Məhkəmə qərarları › İş №2(103)-4731/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4731/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4731/2020 30.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “beh müqaviləsi üzrə pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinin tələbinə uyğun olaraq verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Beh müqaviləsi” üzrə cavabdehin ondan aldığı 150.000 manat məbləğində behin ikiqat mislinin, yəni 300.000 manat məbləğində pulun, həmin müqavilə üzrə cavabdehin onun qarşısında götürdüyü öhdəliyin yerinə yetirilməməsi səbəbindən cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh razılaşmışlar ki, cavabdehin mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, Ə.Qasımzadə küçəsi, bina № 72-də yerləşən 101 №-li mənzili 200.000 manata iddiaçıya satacaq. xx.xx.2016-cı il tarixdə onlar behləşmək üçün Bakı Şəhəri 38 saylı Notariat Kontoruna getmiş və orada ümumi dəyəri 150.000 manat olan 2 “Beh müqaviləsi” bağlamışlar. Beh müqavilələrində də göstərildiyi kimi, cavabdeh beh müqaviləsi bağladığı tarixdən, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək sözü gedən mənzilin sənədlərini hüquqi baxımdan hazır edərək, alğı-satqı müqaviləsi bağlamalı idi. Lakin cavabdeh müqavilədə göstərilən vaxt tamam olanda, alğı-satqıya getmələri üçün nə əlaqə saxlamış, nə də telefon zənglərinə cavab vermişdir. Sonradan məlum olmuşdur ki, cavabdehin ailə üzvləri mənzilin satılmasına etiraz edirlər. Belə olduğu halda, iddiaçı, cavabdehdən beh müqaviləsi üzrə verdiyi pulları geri tələb etmişdir. Cavabdeh isə pulunun olmadığını, iddiaçıdan aldığı pul hesabına başqa şəxsə olan borcunu bağladığını bildirmişdir. İddiaçı ilə cavabdeh razılığa gəlmişlər ki, öhdəliklərin əməl edilməsi üçün iddiaçı cavabdehə əlavə 1 ay vaxt verir ki, cavabdeh ailə üzvlərinin razılığını alsın. Buna baxmayaraq cavabdeh nə ailə üzvlərinin razılığı almış, nədəki iddiaçıdan aldığı pulu qaytarmamışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, behin iki misli olan 300.000 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdr ki, behin məbləği cüzi deyil, küllü miqdarda, yəni 150.000 manat məbləğində olması və bir mənzillə bağlı 2 “Beh müqaviləsinin” bağlanması onunla iddiaçı arasında bağlanmış həmin müqavilələrin etibarsız olduğunu göstərir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçının iddia ərizəsində mənzilin sənədlərinin qaydasında olmadığını bildirsə də, mənzilə aid sənədlər qaydasında olmuşdur. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa Rayon Məhkəməsi iş üzrə xətşünaslıq ekspertizası təyin etməmiş, müqavilələrdəki imzaların cavabdehə məxsus olmasını araşdırmamışdır. Halbuki, cavabdeh Notariat Kontoruna getməmiş və müqavilələri imzalamamışdır. Apellyasiya baxışının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmiş. Bu hal işə baxılmasına mane olmadığından, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, (beh verən) iddiaçı ilə (beh alan) cavabdeh arasında bağlanmış və Bakı Şəhəri 38 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək qeydə alınmış xx.xx.2016-cı tarixli 2 ədəd “Beh müqaviləsindən” görünür ki, cavabdeh mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, bina № 72-də yerləşən 101 saylı mənzilin iddiaçıya satmaq barədə üzərinə öhdəlik götürmüş və bu məqsədlə iddiaçıdan bir müqavilə üzrə 100.000 manat və digər müqavilə üzrə 50.000 manat olmaqla, cəmi 150.000 manat məbləğində beh almışdır. Həmin müqavilədə qeyd edilib ki, əgər müqavilənin icra edilməməsi üçün beh alan məsuliyyət daşıyırsa, o, behin iki mislini beh verənə ödəməlidir. İddiaçı ilə onun arasında bağlanmış “Beh müqavilələrinin” etibarsız hesab edilməsini bildirən cavabdeh 3 dəlilə istinad edir: birincisi- behin məbləği cüzi deyil, küllü miqdarda, yəni 150.000 manat məbləğindədir; ikincisi- bir mənzillə bağlı 2 “Beh müqaviləsinin” bağlanmışdır; üçüncüsü- müqavilədəki imza ona məxsus deyil. Məhkəmə, apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5.). Mülki Məcəllənin 390-cı maddəsinin mənasına görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (maddə 390.2.). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (maddə 390.3.). Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (maddə 390.4.). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir (maddə 390.5.). Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (maddə 390.6.). Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir (maddə 390.7.). Göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə qeyd edir ki, müqaviləni etibarsız adlandıran cavabdeh həmin müqavilənin etibarlı olmasını şübhə altına ala biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa qeyd edilməlidir ki, işə apellyasiya qaydasında baxılan zaman cavabdeh vəsatətlə Məhkəməyə müraciət edərək hazırki mülki iş üzrə mübahisənin predmetini təşkil edən və iddiaçı ilə onun arasında xx.xx.2016-cı tarixdə notarial qaydada bağlanmış “Beh müqavilələrinin” etibarsız hesab edilməsi barədə onun tərəfindən verilmiş iddia üzrə Xətai Rayon Məhkəməsi tərəfindən icraatı başlanmış mülki iş üzrə qəbul ediləcək yekun qərarın qanuni qüvvəsini alanadək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə həmin iş üzrə qəbul edilə biləcək məhkəmə aktının hazırki işin nəticələrinə təsir göstərə biləcəyini nəzərə alaraq xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraatı dayandırmışdır. Sözügedən iş üzrə qəbul edilmiş Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı (İş № 2(011)-4353/2020) ilə hazırki iş üzrə cavabdehin hazırki iş üzrə iddiaçıya qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” iddia ərizəsi, ərizəsinin imzalanmaması əsası ilə geri qaytarılmışdır. Qeyd edilən həmin qərardad qüvvəyə minmişdir. Belə olan halda hesab edilməlidir ki, cavabdeh, onunla iddiaçı arasında bağlanmış müqavilələrin etibarlığını şübhə altına ala biləcək halları təsdiq edə biləcək sübutlara malik deyil. Cavabdeh beh müqavilələrindəki imzanın onun tərəfindən icra olunmadığını, notariat ofisinə heç vaxt getmədiyini bildirsə də, notarial qaydada tərtib olunmuş müqavilələrdən görünür ki, həmin müqavilələrdə tərəflərin müqavilələr bağlandığı anda çəkilmiş şəkilləri əks olunmuşdur. Bu baxımdan hesab edilməlidir ki, müqavilədəki imzanın ona məxsus olmaması barədə cavabdehin dəlili əsassızdır. Cavabdehin digər dəlili ondan ibarətdir ki, behin məbləği cüzi deyil, küllü miqdarda, yəni 150.000 manat məbləğindədir. Bu hal təsdiq edir ki, onunla iddiaçı arasında bağlanmış “Beh müqavilələri” etibarsızdır. Bu dəlil ilə bağlı Məhkəmə qeyd edir ki, qüvvədə olan Mülki Məcəllədə, notariat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı təlimat və qaydalarda behin məbləği ilə bağlı göstərişlər mövcud deyil. Beh barədə razılığa gəlmiş tərəflər behin məbləğini Mülki Məcəllənin yuxarıda qeyd edilmiş 390-cı maddəsinə uyğun olaraq öz iradə ifadələrinə uyğun ümumi razılığa əsasən müəyyən edirlər. Bu baxımdan hesab edilməlidir ki, behin məbləği ilə bağlı cavabdehin dəlili əsassızdır. Cavabdehin başqa bir dəlili isə ondan ibarətdir ki, bir mənzillə dair 2 “Beh müqaviləsinin” bağlanması ağlabatan deyil və bu hal ona dəlalət edir ki, onunla iddiaçı arasında bağlanmış “Beh müqavilələri” etibarsızdır. Məhkəmə cavabdehin bu dəlilini də, əsassız hesab edir. Çünki qüvvədə olan Mülki Məcəllədə, notariat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı təlimat və qaydalarda beh ilə bağlı bir neçə müqavilənin bağlanmasını istisna edən göstərişlər mövcud deyil. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmənin mövqeyi ondan ibarətdir ki, “Beh müqavilələrinin” şərtləri beh alan olan cavabdeh tərəfindən pozulmuşdur. Belə olan halda cavabdeh aldığı behi, iki qat miqdarda, iddiaçıya ödəməlidir. Çünki Mülki Məcəllənin 491-ci maddəsinə görə Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir (maddə 491.1.). Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır (maddə 491.2.). Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır (maddə 491.3.). Həmin Məcəllənin 492-ci maddəsinə görə öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır (maddə 492.1.). Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur (maddə 492.2.). Bu baxımdan hesab edilməlidir ki, cavabdehin iddiaçıdan aldığı behin iki qat mislinin – 300.000 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyil. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iş üzrə cavabdehin ödədiyi dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iş üzrə cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar