Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4716/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi (bacısı) Nümayəndə, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Yasamal rayonu, Yunis Dağlı küçəsində yerləşən 7 №-li evin 2/12 hissəsinə (50,87 kv.m, 1 otaq) dair iddiaçı (satıcı) ilə cavabdehin (alıcının) arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. Tələb onunla əsaslandırılıb ki, müqavilə aldatma nəticəsində və vacib əhəmiyyətli yanılma nəticəsində bağlanılıb. Belə ki, əmlakın 90.000 manata alqı-satqısı şifahi qaydada razılaşdırılıb, cavabdeh bu qədər pulunun olmadığını bildirərək vəd verib ki, müqavilə bağlanarkən 50.000 manat ödəyəcək, qalan 40.000 manatı isə ev plana düşərək söküldüyü vaxt verəcək. 50.000 manatı cavabdeh iddiaçıya ödəyib. Bu yaxınlarda iddiaçı məlumat alıb ki, həmin ərazidə yerləşən fərdi yaşayış evləri plana düşür və söküləcək. Ona görə də iddiaçı cavabdehə yaxınlaşaraq aralarında olan şifahi razılşamaya əsasən qalan 40.000 manat pulu verməli olduğunu xatırlatmış, lakin cavabdeh buna etirazını bildirmiş, iddiaçıya heç bir məbləğ verməyəcəyini demişdir. Bundan sonra iddiaçıya aydın olmuşdur ki, cavabdeh onu aldadıb, müqaviləni vacib əhəmiyyətli yanılma nəticəsində bağlayıb. Qətnamə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (bacısı) Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Həmin müqavilədə qeyd olunub ki, cavabdeh (alıcı) əmlakın qiyməti kimi 50.000 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürür. İddiaçının nəzərdə tutduğu əlavə ödəniş - 40.000 manat müqavilədə qeyd olunmayıb. Cavabdeh iddiaya etiraz edir, iddiaçıya əlavə olaraq 40.000 manat pul ödəyəcəyini vəd etmədiyini bildirir. İddiaçı isə cavabdehin ona belə bir vəd verdiyini təsdiq edən sübut təqdim etməyib. Mülki Məcəllənin 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Həmin Məcəllənin 347.1-ci maddəsinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. İddiaçının aldadıldığı və yanıldığı sübut olunmadığına görə birinci instansiya məhkəməsi düzgün olaraq iddianı rədd edib. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4716/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4716/2022
08.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver