Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4713/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi İddiaçı iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1391/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan SSR Bakı şəhər X19 tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli, 139575 nömrəli orderə əsasən, Bakı şəhəri, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 43, mənzil 21 X3 istifadəsinə verilmişdir. Ailə tərkibi: özü - X8, arvadı - X20 və qızı - İddiaçıdır.
2. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.1997-ci il tarixli 1464№-li arayışına əsasən, Cavabdeh həqiqətən Bakı şəhəri, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 43, 2 mərtəbəli evin 1 mərtəbəsinin 26.3 kv.m sahəsi olan 2 otaqlı 21 nömrəli mənzildə yaşayır. Mənzildə qeydiyyatda olanlar: Cavabdeh və X12r.
3. Cavabdeh 1997-ci ildə Bakı Texniki İnventarizasiya Bürosuna mənzilin özəlləşdirilməsinə dair ərizə ilə müraciət etmiş, X25 tərəfindən həmin tarixdə ərizə yazaraq yaşadığı mənzilin oğlu Cavabdeh adına dəyişdirilməsinə icazə vermişdir.
4. Azərbaycan Respublikası Qaradağ rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1997- ci il tarixli 264 №-li “Kirayə müqaviləsinin dəyişdirilməsi” barədə sərəncamına əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, ev 43, mənzil 21-in kirayəçisi Cavabdeh atası Tofiq Süleymanov xx.xx.1991-ci ildən qeydiyyatdan çıxdığından kirayə müqaviləsi dəyişdirilmiş və mənzilin kirayəçisi Cavabdeh hesab edilmişdir.
5. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı xx.xx.1997-ci il tarixli 080953 №-li Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, ev 43, mənzil 21 Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir.
6. Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ 310521 seriyalı ölüm haqqında şəhadətnaməyə əsasən, X20 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
7. Bakı şəhəri 45 saylı Notariat Ofisində xx.xx.2024-cü il tarixli X6 (**********598), X21 (**********601), X22 (**********602), X15 (**********600), X23 (**********599) tərəfindən verilmiş ərizələrə əsasən, qeydiyyatda olduqları və Cavabdeh məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bakı (E.Quliyev) küçəsi, ev 43də yerləşən 21 saylı mənzilin Cavabdeh bağışlanılmasına razılıq verirlər.
8. Cavabdeh (hədiyyə verən) ilə X26 (hədiyyə alan) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Hədiyyə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48.7 kv/m, yaşayış sahəsi 26.3 kv/m olan 2 otaqlı mənzili oğlu X16 tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissədə hədiyyə alanın mülkiyyətinə verir.
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 43, mənzil 21 xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X13 tam mülkiyyətinə keçmişdir.
10. Azrəbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-11214/2024-**********14 nömrəli məktuba əsasən, ünvan 2 ünvanı X13 adına Bakı şəhəri, 45 saylı NO-un 4ə49 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
11. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 109 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 314 №-li xx.xx.2024-cü il tarixli məktuba əsasən, Cavabdeh, X6, X26, X22, X27, X23, X14, X17 və X21 ünvan 1 ünvanında qeydiyyatdadırlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağışlama müqaviləsi qanunsuz olduğu üçün ləğv olunması və etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X8, X4 ilə 1970-ci ildə nikahları Qaradağ rayon qeydiyyat şöbəsində qeydə alınmışlar. Birgə nikahdan o xx.xx.1971-ci il, qardaşı Cavabdeh xx.xx.1975-ci ildə doğulmuşlar. X42 zavodunda fəhlə işləyib və iş yerindən order əsasında 2 otaqlı mənzil almışdır. Həmin mənzil ünvan 4 ünvanda yerləşmişdir. Həmin mənzildə atası, anası, qardaşı və o qeydiyyatda olmaqla yaşamışlar. Atası 2005-ci ildə vəfat etmişdir. Anası isə həmin mənzildə qeydiyyatda olmaqla vəfat edənə kimi həmin mənzildə yaşamış, xx.xx.2021–ci ildə vəfat etmişdir. Qeyd edilən order əsasında istifadə edilmiş daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmışdır. Qeyd elədiyi birgə yaşadığı mənzil anası X2 2012-ci ildə onun xəbəri, razılığı olmadan qardaşı Cavabdeh adına keçirilmiş və hüquqi mülkiyyətedici sənəd verilmişdir. Atası ilə anasının nikahı 1985–ci ildə pozulmuşdur. Qanun tələbinə görə boşanmış ər-arvad birbirlərinə vərəsə ola bilməzlər. 45 Saylı Notariat ofisində qanun pozuntusuna yol verərək Anasının vasitəsilə 2 otaqlı mənzil qardaşı Cavabdeh adına keçirilmişdir. O bunu anasının vəfatından sonra vərəsəlik açmaq istədikdə bilmişdir. O sonra Notariat ofisinin müdiriyyətinə hüquqlarının pozulduğu barədə bildirdikdə ona sən kimsən yaxşı etmişdir deyə bildirmişdilər. Qardaşının birinci arvadı qardaşını dəfələrlə təhdid edərək evi oğlu Rəvana bağışlanmasını tələb etmişdir. Qardaşı onun etirazlarına baxmayaraq mənzili oğlu Rəvana bağışlamışdır. O mənzilin mübahisəli və heç bir bağışlama işləmini aparmamasını bildirmişdi yazılı və şifahi halda. Etirazını bildirdiyi halda ofisin müdiyyəti onun narazılığına əhəmiyyət verməmişdir və 2 otaqlı mənzili Cavabdeh tərəfindən oğlu X18 bağışlama müqaviləsi bağlamışdır. Qardaşı Cavabdeh həmin mənzili oğlu Rəvan Cavabdeh oğluna xx.xx.2024-cü ildə Notariat qaydada bağışlaması qanunsuzdur. Qardaşı Aslan anasının sağlığında 2019-cu ildə qeyd edilən ünvandan çıxmış orada formal qeydiyyatda olsa da başqa ünvanda ikinci ailəsi ilə kirayədə yaşayır. Anası sağlığında Aslanın birinci ailəsini evdən qovmuşdu və evə buraxmırdı. O isə buna baxmayaraq evi zəbt etmiş və sonra evi Aslanı təhdid edərək oğlunun adına bağışlanma yolu ilə keçirtmişdir. Hesab edir ki, sözügedən bağışlama müqaviləsi qanunsuz istinad edildiyindən etibarsız hesab edilməlidir. Bu fakt onun pozulmuş vərəsəlik hüququnun bərpa edilməsi üçün zərurətdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilir.
14. İddiaçı mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü hesab edilməsi, vərəsə tanınama miras əmlakın bölünməsi və Cavabdeh ilə X26 arasında bağlanmış xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi üzrə Qaradağ Rayon Məhkəməsinin icraatında 2(002)-184/2025 nömrəli mülki iş olmuş, lakin sonradan İddiaçı həmin bağışlama müqaviləsinin ləğvinə dair hissəni geri götürmüşdür.
15. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1391/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Aslanova) iddia rədd edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 337.1, 337.2, 337.4, 337.5, 339.1, 339.2, 339.3, 339.4, 339.5, 339.6, 389.1, 390.1, 397.2, 421.1, 421.2, 423.1, 423.2, 666.1, 668.1.1, 670.1, 670.3, 673.1, 673.4, 674.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 106.1, 107, 119.1, 217.4-cü maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atası X8 X4 ilə xx.xx.1970ci ildə nikahlarını Qaradağ rayon Qeydiyyat şöbəsində qeyd etdirmişlər. Birgə nikahdan iddiaçı və qardaşı doğulmuşlar. Atası Qaradağ rayon sement zavodunda fəhlə işləmiş və iş yerindən order əsasında 2 otaqlı mənzil almışdır. Həmin mənzil ünvan 5 ünvanda yerləşmişdir. Həmin mənzildə atası, anası, qardaşı və iddiaçı qeydiyyatda olmaqla yaşamışlar. Atası 2005-ci ildə vəfat etmişdir. Valideynləri 1985-ci ildə boşanmışlar, anası atasının adından vərəsə kimi həmin mənzili qardaşının adına keçirmişdir. Əslində isə onların nikahları pozulduğundan anası atasının vərəsəsi ola bilməzdir. Mübahisəli ev atasından qalmışdır. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qeyd etdiyi və birgə yaşadıqları mənzil anası X1 iddiaçının xəbəri (razılığı) olmadan qardaşı Cavabdeh adına keçirilmiş və hüquqmüəyyənedici sənəd verilmişdir. Sonradan isə qardaşı Aslan həmin mənzili xx.xx.2024-cü il tarixdə oğlu X16 bağışlamışdır. Həmin bağışlanma qanunsuz olmaqla mənzil atasına məxsus olmuş və iddiaçı da atasının vərəsəsidir. Bağışlama müqaviləsi bağlanarkən iddiaçının razılığı alınmamışdır. Valideynlərinin vəfatından sonra vərəsəlik işi açılmamış və iddiaçı vərəsə kimi öz hüququmdan məhrum edilmişdir. Öz qohumlarını da qəsdən qeydiyyata saldırıb ki, valideynlərinin əmlakına sahib çıxsın. Bununla yanaşı anasını daima təhdid etmiş, savadsız qadın olan anasını aldadaraq bütün əmlakını hələ sağlığında gizli və ya açıq şəkildə oğurlamışdır. İddiaçının etibarından suiistifadə edərək ona aid, yəni anasının iddiaçıya verdikləri əmlakı öz evinə (yaşadığı evə) apararkən vaxt çatmadığından anasına məxsus sandıqda olan boyunbağı, iki üzük və qırmızı qaşlı sırğa qaldı götürməmişdir. Düşündü ki, səhər gəlib aparar. Qeyd edir ki, Nuranəyə dedi ki, sandıqda olan qızılları sabah gəlib aparacağam. Bu söhbət 2021-ci ilin avqust ayında anasının sağlığında olmuşdur. Səhər gedərkən görmüşdür ki, sandıqda olan qızılların heç biri yoxdur. Nuranə onları götürmüşdür. Sandığı da oğlu Sarvanla zibilliyə atmışdır. Dəfələrlə istəsə də Nuranə bildirdi ki, həmin qızıllar mənimdir. O, hər gün anasına tibbi təhsili olmamasına baxmayaraq iynə vuraraq onu yatızdırırdı ki, anası onun əməllərini görməsin. Anası xəstə deyildir. Yalnız zəif görürdü. Anasına məxsus olan qızıl və külli miqdarda pulların Nuranə tərəfindən oğurlanmasını anası bilmirdi. Anası oğurluğuna görə Nuranəni evdən qovmuşdur. O, həyətdə olan bir otaqda evdə yaşayırdı. Anası zəif gördüyündən qonşu kimi evə girib iynə vururdu ki, anası yatsın,evi sərbəst şəkildə axtara bilsin. Anasının evindən əşyalarını apardıqdan sonra anasının evini zorla zəbt etdi. Anasının 83 yaşı vardı. Qardaşı da evdən getmişdi, başqa bir qadınla yaşayırdı Nuranə və qohumları istəyirdilər ki, ayrı ev alsınlar. Sahil qəsəbəsində qardaşı ev aldı. Anası xx.xx.2021-ci ildə vəfat etdikdən sonra iddiaçı həmin evə getmişdir. Nuranənin bütün qohumları orada idilər. İddiaçı qızıl və pulları tələb etdikdə məsələyə dəxli olmayan qohumları bildirdilər ki, nə pul, nə qızıl heç bir şey yoxdur. Nuranənin səs yazıları vardır. O, bildirir ki,əcəb etmişəm,ananı mən öldürmüşəm, yaxşı etmişəm.(səs yazısını təqdim edəcəm). xx.xx.2021-ci ildə qızılları tələb edəndə qardaşı Aslanın ikinci arvadının anasının evində Nuranə üstünə hücum çəkərək əlbəyaxa olandan sonra onu boğub öldürmək istəyirdi. Dedi ki, səni öldürəcəm. Qızıllar hər şey mənimdir. Qardaşı Aslanın qaynanası onun həyatını qurtardı. Şikayət etmək istəmiş, lakin qardaşı bildirdi ki, şikayət etməsin, onu tutacaqlar. İddiaçı da qardaşına görə şikayət etməmişdir. Qızıllar və əmlak barədə şikayət edəndə onu dəfələrlə öldürməklə hədələyirdilər. (səs yazıları vardır) Azərbaycan Respublikası MM-nin 1243,1248,1274,1276,1318-ci maddələrinin tələbləri pozulmuş, ümumiyyətlə vərəsəlik işi açılmamışdır. MM-nin 139, 139.1, 146-cu maddələrinin tələbləri nəzərə alınmamışdır. Məhkəmə işə baxarkən qeyd edilən hüquq normalarını tətbiq etməmiş və heç bir araşdırma aparmamışdır. İşə baxılarkən Azərbaycan Respublikası Konstitisiyasının 29-cu maddəsinin Vİİ hissəsində tətsbiq olunmuş vətəsəlik hüququnun pozulmasına hüquqi qiymət verilməmişdir. İşə baxılarkən Azərbaycan Respublikası Konstitisiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarının tələbləri nəzərə alınmamışdır. Belə ki, MPM-nin 8.1-ci maddəsisndə göstərildiyi kimi ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilməmişdir. MPM-nin 9cu maddəsində ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi nəzərdə tutulsa da bu tələb yerinə yetirilməmişdir. MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazimi şərait yaradır. Lakin məhkəmə bu və irəli sürülmüş digər tələblrə əməl etməmişdir. MPM-nin 14.2-ci maddəsində göstərildiyi kimi tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, məhkəmə bunları etməmişdir. MPM-nin sübutlara aid edilən 76,77.1,88,97-ci maddələrinin tələblərini pozmuşdur. Hesab edir ki, qəbuledilmiş qətnamə əsassız və qanunsuzdur. Bir vətəndaş kimi hüquqları pozulmuşdur. Belə ki, konstitusiyada təsbit olunmuş vərəsəlik hüququ pozulmuşdur. Belə ki, işin faktiki halları aydınlaşdırılmamış və hüquqi qiymət verilməmişdir. Atasına məxsus mənzil əsassız olaraq qardaşının oğluna bağışlanmışdır. Mənzilin qardaşının adına özəlləşdirilməsindən və bağışlanma müqaviləsindən iddiaçının xəbəri olmamışdır. Məhkəmə işə baxarkən iş üçün əhəmiyyəti olan halları sübut etməmiş, mülahizələrə əsaslanmışdır. Bağışlanan mənzilin bağışlanana qədər hüquqi taleyi aydınlaşdırılmamış və hər hansı sübuta istinad edilməmişdir. Halbuki həmin mənzil atasına verilmiş və qardaşın qanunsuz yolla mənzili adına özəlləşdirmişdir. Sonradan isə oğluna bağışlamışdır. Məhkəmə qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. Hesab edir ki, məhkəmədə işə baxılarkən iddia tələbi üzrə heç bir araşdırma aparılmamışdır. Məhkəmədə qarşı tərəf iştirak etmədən əsassız qətnamə qəbul edilmişdir. Mənim konstitusion hüquqları pozulmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
20. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
23. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
24. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
25. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
26. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
27. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç
28. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
29. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.
30. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
31. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
32. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
33. Maddə 397.2. Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır.
34. Maddə 666.1 bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
35. Maddə 668.1.1 daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.
36. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.
37. Maddə 670.3 Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər.
38. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.
39. Maddə 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.
40. Maddə 674.1. Aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda.
Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarı
41. MM-in 673-cü maddəsi bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin MM-in 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur.
42. MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər.
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli qərarı
43. ..hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir.
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
52. Hazırki halda qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1391/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
55. İşin halları ilə müəyyən edilir ki, iddiaçı cavabdehin bacısıdır və cavabdehin öz oğluna bağışladığı müqavilənin həm etibarsız hesab edilməsini, həm ləğv edilməsini xahiş edir. Bakı şəhəri, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 43, 21 nömrəli mənzilin icarədarı 1975-ci il tarixli order əsasında iddiaçının atası Tofiq Süleymanov olmuş, həmin vaxt iddiaçı kirayədarın qızı kimi orderdə ailə üzvü olaraq göstərilmişdir. Mənzilin kirayəçisi 1997-ci il tarixli sərəncamla dəyişdirilərək Cavabdeh olmuş, ailə üzvü yalnız Maral Süleymanova olmuş, Cavabdeh mənzil üzərində hüquqlarına dair qeydiyyat vəsiqəsi verilmişdir. Maral Süleymanova 2021-ci ildə vəfat etmişdir. 1997-ci il tarixli arayış və sərəncama nəzər yetirdikdə aydın olur ki, İddiaçı mübahisəli mənzildə həmin vaxt qeydiyyatda olmamış və ailə üzvləri sırasında göstərilməmişdir.
56. Belə ki, Mülki Məcəllənin 673-674-cü maddələrində bağışlama müqaviləsinin ləğvi və ondan imtinanın xüsusi şərtləri və əsasları müəyyən edilmişdir. Həmin normaların müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur və hədiyyə verən tərəfindən bağışlamadan və bağışlama vədindən imtinanın əsaslarını müəyyən edir.
57. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, Azərbaycan Respublikası Qaradağ rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 264 №-li “Kirayə müqaviləsinin dəyişdirilməsi” barədə sərəncamı və Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı, xx.xx.1997-ci il tarixli 080953 №-li Qeydiyyat Vəsiqəsi, yəni mənzilin Cavabdeh mülkiyyətinə verilməsinə dair aktlar İddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda, iddiaçının tərəfi olmadığı əmlakın bağışlanması barədə müqavilənin ləğvini tələb etməsi əsassızdır. Göründüyü kimi, Cavabdeh öz mülkiyyətində olan əmlakı oğluna bağışlamışdır. Belə olan halda, müqavilə tərəfi olmayan şəxsin həmin müqavilənin ləğvini tələb etməsinin qanuni əsası yoxdur. İddiaçı müqavilənin onun məlumatı olmadan bağlandığını və evin qardaşının adına onun məlumatı olmadan keçdiyini bildirsə də, mübahisələndirilən bağışlama müqaviləsinin etibarsız sayılması üçün əsas yoxdur. Çünki, bağışlama müqaviləsi üzrə müqavilənin elementlərinin hər-hansı birinin qüsurlu olması müəyyən edilməmişdir. İddiaçı qeyd etdiyi halı əsaslandıra və sübuta yetirə bilməmişdir. Belə ki, cavabdeh mülkiyyətində olan mənzilə dair öz iradəsi əsasında sərəncam verərək oğluna bağışlamış, sonuncu da hədiyyəni qəbul etmiş və həmin əmlak onun adına qeydə alınmışdır. İddiaçının mübahisəli mənzilin Cavabdeh adına keçməsindən məlumatının olmamasına münasibətdə kollegiya hesab edir ki, iddiaçı bununla bağlı mənzilin cavabdehin mülkiyyətinə verilməsinə dair ilkin hüquq müəyyənedici sənədləri mübahisələndirməli idi. Həmin hüquqi marağın təmin olunması məqsədilə bağışlama müqaviləsinin ləğvi və etibarsızlığı iddiasının irəli sürülməsi əsassız olmuşdur.
58. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, , vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
59. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının aldadılması halı müəyyən edilməmişdir. Odur ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas olmadığından bu barədə iddia tələbi təmin edilə bilməz.
60. Müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə müəyyən əsas və şərtlər göstərilmişdir. Yuxarıda qeyd edilmiş X7 göstərilmiş hüquqi mövqeyinə əsasən, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
61. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə “Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir...”.
62. Konstitusiya Məhkəməsi Plenumunun digər bir işlə, yəni “X11 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə “Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyət hüququ tanınan və qorunan hüquqlar sırasındadır (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ, İİİ hissələri). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquqları və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini də nəzərdə tutur.”
63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
66. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
67. Məhkəmə xərclərinə münasibətdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Həmçinin hazırki halda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1391/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.