyasiya baxışının həddi barədə məlumat
11. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə Məhkəmənin qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə Rayon Məhkəməsinin qətnaməsinin qismən, yəni “cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
12. Bu səbəbdən hazırkı qətnamə ilə iddianın qalan hissəsinin və həmin hissə üzrə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin əsaslı olub-olmaması müzakirə edilir.
f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya baxışında qalmış hissədə yəni “akta əsasən hesablanmış borcun silinməsi və borca görə tutulmuş vəsaitin qaytarılması barədə” iddianın təmin edilməsi hissədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, işdə olan sənədlərdən görünür ki, cavabdeh Birliyin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən yaşayış sahəsinə quraşdırılmış G-4 markalı İtron tipli (Smart Payment) 1402AZ**********03 nömrəli sayğaca və qaz xəttinə baxış keçirilmişdir. Baxış zamanı Birliyin əməkdaşları sayğacın çıxış plastmas borusunun sındığını, xətaların normadan artıq olduğunu, sayğacın minimal sərfiyyatda - 100 % nisbi xəta ilə işlədiyini, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyini və sayğacın istismara yarasız olduğunu aşkar etmişlər. Bu səbəbdən onlar tərəfindən ******* saylı akt tərtib edilmişdir.
15. Birlik tərəfindən tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, yuxarıda qeyd edilən akta əsasən aparılmış hesabat nəticəsində müəyyən edilmişdir ki, itirilmiş təbii qazın həcmi 6480 kub metr təşkil edir.
16. İddiaçının adına tərtib edilmiş “Abonentin saldosundan” və işdə olan digər sənədlərdən görünür ki, yuxarıda qeyd edilən aktlara və tələbnamələrə əsasən iddiaçıya əlavə sərfiyyat kimi 777,60 manat məbləğində borc hesablanmışdır.
17. İşdə olan sənədlərdən görünür ki, iddiaçının abonent hesabından 138 manat məbləğində pul silinmişdir.
18. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).
19. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 11.6.). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir (maddə 13.8.). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (maddə 13-8-1.).
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.).
21. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri və yuxarıda qeyd edilən aktda sayğaca müdaxilə edilməsi qeyd edildiyindən, cavabdeh Birlik yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən, istehlakçının (hazırki halda – iddiaçının) təbii qazın talanmasında təqsirli olmasını müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarının mövcudluğu ilə sübuta yetiriməli və ona (cavabdehə) dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməlidir. Lakin cavabdeh Birlik iddiaçının təbii qazdan qeyri-qanunu istifadə etməsini, yəni təbii qazın talamasını sübuta yetirilmədən yuxarıda qeyd edilən məbləğdə zərərin ödənilməsini iddiaçıdan tələb etmişdir.
23. Nəzərə alınsa ki, iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsini təsdiq edən hər hansı sübut cavabdeh Birlik tərəfindən məhkəmələrə təqdim edilməmişdir, o zaman müəyyən edilir ki, Rayon Məhkəməsi “akta əsasən hesablanmış borcun silinməsi və borca görə tutulmuş vəsaitin qaytarılması barədə” tələbi təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır.
g) apellyasiya baxışının nəticəsi
24. Beləliklə, apellyasiya baxışının nəticələrini nəzərə alan və MPM-nin 392, 393, 402 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 iyun 2024-cü il tarixli qətnamə apellyasiya baxışında qalmış hissədə, yəni “borcun silinməsi borca görə tutulmuş vəsaitin qaytarılması barədə tələbin təmin edilməsi hissəsində” dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.