Məhkəmə qərarları › İş №2(103)-4736/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4736/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4736/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «Elita-R” MTK Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “müqavilə üzrə öhdəliklərin icra edilməsi və mənzilin təhvil verilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MTK-ın nümayəndəsi və vəkili Vəkil3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5, onun nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-23/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MTK və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla (iddiaçı ilə) Cavabdeh MTK arasında bağlanmış 16 may 2016-cı il tarixli müqavilə üzrə öhdəliklərin icra edilməsi və Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81,88 kv.m olan 52 saylı 2 otaqlı mənzilinin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 16 may 2016-cı il tarixdə payçı İddiaçı (iddiaçı) ilə icraçı (cavabdeh) «Elita-R” MTK arası Suraxanı rayonu, Qaraçuxur ştqsi, 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81,88 kv olan 52 saylı 2 otaqlı mənzilin pay kimi İddiaçı verilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 4.1-ci maddəsinə əsasən mənzilin dəyəri 57 316 AZN təşkil edir. Belə ki, 16 may 2016-cı il tarixdə Elita-R MTK tərəfindən verilən arayışa əsasən İddiaçı Elita-R MTK-nın Qaraçuxur qəsəbəsi, 4048/49 məhəllədə inşa etdiyi yaşayış kompleksində 2-ci blok, 11-ci mərtəbədə, 2 otaqdan ibarət, ümumi sahəsi 81,88 kv.m olan 52 saylı mənzilin dəyərini tam ödəmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 8-ci maddəsinə əsasən tikinti işləri başa çatdıqdan sonra icraçı mənzili Payçıya təhvil verməli idi. Lakin müqavilənin imzalanması və ödənişin olunmasından uzun müddət keçməsinə baxmayaraq, cavabdeh mənzili təhvil verməkdən imtina etmişdir. Dəfələrlə iddiaçı tərəfindən mənzilin ona təhvil verilməsi tələb olunmasına baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmir. Adıçəkilən mənzilin halhazırda kimin mülkiyyətində olması və yaşaması ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Kaspia vəkil bürosu” tərəfindən «Elita-R” MTK-ya poçt xəbərnaməsindən də göründüyü kimi 17 mart 2022-ci il tarixli S22/017 nömrəli sorğu məktubu göndərilmiş, lakin sorğuya cavab verilməmişdir. Eyni zamanda 30 may 2022-ci il tarixində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə portalı vasitəsilə Pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi cavabdeh tərəfindən adıçəkilən mənzil ona təhvil verilməmiş və telefon zənglərinə cavab verilməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müqavilənin 7-ci maddəsində qeyd olunur ki, mübahisəli məsələlər hər iki tərəfin razılığı ilə həll edilir, bu mümkün olmadıqda məhkəmə orqanlar müraciət olunur. İddiaçı cavabdehdən müqavilə üzrə öhdəliklərini yerinə yetirilməsini tələb etsə də, icraçı hələ də mənzili təhvil verməkdən yayınır.

3. Rayon məhkəməsində işə baxılarkən X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

4. Suraxanı Rayon Məhkəməsinin 2(010)-23/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia təmin edilmişdir.

5. Həmin qətnamədən cavabdeh «Elita-R” MTK və müstəqil tələb irəli sürən üçüncü şəxs X10 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Cavabdeh apellyasiya şikayəti vermiş və qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş edilmişdir.

7. Müstəqil tələb irəli sürən üçüncü şəxs H.Məmmədov apellyasiya şikayəti vermiş və qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, onun vicdanlı əldə edən olduğunu, mənzilə dair başqa şəxslə müqavilənin olmasından məlumatının olmadığını, mənzilin MTK tərəfindən ona təhvil verildiyini, həmin mənzili təmir edərək, artıq uzun müddətdir ki, orada yaşadığını bildirərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş edilmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək və hər iki şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçı ilə bağlanılan müqavilədəki imza MTK-nın sədrinin imzası deyil, iddiaçı ilə belə bir razılaşma olmayıb, üçüncü şəxs H.Məmmədov vicdanlı əldə edəndir, o mənzili əvvəlki payçı Nazim Mustafayevdən, onun pulunu tam olaraq ödəməklə əldə edib, MTK da mənzili ona təhvil verib, iddiaçı 6 il müddətində mənzili ilə maraqlanmayıb, mənzilini təmir etdirməyibdır. Nümayəndə əlavə olaraq MTK-da heç bir mənzilə dair mədaxil qəbzlərinin olmadığını, binanın isə 2017-ci ildə təhvil verildiyini göstərərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməli olduğunu bildirdi.

9. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs H.Məmmədovun və onun nümayəndəsi və vəkili Vəkil4 ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, bildirdilər ki, H.Məmmədov vicdanlı alıcıdır, mənzili dəyərini ödəməklə onu əvvəlki payçı Nazim Mustafayevdən almış, mənzili əldə edərkən iddiaçının həmin mənzilə dair müqaviləsinin olmasından məlumatsız olmuş, MTK tərəfindən mənzil ona təhvil verilmiş, o, mənzili təmir etmiş, mənzilin təmirinə 20.000 manatdan artıq vəsait xərcləmiş, bundan sonra mənzilinə köçmüş, artıq uzun müddətdir ki, mənzil onun istifadə və sahibliyindədir. İddiaçının MTK-dan başqa mənzil və ya pulunu tələb etmək imkanı var. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər.

10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq iddia tələbinin əsaslarına uyğun izahat verərək, apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, onların üçüncü şəxsə qarşı hər hər hansı iradları yoxdur, qəbul edirlər ki, onun bu məsələdə təqsiri yoxdur, məhz MTK-nın təqsiri ucbatından üçüncü şəxs də pis duruma düşmüşdür, o da pul verib mənzil alıb, həm də məlum olmuşdur ki, o, mənzili təmir etdirmiş və hazırda da mənzildə yaşayır, MTK-nın şikayətinin dəlilləri tam əsassızdır, onların MTK ilə mənzilin əldə olunmasına dair tam etibarlı müqaviləsi mövcuddur, rayon məhkəməsində aparılmış araşdırmalar, ekspert rəyi, şahid ifadəsi ilə bu hal təsdiq edilmişdir, iddiaçının mənzili ilə maraqlanmaması ilə bağlı deyilənlər də uydurmadır, iddiaçı davamlı olaraq mənzili ilə maraqlanmış, hər dəfə binanın istismara qəbul edilmədiyi bildirilərək onu arxayın salmışlar, mətbuatda və sosial şəbəkələrdə həmin MTK ilə bağlı məlumatlardan da MTKnın vəzifəli şəxslərinin bir mənzilin bir neçə şəxsə satması və sair qanunsuz əməlləri ilə bağlı çoxsaylı məhkəmə mübahisələrinin və şikayətlərin olduğu müəyyən olunur, hazırkı məhkəmə mübahisəsi zamanı da MTK tərəfindən onlara müəyyən (15-20.000 manat) ödənişlərin edilməsi müqabilində iddialarından vaz keçmələri təklif olunmuşdur, iddiaçı hazırda mənzili təmir edərək orada yaşayan üçüncü şəxsin vəziyyətini nəzərə alaraq, cavabdeh MTK tərəfindən mənzilin dəyərini ona ödənilməsi halında mübahisənin həllini mümkün hesab edir. Sübutların tədqiqi:

11. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən Cavabdeh MTKya ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 «Elita-R” MTK-ya yaranmış mübahisə ilə bağlı mübahisəli mənzilin «Elita R” MTK tərəfindən İddiaçı təhvil verilməsi barədə xəbərdarlıq etmişdir.

12. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh MTK Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81,88 kv olan 52 saylı 2 otaqlı mənzili İddiaçı pay kimi verməyi öhdəsinə götürmüşdür.

13. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81,88 kv olan 52 saylı 2 otaqlı mənzilin dəyəri İddiaçı tərəfindən Cavabdeh MTK-ya tam olaraq ödənilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/373 saylı ekspertiza rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş İddiaçı ilə Cavabdeh MTK arasında olan xx.xx.2016-cı il tarixli müqavilədə “İcraçı” qrafasında Cavabdeh MTK VOEN:********** ******* İsmayılov C.H”. yazıları qarşısındakı imza və mülki işin 49-cu vərəqəsində yerləşən xx.xx.2016-cı il tarixli arayışın kserosurətindən «Elita-R” MTK-nın direktoru” qrafasında əks olunmuş imza X11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/1278-5/1280 saylı ekspertiza rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş Cavabdeh MTK-nın və X13 arasında bağlanmış 16 may 2016-cı il tarixli müqavilədə və 16 may 2016-cı il tarixli maliyyə arayışda olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş Cavabdeh MTK-nın və X13 arasında bağlanmış 16 may 2016-cı il tarixli müqavilədə və 16 may 2016cı il tarixli maliyyə arayışda olan möhür əksləri ekspertizaya təqdim edilmiş Cavabdeh MTK-nın möhürün sərbəst əks nümunələri (Cavabdeh MTK-nın X14 ilə bağlanmış 08 avqust 2019-cu il tarixli 031003 nömrəli müqaviləsi və eyni tarixli maliyyə arayışı, X8 ilə bağlanmış 29 may 2019-cu il tarixli 026003 nömrəli müqaviləsi və eyni il tarixli maliyyə arayışı, X15 ilə bağlanmış 08 oktyabr 2019-cu il tarixli 003001 nömrəli müqaviləsi və eyni tarixli maliyyə arayışı) ilə eynilik təşkil edir.

16. xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, «Elita-R” MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.88 kv olan 52 saylı mənzil izolə olunmuş 2 otaqdan ibarət olan mənzili X6 pay kimi verməyi öhdəsinə götürmüşdür.

17. xx.xx.2019-cu il tarixli Cavabdeh MTK-nın direktoru İsmayılov C.H tərəfindən verilmiş arayışından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81,88 kv olan 52 saylı 2 otaqlı mənzilin dəyərinin X9 tərəfindən Cavabdeh MTK-ya tam olaraq ödənilməsi qeyd edilmişdir. 13. xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov 197 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.88 kv olan 52 saylı mənzil izolə olunmuş 2 otaqdan ibarət olan mənzili X7 pay kimi verməyi öhdəsinə götürmüşdür.

18. xx.xx.2020-ci il tarixli Cavabdeh MTK-nın direktoru İsmayılov C.H tərəfindən verilmiş maliyyə arayışından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov 197 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2 ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.88 kv olan 52 saylı mənzilin dəyərinin X10 tərəfindən Cavabdeh MTK-ya tam olaraq ödənilməsi qeyd edilmişdir.

19. Birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə Şahid ifadə verərək bildirmişdir ki, o İddiaçı ilə birlikdə işləyir və onun bütün sənədləşmə işlərində iştirak edir. İddiaçı ona tapşırıq vermişdir ki, ofisdə pulu ödəyərək evin sənədlərini götürsün. O telefon vasitəsilə əlaqə saxlamış və Təbriz küçəsinin kəsişməsində yerləşən ofisə getmiş və xx.xx.2016-cı il tarixdə 57000 manat pulu ödəyərək sənədləri götürmüşdür. O, pulu Cəfər İsmayılova vermiş və bundan sonra ona sənədləri təqdim etmişlər. Müqavilə bağlanan zaman bina hazır olmamış və orada yalnız tikinti işləri gedirdi. Tikinti işləri ləng getdiyindən bina MTK tərəfindən çox gec tikilmişdir. Sonradan onlara məlum olmuşdur ki, həmin evdə başqa şəxs yaşayır. Tətbiq edilən maddi hüquq Azərbaycan Respublikasının Konstitusiyası

20. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır.

22. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

23. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

24. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. 152.2. Sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

27. 152.3. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

28. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

30. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

31. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

32. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

33. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

34. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

35. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

36. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

37. Maddə 113. Mənzil-tikinti kooperativi binalarında yaşayış sahəsinin verilməsi

38. 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.

39. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

40. 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

42. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il tarixli qərarı Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

46. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

47. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

48. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

51. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

52. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

53. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

54. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

55. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

58. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

59. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

60. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

62. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

63. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətlərinin dəlilləri ilə birlikdə araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

64. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə əsasında «Elita-R” MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81,88 kv olan 52 saylı 2 otaqlı mənzili İddiaçı pay kimi verməyi öhdəsinə götürmüşdür. «Elita-R” MTK-nın nümayəndəsi vəsatət verərək müqavilədəki imzanın direktora məxsus olmadığını iddia etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/373 saylı ekspertiza rəyindən müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş İddiaçı ilə «Elita-R” MTK arasında olan xx.xx.2016-cı il tarixli müqavilədə “İcraçı” qrafasında «Elita-R” MTK VOEN:********** ******* İsmayılov C.H”. yazıları qarşısındakı imza və mülki işin 49-cu vərəqəsində yerləşən xx.xx.2016-cı il tarixli arayışın kserosurətindən «Elita-R” MTK-nın direktoru” qrafasında əks olunmuş imza X11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Daha sonra iddiaçı tərəf möhürü mübahisələndirmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/1278-5/1280 saylı ekspertiza rəyindən müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş «Elita-R” MTK-nın və X13 arasında bağlanmış 16 may 2016-cı il tarixli müqavilədə və 16 may 2016-cı il tarixli maliyyə arayışda olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş «Elita-R” MTK-nın və X13 arasında bağlanmış 16 may 2016-cı il tarixli müqavilədə və 16 may 2016-cı il tarixli maliyyə arayışda olan möhür əksləri ekspertizaya təqdim edilmiş Cavabdeh MTK-nın möhürün sərbəst əks nümunələri («Elita-R” MTK-nın X14 ilə bağlanmış 08 avqust 2019-cu il tarixli 031003 nömrəli müqaviləsi və eyni tarixli maliyyə arayışı, X8 ilə bağlanmış 29 may 2019-cu il tarixli 026003 nömrəli müqaviləsi və eyni il tarixli maliyyə arayışı, X15 ilə bağlanmış 08 oktyabr 2019-cu il tarixli 003001 nömrəli müqaviləsi və eyni tarixli maliyyə arayışı) ilə eynilik təşkil edir. Daha sonra mübahisələndirilən mənzilin yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, hazırda həmin mənzil müqavilə əsasında X2 və həmin mənzildə onun tərəfindən təmir edilərək mənzildə onun qohumları yaşayır.

65. «Elita-R” MTK tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunmuşdur ki, «Elita-R” MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.88 kv olan 52 saylı mənzil izolə olunmuş 2 otaqdan ibarət olan mənzili X6 pay kimi verməyi öhdəsinə götürmüşdür. X1 etibarnamə üzrə nümayəndəsi notarial qaydada ərizə təqdim edərək ona məxsus olan «Elita-R” MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.88 kv olan 52 saylı mənzilin X5 adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. «Elita-R” MTK ilə X10 arasında xx.xx.2020-ci ildə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.88 kv olan 52 saylı mənzil pay kimi «Elita-R” MTK tərəfindən X7 verilmişdir.

66. Eyni zamanda, mənzilin müstəqil tələb irəli sürməyən üçüncü şəxs H.Məmmədova təhvil verilməsi, onun da mənzili təmir etməsi və mənzilin uzun müddətdir ki, onun sahiblik və istifadəsində olması hazırkı işin mübahisəsiz halı kimi müəyyən edilmişdir.

67. Beləliklə, məlum olur ki, iddiaçıya satılmış mənzil, sonradan N.Mustafayevə, onun tərəfindən isə H.Məmmədova satılmışdır, o da həmin mənzili təmir edərək orada yaşayır.

68. İddiaya etiraz edən cavabdeh MTK iddiaçıyla bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarsızlığına istinad etmişdir. MTK etirazının əsası kimi müqavilədəki imzanın MTK-nın sədrinə aid olmadığına bildirmişdir

69. Rayon məhkəməsi cavabdehin həmin dəlili üzrə müvafiq araşdırmalar aparmış, ekspert rəyi ilə müqavilədəki imzanın C.İsmayılov tərəfindən icra edilmədiyi müəyyən olunsa da, digər ekspert rəyi ilə müqavilədəki möhürün MTK-ya aid olduğu, eləcə də şahid ifadəsi ilə mənzilə görə pulun MTK-nın ofisində məhz MTK-nın sədri C.İsmayılova verildiyi, bundan sonra ona (iddiaçının etibarnamə üzrə nümayəndəsinə) mənzilə dair hazır sənədlərin təqdim edildiyi müəyyən olunduğundan, rayon məhkəməsi iddiaçının istinad etdiyi müqavilənin etibarlı əqd olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi tərəfindən müqavilədəki imzanın və möhürün kimin tərəfindən və ya hansı qaydada icra edilməsinin məsuliyyətinin məhz MTK-nın üzərində olmasına dair, demək ki, tərəflər arasında bağlanmış xx.xx.2016-ci il tarixli qeyd edilən müqavilənin etibarlı əqd olması barədə gəldiyi qənaəti tam əsaslı və düzgün olmuşdur.

70. Bununla belə, Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsindən də göründüyü kimi, tələb cavabdeh kimi MTK-ya qarşı irəli sürülmüşdür.

71. MM-in 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

72. Belə olan halda məlum olur ki, hazırda iddiaçının tələb etdiyi mənzil iddia tələbinin yönəldiyi cavabdeh MTK-nın yox, üçüncü şəxs H.Məmmədovun sahibliyində və istifadəsində olduğundan, iddia tələbi əsl olmayan cavabdehə qarşı yönəlmişdir.

73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.

74. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

75. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir.

76. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan iddiaçının məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı.

77. Bütün yuxarıda sadalananlara əsasən, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin hazırkı mərhələdə tətbiqi yolverilməzdir.

78. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il tarixli qərarının 7.21-ci bəndinə görə, ər-arvadın birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi barədə əqdin müvafiq razılığın alınmaması əsası ilə etibarsızlığı barədə iddia cavabdeh qismində əqdin hər iki tərəfi (həm əşyanın digər birgə mülkiyyətçisi olan ər və ya arvad, həm də əqd üzrə əşyanı əldə edən şəxs) cəlb edilmədiyi halda təmin oluna bilməz. Çünki Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunduğundan və əqdlərin etibarsızlığı tələbinə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə həmin müqavilənin bütün tərəfləri malik olduğundan bu cür tələbin əsl cavabdehi müvafiq əqdin tərəfləri birlikdə ola bilərlər. Əks halda, işə baxan məhkəmə, Mülki Prosessual Məcəllənin 51.3 və 54-cü maddələrinin tələblərinə müvafiq olaraq, iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdehlə əvəz etməli və ya başqa cavabdehi işə cəlb etməli, iddiaçı razı olmadıqda isə məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxaraq əsl olmayan cavabdehə qarşı qaldırılmış iddiaya dair qaydaları tətbiq etməlidir.

79. Belə olan halda məlum olur ki, hazırkı iddia tələbi əsl olmayan cavabdehə qarşı yönəldiyindən təmin edilə bilməz.

80. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıya cavabdeh MTK-ya qarşı hazırkı binada, yaxud MTK-nın tikdiyi başqa binada aralarında bağlanmış müqavilə şərtlərinə uyğun mənzilin təhvil verilməsi barədə tələblə, yaxud da həmin mənzilin hazırkı bazar dəyəri həcmində pul məbləğinin ona ödənilməsi barədə tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması da izah edilməlidir.

81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

82. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

83. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

84. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

85. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıdan alınaraq cavabdeh və üçüncü şəxsə verilməli, eləcə də birinci instansiya məhkəməsi baxışı ekspertiza təqdiqatının aparılmasına görə 175 (yüz yetmiş beş) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir.

86. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh MTK və müstəqil tələb irəli sürən üçüncü şəxs X10 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-23/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı cavabdeh «Elita-R” MTK Mənzil Tikinti Kooperativinə qarşı “onunla (iddiaçı ilə) Cavabdeh MTK arasında bağlanmış 16 may 2016-cı il tarixli müqavilə üzrə öhdəliklərin icra edilməsi və Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81,88 kv.m olan 52 saylı 2 otaqlı mənzilinin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsi” barədə iddia tələbi təmin edilməsin. Cavabdeh MTK-ya qarşı hazırkı binada, yaxud MTK-nın inşa etdiyi başqa binada aralarında bağlanmış müqavilə şərtlərinə uyğun başqa mənzilin təhvil verilməsi, yaxud da həmin mənzilin hazırkı bazar dəyəri həcmində pul məbləğinin ona ödənilməsi barədə tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu cavabdeh «Elita-R” MTK-ya, 50 manat dövlət rüsumu isə müstəqil tələb irəli sürən üçüncü şəxs X7 İddiaçı tutularaq ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq ümumilikdə 175 (yüz yetmiş beş) manat məbləğində pul İddiaçı alınaraq dövlət büdcəsinə Məhkəmə Ekspertizası Mərkəzinin (hesab: Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** X24 41 NABZ******************** SFİFT BİK CTREAZ 22) hesabına köçürülməlidir. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar