Məhkəmə qərarları › İş №2(103)-4728/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4728/2022

05.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4728/2022 05.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinə qarşı “qərarın, dövlət aktının, çıxarışın etibarsız hesab edilməsi” barədə ilkin, Cavabdeh1 İddiaçı qarşı “hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 9249/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinə qarşı qərarın, dövlət aktının, çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən X4 iaşə və digər tikinti məqsədilə 0.24 hektar torpaq sahəsinin ayrılmasına dair Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 saylı qərarının, həmin qərar əsasında verilmiş xx.xx.2001-ci il tarixli, dövlət aktı qeydiyyat kitabında qeyd edilmiş 5845 nömrə ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktının, sözügedən torpaq sahəsi ilə bağlı notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh1 İddiaçı qarşı hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsinə dair ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş 08/01 saylı, xx.xx.2018-ci il tarixli hərrac protokolunun və onun əsasında İddiaçı adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Sabunçu Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(008)- 9249/2021 saylı qərardadı ilə ilkin iddia tələbi üzrə icraata X4 iaşə və digər tikinti məqsədilə 0.24 hektar torpaq sahəsinin ayrılmasına dair Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 saylı qərarının və dövlət aktı qeydiyyat kitabında 5845 nömrə ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilərək ləğv edilməsinə dair hissəsində xitam verilmişdir.

4. İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi (keçmiş H.Hacıyev) Məmmədəli Məmmədəliyev küçəsi, 86 saylı ünvanda yerləşən keçmiş Azərsutikinti Konserninin Fəhlə təchizatı Birliyinin 7 saylı kafesi, ümumi sahəsi 214.7 kv.m olan özəlləşdirilən obyekt və yerləşdiyi 252.0 kv.m olan torpaq sahəsini Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 27 fevral 2018-ci il tarixli, 08/01 saylı hərrac yolu ilə 17.500 manat pul verib almışdır. Alqı-satqı müqaviləsini DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə təqdim edib adına xx.xx.2018-ci il tarixdə dövlət reyestrindən çıxarış almışdır. Lakin qeyri-yaşayış sahəsini aldıqdan sonra həmin obyektə sahib ola və ondan istifadə edə bilmir. Belə ki, cavabdeh qeyri-yaşayış sahəsini zəbt edərək onu ora buraxmır. Ona bildirir ki, cavabdehin həmin torpaq sahəsinə dair sənədləri vardır. Sonra ona məlum olmuşdur ki, Cavabdeh1 qeyri-yaşayış sahəsinin altındakı torpaq sahəsinə çıxarışı vardır. Həmin torpaq sahəsi ona atasından vərəsəliklə qalmışdır. Abşeron rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 saylı qərarı ilə iaşə və digər tikinti məqsədilə 0.24 hektar torpaq sahəsi X4 ayrılmışdır. Həmin qərar əsasında ona torpaq sahəsinə dair mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sonra isə vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh1 həmin torpaq sahəsini öz adına sənədləşdirərək adına çıxarış almışdır. O, mülkiyyətində olan qeyriyaşayış sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə ərizə ilə müraciət etmişdir. Lakin oradan ona bildirilmişdir ki, sözügedən əmlak üzrə istifadə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etsin. Odur ki, X4 iaşə və digər tikinti məqsədilə 0.24 hektar torpaq sahəsinin ayrılmasına dair Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 saylı qərarının, həmin qərar əsasında verilmiş xx.xx.2001-ci il tarixli, dövlət aktı qeydiyyat kitabında qeyd edilmiş 5845 nömrə ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktının, sözügedən torpaq sahəsi ilə bağlı notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Məmmədli kəndində 0.24 hektar torpaq sahəsi Cavabdeh1 atası X4 verilmişdir. Həmin qərar əsasında X1 torpaq sahəsinə dair dövlət aktı verilmişdir. X6 vəfat etdikdən sonra həmin torpaq sahəsi vərəsəlik şəhadətnaməsi əsasında hazırki iş üzrə iddiaçı Cavabdeh1 mülkiyyətinə keçmişdir. Daha sonra Cavabdeh1 məlum olmuşdur ki, ona məxsus olan torpaq sahəsinin 252 kv.m olan hissəsi ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 08/01 saylı, xx.xx.2018ci il tarixli hərrac protokoluna əsasən İddiaçı mülkiyyətinə verilmiş və ona daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. Hesab edir ki, ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 08/01 saylı, xx.xx.2018-ci il tarixli hərrac protokolu (alqı-satqı müqaviləsi) və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarış etibarsız hesab edilməlidir. Belə ki, sözügedən torpaq sahəsi xx.xx.2012-ci il tarixdən Cavabdeh1 mülkiyyətində olmasına baxmayaraq, həmin torpaq sahəsinin bir hissəsi (252 kv.m ),o cümlədən, torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsi - 214.7 kv.m) hərrac vasitəsilə cavabdeh satılması barədə hər hansı məlumat verilməmişdir. Göründüyü kimi, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi onun razılığı olmadan, torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsi isə ona məlumat verilmədən başqa şəxsə satılmış, bununla da onun mülkiyyət hüquqları pozulmuşdur. Buna görə də, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsinə dair ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş 08/01 saylı, xx.xx.2018-ci il tarixli hərrac protokolunun və onun əsasında İddiaçı adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən qarşılıqlı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsinə dair ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş 08/01 saylı, xx.xx.2018-ci il tarixli hərrac protokolunun və Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş RX seriyalı,126526 nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9249/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, ilkin iddia tələbi qismən təmin edilərək, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin 6 sentyabr 2001-ci il tarixli 08 nömrəli qərarı əsasında X4 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0.24 hektar torpaq sahəsi ilə bağlı 39 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-85 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Anar Rzayev).

8. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ilk iddianın təmin olunan, qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, X3 08 saylı, xx.xx.2001-ci il tarixli qərarı ilə 0.24 ha torpaq sahəsi iddiaçı Cavabdeh1 atası X4 verilmişdir. Həmin qərar əsasında X1 torpaq sahəsinə dair dövlət aktı verilmişdir. X6 vəfat etdikdən sonra həmin torpaq sahəsi vərəsəlik şəhadətnaməsi əsasında hazırkı iş üzrə iddiaçı Cavabdeh1 mülkiyyətinə keçmişdir. Daha sonra Cavabdeh1 məlum olmuşdur ki, ona məxsus olan torpaq sahəsinin 252 kv.m. olan hissəsi ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 08/01 saylı, xx.xx.2018-ci il tarixli hərrac protokoluna əsasən İddiaçı mülkiyyətinə verilmiş və ona daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 08/01 saylı, xx.xx.2018-ci il tarixli hərrac protokolu (alqısatqı müqaviləsi) və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarış etibarsız hesab edilməlidir. Belə ki, sözügedən torpaq sahəsi xx.xx.2012-ci il tarixdən Cavabdeh1 mülkiyyətində olmasına baxmayaraq, həmin torpaq sahəsinin bir hissəsi (252 kv.m.), o cümlədən torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsi (214.7 kv.m.) hərrac vasitəsilə cavabdeh İddiaçı satılmışdır. Həmçinin iddiaçı Cavabdeh1 torpaq sahəsinin mülkiyyətçisi kimi onun üzərində yerləşən qeyri-yaşayış sahəsinin hərrac vasitəsilə satılması barədə hər hansı məlumat verilməmişdir. Halbuki Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilətəsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın: 3-1-ci bəndinə əsasən "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində göstərilən şəxslər bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə keçirilən torpaq hərracları və ya müsabiqələri zamanı bu Qaydalarda müəyyən edilmiş üstünlük hüququna malikdirlər. 4-cü bəndinə əsasən müsabiqə və hərracların təşkilatçısı - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzidir. Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir. 6-cı bəndinə əsasən təşkilatçı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi (bundan sonra "bildiriş") hazırlayıb və onun kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil edir. 7-ci bəndinə əsasən bildiriş təşkilatçı tərəfindən müsabiqə və ya hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl kütləvi informasiya vasitələrində dərc edilməli və özündə aşağıdakı məlumatları əks etdirilməlidir: torpağı müsabiqəyə və ya hərracaçıxaran hüquqi şəxs barədə məlumat; - müsabiqə və ya hərracın keçirilməsi şərtlərini, yerini, vaxtını və tarixini; - hərrac addımını (ilkin qiyməti); torpaq sahəsinin yerini, sahəsini, kadastr məlumatlarını və torpaq üzərində hüquqları təsdiq edən sənədin nömrəsini, həmçinin həmin torpaq sahəsində yerləşən obyektlərin və digər qurğuların əsasxarakteristikasını; - müsabiqə və ya hərracdaiştirak etmək üçün təqdim olunan sənədlərin siyahısını; - müsabiqə və ya hərracda iştirak etmək üçün ərizə formasını, ərizələrin qəbulu yerlərinin ünvanını, ərizələrin və sənədlərin ərizəçilərdən qəbulunun başlanğıc və son tarixini; - torpaq sahəsi və bağlanacaq müvafiq müqavilənin layihəsi ilə tanış olma vaxtını və yerini. 8-ci bəndinə əsasən elan olunmuş istənilən fiziki və ya hüquqi şəxs müsabiqə və ya hərracdaiştirak edə bilər. Hərraca çıxarılan torpaq sahəsinə dair mülkiyyət və ya icarə hüquqlarına daha çox alqı-satqı qiyməti və ya icarə haqqı verən fiziki və ya hüquqi şəxs hərracın qalibi hesab olunur. 16-cı bəndinə əsasən hərrac aşağıdakı hallarda baş tutmamış hesab edilir: - iştirakçıların sayı ikidən az olduqda; 18-ci bəndinə əsasən hərracın və ya müsabiqənin keçirilməsi ilə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll edilir. Sözügedən torpaq sahəsi xx.xx.2012-ci il tarixdən Cavabdeh1 mülkiyyətində olmasına baxmayaraq, həmin torpaq sahəsinin bir hissəsi (252 kv.m.), o cümlədən torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsi (214.7 kv.m.) hərrac vasitəsilə cavabdeh İddiaçı satılmışdır. Həmçinin iddiaçı Cavabdeh1 torpaq sahəsinin mülkiyyətçisi kimi onun üzərində yerləşən qeyri-yaşayış sahəsinin hərrac vasitəsilə satılması barədə hər hansı məlumat verilməmişdir. Təşkilatçı hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl onun kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil etməli olduğu halda bunu etməmişdir. Halbuki Cavabdeh1 hərrac predmetinin satın alınmasında üstünlük hüququna malik idi. Belə ki, Cavabdeh1 hərrac predmeti olan torpaq sahəsinin uzun müddətdir ki, istifadəçisidir. Belə olan halda məhkəmə bələdiyyə torpaqlarının mülkiyyətə verilməsini tənzimləyən "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsini hazırkı mübahisəyə tətbiq etməli və dövlət torpağı olan hazırkı hərrac predmetinin mülkiyyətə verilməsini zamanı Cavabdeh1 satınalmada üstünlük hüququnu nəzərə almalı idi. Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi onun razılığı olmadan, torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsi isə ona məlumat verilmədən başqa şəxsə satılmış, bununla da onun mülkiyyət hüquqları pozulmuşdur. Tərəflərin izahatları:

10. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili D.Əfrasiyabova cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Kollegiya iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, qətnamənin qismən ləğv edilməsini, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi.

12. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə bamayaraq onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

14. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh1 Nadid oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

15. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Seriya RX ******* saylı, xx.xx.2012-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində 0.24 hektar torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatından keçmişdir.

16. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun surətindən görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanda qeyri-yaşayış binası İddiaçı adına xx.xx.2018-ci il tarixdə, **********51-06301 reyestr nömrəsi ilə dövlət qeydiyyatından keçmişdir.

17. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən qeyriyaşayış binası Cavabdeh1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.

18. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24 oktyabr 2018-ci il tarixli rəydən görünür ki, elektron kadastr məlumatlarına əsasən mübahisələndirilən, ölçülmüş 258 kv.m torpaq sahəsi Dövlət əmlakı kimi özəlləşdirilib 97 saylı (kafe olub), İddiaçı adına reyestr nömrəsi **********51-06301 sahəsi 252 kv.m olan çıxarış və texniki pasport verilmişdir. Eyni zamanda həmin əraziyə Cavabdeh1 adına reyestr nömrəsi **********482 sahəsi 0.24 ha olan çıxarış və plan-ölçü sənədi verilmişdir. İddiaçı Dövlət Əmlakı kimi özəlləşdirilib (7 saylı kafe olub), reyestr nömrəsi **********51-06301 sahəsi 252 kv.m olan çıxarış və texniki pasporta əsasən mülkiyyətində olan ünvan 1 ünvanda cavabdehə reyestr nömrəsi **********482 sahəsi 0.24 ha olan çıxarış və plan-ölçü sənədi ilə mülkiyyətində olan torpaq sahəsində özəlləşmiş kafe ilə yanaşı cavabdehə məxsus kiçik tikili mövcuddur. İddiaçı naturada göstərdiyi mübahisəli torpaq sahəsi İddiaçı Dövlət əmlakı kimi özəlləşdirilib (7 sayı kafe olub), reyestr nömrəsi **********51-06301 sahəsi 252 kv.m olan çıxarış və texniki pasporta əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası və 0.0252 hektar torpaq sahəsi üst-üstə düşür. İddiaçının naturada göstərdiyi mübahisəli torpaq sahəsi ilə Cavabdeh1 reyestr nömrəsi **********482 sahəsi 0.24 ha olan çıxarış və plan-ölçü sənədi ilə mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşür. İddiaçının naturada göstərdiyi mübahisəli torpaq sahəsi reyestr nömrəsi **********482 sahəsi 0.24 ha olan çıxarış və plan-ölçü sənədinə əsasən Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 08/01 saylı, xx.xx.2018-ci il tarixli hərrac protokolunun surətindən görünür ki, Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi 86 saylı torpaq sahəsi 17.500 manata satılaraq İddiaçı mülkiyyətinə verilmişdir.

19. İş materiallarında olan Bakı şəhəri 39 saylı Dövlət Notariat Kontorunun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixli 3460 nömrəli arayışan və Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair JN 0580 nömrəli 30800108 kod, dövlət aktı qeydiyyat kitabında 5845 nömrə ilə qeydiyyata alınmış xx.xx.2001-ci il tarixdə verilmiş dövlət aktına əsasən Azərbaycan Respublikası ünvan 5i ünvanında yerləşən torpaq sahəsindən ibarətdir.

20. İş materiallarında olan ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş 28 fevral 2018-ci il tarixli arayışın surətindən görünür ki, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan, ünvan 1 ünvanında yerləşən "xxxx"nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə borcu yoxdur.

21. İş materiallarında olan Abşeron rayon Məmmədli Bələdiyyəsi tərəfindən verilmiş JN-0580 saylı, Kod 30800108 nömrəli Dövlət aktından görünür ki, Abşeron rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 saylı qərarı ilə iaşə və digər tikinti məqsədilə 0.24 hektar torpaq sahəsi X4 verilmişdir.

22. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş № AA 040004 saylı, xx.xx.2012-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində reyestr nömrəsi **********482, sahəsi 0.24 ha olan torpaq sahəsi Cavabdeh1 adınadır.

23. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 01 may 2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti əsasında ona mülkiyyət hüququ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir.

24. İş materiallarında olan 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1820/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Abşeron rayonu Məhəmmədi bələdiyyəsinin 6 sentyabr 2001-ci il tarixli 08 nömrəli qərarı “İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi” hissəsində ləğv edilməsi qərara alınmışdır.

25. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-235/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Hüquqi dəyərləndirmə:

26. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyasiya şikayətində cavabdeh qətnamənin tam deyil, ilkin iddianın təmin olunmuş, qarşılıqlı iddia ilə bağlı hissəsində ləğv edilməsini xahiş etmişdir. Bu səbəbdən də, apellyasiya instansiyası məhkəməsi qətnaməni mübahisələndirilən hissədə yoxlayır.

31. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4728/2022 saylı, 05 avqust 2022-ci il tarixli qərardadı ilə, ilkin iddia tələbinin xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsi və hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi ilə bağlı qarşılıqlı iddia tələbi ilə bağlı hissəsində qətnamə ləğv edilmiş və iş üzrə icraata həmin hissədə xitam verilmişdir.

32. İlkin iddia tələbinin Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin 6 sentyabr 2001ci il tarixli 08 nömrəli qərarı əsasında X4 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0.24 hektar torpaq sahəsi ilə bağlı 39 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-85 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə kollegiya qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsalı olmuşdur.

33. Belə ki, Mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdansız hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilsin (Konstitusiya Məhkəməsi Plenumunun N.Manafovun şikayəti üzrə xx.xx.2009-cu il tarixli qərarı).

34. Məhkəmə tərəfindən hər iki iddia tələbi ilə bağlı ilk növbədə qeyd olunmalıdır ki, mülkiyyətin müdafiəsi üçün mülki hüquqda ənənəvi olaraq iki klassik iddia növündən istifadə edilir: vindikasiya iddiasından və neqator iddiasından.

35. Vindikasiya iddiası mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya hüququnun subyekti tələb olunan əşyaya öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddianın qaldırdığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir. Vindikasiya obyekti həmişə natura şəklində qalmış fərdi müəyyən edən əşyadır.

36. Neqator iddiasının məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrum etmə ilə bağlı olmayan digər səlahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddianın məqsədi üç niyyətlə şərtlənir: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq (məsələn, mülkiyyətçi evini özbaşına tutan şəxsin həmin evdən çıxarmaq məqsədi); ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilən hərəkətlərin qarşısını qabaqcadan almaq məqsədi (məsələn, əşyadan istifadəyə mane ola biləcək tikintinin aparılmasını qadağan etməyə nail olmaq məqsədi); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək (məsələn, mülkiyyətçinin evini pəncərəsinin qarşısında tikilən hasarı sökmək və s.)

37. Neqator iddiasının əsası dedikdə, iddiaçı tərəfindən məhkəməyə verilən tələbin əsaslandığı başa düşülür. Bu hallar özündə iki əsas cəhəti əhatə edir: iddiaçının əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətini şərtləndirən hallar; üçüncü şəxsin bu səlahiyyətlərin həyata keçirilməsinə mane olan hərəkətlərini təsdiq edən hallar. İddiaçı bu iki halı əsaslandırmağa borcludur. Lakin iddiaçı cavabdehin etdiyi hərəkətin hüquqazidd olub-olmadığını sübut etməyə və əsaslandırmağa borclu deyil. Bu halın müəyyən edilməsi iddianın əsasına daxil deyil. Ehtimal olunur ki, cavabdeh öz hərəkətini hüquqauyğun olmasını sübut edənə kimi, onun hərəkəti hüquqazidd sayılır.

38. Neqator iddiaya iddia müddəti şamil edilmir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384-cü maddəsi 4-cü bəndi). Cavabdeh öz hərəkətinin hüquqa uyğun olmasını sübut etməlidir. Əgər sübut etməsə, neqator iddia təmin edilir. Neqator iddianı təmin edən məhkəmə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir. Neqator iddia bir qayda olaraq daşınmaz əşyalara mülkiyyət hüququnu müdafiə etmək üçün tətbiq edilir.

39. Neqator iddianın anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinin 4-cü bəndində verilmişdir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsi ilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Özü də qeyd edilməlidir ki, bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətinin həyata keçirilməsinə mane olur. Neqator iddia mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu iddia o halda verilir ki, pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar və bağlı olmasın (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinin 4-cü bəndi).

40. Kollegiya ilk iddia tələbi ilə bağlı qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi (keçmiş H.Hacıyev) Məmmədəli Məmmədəliyev küçəsi, 86 saylı ünvanda yerləşən keçmiş Azərsutikinti Konserninin Fəhlə təchizatı Birliyinin 7 saylı kafesi, ümumi sahəsi 214.7 kv.m olan özəlləşdirilən obyekt və yerləşdiyi 252.0 kv.m olan torpaq sahəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 27 fevral 2018-ci il tarixli, 08/01 saylı hərrac yolu ilə iddiaçı tərəfindən 17.500 manat pul ödənilməklə alınmış, alqı-satqı müqaviləsi əsasında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə dövlət reyestrində xüsusi mülkiyyət hüququ qeydə alınmaqla bu barədə hüquq sahibinə müvafiq çıxarış verilmişdir. Həmçinin ilk iddia tələbi üzrə Cavabdeh1 qeyri-yaşayış sahəsinin altındakı torpaq sahəsinə çıxarışı vardır. Belə ki, həmin torpaq sahəsi sonuncuya atasından vərəsəlik hüququ əsasında miras əmlak şəklində qalmış, Abşeron rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 saylı qərarı ilə iaşə və digər tikinti məqsədilə 0.24 hektar torpaq sahəsi X4 ayrılmışdır. Həmin qərar əsasında ona torpaq sahəsinə dair mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sonra isə vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh1 həmin torpaq sahəsini öz adına sənədləşdirərək adına çıxarış almışdır. Lakin İddiaçı cavabdeh Abşeron rayonu Məhəmmədi bələdiyyəsinə qarşı (üçüncü şəxs Cavabdeh1) «qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1820/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin 6 sentyabr 2001-ci il tarixli 08 nömrəli qərarı “İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi” hissəsində ləğv edilmiş, həmin qərardan verilmiş apellyasiya şikayəti və eləcə də apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayətləri təmin edilməmişdir.

41. Abşeron rayonu Məhəmmədi bələdiyyəsinin 6 sentyabr 2001-ci il tarixli 08 nömrəli qərarı ilə X5, ayrılmış torpaq sahəsinin 252 kv.m hissəsi nəinki həmin bələdiyyənin ehtiyat fonduna və ərazisinə aid olmayan, hətta başqa bələdiyyə ərazisində olan dövlət torpağı kimi xüsusi mülkiyyətə verilmiş ərazini əhatə edir. Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin 6 sentyabr 2001-ci il tarixli 08 nömrəli qərarı “İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi” hissəsində ləğv edilməsi özü-özlüyündə ilk iddia tələbi üzrə iddiaçının iddiasını əsaslı etməklə Cavabdeh1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsızlığına əsas yaradır.

42. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

43. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

44. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

45. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

46. Kollegiya həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd edir ki, əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq etibarsız əqdlərin dörd növü fərqləndirilir. Subyekt tərkibi qüsurlu olan, iradəsi qüsurlu olan, forması qüsurlu olan, məzmunu qüsurlu olan əqdlər.

47. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, ilk iddia tələbinin təmin edilərək Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin 6 sentyabr 2001-ci il tarixli 08 nömrəli qərarı əsasında X4 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0.24 hektar torpaq sahəsi ilə bağlı 39 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-85 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

48. Kollegiya apellyasiyanın həddləri ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, ilkin iddia üzrə cavabdeh ilkin iddianın təmin olunan (vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi), qarşılıqlı iddia (hərrac protokolunun və çıxarışın etibarsız hesab edilməsi) ilə bağlı hissəsindən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman, ilkin iddia tələbinin xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsi və hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi ilə bağlı qarşılıqlı iddia tələbi ilə bağlı hissəsində iş üzrə icraata xitam verilmidir. Bu səbəbdən də, hazırki apellyasiya baxışının predmetini təşkil edən vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişditilmədən saxlanılmalıdır.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

50. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

51. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İlkin iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9249/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi yoxlanılan - vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar