Məhkəmə qərarları › İş №2(103)-4718/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4718/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4718/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon icra və probasiya şöbəsi və Maraqlı şəxs qızı) «əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-3230/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin ləğvedicisi X4 Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon icra və probasiya şöbəsi və Maraqlı şəxs qızı) «əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Qəbələ rayon icra şöbəsinin sifariş məktubuna əsasən Cavabdeh MMC tərəfindən ləğv prosesində olan İddiaçı ASC-də ipoteka ilə yüklü edilmiş Maraqlı şəxs qızının mülkiyyətində olan Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli yaşayış binasının 700000 manat dəyərində qiymətləndirilməsinə dair «Əmlakın qiymətləndirilməsi barədə hesabat»ın ləğv edilməsi, həmin əmlakın yenidən qiymətləndirilməsinin təmin olunması və 20 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi İddiaçı ASC qarşısında kredit öhdəliklərini yerinə yetirmədıyi üçün cavabdehlər Əliyev İlqar Qaragöz oğlundan və Maraqlı şəxs qızından 230562,03 manat və ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilməsi və tələbin ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Maraqlı şəxs qızının mülkiyyətində olan Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri-yasayış binasına yönəldilməsi, qeyri yaşayış binasının ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracdan satılması və həmin sahənin ən azı bir ay müddətində boşaldılması barəsində xx xxxxx 2013-cü il tarixli, 2(006)1033/2013 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanunu qüvvəsini aldıqdan sonra iş üzrə xx xxxxx 2013-cü il tarixli, 2(006)-1033/2013 saylı icra sənədi aidiyyəti üzrə icra edilməsi üçün Qəbələ rayon İcra şöbəsinə göndərilmişdir. Qəbələ rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən Cavabdeh MMC-nin qiymətləndirici eksperti tərəfindən cavabdeh Maraqlı şəxs qızının mülkiyyətində olan Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binası «Əmlakın qiymətləndirilməsi barədə hesabat»la 700000 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh MMC-nin qiymətləndirici eksperti tərəfindən tərtib edilmiş «Əmlakın qiymətləndirilməsi barədə hesabat» əsassızdır. Belə ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası məqsədilə Nəsimi rayon İcra Şöbəsinin sifariş məktubu əsasında Maraqlı şəxs qızının mülkiyyətində olan Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binası «xxxxxxxx» MMC tərəfindən ipoteka predmetinın ilkin satış qiymətini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilmiş və həmin qeyri yaşayış binası 390.000 manata qiymətləndirilmiş və bu barədə «xxxxxxxx» MMC tərəfindən «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat» tərtib edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-də ipoteka ilə yüklü edilmiş Maraqlı şəxs qızının mülkiyyətində olan Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binası nə vaxt, hansı şəraitdə, kim tərəfindən və kimlərin iştirakı ilə qiymətləndirilməsi onlara məlum deyildir. İcra işi üzrə tələbkar olmalarına baxmayaraq, tələbin yönəldiyi əmlakın qiyməti müəyyən edilərkən onların iştirakı təmin olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 3230/2019 saylı qətnaməsi ilə (hakim Pərviz Hüseynov) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddianın təmin olunmalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək,orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər proses iştirakçısına rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə digər proses iştirakçısının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, hazırki mübahisənin obyekti olan daşınmaz əmlakın qiymətləndirilməsi qanuni qüvvədə olan məhkəmə qərarının icrası sahəsində (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsi) həyata keçirmişdir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1033/2013 saylı, xx xxxxx 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Əliyev İlqar Qaragöz oğluna və Maraqlı şəxs qızına qarşı «borc məbləğinin qaytarılması, borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Əliyev İlqar Qaragöz oğlundan xx xxxxxx 2010-cu il tarixli 292/0 saylı kredit müqaviləsi üzrə yaranmış 165.999,24 manat əsas, 48.562,79 manat faiz, 16000 manat cərimə və 20 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş Maraqlı şəxs qızının mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasına (mağaza) yönəldilməsi, qeyri yaşayış binasının ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və həmin sahənin ən azı bir ay müddətinə boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xx.xx.2018-ci il tarixli Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı qiymətləndirmə hesabatından müəyyən olunur ki, Maraqlı şəxs qızına məxsus, ipoteka qoyulmuş Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasının 505,44 m2 (mağazanın) likvid dəyəri 700000 manat müəyyən edilmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin dəyərinin müəyyən olunması üçün müstəqil qiymətləndirici təyin etmişdir. İşdə olan «X8» MMC-nin xx xxxxxxx 2019-cu il tarixli «Qeyri-yaşayış binasının qiymətləndirilməsi barədə» rəyindən görünür ki, Maraqlı şəxs qızına məxsus, ipoteka qoyulmuş Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasının (505,44 m2) dəyəri 700000 manat müəyyən olunmuşdur. Göründüyü kimi, ipoteka predmeti olan əmlakın məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı onun dəyərinin cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən müəyyənləşdirilmiş qiymətlə uyğunluq təşkil etməsi müəyyən olunmuşdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Həmin Qanunun 9-cu maddəsinə əsasən qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən tərtib edilmiş, mübahisələndirilən xx.xx.2018-ci il tarixli qiymətləndirmə rəyinin əsassızlığı müəyyən edilməmiş, iddiaçı tərəfindən bu faktı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə nəticəsində isə ipoteka predimeti olan əmlakın qiymətləndirmə rəyi ilə uyğunluq təşkil etməsi müəyyən edilmişdir. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı sübutu (qiymətin daha az olması və s.) məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, cavabdeh tərəfindən mübahisəli əmlakın qiymətləndirilməsi həyata keçirilərkən «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun tələblərinin pozulması faktı müəyyən olunmamış, qanunvericiliyin tələbinə riayət olunmuş, əmlaka obyektiv likvid qiyməti qoyulmuşdur. «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Göründüyü kimi, iddiaçı tələbinin və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki,MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizələrə əsaslanmışdır. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. X9 Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon icra və probasiya şöbəsi və Maraqlı şəxs qızı) «əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-3230/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-3230/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar