Məhkəmə qərarları › İş №2(103)-4719/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4719/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4719/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə (açar sözlər: subroqasiya qaydasında pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X11 (sədrlik edən və məruzəçi), X18 və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2(009)-2254/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinə əsasən “Otoyol” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtobus xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək "xxxx" ASC tərəfindən sığorta edilmişdir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdən görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixdə “Otoyol” markalı avtobusu müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə edərkən Bakı Dairəvi yolunun Qaradağ rayonu ərazisində yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər X8 və X19 təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş zərərin ödənildiyini bildirmişlər.

3. Sığorta aktları və ödəniş tapşırıqlarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən X14 1500 manat, X9 750 manat, X4 1500 manat, X8na 1500 manat olmaqla, ümumilikdə 5250 manat sığorta ödənişi edilmişdir.

4. 28 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, bağlı "xxxx" ASC 5250 manat sığorta ödənişinin subroqasiya qaydasında Cavabdeh geri ödənilməsini tələb etmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5250 manat sığorta ödənişi məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə “İ-Qafqaz” firması arasında xx.xx.2012-ci il tarixində sığorta müqaviləsi bağlanmış və “Otoyol M50" markalı, ** TE ***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2012-ci il tarixdə “Otoyol M50" markalı, ** TE ***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və X5, X13 və X1 az ağır və X2 yüngül xəsarət yetirmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5250 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Qaradağ Rayon Məhkəməsinin hökmünə əsasən Cavabdeh yol - nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Otoyol M50" markalı, ** TE ***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı (“D” kateqoriyası olmadan) müəyyən olunmuşdur.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2(009)- 2254/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

8. Qətnamənin əsaslarına görə, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə daxil olsa da, yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, ilk növbədə iddiaçının subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalıdır. “İcbari Sığortalar haqqında” Qanunun yuxarıda qeyd edilən 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edildiyi zamanı, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Hazırki halda sığortalı “İ-Qafqaz” firması olmuş və “İ-Qafqaz” firması sığorta predmeti olan olan avtobusun onu idarə etməyə hüququ olmayan şəxs tərəfidən idarə edildiyini bilməyə borclu olmuşdur. İş materialları ilə “İ-Qafqaz” firmasının “Otoyol” markalı avtobusu idarə etməyə hüququ olmayan şəxs tərəfindən idarə edilməsi barədə məlumatlı olmağa borclu olduğu halları istisna edən hər hansın halın mövcudluğu sübut olunmur. Əksinə, iş materiallarında olan hökmdən görünür ki, Cavabdeh “Otoyol” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərək yol nəqliyyat hadisəsi törətdiyi zaman o, yalnız CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinmiş, Cavabdeh mülkiyyət əleyhinə hər hansı cinayətdə (özgənin əmlakını talama, məhv etmə və s.) ittiham olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, etdiyi sığorta ödənişlərinə görə pul vəsaitini subroqasiya qaydasında Cavabdeh tələb etməyə subyektiv hüququ mövcud olmamışdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2-ci, "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 23, 25-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazin dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətinin dəlillərinə görə, “İ-Qafqaz”firmasının “Otoyol” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtobusu “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “D” kateqoriyasına malik olan sürücülər tərəfindən idarə edilməsi mümkündür. “D” sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayısürücü oturacağından əlavə 8-dən çox olan avtomobilləri idarə etmək üçün verilməkdədir. Lakin, cavabdeh X12 məxsus olan sürücülük vəsiqəsində “BC” kateqoriyası qeyd edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 sentyabr 2013-cü il tarixli, 1(002)-182/2013 saylı hökmündə də bütün bu hallar cavabdeh X15 tərəfindən verilmiş izahatda öz əksini tapmışdır. Belə ki, cavabdeh X15 “İ-Qafqaz” firmasının “Otoyol” markalı,** TE *** dövlət qeydiyyat nişanlı avtobusu “D” kateqoriyası ilə idarə etmək əvəzinə “BC” kateqoriyası ilə idarə etdiyindən həmin avtobusu idarəetmək hüququ olmamışdır. “İcbari Sığortalar haqqında”Qanunun yuxarıda qeyd edilən 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edildiyi zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Belə ki, cavabdeh X10“D” kateqoriyalı sürücülük vəsiqəsi olmadan avtobusu idarə edərək yol nəqliyyat hadisəsi törətdiyindən yuxarıda qeyd edilən qanuna əsasən iddiaçı "xxxx"ASC-nin subroqasiya hüququ yaranmışdır. Bundan əlavə Cavabdeh CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinməsi və mülkiyyət əleyhinə hər hansı cinayətdə ittiham olunmaması zərərçəkən şəxslər tərəfindən sığorta ödənişini sığorta şirkətindən tələb edilməsinə və sığorta ödənişini ödənilməsinə heç bir məhdudiyyət olmamaqdadır. Cəmiyyəti tərəfindən zərərçəkən tərəflərə 5250 manat sığorta ödənişi 30 may 2024-cü il tarixdə ödənilmişdir. Mübahisələndirilən hal iddia müddətinin axımının hansı vaxtdan başlanılmasıilə bağlıdır. Azərbaycan Respublikası 377.4-cümaddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Cəmiyyət sığortaçı olaraq könüllü sığorta müqaviləsi üzrə (sığorta şəhadətnaməsi üzrə) baş vermiş sığorta hadisəsinə görə zərərçəkən tərəfə 30 may 2024-cü il tarixdə sığorta ödənişi etmişdir. Bu da o deməkdir ki, Cəmiyyətimizin hazırki iş üzrə cavabdehə qarşı subroqasiya hüququ sığorta ödənişini etdiyi vaxtdan yarandığından, iddia müddətinin axımı da 30 may 2024-cü il tarixdən başlanılır və müddətin sonuncu günü 30 may 2034-cü il tarixdə bitməlidir. Cəmiyyət tərəfindən 10 illik müddət bitməmiş, yəni 20 fevral 2025-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edilmiş və iddia müddəti ötürülməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir; Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

14. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır; Maddə 63.2. Subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarında şərh etdiyi hüquqi mövqeyinə əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxişinin hədləri

17. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

18. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə belə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalıdır.

19. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə daxil olsa da, yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, ilk növbədə iddiaçının subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalıdır. “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edildiyi zamanı, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Hazırki halda sığortalı “İ-Qafqaz” firması olmuş və “İ- Qafqaz” firması sığorta predmeti olan olan avtobusun onu idarə etməyə hüququ olmayan şəxs tərəfidən idarə edildiyini bilməyə borclu olmuşdur. İş materialları ilə “İ-Qafqaz” firmasının “Otoyol” markalı avtobusu idarə etməyə hüququ olmayan şəxs tərəfindən idarə edilməsi barədə məlumatlı olmağa borclu olduğu halları istisna edən hər hansın halın mövcudluğu sübut olunmur.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh X15 “İ-Qafqaz” firmasının “Otoyol” markalı,** TE *** dövlət qeydiyyat nişanlı avtobusu “D” kateqoriyası ilə idarə etmək əvəzinə “BC” kateqoriyası ilə idarə etdiyindən həmin avtobusu idarəetmək hüququ olmamışdır, “İcbari Sığortalar haqqında”Qanunun yuxarıda qeyd edilən 25.1.3-cü maddəsində məhz icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən istismar edildiyi zaman subroqasiya hüququnun yaranması nəzərdə tutulmuşdur.

21. İddia müddəti ilə bağlı apellyasiya şikayətində qeyd olunmuşdur ki, zərərçəkən tərəflərə 5250 manat sığorta ödənişi 30 may 2024-cü il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. İddiaçının cavabdehə qarşı subroqasiya hüququ sığorta ödənişini etdiyi vaxtdan yarandığından, iddia müddətinin axımı da 30 may 2024-cü il tarixdən başlanılır və müddətin sonuncu günü 30 may 2034-cü il tarixdə bitməlidir.

22. Məhkəmə kollegiyası bu arqumentlə razılaşmayaraq qeyd edir ki, subroqasiya tələbi üzrə iddia müddətinin axımı sığorta ödənişinin verildiyi andan hesablansa da, bu müddət mülki hüquq pozuntusunun (deliktin) törədildiyi tarixdən keçən on illik ümumi iddia müddətindən artıq ola bilməz. Ümumi iddia müddəti (on il) mülki hüquqi tələblərin məhkəmə qaydasında təqib edilməsinin mümkün olduğu son müddətidir (mütləq müddət). Mülki hüquq pozuntusu (delikt) üzrə qanunda xüsusi müddət nəzərdə tutulmadığından bu əsasa söykənən tələblər üzrə də on illik iddia müddəti tətbiq olunur. Belə ki, deliktin törədildiyi tarixdən etibarən on il keçmişdirsə həmin qanunazidd əmələ görə iddia müddəti ötmüş hesab edilir. Bu müddətin aşılması mümkün sayılmır, axımı sonradan başlamış iddia müddətləri də on ilin tamamında başa çatır. Bu baxımdan reqres tələb üzrə iddia müddətinin axımının əsas öhdəliyin icrası anından başlanması delikt üzrə ümumi iddia müddətinin aşılmasına əsas verə bilməz. Odur ki, ilkin kreditorun tələb hüququndan istifadə edən sığortaçının birtərəfli hərəkəti (sığorta ödənişini sonradan ödəməsi, yaxud hansısa səbəbdən gecikdirməsi) borclunun müdafiə vasitəsi olan on illik ümumi iddia müddətini onun zərərinə artıra bilməz.

23. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, tələb iddia müddəti ötürülüdünə görə rədd edilməlidir.

24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e--2(009)- 2254/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e--2(009)- 2254/2023 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılsın. İddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar