Məhkəmə qərarları › İş №2(103)-4716/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4716/2021

18.05.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4716/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəta Rayon Məhkəməsinin 2(011)-307/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, 5 müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “456/X saylı əmrin ləğv edilməsi, əmək kitabçasında qeydlərin dəyişdirilməsi, əmək stajının 20.01.2010-cu ildən hesablanması, 01.09.2016-cı ildən 01.07.2020-ci ilə kimi gecə növbəsi üçün əmək haqqının düzgün hesablanaraq iddiaçıya ödənilməsi və 10.000 manat mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəta Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin 01 iyul 2020-ci il tarixli 456/X nömrəli əmrinin ləğv edilməsi, 20.01.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasına qeydi, DSMF-yə 20.01.2010-cu ildən 2013-cü ilə kimi pul yığımının ödənməsi, 1 sentyabr 2016-cı il tarixdən 01 iyul 2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəsisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanaraq iddiaçıya ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o,əmək fəaliyyətinə 20.01.2010-cu ildə Badamdar qəsəbəsindəki Cavabdeh supermarket şəbəkəsində satıcı kimi əmək müqaviləsi bağlayaraq işə başlamış, fasiləsiz olaraq 01.07.2020-ci ilə kimi Cavabdeh MMC-də müxtəlif vəzifələrdə işləmişdir. Daha sonra 01.08.2013-cü il tarixdən 18.06.2016cı il tarixədək Cavabdeh MMC-də inzibatçı menecer marketinq üzrə mütəxəssis, 19.11.2016-ci il tarixdən 01.07.2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəsisi vəzifəsində işləmişdir. Hər ayın sonunda Cavabdeh MMC-nin maliyyə şöbəsində ayın hesablaşmasını aparmışlar. Bu ilin aprel ayının hesablaşmasını təhvil verdikdən sonra Cavabdeh MMC-də Satınalma departamentinin müdiri Ramin Haciyev ona bildirmişdir ki, növbəti aydan, yəni 2020-ci ilin may ayından o və Əliyev Samir, Heydərli Raufu işdən azad edəcəkdir, Cavabdeh MMC-nin sahibkarı Rasim Salmanov onlarla bağlanmış əmək müqaviləsinə xitam vermək istəyir. Gələn aydan meyvə tərəvəzin satın alınması yeni işçilər Salmanov Kamran, Eldəniz tərəfindən aparılacaq. İddiaçı, Cavabdeh MMC-də Satınalma departamentinin müdiri Ramin Haciyevə bildirmişdir ki, onların aqibəti necə olacaq, o ailəlidir, bir az yaşlı övladı, xəstə təqaüdçü anası onun himayəsindədir. Cavabdeh MMC-də Satınalma departamentinin müdiri Ramin Hacıyevdə demişdir ki, o və digər 3 nəfər işçi özü könüllü olaraq işdən çıxmaqla bağlı ərizə verməsələr, onları 70ç maddəsiylə işdən qovacaqlar. O, və digər işçilər işini davam etdirərək “Meyvəli Bazar”da gündəlik saat 18:00-dan səhər saat 08:00-a kimi iş yerində olmuşlar. 21.05.2020-ci il tarixdə yenidən o, Əliyev Samir, Heydərli Rauf, Heybətzadə Asim, Malışov Sahili Cavabdeh MMC-nin ofisində İRD-nin müdiri Dəyanətin qəbuluna gəlmişlər. Onları İRD-nin işçiləri Fuad və Ziyad qəbul etmiş, onlara yenidən işdən çıxmaqla bağlı könüllü ərizələrini yazmağı təklif etmişlər. Ərizəni yazmadıqları təqdirdə sahibkar onları işdən nə yolla olur-olsun qovacağını bildirmişdi. O, onlara Əmək Məclləsinin 69.7-ci maddəsini xatırladaraq qanunsuz əməllərinə son verməsini bildirmiş, ofisdən ayrıldıqdan sonra Əmək Müfəttişliyinin 142 qaynar xəttinə zəng vuraraq, ofisdə olmuş hadisə ilə bağlı məlumat verərək, şikayətlərini bildirmişlər. Şikayətdən sonra bir müddət 20 gün ərzində işdən çıxartmaq məsələsi dayanmışdır. O, və digər iş yoldaşları işlərinə davam edərək əmək funksiyalırını yerinə yetirərək əmək haqlarını almışlar. 10.06.2020-ci il tarixində onu və Əliyev Samiri yenidən ”Cavabdeh”in baş ofisinə dəvət edərək, bildirmişlər ki, barmaq izlərini baş ofisin keçid turnikesində tanıtdırsınlar və əvvəlki kimi də “Meyvəli Bazar”daki anbarda meyvətərəvəz alqı-satqısı işini davam etdirsinlər. O, 2016-cı ildən meyvə-tərəvəz satın alma mütəxəssisi kimi hər gün saat 18:00-dan səhər saat 08:00-a kimi işləmişdir. Onlara bildirilmişdir ki, əmək müqavilələrində iş saatı səhər 09:00-dan axşam saat 18:00-a kimidir. Neçə ildir ki, Cavabdeh MMC tərəfindən o, qanunsuz olaraq gecə işlədilmiş və əmək haqqına olan əlavələri ödənilməmişdir. O, 10.06.2020-ci il tarixə kimi əmək müqaviləsində qeyd olunan iş saatı haqqındakı qeydi düzgün bilməmişdir. Bu günə kimi də, onda əmək müqaviləsinin surəti yoxdur və ona rəsmi şəkildə təqdim olunmayıb. 24 iyul 2020-ci ildə o Cavabdeh MMC-yə Əmək müqaviləsini, əlavələr və dəyişikliklər, Satın alma mütəxəssisinin vəzifə təlimatını, “Cavabdeh" MMC-nin daxili intizam qaydaları haqqında nizamnamənin məktubla rəsmi qaydada istəmiş, bu günə kimi cavab almamışdır. 19.06.2020-ci il tarixdə İRD-nin işçisi Fuad onun cib telefonuna zəng vuraraq onun barəsində verilmiş xəbərdarlıq və töhməti (BM-03/K) məktubu ilə sürətli poçt vasitəsiylə göndərdiyini bildirmiş, məktub ona çatmamışdır. O, 17.06.2020-ci ildən 30.06.2020-ci ilə kimi səhhəti ilə əlaqədar müalicə almış, Bakı Şəhəri Səhiyyə İdarəsinin 34 saylı poliklinikasının əmək failiyyətinin olmamasına dair 802015 sayli sənədi var. 01.07.2020-ci il tarixdə o Baş Ofisdə olan zaman BM-03/K mətkubu ona rəsmi qaydada təqdim etmişlər. Sənədlərlə tanış olduqda ona məlum olmuşdur ki, 12.06.2020-ci il tarixdə xəbərdarlıq barədə məktubda işə qeydiyyat cihazına uçota düşmədiyi bildirmişdir. Ona 16 iyul 2020-ci ildə verilmiş töhmətlə bağlı sənədi alandan sonra onlarda qalan sənədin surətinə “izahat yazmaqdan imtina etmişdir” yazısının yalan olmasını qeyd etmişdir. Onun 11.06.2020-ci ildə Baş Ofisə dəvət olunmağı ilə bağlı heç bir məktubun və ya teleqramın olmasına dair sənəd məktuba əlavədə görməmişdir. 11.06.2020-ci ildə qeydiyyat cihazından uçota düşməməsi ilə bağlı izahatı alınmamış, izahat yazmaqdan imtina etməyi ilə bağlı heç bir akt tərtib olunmamışdır. Cavabdeh MMC-də işlədiyi 10 il ərzində heç vaxt xəbərdarlıq və ya töhmət almamışdır. Satıcı kimi əmək fəaliyyəti dövründə işinə məsuliyyət və nizamintizamına görə vəzifələrə təyin olunmuşdur, nümunəvi işçi kimi “Cavabdeh" MMC-nin Badamdar qəsəbəsindəki supermarketə müdür təyin olunmuşdur. O hüquqlarını tələb edərək ona qarşı qanunsuzluğa son qoymağı tələb etmişdir. Ona Fuad bildirmişdir ki, ona heç bir məzuniyyət düşmür, onu işdən qovurlar. 02.07.2020-ci il tarixdə poçt vasitəsi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağli məktubu almışdır. Bakı şəhəri Xəta Rayon Məhkəməsinin 2(011)-307/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin 01 iyul 2020-ci il tarixli 456/X nömrəli əmrinin ləğv edilməsi, 20.01.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasına qeydi, DSMF-yə 20.01.2010-cu ildən 2013-cü ilə kimi pul yığımının ödənməsi, 1 sentyabr 2016-cı il tarixdən 01 iyul 2020-ci il tarixədək meyvətərəvəz mallarının alınması üzrə satınalma mütəxəsisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanaraq iddiaçıya ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, istinad etdiyi maddi hüquq normasını düzgün təfsir etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. Maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 72-ci maddəsində qeyd edilən əmək vəzifələrinin kobud şəkildə pozulması barədə müddəaların heç biri ona münasibətdə tətbiq oluna bilməzdi. Eyni zamanda əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini pozmasının özünü nədə biruzə verməsi barədə hər hansısa bir araşdırma aparılmamışdır. İş saatlarının uçotu vəzifəsi qanunla işəgötürənin üzərinə qoyulduğundan işçinin iş vaxtı və iş vaxtından artıq işlənmiş saatları ilə bağlı məlumatları təqdim etmək, eləcə də işçinin iş vaxtı işdə olmadığını sübuta yetirmək vəzifəsini işəgötürən daşıyır. Lakin əmrdə heç bir sübuta istinad edilməmiş, onun konkret olaraq hansı tarixdə, neçə saat işdə olmamağı qeyd edilməmişdir. Cavabdeh tərəfindən əmək hüquqlarının kobud şəkildə pozulması onu işindən və gəlirindən məhrum etməsi, əmək haqqını və məzuniyyət təminatlarını realizə etməməsi ciddi qanun pozuntusu olmaqla ona maddi və mənəvi zərər vurulmasına gətirib çıxarmışdır. Buna görə də cavabdehdən həm də ona ödənilməmiş əmək haqqı, həm istifadə edilməmiş 10 illik əmək məzuniyyətinə görə kompensasiya, həmçinin ona vurulmuş mənəvi zərərin əvəzi də alınmalıdır. Xətai Rayon Məhkəməsində məhkəmə iclas protokolu ilə tanış olması üçün şərait yaradılmayıb. Apelyasiya şikayətində Bakı şəhəri Xəta Rayon Məhkəməsinin 2(011)-307/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh MMC-nin nümayəndəsinin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikyətinin dəlillərinə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xəta Rayon Məhkəməsinin 2(011)-307/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin 01 iyul 2020-ci il tarixli 456/X nömrəli əmrinin ləğv edilməsi, 20.01.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasına qeydi, DSMF-yə 20.01.2010-cu ildən 2013-cü ilə kimi pul yığımının ödənməsi, 1 sentyabr 2016-cı il tarixdən 01 iyul 2020-ci il tarixədək meyvətərəvəz mallarının alınması üzrə satınalma mütəxəsisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanaraq iddiaçıya ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddiası əsassızdır və gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 72 və 187-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, İddiaçı adına olan 060372 saylı, 01 avqust 2013-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, X3 məxsus əmək kitabçasından görünür ki, 01.08.2013-cü il tarixdə Aqşin İskəndərovla fərdi sahibkar X2 arasında əmək müqaviləsi bağlamış və o, Cavabdeh mağazasına “İnzibati menecer” vəzifəsinə işə qəbul edilmiş, iddiaçı ilə olan əmək müqaviləsinə 28.01.2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən (tərəflərdən birinin təşəbbüsü əsası ilə) xitam verilmişdir. 28.01.2016-cı il tarixdə Aqşin İskəndərovla fərdi sahibkar X5 arasında əmək müqaviləsi bağlanmış və o, Cavabdeh mağazasına “İnzibati menecer” vəzifəsinə işə qəbul edilmiş, iddiaçı ilə olan əmək müqaviləsinə 18.06.2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən xitam verilmişdir. 18.06.2016-cı il tarixdə Aqşin İskəndərovla Cavabdeh MMC arasında əmək müqaviləsi bağlamış və Cavabdeh mağazasına “İnzibati menecer” vəzifəsinə işə qəbul edilmiş, 19.11.2016-cı il tarixdə iddiaçı ilə olan əmək müqaviləsinə dəyişliklər edilmiş və o, “Satınalma mütəxəssisi” vəzifəsinə keçirilmişdir. X6 ilə olan əmək müqaviləsinə 01 iyul 2020-ci i tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. (İ cild, i.v 20-22 ). İş materiallarında olan, Cavabdeh MMC-nin səlahiyyətli şəxsləri tərəfindən tərtib edilmiş 12.06.2020-ci il tarixli 3 nömrəli “davamiyyət uçotuna düşməməsi” üzrə Aktdan görünür ki, Cavabdeh MMC-nin Satınalma mütəxəssisi vəzifəsində çalışan İddiaçı İyun 11, 2020-ci il və İyun 12, 2020-ci il tarixlərdə davamiyyət qaydasını pozması ilə bağlı qeydiyyata düşməməsinə əsasən əmək fəaliyyəti üzrə qaydaları kobud şəkildə pozduğu müəyyən edilmişdir. Əməkdaş İddiaçı əvvəllər də davamiyyət uçotuna düşməməsi ilə bağlı görüş keçirilmiş şifahi xəbərdarlıq edilmişdir, buna baxmayaraq əməkdaş təkrar davranış qaydalarını pozmaqda davam edir. İddiaçı baş verən hadisələrə münasibət bildirilməsi üçün izahat yazılması tələb olunsa da, işçi izahat yazmaqdan imtina etmişdir. (İ cild, i.v 120). İş materiallarında olan, Cavabdeh MMC-nin direktoru tərəfindən Aqşin İskəndərova ünvanlanmış 12.06.2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı 11.06.2020-ci il tarixdə işə davamiyyət qaydalarını pozaraq qeydiyyat cihazına uçota düşməmişdir; işçi uçota düşməməsi ilə bağlı yazılı izahat yazmaqdan imtina etmişdir; İşçinin uçota düşməməsi səbəbi nəzərə alınıb; İşçinin belə pozuntulara yol verməsi birinci hal deyil. Yuxarıdakıları nəzərə alaraq işçi İddiaçı xəbərdarlıq edilmişdir ki, İşçinin uçota düşməməsi sonuncu hal kimi qəbul olunsun; İşçi İddiaçı müəssisənin nizam-intizam qaydaların pozulduğuna görə sonuncu xəbərdarlıq edilsin; İşçi bir daha belə xətalar törədərsə, onda ona qarşı tənbeh tədbirləri tədbiq olunacaq; Xəbərdarlıqla işçi tanış edilsin. (İ cild, i.v 98, 118). İş materiallarında olan, Cavabdeh MMC-nin direktorunun 0364/BM-K saylı, 16.06.2020-ci il tarixli Əmrinin surətindən görünür ki, Şirkətin Satınalma mütəxəssisi vəzifəsi üzrə çalışanı İsgəndərov X4 qaydasını pozması ilə bağlı qeydiyyata düşməməsi və barəsində əvvəlki xəbərdarlığı nəzərə alaraq və belə halların təkrar olunmaması məqsədi ilə işçiyə 16.06.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. (İ cild, i.v 97, 117). İş materiallarında olan, Cavabdeh MMC-nin direktoru tərəfindən Aqşin İskəndərova ünvanlanmış 19.06.2020-ci il tarixli BM-03/K saylı Xəbərdarlıq Məktubunun surətindən görünür ki, MMC-nin satınalma mütəxəssisi vəzifəsində çalışan İddiaçı bildirilmişdir ki, 18.06.2016-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə əsasən iş saatı nahar fasiləsi daxil olmaqla 09:00-dan 18:00-dək təyin edilmişdir və o qeyd edilən iş vaxtı üzrə qeydiyyat uçotuna düşərək əmək fəaliyyəti üzrə öhdəliklərini icra etməlidir; Lakin o, qeydiyyat uçotuna düşmür və şirkətin təyin etdiyi vacib təlimatı pozur; Sonuncu görüşlərinə əsasən o qeydiyyat uçotuna düşməyin vacibliyi ilə bağlı xəbərdar edilmişdir və işə gəliş və gediş zamanı davamiyyət uçotuna düşməli idi. Ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir; odur ki, 2 gün müddətində davamiyyət uçotuna düşməməyi ilə bağlı iş yerinə gəlməyi və izahat yazaraq baş vermiş intizam pozuntusuna münasibət bildirməyi xahiş olunur. (İ cild, i.v 15, 97, 119). İş materiallarında olan, Cavabdeh MMC-nin səlahiyyətli şəxsləri tərəfindən tərtib edilmiş 01.07.2020-ci il tarixli 4 nömrəli “davamiyyət uçotuna düşməməsi” üzrə Aktın surətindən görünür ki, Cavabdeh MMC-nin Satınalma mütəxəssisi vəzifəsində çalışan İddiaçı İyul 01, 2020-ci il tarixdə davamiyyət qaydasını pozması ilə bağlı qeydiyyata düşməməsinə əsasən əmək fəaliyyəti üzrə qaydaları kobud şəkildə pozduğu müəyyən edilmişdir. Əməkdaş İddiaçı əvvəllər də davamiyyət uçotuna düşməməsi ilə bağlı görüş keçirilmiş şifahi xəbərdarlıq edilmişdir. Həmçinin, 19.06.2020-ci il tarixində təqdim olunmuş 03 nömrəli xəbərdarlıq məktubu barəsində verilən 16.06.2020-ci il tarixli 0364 nömrəli töhmət əmrinə baxmayaraq İddiaçı təkrar davranış qaydalarını pozmaqda davam edir. İddiaçı baş verən hadisələrə münasibət bildirilməsi üçün izahat yazılması tələb olunsa da, işçi izahat yazmaqdan imtina etmişdir. (İ cild, i.v 96). İş materiallarında olan, Cavabdeh MMC-nin direktoru tərəfindən Aqşin İskəndərova ünvanlanmış 02.07.2020-ci il tarixli BM-06/K saylı Xəbərdarlıq Məktubunun surətindən görünür ki, MMC-nin satınalma mütəxəssisi vəzifəsində çalışan İddiaçı bildirilmişdir ki, onunla 18.06.2016-cı il tarixindən bağlanmış əmək müqaviləsinə 01.07.2020-ci il tarixində xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən ona sonuncu iş günü sənədlərinin təhvil alması barədə məlumat verilmişdir. Lakin o, son iş günü sənədlərini təhvil götürməsi üçün iş yerinə gəlməmişdir. Onunla razılığı nəzərə alaraq əmək kitabçası, işdən çıxma barədə əmrin surəti və son haqq-hesab ödəniş cədvəli ona təqdim olunur. (İ cild, i.v 12, 106, 126). İş materiallarında olan, Cavabdeh MMC-nin direktorunun 456/X saylı, 01.07.2020-ci il tarixli Əmrinin surətindən görünür ki, İddiaçı MMC-nin Satınalma Departamentinin Satınalma mütəxəssisi 01.07.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “Ə” bəndinə istinad edərək, 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi, ona 18.06.2017/2021 iş illəri üçün istifadə etmədiyi məzuniyyət günlərinə görə 88 təqvim günü müqabilində kompensasiya ödənilməsi, İddiaçı iyul ayı üzrə 1 iş günü müqabilində əmək haqqı ödənilməsi əmr edilmişdir. (İ cild, i.v 14). İş materiallarında olan, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 28.10.2020-ci il tarixli ********** nömrəli məktubundan görünür ki, İddiaçı adına Cavabdeh MMC tərəfindən X1 sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatı təqdim edirlər. Həmçinin məlum edirlər ki, İddiaçı Cavabdeh MMC-də gecə saatlarında işə cəlb edilməsi barədə məlumatlar X8 Xidmətində mövcud olmadığı və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 01.01.2021-ci il tarixədək dayandırıldığından qeyd olunan məsələ ilə bağlı yerində araşdırma aparmaq mümkün olmadığı üçün həmin məlumatın təqdim edilməsi, eyni zamanda 2013-cü ilin 27 dekabr tarixinə qədər qüvvədə olan qanunvericiliyə əsasən əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması nəzərdə tutulmadığı üçün adı qeyd olunan şəxsin həmin dövrə qədər əmək fəaliyyəti barədə məlumatların təqdim edilməsi imkan xaricindədir. (İ cild, i.v 249-251). İş materiallarında olan, “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatdan görünür ki, İddiaçı 18.06.2016-cı il tarixli Müqaviləyə əsasən Cavabdeh MMC-də işləmiş, iş vaxtının rejimi 6 günlük iş həftəsi 09:00- 18:00, nahar 13:00-14:00, əmək haqqı 1.213 manat olmuş, həmin müqaviləyə 01.07.2020ci il tarixdə xitam verilmişdir. (İ cild, i.v 253-260). İş materiallarında olan, İddiaçı 2020-ci ilin İyul ayında son haqq-hesab hesabatından görünür ki, əmək haqqına görə 47 manat, məzuniyyət üçün (88 gün) 3.377 manat, 328,40 SMF-yə, 17,12 işsizlik müavinəti çıxıldıqdan sonra, cəmi 3.078,48 manat ödənilmişdir. (İ cild, i.v 263-267). İş materiallarında olan, Dövlət Sosial Müdafiə Fondunun 13.11.2020-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, sığortaedən Cavabdeh MMC (SUN: **********0) tərəfindən 2007, 2016-cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) və 2017-2019-cu illərin l-İV rübləri, 2020-ci ilin l-lll rübləri üzrə rüblük “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar təqdim edilmişdir. Qeyd olunan sığortaedən tərəfindən 2010-2013-cü illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar (Forma B1) və ona əsasən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) təqdim olunmamışdır. Əlavə olaraq bildiririk ki, sığortaedən X2 tərəfindən (SUN: **********6) 2013cü il üzrə təqdim edilən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumafa (Forma B3) əsasən İddiaçı (SSN: **********054) adı sığortaolunan kimi qeyd olunmuş və məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları fərdi şəxsi hesabında əks olunmuşdur. Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölməsindən əldə edilən məlumata əsasən 2010-2012-ci illər üzrə hər hansı sığortaedən tərəfindən sığortaolunan İddiaçı xeyrinə məcburi dövlət sosial sığorta haqqı hesablanmamış və ödənilməmişdir. (İİ cild, i.v 10). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri və hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, eyni zamanda, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh MMC tərəfindən işçi İddiaçı barəsində əvvəllər də intizam tənbeh tədbirlərinin tətbiq edildiyini və 12.06.2020-ci il tarixində davamiyyət qaydalarını pozduğuna görə “töhmət” intizam tənbehinin tətbiq edildiyini nəzərə alaraq, işəgötürən Cavabdeh MMC tərəfindən cavabdeh barəsində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğvi intizam tənbehinin tətbiqi işçi İddiaçı hərəkətlərinə mütənasib və əsaslı hesab etməkdə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin 20.01.2010-ci il tarixdən 2013-cü il tarixə kimi əmək stajının əmək kitabçasında qeydi, DSMF-na 20.01.2010-cu il tarixdən 2013-cü ilədək pul yığımının ödənilməsi hissəsində rədd edilməsi nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçı Aqşin İskəndərova məxsus əmək kitabçasının surətindən görünür ki, Aqşin İskəndərov 01 avqust 2013-cü il tarixində fərdi sahibkar X2 ilə əmək müqaviləsi bağlamış və Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə 28 yanvar 2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-cı maddəsinə əsasən xitam verilmiş, 28 yanvar 2016-cı il tarixdə Aqşin İskəndərovla fərdi sahibkar X5 arasında əmək müqaviləsi bağlanmış, iddiaçı Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. Daha sonra iddiaçı ilə olan əmək müqaviləsinə 18 noyabr 2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçı 18 iyun 2016-cı il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlamış və inzibati menecer vəzifəsinə qəbul edilmişdir. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsi 18 iyun 2016-cı il tarixdə bağlanmış və iddiaçı əmək fəaliyyətinə həmin tarixdə başlamışdır. Tərəflər arasında əmək münasibətlərinin əsası isə 18 iyun 2016-cı il tarixdə qoyulduğundan Cavabdeh MMC yalnız bu tarixdən etibarən işçinin hüquqlarının pozulması üçün cavabdehlik daşıyır. Odur ki, məhkəmə kollegiyası apelyasiya şikayətinin qeyd olunan dəlillərini əsassız hesab edir. Bundan başqa, məhkəmə kollegiyası iddiaçı Aqşin İskəndərovun apelyasiya şikayətinin 01.09.2016-cı il tarixdən 01.07.2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəssisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanaraq ödənilməsinə dair dəlillərinə qiymət verərək qeyd edir ki, apelyasiya şikayəti bu hissədə də əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı Aqşin İskəndərov 01.09.2016-cı il tarixdən 01.07.2020-ci il tarixədək gecə saatlarında işləməsi ilə bağlı istər birinci instansiya məhkəməsinə istərsə də, apelyasiya instansiya məhkəməsinə kifayət gədər mötəbər sübutlar təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası apelyasiya şikayətinin həmin dəlillərini də əsassız hesab edir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Bundan başqa, İddiaçı Cavabdeh MMC-dən mənəvi zərər üzrə 10.000 (on min) manat pul tələb etmişdir. Birinci instansiya məhkəməsi isə mənəvi zərərin ödənilməsi hissəsində iddia tələbini təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllnin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Beləliklə məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olduğundan, apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Xəta Rayon Məhkəməsinin 2(011)-307/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xəta Rayon Məhkəməsinin 2(011)-307/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar