Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4720/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində göstərilməklə) qarşı “bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(005)-1216/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçı və cavabdeh doğma bacıdırlar. Əmlak Xidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlama müqaviləsinin notarial təsdiq olunmuş surətindən görünür ki, “hədiyyə verən” İddiaçı ünvan ünvanında yerləşən 0.12 ha torpaq sahəsini “hədiyyə alan” Cavabdeh mülkiyyətinə vermişdir. Hazırda iddiaçı həmin bağışlama müqaviləsini mübahisələndirir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində göstərilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 4Ə-978 nömrəli bağışlanma müqaviləsinin və onun əsasında X3 adına olan qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********29 olan çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bağışlanma müqaviləsi əsasında mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 944 saylı bağ sahəsini bacısı hazırki cavabdehə bağışlamışdır. Bağışlanma notariat qaydasında olmuş, cavabdeh müvafiq öhdəliklər götürmüşdür. Cavabdehin öhdəliklərinə inanaraq mülkiyyətində olan əmlakı ona heç bir ödəniş etmədən bağışlamışdır. Sonradan cavabdeh öhdəlikləri icra etməmiş və bununlada onun etibarından sui-istifadə etdiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Bu müddət ərzində 3 dəfə müəyyən xəstəliklərdən əziyyət çəkmiş, Covid 19 pandemiyası vaxtı xəstələnmiş, karantina alınmış, bundan başqa əməliyyat edilmişdir. Xəstəliklərindən ötrü müqavilənin etibarsızlığı məsələsini qaldırmamışdır. Bununla əlaqədar olaraq iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(005)- 1216/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 347.1, 347.2, 354.1, 354.2, 373.1, 373.2, 377.1; Azərbaycan Respublikasının MPM-nin 9.1, 9.3, 14.2, 80, 88, 106.1, 107, 119.1, 217.1, 217.3, 217.4, 218.1-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001ci il tarixli “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarına, R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarına, E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına istinad etməklə, belə nəticəyə gəlmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli müqavilənin bağlandığı müddətdən 1 il artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, müqavilənin özündə də, iddia müddəti ilə əlaqədar başqa hal nəzərdə tutulmamış, cavabdeh isə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı onun hüququnun pozulduğunu bildiyi andan 1 il müddətində əqdin etibarsızlığı ilə bağlı mübahisə açmamış və bununla da qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür. İddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməməsini öz xəstəliyi və Covid-19 virusuna yoluxması ilə əsaslandırsa da, məhkəmə qeyd edir ki, göstərilən səbəblər iddianın vaxtında verilməməsi üçün əsas olmamışdır. Belə ki, tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmış və həmin müqavilənin etibarsızlığı üçün xx.xx.2022-ci il tarixədək məhkəməyə iddia ilə müraciət etmək hüququ olmuşdur. İş materiallarında olan Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstutunun xx.xx.2023-cü il tarixli arayışında iddiaçının xx.xx.2021-ci il tarixdə travma alması qeyd edilmişdir. X4 (xəstəlik tarixindən) çıxarışda iddiaçının xx.xx.2022-ci il tarixdə işemik insult nəticəsində sağlamlığının müəyyən müddətdə pozulması müəyyən edilmiş, lakin həmin müddətinin uzun sürməsi və ya xx.xx.2022-ci il tarixədək çəkməsi əks edilməmişdir. İddiaçı Covid-19 virusuna yoluxma ilə əlaqədar müddətinin ötürməsini bildirmiş, lakin iddiaçının buna dair irəli sürdükləri arqumentlər ağlabatan olmamaqla heç bir mötəbər və tutarlı sübut növləri ilə də öz təsdiqini tapmır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar Mülki Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Onun həbsdə olmasını, sənədlərinn olmamasını, xəstəlikdən müalicə almasını nəzərə almadan iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilmişdir. Hesab edir hazırkı hal qanunsuzdur. Mülki Məcəllənin 382-ci maddəsinin adında iddia müddətinin ümumiyyətlə bərpasından bəhs olunsa da, həmin maddənin məzmununda ancaq fiziki şəxslərə münasibətdə iddia müddətinin bərpası mümkün sayılır. Başqa sözlə, orada hüquqi şəxslərə münasibətdə iddia müddətinin bərpası imkanı müəyyən edilməmişdir. İddia müddətinin bərpası ilə əlaqədar digər yenilik bu müddətin ötürülməsi səbəblərinin baş verdiyi müddətin nəzərə alınmasıdır. Yəni, iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzürlü sayıla bilər. İddia ərizəsinə əlavə edilən xəstəlik sənədlərinə (iddia müddətinin ötürülməsi üçün fors major hallar, üzrlü səbəbəblər, uzun sürən ağır xəstəliklər) münasibət bildiriməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlara hüquqi qiymət verilməmişdir. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə vəziyyəti qəfil pisləşdiyinə görə təcili tibbi yardıma müraciət etmiş, daha sonra kranial MRT müayinəsindən keçmiş və özəl nevropotoloqun nəzarəti altında müalicə almışdır. Sağ korona radiatada milli metrik yarım kəskin fazada işemik insult diaqnozu qoyulmuşdur. Azərbaycan Elmi-Tədqiqat Travmotologiya və ortopediya İnstitununun xx.xx.2023-cü il tarixli arayışınıdan görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı müraciəti zamanı ona “Sağ bazu sümüyünün cərrahi boynunun böyük yerdəyişmiş sınığı” diaqnozu qoyulmuşdur. Bununla yanaşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi iddiaçının iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etməsini, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmasını öz qətnaməsində qeyd etmişdir. Demək bir illik iddia müddəti ərzində iddiaçı aidiyyət qaydalarına riayət etməsə də, öz iddia ərizəsini vermiş, lakin xəstətəliyinə və aidiyyət qaydalarını pozduğuna görə Nərimanov məhkəməsinə əqdin etibarsızlığı ilə bağlı bir illik iddia müddəti ərzində müraciət etməmişdir. Məhkəmə bu qərardadı öz qətnaməsində sənədlərin siyahısında qeyd etsə də, onunla bağlı öz münasibətini bildirməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə etdiklərini bildirdilər və təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmaya şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, şəxsin bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi, tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması aiddir. (347.2.1-347.2.3-cü maddələr) 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 373.1-ci maddəsinə əsasən ümumi müddəti 10 il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Həmin qərarda göstərilmişdir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, hazırki iddia üzrə iddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qaldırdığı iddianın əsası kimi, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilmədiyi göstərərək həmin müqavilənin etibarsızlığı tələb edir. Cavabdeh isə buna etiraz edərək, müqavilədə hər hansı öhdəliyin nəzərdə tutulmadığını və həmçinin iddia müddətinin ötürüldüyünü bildirir. İş materiallarından görünür ki, Əmlak Xidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlama müqaviləsinin notarial təsdiq olunmuş surətindən görünür ki, “hədiyyə verən” İddiaçı ünvan ünvanında yerləşən 0.12 ha torpaq sahəsini “hədiyyə alan” Cavabdeh mülkiyyətinə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı onun hüququnun pozulduğunu bildiyi andan 1 il müddətində əqdin etibarsızlığı ilə bağlı mübahisə açmamış və bununla da qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür. İddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməməsini öz xəstəliyi və Covid-19 virusuna yoluxması ilə əsaslandırsa da, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, göstərilən səbəblər iddianın vaxtında verilməməsi üçün əsas olmamışdır. Belə ki, tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmış və həmin müqavilənin etibarsızlığı üçün xx.xx.2022-ci il tarixədək məhkəməyə iddia ilə müraciət etmək hüququ olmuşdur. İş materiallarında olan Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstutunun xx.xx.2023-cü il tarixli arayışında iddiaçının xx.xx.2021-ci il tarixdə travma alması qeyd edilmişdir. X4 (xəstəlik tarixindən) çıxarışda iddiaçının xx.xx.2022-ci il tarixdə işemik insult nəticəsində sağlamlığının müəyyən müddətdə pozulması müəyyən edilmiş, lakin həmin müddətinin uzun sürməsi və ya xx.xx.2022-ci il tarixədək çəkməsi əks edilməmişdir. İddiaçı Covid-19 virusuna yoluxma ilə əlaqədar müddətinin ötürməsini bildirmiş, lakin iddiaçının buna dair irəli sürdükləri arqumentlər ağlabatan olmamaqla heç bir mötəbər və tutarlı sübut növləri ilə də öz təsdiqini tapmır.Hətta iş materiallarından görünür ki, iddiaçı Covid-19 xəstəliyinə xx.xx.2021-ci il tarixdə yoluxmuşdur. Yəni o, Covid-19 xəstəliyinə bağışlama müqaviləsi bağlandıqdan bir ay sonra yoluxmuşdur. Digər tərəfdən kollegiya qeyd edir ki, iddiaçı ilk olaraq Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyi və iddia müddətinin ötürülmədiyini bildirsə də birinci instansiya məhkəməsi haqlı olaraq Xəzər Rayon Məhkəməsinə müraciət edən zaman da iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməsini vurğulamışdır. Həmçinin iddiaçı apellyasiya şikayətində iddia müddətinin ötürülmədiyini qeyd etsə də bununla bağlı mötəbər sübutlar təqdim edilməmişdir. Digər tərəfən iddiaçı tələbində bağışlama müqaviləsinin etibarsız hesab edilməsinin əsası kimi cavabdehin öz üzərinə öhdəlik götürməsini və cavabdehin öhdəlikləri icra etmədiyini bununla da onun etibarından sui-istifadə etdiyini bildirmişdir. Lakin tərəflər arasında olan bağışlama müqaviləsindən görünür ki, həmin müqavilə ilə cavabdeh üzərinə hər hansı öhdəlik götürməmişdir eləcə də götürmüş olsa belə həmin öhdəliklərin nədə ifadə olunması və cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsi barədə iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir. Həmçinin kolegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14cü fəslində əqdlərin etibarsızlığının əsasları müəyyən edilmiş, lakin həmin əsasların sırasında «öhdəliyin icra edilməməsi» nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin heç bir müəddəasında «öhdəliyin icra edilməməsi»si əqdin etibarsızlığının əsası kimi müəyyən edilməmişdir. Belə ki, «öhdəliyin icra edilməməsi» əqdin bağlanmasından sonra yaranan və mövcud olan haldır. Əqdin etibarsızlığına isə yalnız o hal əsas ola bilər ki, həmin hal əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Normada qeyd edilən «pozmaqla bağlanılmış» ifadəsi əqdin etibarsızlığına əsas kimi götürülən istənilən halın əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olmasını tələb edir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(005)- 1216/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə