Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4708/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli 2(004)-254/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin cavabdeh qismində cəlb olunması, cavabdehlər Cavabdeh1 Zülfuqar oğlundan və Cavabdeh2 MMC-dən müştərək qaydada 31.05.2019-cu il tarixindən hesablanmaqla ödənilməmiş 17475 manat icarə haqqının və icarə müqaviləsinə xitam verilənədək müqavilə üzrə hər ay üçün icarə haqqı kimi nəzərdə tutulmuş 1165 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08.01.2018-ci il tarixli icarə müqaviləsi ilə RX seriyalı, ******* saylı çıxarışa əsasən 0.08 ha torpaq sahəsinin üzərində yerləşən, X2 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən pendir sexi 7 illik, 2025-ci ilədək, aylıq icarə haqqı 1165 manat olmaqla Cavabdeh1 icarəyə verilmişdir. Yasamal Rayon Məhkəməsinin 14.03.2018-ci il tarixli qətnaməsi ilə onun İ.Ağayevə qarşı 40000 ABŞ dolları borc pul tələbinə dair iddiası təmin edilmiş və qətnamə qüvvəsini almışdır. Həmin qətnamənin icra olunması üçün Yasamal rayon İcra və probasiya şöbəsinin 26.07.2018-ci il tarixli təklifi ilə İ.Ağayevin ona olan 40000 ABŞ dolları məbləğində borc pulun qarşılığında borclunun mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evi 51000 manat dəyərində qiymətləndirilərək “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinə əsasən borc əvəzi kimi tələbkara təklif edilmiş, o isə, həmin təklifi qəbul etmiş, sözügedən daşınmaz əmlakın onun adına rəsmiləşdirilməsi üçün tədbir görülməsini İcra və probasiya şöbəsindən xahiş etmişdir. Nəticə etibarı ilə əmlak onun adına xüsusi mülkiyyət hüququ əsasında 31.05.2019-cu il tarixdə dövlət reyestrində qeydiyyata alınmış, bu barədə çıxarış verilmişdir. Qanunun mənasından göründüyü kimi, icarəyə verilən əşyanın mülkiyyətçisi dəyişərsə, bu hal icarə hüquq münasibətlərinin xitamına səbəb olmur, icarə münasibətləri saxlanılır, yəni öhdəlik dəyişmir, yalnız öhdəlikdə şəxslər dəyişir ki, bu həmin öhdəliyin mahiyyətini pozmur. Bu səbəbdən də cavabdeh icarə müqaviləsi üzrə icra haqqlarını yeni mülkiyyətçiyə, yəni ona ödəməlidir. Lakin cavabdeh bunu bildiyi halda ona münasibətdə vicdanlı davranmamış, 31.05.2019-cu il tarixdən icarə haqqını ona ödəmək əvəzinə bundan yayınmış, bununla da icarə müqaviləsi üzrə 13980 manat borcu yaranmışdır. 31.05.2019-cu il tarixdən hazıradək hesablanmaq 17475 manat icarə haqqı və müqaviləyə xitam verilənədək hər ay üçün 1165 manat məbləğində icarə haqqı ona verilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli 2(004)- 254/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə əsassızdır. İcarə müqaviləsinin görüntü xarakterli olması və alqı-satqının təminatı kimi bağlanmasına dair məhkəmənin mövqeyi əsassızdır. Alqı-satqının təminatı kimi beh müqaviləsi bağlanmışdır ki, həmin müqaviləyə də məhkəmə qərarı əsasında xitam verilmişdir. O, yeni mülkiyyətçidir və yeni icarədar kimi icarə haqlarını tələb etməkdə haqlıdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər və üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, icarəyə verən X5 ilə Cavabdeh1 şəxsində icarəçi Cavabdeh2 MMC arasında bağlanmış 08.01.2018-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 98.2 kv.m olan fərdi yaşayış evini aylıq icarə haqqı 1165 manat olmaqla, 08.01.2025-ci il tarixinədək icarəçinin icarəsinə vermişdir. Müqavilə Bakı şəhəri 53 saylı notariat kontorunun notariusu S.Ələkbərova tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-14 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.03.2018-ci il tarixli, 2(004)-304/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı “pul tələbinə dair” iddiası təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 40000 ABŞ dolları borcun (ödəniş gününə manata məzənnəsi ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Eyni zamanda, məhkəmənin 2(004)- 6563/2017 saylı qərardadı ilə RX seriyalı, ******* saylı çıxarışa əsasən X2 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Sözügedən qətnamə icra olunması üçün Yasamal rayon İcra və probasiya şöbəsinə göndərilmiş və görülmüş icra tədbirləri əsasında qeyd olunan əmlak borc məbləğinin qismən ödənilməsi məqsədi ilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinin tələbinə əsasən 51000 manata ona təklif olunmuşdur. Tələbkar tərəfindən təklif dəyərləndirilərək borc məbləği qəbul edildikdən sonra mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada tanınmış və 31.05.2019-cu il tarixində dövlət reyestrində qeydə alınmışdır. İddiaçı hazırda qeyd olunanlara əsaslanaraq, yeni mülkiyyətçi olaraq, icarədar qismində icarə müqaviləsi üzrə icarə haqlarının ona ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinadən hazırki işdə preyudisiallıq prinsipi baxımından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.12.2018-ci il tarixli 2(004)-6610/2018 saylı qətnaməsinə əsaslanaraq, X5 ilə Cavabdeh1 şəxsində Cavabdeh2 MMC arasında bağlanmış 08.01.2018-ci il tarixli icarə müqaviləsinin əslində tərəflər arasında gələcəkdə Abşeron rayonu Novxanı kəndində yerləşən, X3 məxsus 0,08 ha torpaq sahəsi üzərində fərdi yaşayış evinin və həmin torpaq sahəsi ilə birlikdə alqı-satqısının təminatı qismində bağlanmasının qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsbit olunmasını, həmin qətnamə ilə İddiaçı etirazının qəbul edilməməsini, icarə müqaviləsinin görüntü xarakterli olmasını, İddiaçı tərəfindən həmin halı təkzib edəcək mötəbər sübutların məhkəməyə təqdim edilmədiyini, həmçinin, icarə müqaviləsinə xitam verilənədək, müqavilə üzrə hər ay üçün icarə haqqı kimi nəzərdə tutulmuş 1165 manat məbləğində pulun tutulması üçün icarə müqaviləsinin hal-hazırda qüvvədə olmasının və 17475 manat icarə haqqının ödənilməsinin iş materialları ilə sübuta yetirilmədiyini və buna dair hər hansı sübut təqdim edilmədiyini nəzərə alıb, iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə preyudisiallıq prinsipi baxımından qeyd edilən məhkəmə qətnaməsi nəzərə alınaraq iddianın rədd edilməsi barədə məhkəmənin qənaəti düzgün olmamışdır, həmin qətnamə hazırki iş üzrə preyudisial əhəmiyyət daşımır, belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.12.2018-ci il tarixli 2(004)-6610/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X3 qarşı “behlə təmin edilmiş öhdəliyə xitam verilməsi və vurulmuş zərərin tutulması tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehdən 05.07.2017-ci il tarixli beh müqaviləsinə əsasən beh kimi verilmiş 60000 manat məbləğində pulun iki misli, yəni 120000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən müəyyən edilir ki, həmin iş üzrə iddiaçı olan Cavabdeh1 özü göstərmişdir ki, aralarında əldə olunmuş şifahi razılıq əsasında beh müqaviləsinin icrası ilə bağlı müddət də verilmiş və torpaq sahələrinin alqı-satqıya hazır olması müddətinədək cavabdehin mülkiyyətində olan 0,08 ha torpaq sahəsi təsisçisi olduğu Cavabdeh2 MMC şirkəti ilə cavabdeh arasında bağlanmış 08.01.2018-ci il tarixli 3M-14 reyestr nömrəli icarə müqaviləsi əsasında uzunmüddətli istifadəsinə verilmişdir. Göründüyü kimi, həmin mübahisə verilmiş behin ikiqat miqdarda qaytarılması ilə bağlı olmuşdur, eləcə də Cavabdeh1 Abşeron rayonu Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin onun istifadəsində olduğunu və həmin torpaq sahəsində təsisçisi olduğu Cavabdeh2 MMC-nin fəaliyyət göstərdiyini özü etiraf etmişdir. İddiaçı həmin işdə üçüncü şəxs olmuş və etirazı beh müqaviləsinin görünüş üçün bağlanmış əqd olması ilə bağlı olmuş, məhkəmə də həmin etirazı əsassız hesab etmişdir. İcarə müqaviləsi həmin işin predmeti olmamışdır. İş materiallarında olan ********** qeydiyyat nömrəli 31.05.2019-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Müəyyən edilir ki, X3 məxsus olmuş Abşeron rayonu, Novxanı kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları 31.05.2019-cu il tarixdən İddiaçı keçmişdir. İcarəyə verən X5 ilə Cavabdeh1 şəxsində icarəçi Cavabdeh2 MMC arasında bağlanmış 08.01.2018-ci il tarixli icarə müqaviləsi isə hazırda qüvvədədir. Belə olan halda, iddiaçının mülkiyyətçinin dəyişməsi əsası ilə yeni mülkiyyətçi olaraq icarə haqlarının ona ödənilməsi barədə tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 718-ci maddəsinə əsasən icarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir. Həmin Məcəllənin 699.1-ci maddəsinə görə kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Qanunun mənasından göründüyü kimi icarəyə verilən əşyanın mülkiyyətçisi dəyişərsə, bu hal icarə hüquq münasibətlərinin xitamına səbəb olmur, icarə münasibətləri saxlanılır. Yəni, öhdəlik dəyişmir, öhdəlikdə şəxslər dəyişir ki, bu hal da öhdəliyin mahiyyətinə xələl gətirmir. Kollegiya qeyd edir ki, iddiaçının tələbi icarə haqlarının tutulması hissəsində əsaslı olsa da, iddia tələbi Cavabdeh2 MMC-yə aid hissədə əsaslıdır və tələb edilən məbləğ MMC-dən tutulmalıdır, digər Cavabdeh1 aid hissədə isə iddia tələbi rədd edilməlidir, belə ki, icarə müqaviləsi hüquqi şəxs olaraq Cavabdeh2 MMC ilə bağlanmışdır. Kollegiya tələb olunan icarə haqqı ilə bağlı da iddianı əsaslı hesab edir, belə ki, iddiaçı icarə haqqının əmlak üzərində onun hüquqları qeydə alındığı vaxtdan (31.05.2019cu il) 15 ay üçün hər ay 1165 manat olmaqla ödənilməsini tələb edir və həmin məbləğ 17475 manat təşkil edir. Həmçinin icarə haqqının icarə münasibətlərinə xitam verildiyi vaxtadək tutulması da haqlı tələbdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-254/2021 saylı iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilsin. Cavabdeh2 MMC-dən 31.05.2019-cu il tarixindən hesablanmaqla ödənilməmiş 17475 manat icarə haqqı və icarə müqaviləsinə xitam verilənədək müqavilə üzrə hər ay üçün icarə haqqı kimi nəzərdə tutulmuş 1165 manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4708/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4708/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver