Məhkəmə qərarları › İş №2(103)-473/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-473/2022

09.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-473/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İlkin iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(011)-1875/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (ƏMDX yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi və AR DİN BDYPİ üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı əqdin etibarsız hesab edilməsi və əmlak bölgüsü tələbi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz E220 CDİ” minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1999-cu il olan gümüşü metalik rəngli, WDB2102061A971539 ban nömrəli avtomobilin Cavabdeh1 tərəfindən Cavabdeh3 satılmasına dair 17.05.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, “Mercedes Benz C180” minik markalı, ** XK *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1998-ci il olan tünd yaşıl metalik rəngli, WDB2020181A598555 ban nömrəli avtomobilin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmasına dair 15.05.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, nikah dövründə əldə olunmuş Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına 07.02.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına 07.02.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, “Mercedes Benz E220 CDİ Minik” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1999-cu il olan gümüşü metalik rəngli, WDB2102061A971539 ban nömrəli avtomobilin və “Mercedes Benz C180 Minik” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1998-ci il olan tünd yaşıl metalik rəngli, WDB2020181A598555 ban nömrəli avtomobilin bölünərək 1/2 hissəsinə İddiaçı,1/2 hissəsinə isə Cavabdeh1 pay hüququnun müəyyən edilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılır ki, o, cavabdeh ilə 26 yanvar 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Cavabdehlə nikahda olduqları dövrdə ailənin ümumi vəsaitləri hesabına bir sıra daşınmaz və daşınar əmlaklar əldə edilmişdir: 1) Gədəbəy rayon notariat ofisində bağlanmış 24.01.2018-ci il tarixli, 4Ə-17 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehə satılmış, 07.02.2018-ci il tarixdə isə həmin torpaq sahəsi sözügedən müqavilə əsasında ********** qeydiyyat nömrəsi ilə cavabdehin adına qeydiyyata alınmışdır, 2) Gədəbəy rayon notariat ofisində bağlanmış 24.01.2018-ci il tarixli, 4Ə-17 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehə satılmış, 07.02.2018-ci il tarixdə isə həmin torpaq sahəsi sözügedən müqavilə əsasında ********** qeydiyyat nömrəsi ilə cavabdehin adına qeydiyyata alınmışdır, 3) 27.01.2016-cı il tarixdə “Mercedes Benz E220 GDİ Minik” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1999-cu il olan gümüşü metalik rəngli, WDB2102061A971539 ban nömrəli avtomobil alınmışdır, 4) 14.08.2017-ci ıl tarixdə “Mercedes Benz C180 Minik” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1998-ci il olan tünd yaşıl metalik rəngli, WDB2020181A598555 ban nömrəli avtomobil alınmışdır. Cavabdehlə aralarında uzun müddət davam edən ailə daxili söz-söhbətlər və münaqişələrin nəticəsində, onlar 2018-ci ilin aprel ayının əvvəllərdindən faktiki olaraq ayrılmışlar, 30.04.2018-ci il tarixdə isə o, cavabdehə qarşı “nikahın ləğvi və digər tələblərə dair” iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Adıçəkilən məhkəmənin 06 iyun 2018-ci il tarixli, 2(012)-3182/2018 saylı qətnaməsi ilə aralarında olan nikah ləğv olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin 10.07.2020-ci il tarixli, 016-60135/220 saylı məktubu əsasında ona məlum olmuşdur ki, cavabdeh nikah dövründə əldə olunmuş avtomobillərin ikisini də onun xəbəri və razılığı olmadan başqa şəxslərə satmışdır. Belə ki, “Mercedes Benz E220 CDİ Minik” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil 17.05.2018-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış alğı-satqı müqaviləsi əsasında Cavabdeh3, “Mercedes Benz C180 Minik” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobil isə 15.05.2020-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmışdır. Lakin bu avtomobillərin cavabdeh tərəfindən özgəninkiləşdirilməsindən onun xəbəri olmamış və razılığı alınmamışdır. Cavabdehlə aralarında ümumi birgə mülkiyyətdə olan əmlakların bölünməsi ilə bağlı hər hansı razılıq olmadığı üçün o, həmin əmlakların bölünməsi və bu əmlaklara mülkiyyət hüquqlarının həyata keçirilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sadalanan əmlakların ona çatası payı üzərində mülkiyyət hüququnu həyata keçirə bilməyi üçün əmlak bölgüsünün aparılması zəruridir. Qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmi reyestrdə qeydiyyata alınan daşınar əşyaların özgəninkiləşdirilməsinə dair müqavilələr notariat qaydasında təsdiq edilməli olan əqdlər kateqoriyasına aid edilmişdir. Bundan başqa, ər-arvaddan birinin əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Sözügedən avtomobillər nikah dövründə əvəzli olaraq əldə edilmiş, lakin sonradan cavabdeh onun məlumatı və razılığı olmadan avtomobilləri özgəninkiləşdirmişdir. Bununla da, rəsmi reyestrdə qeydə alınan avtomobillər üzərində cavabdeh tərəfindən sərəncam verilərkən onun həmin avtomobillər üzərində olan mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh mübahisələndirilən maşınların satılmasına dair razılığının olmadığını bilirdi. Buna görə də o, iddiaçıya bu barədə məlumat vermədən avtomobilləri satmışdır. Cavabdehin avtomobilləri satmasında məqsədi isə nikahın ləğvindən sonra əmlak bölgüsünün qarşısının alınması olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə birgə nikah dövründə əldə edilmiş dəyəri 800 manat olan “Toshiba” markalı notebook, 12500 manat məbləğində pulun, dəyəri 5500 manat olan 750 əyar komplekt qızıl dəsti - brilliant qaşlı, dəyəri 900 manat 1 ədəd 750 əyar qızıl üzük - brilliant qaşlı və dəyəri 550 manat olan 1 ədəd 583 əyarlı qızıl saatın bölünərək 1/2 hissəsinə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1, 1/2 hissəsi isə qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı pay hüququnun müəyyən edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılır ki, iddiaçı ilə aralarında “gələcəkdə əmlak bölgüsü” mübahisəsi olmayacağına dair razılaşma olsa da, hazırki və əvvəlki eyni predmetli iddia ərizəsi ilə iddiaçı həmin razılaşmanın şərtlərini pozmuşdur. Belə olan halda, iddiaçı ilə nikahda olduğu dövrdə əldə edilmiş və iddiaçının onun evdə olmadığı vaxta, yəni 14.11.2018-ci il tarixdə birgə yaşadıqları evi birdəfəlik tərk edərkən özü ilə apardığı bir ədəd dəyəri 800 manat olan “Toshiba” markalı notebook və evdə depozit olaraq saxladıqları 12500 manat pul və dəyəri 5500 manat olan 750 əyar komplekt qızıl dəsti brilliant qaşlı (sep, qolbağ, üzük və 2 ədəd sırğa), dəyəri 900 manat olan 1 ədəd 750 əyar üzük brilliant qaşlı (kişi üzüyü) və dəyəri 550 manat olan 1 ədəd 583 əyar qızıl saatın (qadın saatı) 1/2 nisbətində bölünməsini tələb etmək hüququdur. Yuxarıda göstərilən qızıl zinət əşyalarının iddiaçıya toy zamanı hədiyyə olaraq alınmış qızıl-zinət əşyalarına aidiyyəti yoxdur. Belə ki, həmin əşyalar toydan sonra evlərində depozit saxlanması üçün alınmışdır. Göstərilən 12500 manat məbləğində pul isə gələcəkdə alınacaq evlərinin pulu olaraq saxlanılırdı. Göstərilən notebooku isə cavabdeh şəxsi istifadə üçün almışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(011)-1875/2021 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia ərizələri təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilərək, ilkin iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunur ki, məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı tərəfindən sübutlar təqdim edilməmişdir. Halbuki, qeyd olunan halların sübut edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilməli idi. Bu barədə iddiaçının vəkili tərəfindən vəsatət verilsə də, məhkəmə vəsatəti təmin etməmişdir. Bundan əlavə, Razılaşma aktı adlandırılan sənədin məzmunundan görünür ki, həmin sənədin ümumi əmlakın bölünməsi məqsədi ilə tərtib edilməsi göstərilsə də, İddiaçı heç bir əmlak verilməmiş, onun xeyrinə heç bir şərt nəzərdə tutulmamışdır. Razılaşmada hər iki tərəfin adına alınan əmlak onun öz mülkiyyətində qalması göstərilmişdir. Lakin, İddiaçı adına heç bir əmlak əldə edilməmişdir. Göründüyü kimi, bu razılaşma əsasında heç bir əmlak bölünməmiş, sadəcə Cavabdeh1 adına olan əmlakların gələcəkdə İddiaçı tərəfindən mübahisələndirilməsinin qarşısının alınması məqsədilə tərtib edilmişdir. Razılaşma aktının məzmunundan görünür ki, həmin razılaşmada ümumi əmlakın bölünməsindən söhbət getmir. Razılaşma aktında ümumi əmlakların hüquqi rejimi dəyişdirilərək, əmlak kimin adına əldə edilmişdirsə, onun ayrıca əmlakı kimi hesab edilmişdir. Bu isə ər-arvadın birgə mülkiyyətinin qanunla müəyyən olunmuş rejiminin dəyişdirilərək, ayrıca mülkiyyət rejiminin tətbiq edilməsi hesab olunur. Ər-arvadın birgə mülkiyyətinin rejiminin dəyişdirilməsi isə Ailə Məcəlləsinə əsasən ancaq notarial qaydada bağlanmış nikah müqaviləsi əsasında mümkündür. Bu müqavilə isə notarial qaydada imzalanmalı, daha sonra isə dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatına alınmayan nikah müqaviləsinin heç bir hüquqi qüvvəsi yoxdur. Qətnamədən eyni zamanda Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(011)-1875/2021 saylı qətnaməsinin ləğv edilərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu qarşılıqlı iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı tərəf qarşılıqlı iddianın təmin edilməməsini xahiş etsə də, əşyaların iddiaçı tərəfindən götürülməsinə etiraz etməmişdir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 izahat verərək qeyd etdi ki, “Mercedes Benz C180 Minik” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobili 15.05.2020-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında 7000 manata almışdır. Avtomobil bu gün də onlardadır, oğlu X5 etibarnamə əsasında idarə edir. Avtomobili DYP-də hamı kimi pul ödəyib, alğı-satqı etmişdir. Həmin avtomobilin alğı-satqısının etibarsızlığı ilə bağlı iddiaçı tərəfin tələbi əsaslı hesab edilə bilməz. O, vicdanlı alıcı olaraq, dövlət orqanında yoxlanılmış, üzərində heç bir həbs olmayan avtomobili almışdır. Xahiş etdi ki, iddiaçının avtomobillə bağlı apellyasiya şikayəti əsassız olduğundan, təmin edilməsin. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, üçüncü şəxslər ƏMDX yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi, AR DİN BDYPİ, X9 məhkəməyə gəlməmiş və gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə 3-cü şəxsin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ilkin iddia ilə bağlı hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı X11 Cavabdeh1 ilə 26 yanvar 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflər birgə nikahda olduqları müddətdə mübahisəli torpaq sahələri X10, X12 və Cavabdeh1 ilə arasında bağlanmış 24.01.2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında alınmış və cavabdehin həmin torpaq sahələrinə dair mülkiyyət hüququ 07.02.2018-ci il tarixdə ********** və ********** qeydiyyat nömrələri ilə dövlət qeydiyyatına alınmışdır. Həmçinin, tərəflər birgə nikahda olduqları müddətdə “Mercedes Benz E220 CDİ” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı (27.01.2016-cı il tarixdə) və “Mercedes Benz C180” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı (14.08.2017-ci il tarixdə) avtomobillər alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına qeydiyyata alınmış, sonradan “Mercedes Benz E220 CDİ” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil 17.05.2018-ci il tarixdə X7, “Mercedes Benz C180” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobil isə 15.05.2020-ci il tarixdə X1. İddiaçı X11 ilə Cavabdeh1 ailə münasibətlərinin korlanması səbəbindən 2018-ci ilin aprel ayından faktiki olaraq ayrılmışlar və Abşeron rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(012)-3182/2018 saylı qətnaməsi ilə aralarında olan nikah ləğv olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Qeyd edilən müddəalarda ər-arvadın ümumi birgə əmlakının əldə olunmasının qanuni əsasları, həmçinin həmin əmlakın ər-arvadın birgə əmlakı hesab edilməsi üçün üç dispozitiv şərt nəzərdə tutulmuşdur. 1) tərəflərin birgə nikahda olmaları, 2) əmlakın nikah müddətində əldə olunması və 3) əmlakın ər-arvadın birgə qazancları hesabına əldə olunması. Qeyd edilən şərtlərdən birinin mövcud olmaması əmlakın ər-arvadın birgə mülkiyyəti hesab olunması üçün hüquqi əsasları aradan qaldırmış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mübahisəli torpaq sahələrinin və nəqliyyat vasitlərinin tərəflərin birgə nikahda olduqları müddətdə və onların birgə qazancı hesabına əldə olunması işin mübahisəsiz halıdır və əmlakların əldə olunma vaxtı işin faktiki hallarında qeyd edilmişdir. İş materiallarında olan “Gələcəkdə ər və arvad arasında əmlak bölgüsü məsələsinin həll edilməsi haqqında” 05.03.2018-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış Razılaşma aktına əsasən ər xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh1 və arvad, 14.01.1993-cü il təvəllüdlü İddiaçı ər-arvad olduqları 26.01.2016-cı il tarixdən 05.03.2018-ci il tarixədək və 03.05.2018-ci il tarixdən sonrakı dövr ərzində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak adına rəsmləşdirilən şəxsin mülkiyyəti hesab olunacaqdır və aralarında bağlanmış nikaha xitam verilərsə də, hər birinin əmlakı öz balansında qalacaqdır. Həmçinin aralarında bağlanmış nikaha xitam verildikdən sonra da, bu barədə məhkəmədə iddia qaldırılmayacaqdır. Akt İddiaçı təşəbbüsü ilə tərtib edilmişdir. Birinci instansiya məhkəməsi ilk iddianı rədd edərkən, qeyd olunan razılaşmaya istinad etmişdir. Kollegiya bu hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmır, hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Kollegiya qeyd edir ki, qeyd olunan razılaşma əsasında heç bir əmlak bölünməmiş, sadəcə Cavabdeh1 adına olan əmlakların gələcəkdə İddiaçı tərəfindən mübahisələndirilməsinin qarşısının alınması məqsədilə tərtib edilmişdir. Belə ki, Razılaşmanın məzmunundan görünür ki, həmin razılaşmada ümumi əmlakın bölünməsindən söhbət getmir. Razılaşmada ümumi əmlakların hüquqi rejimi dəyişdirilərək, əmlak kimin adına əldə edilmişdirsə, onun ayrıca əmlakı kimi hesab edilmişdir. Bu isə ər-arvadın birgə mülkiyyətinin qanunla müəyyən olunmuş rejiminin dəyişdirilərək, ayrıca mülkiyyət rejiminin tətbiq edilməsi hesab olunur. Kollegiya qeyd edir ki, ər-arvadın birgə mülkiyyətinin rejiminin dəyişdirilməsi isə Ailə Məcəlləsinə əsasən nikah müqaviləsi ilə mümkündür. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 38.1-ci maddəsinə əsasən nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Həmin Məcəllənin 38.3-ci maddəsinə əsasən nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Göründüyü kimi, tərəflər arasında bağlanmış Razılaşma əmlakın bölünməsi ilə bağlı Saziş deyil, nikah müqaviləsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 39.1-ci maddəsinə əsasən nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Kollegiya qeyd edir ki, tərəflər arasındakı nikah müqaviləsi notariat qaydada deyil, sadə yazılı formada nikah dövründə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. MM-nin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qanunvericiliyin tələbindən göründüyü kimi, nikah müqaviləsi yazılı formada bağlanmaqla, notariat qaydada təsdiq olunmalıdır. Göründüyü kimi, cavabdehin təqdim etdiyi Razılaşma (nikah müqaviləsi) notariat qaydada təsdiq olunmamışdır. Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. MM-nin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Kollegiya hesab edir ki, cavabdehin təqdim etdiyi Razılaşma (nikah müqaviləsi) notariat qaydada təsdiq olunmadığından, bununla da, əqdin formasına əməl olunmadığından, bağlanmış əqd əhəmiyyətsizdir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı tərəfin dəlili əsasında apellyasiya mərhələsində iş üzrə sənədlərin texniki ekspertizası təyin edilmişdir. Məhkəmə ekspertiza mərkəzinin 16 dekabr 2021-ci il tarixli, 5/1322 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş 05 mart 2018-ci il tarixli, “Razılaşma akt”ın üzərində olan mətn lazer printerdə çap edilmişdir. Təqdim edilmiş 05 mart 2018-ci il tarixli “Razılaşma akt”ın üzərində olan əl yazıları hər hansı bir texniki vasitəsinin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir. Təqdim edilmiş 05 mart 2018-ci il tarixli “Razılaşma akt”ın üzərində əl yazma, imzalar və çap mətn bir-birləri ilə kəsişmədikləri üçün ekspert qarşısında qoyulmuş “Mülki iş materiallarında olan 05 mart 2018-ci il tarixli “Gələcəkdə ər və arvad arasında olan əmlak bölgüsü məsələsinin həll edilməsi haqda” Razılaşmada olan əlyazma və imzaların boş vərəqə icra edilməsindən sonra, kompyuter yazısı olan mətnin həmin vərəqə icra edilməsi halı olmuşdurmu?”sualı üzrə tədqiqat aparılmadı. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya ekspert rəyinə əsasən iddiaçı olan apellyatorun ağ vərəqə imza etməsi, sonradan mətnin yazılması ilə bağlı dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası Ailə Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Kollegiya mübahisəli avtomobillərlə bağlı ilk növbədə qeyd edir ki, nə Mülki Məcəllədə, nədə ki “Notariat haqqında“ Azərbaycan Respublikası qanununda və “Azərbaycan Respublikasında Notariat X2” haqqında Təlimatda rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakların alğı-satıqısı zamanı ər-arvadın razılığının olması tələbi yoxdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəlləyə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə müəyyən edilir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur (maddə 144.1, 144.2). Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (maddə 650). Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə əsasən bütün fiziki və hüquqi şəxslər mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər (bənd 1.2). Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar (X21) nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini həyata keçirirlər (bənd 1.6). Qeyd olunan qərarla nəqliyyat vasitələrinin X21 orqanında alğı-satqısı və dəyişdirilməsi müqavilələrinin forması təsdiq edilmişdir. Hal-hazırda Azərbaycan Respublikasında yuxarıda qeyd olunan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin istinad olunan qərarına müvafiq olaraq X21 orqanında həyata keçirilir və Əsasnamədə özgəninkiləşdirilmə zamanı satıcının ərinin (arvadının) razılığı tələb olunmadığı üçün nəqliyyat vasitələrinin alğı-satqısı zamanı da belə razılıq tələb olunmur. Məhkəmə kollegiyası hesab edir ki, mövcud vəziyyətdə nəqliyyat vasitələrinin alğı-satqısı zamanı ərin (arvadın) razılığının alınmaması əsası ilə həmin müqavilələrin etibarsız hesab edilməsi müvafiq əmlakı rəsmi dövlət orqanı tərəfindən və həmin orqanın verdiyi rəsmi sənədlər əsasında əldə etmiş şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, avtonəqliyyat vasitələrinin alğı-satqısının mövcud rəsmi qaydasının qüvvədə olduğu dövrdə Mülki Məcəllənin 222.2-ci maddəsinə əsasən ehtimal edilməlidir ki, birgə mülkiyyətdə olan belə əşyalara dair sərəncamçılıq birgə mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Buna görə də, kollegiya ilk iddianın avtomobillərlə bağlı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, avtomobillərin bölünərək 1/2 hissəsinə İddiaçı,1/2 hissəsinə isə Cavabdeh1 pay hüququnun müəyyən edilməsi hissəsində iddianı əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlir. Həmçinin kollegiya hesab edir ki, iddiaçının avtomobillərin satışından əldə olunmuş pula payının müəyyən edilməsini tələb etmək hüququ vardır. Kollegiya torpaq sahələri ilə bağlı hissədə iddianı əsaslı hesab edərək, təmin edilməsi qənaətinə gələrək, qeyd edir ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına 07.02.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına 07.02.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı,1/2 hissəsinə isə Cavabdeh1 payları müəyyən olunmalıdır. Kollegiya qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçı ilə birgə nikah dövründə əldə edilmiş dəyəri 800 manat olan “Toshiba” markalı notebook, 12500 manat məbləğində pul, dəyəri 5500 manat olan 750 əyar komplekt qızıl dəsti - brilliant qaşlı, dəyəri 900 manat 1 ədəd 750 əyar qızıl üzük - brilliant qaşlı və dəyəri 550 manat olan 1 ədəd 583 əyarlı qızıl saat barədə heç bir sübut təqdim etməmişdir. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Kollegiya apellyator olan cavabdehin iddiaçı tərəfin əşyaları götürülməsinə etiraz etməməsi ilə bağlı əsassız hesab edərək, qeyd edir ki, həmin dəlil iş materialları ilə öz təsdiqini tapmır. Buna görə də, qarşılıqlı iddia əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, iş üzrə keçirilmiş sənədlərin texniki ekspertizasının tədqiqatı dəyəri olan 62 (altmış iki) manatın 31 (otuz bir) manatı Cavabdeh1, 31 (otuz bir) manatı İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(011)- 1875/2021 saylı qətnaməsi qismən, ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia tələbi qismən təmin edilsin. Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına 07.02.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına 07.02.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı,1/2 hissəsinə isə Cavabdeh1 payları müəyyən edilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş sənədlərin texniki ekspertizasının tədqiqatı dəyəri olan 62 (altmış iki) manatın 31 (otuz bir) manatı Cavabdeh1, 31 (otuz bir) manatı iddiaçı İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar