Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4740/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4631/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2000 manat məbləğində təhsil haqqı borcunun, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 924 manat məbləğində cərimənin, ümumilikdə 2924 manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4631/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2000 manat məbləğində təhsil haqqı borcu, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 90 manat məbləğində cərimə, ümumilikdə 2090 manat məbləğində vəsait və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qərara alınmış, iddia tələbi qalan hissədə iddianın təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanan 61 saylı, 13 sentyabr 2019-cu il tarixli təhsil xidməti müqaviləsinə əsasən 2019-2020-ci tədris ili təhsil haqqı 5000 manat müəyyən edilmiş, iddiaçıya 2020-ci ilin mart ayına kimi 3000 manat ödənilmiş, daha sonra dünyada baş verən Covid-19 pandemiyası səbəbindən təhsil dayandırılmış, bir müddət distant dərs sisteminə keçməkdə müəyyən problemlər yaranmış, beləliklə, müqavilənin 2.1.6-cı maddəsində təsbit olunan – dərslərin tam və ardıcıl şəkildə həyata keçirilməsi – iddiaçı tərəfindən təşkil olunmamışdır. Bundan əlavə, müqavilənin tərəflər arasında bağlanan müqavilənin 2.1.9-cu maddəsinə əsasən məktəb tərəfindən şagirdin gün ərzində bir dəfə yeməklə təmin olunması təsbit olunmuşdur ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin edərkən şagirdlərin həmin dövrdə əyani təhsil almadıqlarını, bununla da yeməklə təmin olunmaları zərurətinin olmamasını nəzərə almamışdır. Göstərilənlərə əsasən, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi R.Mahmudov apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Ə.Hüseynli apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etdi, eyni zamanda şikayətin yemək xərcləri ilə bağlı dəlili ilə bağlı 380 manat məbləğində güzəşt edilməsinə dair iddiaçı tərəfindən cavabdehə bildiriş göndərdiklərini, lakin cavabdehin bundan yararlanmadığını qeyd etdi. Sübutların tədqiqi: İddiaçı MMC ilə şagird X2 valideyni Cavabdeh arasında bağlanmış 13.09.2019-cu il tarixli 29 saylı Tam orta təhsil xidməti haqqında müqavilədən görünür ki, 2019-2020-ci tədris ili üçün təhsil haqqı şagird üçün 5000 manat təşkil edir. Müqavilənin 2.1.12-ci maddəsinə əsasən qarşıalınmaz (forsmajor) hadisələr nəticəsində tədrisin pozulmsına və başqa mənfi hüquqi nəticələli hallara görə “Məktəb” məsuliyyət daışmır. İddiaçı MMC tərəfindən verilmiş 30.07.2020-ci il tarixli maliyyə arayışına əsasən şagird üçün müqavilə üzrə ödənilməli olan 5000 manat təhsil haqqından valideyn X3 tərəfindən 3000 manat təhsil haqqı ödənilmişdir, qalıq borcu 2000 manat, 28.02.2020-ci il tarixdən 30.07.2020-ci il tarixədək qalıq borc məbləğinə hesablanmış cərimə 924 manat, ümumi borc 2924 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanan 13 sentyabr 2019-cu il tarixli təhsil xidməti müqaviləsinin 2.1.9-cu maddəsinə əsasən şagirdin gündə bir dəfə yeməklə təmin olunması nəzərdə tutulmuşdur. 2019/2020-ci tədris ilinin mart-iyun ayları üzrə təhsil haqqına güzəşt barədə 20 saylı, 04 iyun 2020-ci il tarixli Əmrdə Azərbaycan Respublikası ərazisində Covid-19 infeksiyasının yayılması ilə əlaqədar təhdil müəssisələrində təlim-tədris proseslərinin dayandırılması və dərslərin onlayn keçirilməsi səbəbindən cari ilin mart, aprel, may, iyun və iyul ayları üçün ödənilməli təhsil haqları məbləğlərinə güzəştlər edilməsi (380 manat) təsbit olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Mülki iş materiallarından məlum olur ki, cavabdeh tərəfindən öhdəliklər müəyyən müddət icra olunsa da sonradan lazımınca icra olunmamış və onun iddiaçıya yuxarıda qeyd olunan məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya eyni zamanda qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanan 13 sentyabr 2019-cu il tarixli təhsil xidməti müqaviləsinin 2.1.9-cu maddəsinə əsasən şagirdin gündə bir dəfə yeməklə təmin olunması nəzərdə tutulmuşdur. Hazırkı halda isə 2019-2020-ci tədris illərində məktəbdə distant təhsil həyata keçirildiyindən müqavilənin bu bəndinin realizə olunması zərurəti aradan qalxmışdır. Eyni zamanda iddiaçının nümayəndəsinin izahatı və işdə olan 04 iyun 2020-ci il tarixli əmrdən müəyyən olur ki, məktəb tərəfindən cavabdehə bir sıra xidmətlərə, o cümlədən yemək xidmətinə görə ümumilikdə 380 manat məbləğində güzəşt tətbiq edilmişdir. Belə olan halda məlum olur ki, iddia əsas borcun məbləğinə daxil olan yemək xərcləri hissəsində əsassızdır və təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən əsas borcun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 1620 (2000 – 380 = 1620) manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən əsas borcun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 1620 (min altı yüz iyirmi) manat tutulmalı, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4631/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qətnaməsi əsas borca aid hissədə dəyişdirilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə əsas borca görə 1620 (min altı yüz iyirmi) manat tutulsun. Qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4740/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4740/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver