Məhkəmə qərarları › İş №2(103)-4741/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4741/2020

29.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4741/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının vəkili (nümayəndəsi) X8, cavabdehin vəkili (nümayəndəsi) X7, iş üzrə üçüncü şəxs olan X6 və tərcüməçi X3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış və Bakı Şəhəri 5 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək qeydə alınmış “Kredit müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən “Kredit müqaviləsi” ilə nəzərdə tutulmuşdur ki, cavabdeh iddiaçıya guya 3 ay müddətinə 12.000 ABŞ dolları məbləğində pulu borc vermişdir. Əslində cavabdeh tərəfindən iddiaçıya borc verilməmiş, ümumiyyətlə cavabdeh ilə iddiaçı arasında borc münasibətləri olmamışdır. Faktiki olaraq isə cavabdehin anası Nəzakət Musayeva iddiaçının arvadı Nina Maqaldadzeyə xx.xx.2016-cı il tarixədək 12.000 ABŞ dolları məbləğində borc vermiş, lakin bu hal qeyd edilən “Kredit müqaviləsi” ilə rəsmiləşdirilmişdir. Bu hal X1rşı irəli sürdüyü və Səbail Rayon Məhkəməsinin icraatında olan iddia ərizəsi ilə mübahisəsiz olaraq təsdiq olunur. Belə ki, Nəzakət Musayeva həmin iddia ərizəsində etiraf edir ki, 12.000 ABŞ dolları onun tərəfindən Nina Maqaldadzeyə verilmişdir. Bundan başqa (hazırki iş üzrə iddiaçı) İddiaçı (hazırki iş üzrə cavabdeh) Taliə Musayevaya və başqalarına qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi” barədə iddiası olmuşdur. Həmin iddia ərizəsi əsasında başlanmış mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərarında (İş № 2(102)-6526/2018) da müəyyən edilmişdir ki, 12.000 ABŞ dolları məbləğində borc Nəzakət Musayeva tərəfindən Nina Maqaldadzeyə verilmiş, lakin bu hal yuxarıda qeyd edilən “Kredit müqaviləsi” ilə rəsmiləşdirilmişdir. Göstərilənlərə əsaslanaraq iddiaçı hesab edir ki, onunla cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış və Bakı Şəhəri 5 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək qeydə alınmış “Kredit müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddianın tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı vəkili (nümayəndəsi) Altay Əfəndiyev apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Apellyasiya icraatı zamanı Məhkəmə tərəfindən iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş (iddiaçının arvadı) Nina Maqaldadze Məhkəməyə verdiyi izahatında bildirdi ki, Nəzakət Musayeva ilə uzun müddətdir ki, dostluq münasibətləri var və 12.000 ABŞ dollarını da, Nəzakətdən o, özü üçün almışdır. Lakin aralarında olan razılığa əsasən “Kredit müqaviləsində” borc verən kimi Taliə Musayeva, borc alan kimi isə İddiaçı göstərilmişlər. Cavabdeh Taliə Musayevanın vəkili (nümayəndəsi) Qəndab Fərəcova apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin və iddianın dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxılanılmasını xahiş etmişdir. O bildirdi ki, xx.xx.2016-cı il tarixli “Kredit müqaviləsində” göstərilənlər həqiqəti əks etdirir. Belə ki, həqiqətən də cavabdehin anası Nəzakət Musayeva ilə Nina Maqaldadze çoxdandır ki tanışdılar və münasibətləri yaxşı olmuşdur. Nəzakət Ninaya inandığı üçün ona küllü miqdarda pulu borc vermişdir. Lakin Nina razılaşdırılmış müddətdə borcu qaytarmamışdır. Bu səbəbdən də, Nəzakət iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək borcun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu kimi iddianın verilməsi o demək deyil ki, 12.000 ABŞ dolları da Nəzakət tərəfindən Ninaya verilmişdir. Belə ki, Nəzakət və onun övladı olan Taliə Nina ilə Mixaila cəmi 60.600 ABŞ dolları məbləğində borc vermişlər. Bu səbəbdə də, o Ninaya qarşı iddia irəli sürərək yalnız özünə aid (60.600 - 12.000=) 48.600 ABŞ dolları məbləğində əsas borcun Ninadan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Odur ki, Mixailin həmin iddia ərizəsinə əsaslanaraq “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi” barədə iddia irəli sürməsi əsassızdır. Məhkəmə, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış və Bakı Şəhəri 5 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək qeydə alınmış “Kredit müqaviləsində” qeyd edilir ki, İddiaçı 12.000 ABŞ dolları məbləğində pulu xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə Cavabdeh götürmüşdür. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı bildirir ki, həmin müqavilə uydurma əqd olduğu üçün etibarsızdır. Belə ki, müqavilə üzrə cavabdeh ona borc verməmiş, ümumiyyətlə onların arasında borc münasibətləri olmamış, faktiki olaraq isə həmin məbləğ cavabdehin anası Nəzakət Musayeva tərəfindən onun arvadı Nina Maqaldadzeyə verilmişdir. Nina Maqaladadze bu halı təsdiq edir. Cavabdeh tərəf bu faktı inkar edir və bildirir ki, həmin məbləği cavabdehdən iddiaçı almışdır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Qanun tələbindən göründüyü kimi, əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmasın. Lakin hazırda tərəflər arasında notarial qaydada tərtib olunmuş müqavilə var. Həmin müqavilədən müəyyən olunur ki, tam fəaliyyət qabiliyyətli olan hər iki tərəf sərbəst iradə ifadəsi ilə və qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməklə aralarında olan borc münasibətlərinin rəsmiləşdirilməsi üçün razılaşmış və bu barədə müqavilə bağlamışlar. İddiaçının müqaviləni imzalaması o deməkdir ki, o sənədin məzmunu ilə razıdır və öz iradəsi ilə qeyd olunan şərtlərdə öz üzərinə öhdəlik götürüb. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. X2rşı “borcun tutulması tələbi” barədə iddiasına dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə və həmin iddia üzrə qəbul edilmiş məhkəmə aktlarına istinad edərək hazırki iş üzrə İddiaçı bildirir ki, Nəzakət Musayeva iddia ərizəsində 12.000 ABŞ dollarının özü tərəfindən Ninaya verildiyini etiraf edir, eyni zamanda məhkəmə aktları ilə də bu mübahisəsiz hal kimi qəbul edilmişdir. Məhkəmə iddiaçının dəlillərini əsassız hesab edərək qeyd edir ki, Nəzakət Musayevanın öz hüquqlarının müdafiəsi məqsədi ilə verdiyi iddia ərizəsindən görünür ki, həmin iş üzrə iddiaçı Nəzakət Musayeva 12.000 ABŞ dollarını tələb etməmiş, həmin məbləğin qızı Təliə tərəfindən Mixaila verildiyini bildirmişdir. Nəzakət iddia ərizəsində Ninaya 48.600 ABŞ dolları pul borc verdiyini qeyd etmiş və həmin məbləği də ondan tələb etmişdir. Bu hal Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olmuş 2(009)-88/2020 saylı işin başlanmasına əsas olmuş Nəzakət Musayevanın iddia ərizəsinin məzmundan aşkar şəkildə görünür. Belə ki, Nəzakət Musayeva həmin iddia ərizəsində bildirmişdir ki, o və qızı Təliə tərəfindən Nina Maqaladadzeyə və İddiaçı cəmi 60.600 ABŞ dolları məbləğində borc vermişlər. Bu məbləğin yalnız 48.600 ABŞ dolları onun tərəfindən Nina Maqaladadzeyə verilmişdir. Bu səbəbdən də, o, yalnız həmin məbləğin Nina Maqaladadzedən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərarına (İş № 2(102)-6526/2018) gəldikdə isə Məhkəmə qeyd edir ki, həmin iş üzrə məhkəmələrin baxışı predmeti iddiaçı Mixayıl Melnikovun “alğı-satqı müqavilənin etibarsız hesab edilməsi tələbi” barədə iddiası olmuş, həmin vaxt xx.xx.2016-cı il tarixli “Kredit müqaviləsinin” etibarlılığı mübahisə predmeti olmamışdır. Buna görə həmin iş üzrə qəbul edilmiş məhkəmə aktları hazırki iş üzrə preyudisial xarakter daşımır. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edir ki, xx.xx.2016-ci il tarixli “Kredit müqaviləsinin” etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil. Eyni zamanda Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 354-cü maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi hazırki iddianın irəli sürülməsi üçün qanunvericilikdə 1 illik kəsici müddət nəzərdə tutulmuşdur. İş materiallarından isə görünür ki, mübahisələndirilən əqd xx.xx.2016-cı il tarixdə bağlanmışdır. İddiaçı həmin müqavilədən, müqaviləni imzaladığı an məlumatlı olmuş, lakin müqavilənin etibarsızlığı barədə iddianı bir illik müddəti ötürməklə, xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı irəli sürmüşdür. Buna görə də Məhkəmə hesab edir ki, hazırki apellyasiya baxışının predmeti olan iddia tələbi əsaslı olsa idi belə, ona kəsici müddət tətbiq edilməsi səbindən təmin oluna bilməzdir. Beləliklə də, apellyasiyanın nəticəsi ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar