Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4737/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1153/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh "Cavabdeh" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2014-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilənin faiz dərəcəsi hissəsinə cavabdeh tərəfindən birtərəfli qaydada edilmiş dəyişikliyin etibarsız hesab edilməklə, əmanət üzrə faizlərin illik 12% (on iki) dərəcə ilə hesablanması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1153/2020 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdeh "Cavabdeh" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli Klassik əmanət (depozit) hesabı haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən bank əmanətçinin 50.000 ABŞ dolları məbləğində pul vəsaitini (əmanəti) 84 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 12% dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqaviləyə əsasən xx.xx.2016-cı il tarixdə 2 ilin faizi vergi tutulduqdan sonra 11412 ABŞ dolları və xx.xx.2017-ci il tarixdə 1 ilin faizi 6000 ABŞ dolları məbləğində pulu Cavabdeh ASC-dən qəbul etmiş, 2019-cu il tarixdə bankdan depozit faizlərini almaq istəyərkən isə məlum olmuşdur ki, cavabdeh bank onun razılığı olmadan birtərəfli qaydada müqavilə üzrə faizləri 2%-ə endirmişdir. İddiaçı bildirir ki, o, həmin məbləğlə razılaşmadığını və bu barədə ərizə ilə xx.xx.2019-cu il tarixdə Cavabdeh ASC-yə müraciət etmiş, lakin onun müraciətindən 1 ay keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ona hər hansı cavab verilməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Cavabdeh ASC-nin İdarə Heyətinin xx.xx.2015-ci il tarixli 82 saylı qərarı ilə depozit faizləri və bir sıra depozit məhsulları ləğv edilmişdir. Bu barədə iddiaçının özünə də lazımi qaydada məlumat verilmişdir. Həmçinin Cavabdeh ASC-nin “dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə bankın sağlamlaşdırılma prosesi başlanmışdır. Həmin Fərmana əsasən sağlamlaşdırma prosesi keçən bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün yüksək faiz xərclərinin azaldılması qarşıya qoyulan əsas məqsədlərdən biri olduğu üçün, bank iddiaçının əmanət faizlərini azaltmaqda haqlı olmuşdur. Tərəflər arasında bağlanmış əmanət müqavilələrinin fors major adlanan hissəsində də qeyd olunmuşdur ki, qarşısıalınmaz qüvvə hallarına o hadisələr aiddir ki, tərəflər onlara təsir göstərə bilmir və onların meydana gəlməsi üçün məsuliyyət daşımırlar, məsələn zəlzələ, daşqın, yanğın, habelə tətil, dövlət orqanlarının qərarları, bu müqavilənin yerinə yetirilməsinə mane olan hər hansı xarakterli hərbi əməliyyatlar, terror aktları nəticəsində müqavilə üzrə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar. Tərəflər arasında müqavilə bağlandığı vaxtdan sonra, yəni 2015-ci ilin fevral ayında, daha sonra isə 2015-ci ilin dekabr ayında Azərbaycan manatının devalvasiyaya uğraması hamıya bəlli olan haldır. İddiaçı müqavilənin qeyd olunan bəndinə zidd olaraq, əmanət faizinin əvvəlki qaydada hesablanmasını bankdan tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Hazırki işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 948.3-cü maddəsində isə təsbit olunmuşdur ki, fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi şəxslə bağladığı bu cür bank əmanəti müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə bilməz. Qeyd olunan maddi hüquq normalarından da göründüyü kimi müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi, yəni faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarının bank tərəfindən birtərəfli qaydada azaldılması yolverilməzdir. Tərəflər arasında bağlanmış Klassik əmanət (depozit) hesabı haqqında müqavilənin 3.4-cü bəndində də göstərilmişdir ki, əmanət üzrə faizlər qanunvericilikdə müəyyən olunan qaydada vergiyə cəlb edildikdən sonra ödənilir və bu ödəniş şərti müqavilənin 1.5-ci bəndində göstərilən müddət ərzində dəyişdirilə bilməz. Həmin Müqavilənin 8.1-ci bəndinə əsasən isə bu müqaviləyə dair bütün əlavələr və dəyişikliklər yazılı formada tərtib edilir və hər iki tərəf imzaladıqdan sonra qüvvəyə minərək bu Müqavilənin tərkib hissəsini təşkil edirlər. Lakin hazırki işdə cavabdeh müqavilənin faiz dərəcəsinə dair şərti birtərəfli qaydada dəyişdirirək 12%-dən 2%-ə endirmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı həmin dəyişikliyin etibarsız hesab edilməsini və Mülki Məcəllənin 948.1-ci maddəsinin tələblərinə uyğun olaraq əmanət üzrə faizlərin bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş illik 12% dərəcə ilə hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Ona görə də, iddia təmin edilməlidir. Cavabdehin dəlillərinə dair kollegiya qeyd edir ki, bankın maddi vəziyyəti iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan manatının devalvasiya olunması isə şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi anlamına gəlmir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "Cavabdeh" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1153/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2(103)-4737/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4737/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver