Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4738/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5146/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Volkswagen Touareg” markalı, (minik, buraxılış ili 2011, tip-universal, mühərrik: CGR009061, ban: WVGZZZ7PZBD046655, qara rəngli), **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alınaraq iddiaçıya təhvil verilməsi, cavabdehdən 20.000 manat məbləğində borcun, 12.015,9 manat cərimə məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 32.045,9 manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(011)-5146/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Volkswagen Touareg” minik markalı, buraxılış ili 2011 olan, universal tipli, mühərrik nömrəsi CGR009061 olan, ban nömrəsi WVGZZZ7PZBD046655 olan, qara rəngli, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq İddiaçı ASC-yə təhvil verilməsi, Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində əsas borc, 120 (bir yüz iyirmi) manat cərimə borcu olmaqla, cəmi 20.120 (iyirmi min yüz iyirmi) manat pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi göstərmişdir ki, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmiş, mübahisəyə nisyə alqı-satqı müqaviləsi ilə bağlı maddi hüquq normaları tətbiq etmək əvəzinə lizinq müqaviləsi üzrə maddi hüquq normaları tətbiq edilmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili R.Səfərov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: “Volkswagen Touareg” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-yə məxsusdur. Tərəflər arasında 16 may 2017-ci il tarixli nəqliyyat vasitəsinin alğısatqısına dair müqavilə bağlanmış, sözügedən avtomobil cavabdehə satılmış, cavabdeh avtomobilin dəyəri olaraq 40.053 manat pul vəsaitini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Avtomobil saz vəziyyətdə cavabdehə təhvil verilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri pozaraq borcu tam şəkildə ödəməmişdir. Cavabdehə bununla bağlı xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, hazırkı iş üzrə tərəflər arasında 16 may 2017-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqısına dair müqavilə bağlanmış, sözügedən avtomobil cavabdehə satılmış, cavabdeh avtomobilin dəyəri olaraq 40.053 manat pul vəsaitini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Avtomobil saz vəziyyətdə cavabdehə təhvil verilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri pozaraq borcu tam şəkildə ödəməmişdir. Cavabdehə bununla bağlı xəbərdarlıq edilmişdir (i/v 10-13). Həmin müqavilənin 4.2-ci bəndində, həm də qiymətlərin razılaşdırılması protokolunda “alıcı” tərəfindən ödəniləcək aylıq ödənişin minimum məbləği 500 manat müəyyən edilmişdir (i/v 10-13). Bununla da, müəyyən olunur ki, tərəflər arasında avtomobilə dair nisyə alqı-satqı müqaviləsi bağlandığından hazırkı mübahisəyə Mülki Məcəllənin nisyə satılmış əşya ilə bağlı normalar tətbiq edilməlidir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.2-ci maddəsində göstərilmişdir ki, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissəhissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. (601.2-ci maddə) Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəsinə ödənişlər etməyi götürsə də, öhdəliyi lazımınca icra etməmiş, nəticədə cavabdehə borcu yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 20.000 manat borcun ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Kollegiya işin hallarını nəzərə alaraq, hesab edir ki, nə qədər ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyib və öhdəliyin icrasını gecikdirib iddiaçı ondan dəbbə pulu tələb etməkdə haqlı olsa da, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən iddia ərizəsində göstərilən 12.015,9 manat cəriməni tənasübsüz surətdə yüksək olduğuna istinad edərək həmin məbləğin 120 manat məbləğində müəyyən edilməsini ağlabatan sayır. Məhkəmə Kollegiyası iddia tələbinin avtomobilin geri qaytarılmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, avtomobil cavabdehin sahibliyində olduğundan, iddiaçı avtomobilin cavabdehdən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, Kollegiya hesab edir ki, iddiaçı mübahisəli avtomobilin cavabdehdən geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, iddia qeyd edilən hissədə də əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, Kollegiya qeyd edir ki, rayon məhkəməsi tərəfindən cavabdehin iştirakı olmadan işə baxılmış, bununla da prosessual pozuntuya yol verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlsə də, sübutlara düzgün hüquqi qiymət verməyərək, hazırkı iş üzrə tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq mübahisənin həllində lizinq müqaviləsinə aid olan normalar tətbiq etmişdir. Bununla da rayon məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol verdiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlsə də, sübutlara düzgün hüquqi qiymət verməyərək, maddi hüquq normasının tətbiqində səhvə yol verdiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməli, “Volkswagen Touareg” minik markalı, buraxılış ili 2011 olan, universal tipli, mühərrik nömrəsi CGR009061, ban nömrəsi WVGZZZ7PZBD046655 olan, qara rəngli, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı ASC-yə təhvil verilməli, Cavabdeh 20.000 manat məbləğində əsas borc, 120 manat cərimə borcu olmaqla, cəmi 20.120 manat pul vəsaiti alınaraq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393, və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdehqızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5146/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin “Volkswagen Touareg” minik markalı, buraxılış ili 2011 olan, universal tipli, mühərrik nömrəsi CGR009061 olan, ban nömrəsi WVGZZZ7PZBD046655 olan, qara rəngli, **- PG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı ASC-yə təhvil verilsin. Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində əsas borc, 120 (bir yüz iyirmi) manat cərimə borcu olmaqla, cəmi 20.120 (iyirmi min yüz iyirmi) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov AnarTanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4738/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4738/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver