Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4724/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Simfer İç ve Dış Ticaret Anonim Şirketinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(001)-144/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Simfer İç ve Dış Ticaret Anonim Şirketi cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 75000 ABŞ dolları əsas borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipotekaya tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün və xidmət haqqı olaraq ödənilmiş 30 manatın tutulmasına, tələbin Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Binəqədi rayonu Abay Kunanbayev küçəsi 3 saylı evin 113 saylı mənzilinə yönəldilməsinə, həmin əmlakın hərracdan satılmasına, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsinə, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcla bağlı icra hərəkətlərinin davam etdirilməsinə, əmlak satıldıqdan sonra mənzildə qeydiyyatda olan və yaşayan Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 mənzildən istifadə hüquqlarına xitam verilməsinə, onların mənzildən ən geci 1 ay ərzində çıxarılmaqla və rəsmi pasport qeydiyyatlarının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(001)-144/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 03.05.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 75000 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 60 manat Simfer İç ve Dış Ticaret Anonim Şirketinin xeyrinə tutulması, Cavabdeh1 ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 300 manat Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMC xeyrinə tutulması, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, Abay Kunanbayev küçəsi 3 saylı evin 113 saylı mənzilin ilkin satış qiyməti 67500 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hazırkı qətnamə ilə Cavabdeh1 tutulmalı olan pul vəsaitinin ödənilməsinə yönəldilməsi, Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, Abay Kunanbayev küçəsi 3 saylı evin 113 saylı mənzili satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 mənzildən çıxarılması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə Simfer İç ve Dış Ticaret Anonim Şirketi arasında bağlanmış 03.05.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 faizsiz olaraq ödəmək şərtilə 75000 ABŞ dolları məbləğində kredit verilməsi öhdəliyi götürülmüşdür. Bağlanmış kredit müqaviləsinin 1-ci bəndinə əsasən kreditor müqavilədə qeyd olunan məbləğdə pulu verir, borcalan isə həmin krediti faizsiz olaraq qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə bağlanmış 03.05.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr Abay Kunanbayev küçəsi 3 saylı evin 113 saylı mənzili Simfer İç ve Dış Ticaret Anonim Şirketinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və qeydiyyata alınmışdır. İddiaçı tərəfindən öhdəlik götürülsə də sözügedən məbləğ Cavabdeh1 ödənilməmişdir. Bu müqavilə başqa bir razılaşmanı pərdələmək məqsədi ilə bağlanmışdır. Çünki, onlar həmin şirkətlə əlaqələri var idi və həmin şirkətin mallarını alıb Bakı şəhərində satışını həyata keçirirdilər. Şirkət onlara həmin məişət əşyalarını verməsi üçün belə bir müqavilə bağlamağı və malların dəyəri tam ödənildikdən sonra müqavilənin ləğv ediləcəyini bildirdi. Onlar da bu razılaşmaya inandılar. Malların dəyərini ödəsələr də iddiaçı hüququndan sui-istifadə edərək belə bir özbaşına addım atdı və guya kredit müqaviləsi üzrə ödədiyi məbləği geri tələb etməyə başlamışdır. Bağlanmış müqavilə tərəflər arasında öhdəlik yaratsa da hələ kreditin verilməsini təsdiq etmir. Əgər Cavabdeh1 həmin məbləğ ödənilmişdirsə, gərəkdir ki, iddiaçı bu barədə məhkəməyə rəsmi sənəd, qəbz təqdim edərdi. Onda isə belə bir qəbz yoxdur, çünki, Cavabdeh1 sözügedən pul ödənilməmişdir. X4 ve Dış Ticaret Anonim Şirketi ilə borcalan Cavabdeh1 arasında bağlanmış 03.05.2017-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, borcverən borcalana 75000 ABŞ dolları məbləğində faizsiz borc verməyi, borcalan isə krediti 03.05.2020-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, bu müqavilə ilə tərəflər öhdəlik götürmüşlər. Bu halda iddiaçı müqavilə üzrə öhdəliyini icra etməsini, yəni Cavabdeh1 75000 ABŞ dolları məbləğində pulu verməsini sübut etməlidir, bunu edə bilmir. Məhkəmə isə iş üzrə mühüm əhəmiyyət kəsb edən bu hala diqqət yetirmədən sübut edilməyən hal üzrə yalnış nəticəyə gəlmişdir. Bununla yanaşı iddia ərizəsindən görünür ki, iddiaçı təşkilat tərəfindən aralarında bağlanmış kredit müqaviləsinin ləğv olunması barədə tələb də irəli sürülməmişdir. Hesab edir ki, kredit müqaviləsi ləğv olunmadan, yəni qüvvədə ola-ola kredit borcunun tələb edilməsi qanunauyğun deyil. Məhkəmə tərəfindən də bu hala diqqət yetirilməmiş, kredit müqaviləsi ləğv edilmədən ondan kredit borcu tutulmuşdur. Bağlanmış müqavilə tərəflərin həqiqi niyyətini ifadə etmir və görünüş üçün bağlanmış əqd olduğundan etibarsız və əhəmiyyətsiz əqddir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında cavabdeh tərəf lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, borcalan Cavabdeh1 03.05.2017-ci il tarixli kredit müqaviləsinə əsasən X4 ve Dış Ticaret Anonim Şirketi qarşısında öz öhdəliyini yerinə yetirməmiş, yəni aldığı 75000 ABŞ dollarını müqavilə ilə müəyyən olunan 03.05.2020-ci il tarixədək borcverənə qaytarmamışdır. Ona görə də məhkəmə iddiaçının Cavabdeh1 qarşı 75000 ABŞ dolları əsas borcun tutulmasına, tələbin ipoteka predmeti olan Bakı şəhəri Binəqədi rayonu Abay Kunanbayev küçəsi 3 nömrəli evin 113 nömrəli mənzilinə yönəldilməsinə, həmin əmlakın hərracdan satılmasına, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsinə, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 mənzili ən geci bir ay ərzində tərk etmədikləri halda mənzildən çıxarılmalarına dair tələbləri əsaslıdır və təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırkı mülki iş üzrə keçirilən qiymətləndirmə nəticəsində ipoteka predmetinin likvid qiyməti müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiyməti də bu qiymətləndirmə rəyi ilə müəyyən olunan ipoteka predmetinin likvid qiymətinə əsasən təyin edilməlidir. Belə ki, “İpoteka” haqqında Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı 20.07.2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə iddiaçının əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcla bağlı icra hərəkətlərinin davam etdirilməsinə dair tələbi ilə bağlı qeyd edir ki, icra hərəkətlərinin davam etdirilməsi, tələbin borclunun digər əmlakına yönəldilməsi vəzifəsi qanuni qüvvəsini alan məhkəmə aktını icra etmək səlahiyyəti olan icra məmuruna aid olduğundan, icra məmuru bu vəzifəsini “İcra” haqqında qanun ilə müəyyən olunan qaydada həyata keçirməli olduğundan və bu barədə məhkəmə aktının qəbul edilməsi tələb olunmadığından iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Məhkəmə iddiaçının ipoteka predmeti satıldıqdan sonra mənzildə qeydiyyatda olan və yaşayan Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 mənzildən istifadə hüquqlarına xitam verilməsinə, mənzilə olan rəsmi pasport qeydiyyatlarının ləğv edilməsinə dair tələbləri ilə bağlı qeyd edir ki, ipoteka saxlayanın hazırkı tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olmadığından bu iddia tələblərinin də təmin edilməsi qeyri-mümkündür. Müstəqil Məhkəmə Ekspertizası MMC-nin 18.11.2020-ci il tarixli 152 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Abay Kunanbayev küçəsi 3 saylı evin 113 saylı mənzilinin bazar və orta bazar qiyməti 75000 manat, həmin mənzilin hazırki bazar qiymətləri ilə müqsayisədə likvid satış qiyməti 67500 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Cavabdeh apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini xahiş etsə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin təmin olunan hissəsi üzrə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə həmin hissədə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edir. Lakin iddia tələbinə etiraz edirsə etirazının əsası kimi istinad etdiyi halları cavabdeh sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü artıq onun üzərinə düşür. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə iddiaçıdan pul almadığını bəyan edirsə bunu özü sübut etməlidir, lakin cavabdeh bu halları sübut edə bilmir. Bu fikirləri səsləndirmək hələ onların həqiqi olması demək deyildir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək borc(kredit) müqavilələri yaxud mövcud borcun etirafı adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını yaxud hazırki işdə olduğu kimi kredit müqaviləsi üzrə pul deyil, iddiaçı şirkətdən məişət malları aldığı üçün bu cür kredit müqaviləsi adı altında yalan əqd bağladığını bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam , hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında həqiqətən kredit müqaviləsi bağlansa da cavabdeh həmin müqavilə üzrə pul almadığını bəyan edir. Lakin cavabdehin mövqeyini əsaslı hesab etmək olmaz. Çünki, notariat qaydasında bağlanmış kredit müqaviləsi üzrə pul deyil, iddiaçı şirkətdən məişət malları aldığını və həmin malların dəyərini ödədiyini sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdehin bu barədə şikayətinin dəlilləri isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Çünki, cavabdeh həqiqətəndə kredit müqaviləsi üzrə pul deyil, məişət malları almışdırsa və bunun da dəyərini ödəmişdirsə bu barədə kredit müqaviləsində yaxud hansısa yazlı sənəddə bunun qeydiyyatını da apara bilərdi. Bu daha mötəbər sübut olardı. Ancaq cavabdeh nədənsə kredit müqaviləsi üzrə pul almadığını, mal aldığını və bunun da dəyərini ödədiyini bəyan edir və bu izahatını mötəbər sübut kimi qəbul edilməsini istəyir. Lakin cavabdehin izahatı istər kredit müqaviləsi üzrə aldığı borc olsun, istərsə də aldığı malların dəyəri olsun, bunun qaytarıldığını bilavasitə təsdiq etmir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdikləri dəlillər qətnamənin ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(001)- 144/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4724/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4724/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver