Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4726/2024 06.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, üçüncü şəxs Diana Samoxinanın vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı “mirasın açıq qalan hissəsinin vərəsəlik payına əlavə olunması və vərəsəlik şəhadətnaməsinə dəyişiklik edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2(007)-278/2022 nömrəli qətnaməsindən üçüncü şəxs X2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev № 56-da yerləşən 46 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil X1 məxsus olub. O, xx.xx.2020-ci ildə ölüb və mənzi miras qalıb. Miras qoyanın 2 övladı olub. Övladlardan biri İddiaçıdır, o, hazırkı işdə iddiaçıdır. Övladlardan digəri X3, o, miras qoyandan əvvəl – xx.xx.2019-cu ildə ölüb. Onun qızı (miras qoyanın nəvəsi) X5 hazırkı işdə üçüncü şəxsdir. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə Bakı şəhəri 50 saylı Notariat Ofisinə müraciət edərək mirası qəbul etdiyini bildirib, habelə həmin ərizədə qeyd edib ki, ondan başqa vərəsə X4. xx.xx.2021-ci ildə həmin notariat ofisinin xüsusi notariusu iddiaçının adına mənzilin ½ hissəsinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verib. Həmin şəhadətnamədə qeyd olunub ki, mənzilin qalan hissəsi miras qoyanın adına açıq saxlanılır. Tələb və onun həlli: Hazırkı iddia ərizəsi xx.xx.2021-ci ildə verilib. İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, iddiaçının adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ləğv olunsun və miras əmlakın bütün hissəsinə dair iddiaçının adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, həmin mənzilə dair iddiaçının adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ləğv olunsun, miras qalmış mənzilə tam hissədə iddiaçının vərəsəlik hüququ tanınsın, iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Üçüncü şəxsin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən, üçüncü şəxs Diana Samoxinanın vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı oluğunu, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Miras qoyan vəsiyyətnamə qoymadığana görə qanun üzrə vərəsəlik qüvvədədir. İddiaçı (miras qoyanın övladı) və üçüncü şəxs (miras qoyanın nəvəsi) bərabər pay hüquqlu birinci növbə vərəsələrdir. Üçüncü şəxsin birinci növbə vərəsə olmaq hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinin göstərişindən irəli gəlir, çünki mirasın açıldığı zaman onun birinci növbə vərəsə ola biləcək valideyni (anası) sağ olmayıb. Üçüncü şəxs mirasdan imtina etməyib. Mirasın qəbulu müddətini müəyyənləşdirən norma - Mülki Məcəllənin 1246-cı maddəsi hazırkı işdə tətbiq oluna bilməz. Belə ki, həmin maddə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən qüvvədən düşmüş hesab edilib. Konstitusiya Məhkəməsinin qərarında qeyd olunub ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsinin həmin qərarı hazırkı işdə tətbiq olunmalıdır. Çünki qərarda qeyd olunub ki, bu qərar hazırda məhkəmənin icraatında olan işlərə şamil edilsin. Konstitusiya Məhkəməsinin qərarı qəbul edilən zaman hazırkı iş məhkəmənin icraatında olub. Belə ki, iddia ərizəsi xx.xx.2021-ci ildə verilib və iş üzrə icraat indiyə kimi yekunlaşmayıb. Konstitusiya Məhkəməsinin qərarı isə xx.xx.2023-cü ildə, yəni hazırkı iş üzrə icraat yekunlaşana qədər qəbul olunub. Üçüncü şəxs qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədiyinə görə mirası qəbul etmiş vərəsə hesab olunur. Ona görə də bütün mənzilə dair yalnız bir vərəsənin (iddiaçının) adına vərəsəlik şəhadətnaməsinin verilməsi qanuna zidd olmaqla digər vərəsənin (üçüncü şəxsin) vərəsəlik hüququnu pozur. Nizami Rayon Məhkəməsinin qətnaməsinin icrasında dönüş edilməlidir. Belə ki, üçüncü şəxsin həmin qətnamədən məlumatı olmayıb, buna baxamayaraq qətnamə məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə icra edilməsi üçün 50 saylı Notariat Ofisinə göndərib. Həmin notariat ofisinin xüsusi notariusu qətnamənin əsasında bütün mənzilə dair, yəni tam hissədə iddiaçının adına xx.xx.2022-ci il tarixli 2V-162 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verib və həmin şəhadətnamənin əsasında mənzil üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Bundan sonra üçüncü şəxs qətnaməni surətini alıb və apellyasiya şikayəti verib. Qətnamə ləğv edildiyinə görə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamənin icrasında dönüş edilməli, həmin vərəsəlik şəhadətnaməsi və reyestr qeydi ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2(007)- 278/2022 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı “mirasın açıq qalan hissəsinin vərəsəlik payına əlavə olunması və vərəsəlik şəhadətnaməsinə dəyişiklik edilməsi barədə” iddiası rədd olunsun. Nizami Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2(007)-278/2022 nömrəli qətnaməsinin icrasında dönüş edilsin. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev № 56-da yerləşən 46 №-li mənzillə dair Bakı şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli 2V-162 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və bu şəhadətnamənin əsasında daşınmaz əmlakın dövlət reyestrində həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququna dair aparılmış qeyd ləğv olunsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4726/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4726/2024
06.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver