Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4742/2024 19.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayonu Cavabdeh1na, Bakı şəhəri Nəsimi rayonu 09 saylı Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3 Qulu oğluna, Cavabdeh4 qarşı iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, iddiaçının nümayəndəsi (əri) X6 və Cavabdeh2 vümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ünvan 1 ünvandakı mənzil iddiaçının mərhum anası X2 xüsusi mülkiyyətində oolmuşdur. X4 xx.xx.2014-cü il tarixində vəfat etmişdir. Miras qoyanın vəfatından sonra üç vərəsəsi (övladları) qalmışdır: İddiaçı, X8 və X11. xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən miras mənzil bütünlüklə Rasim Zeynalovun adına rəsmləşdirilmiş və xx.xx.2017-c ildə mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmışdır. X11 həmin evdə ailəsi ilə qeydiyyatda olmuşdur. Rasim Zeynalov notariat qaydasında təsdiq olunmuş xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzili 50 000 manata Cavabdeh2 satmışdır. Sonuncu isə xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə həmin mənzili 80 000 manata Cavabdeh3 Qulu oğluna satmışdır. Mənzil hazırda Cavabdeh3 mülkiyyətindədir. Rasim Zeynalov xx.xx.2023-cü ildə vəfat etmişdir. Rasim Zeynalovun ölümündən sonra bacısı olan İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmədə hazırkı iddianı qaldırmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Bakı şəhəri 9 və 14 saylı Notariat Kontorlarına, Cavabdeh2, Cavabdeh3 Qulu oğluna, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Alı Müstafayev küçəsindəki 5 saylı evin 16-cı mənzilinin X7 adına hüquqi qeydiyyata alınması, onun adına verilmiş çıxarışın, alqı-satqı müqavilələrinin, digər cavabdehlərin adına verilmiş çıxarışların və ondan irəli gələn nəticələrin etibarsız hesab olunması, mənzilin anaları X2 adına ilkin hüquqi qeydiyyatının təmin olunması, miras əmlakdan payların müəyyən olunması, həmin paylara hüquqların tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, sonradan ona məlum olmuşdur ki, qardaşı X11 həyat yoldaşına etibarnamə vermiş və həyat yoldaşı Cavabdeh4 miras əmlakı onların mirasdan məcburi paylarını mənimsəməklə tam olaraq qardaşları X7 adına rəsmləşdirmiş və sonradan Cavabdeh2 adlı şəxsə alqı-satqı müqaviləsilə satmışdır. X1 adına miras əmlak rəsmləşdirilərkən vərəsəlik işində qeyd olunmuşdur ki, guya mərhum analarının digər vərəsələri yoxdur. Halbuki, etibarnamə əsasında vərəsəlik işini aparan Cavabdeh4 onların vərəsə olduğunu bilirdi və qərəzli olaraq onlara məlumat vermədən onların vərəsə olduğunu gizlətmiş və notariusa saxta ərizə ilə müraciət etmişdir ki, guya miras qoyanın X5 başqa digər vərəsələri yoxdur. Miras əmlak X7 adına qeyri qanuni keçdikdən sonra Cavabdeh4 qanunsuz hərəkətlərini gizlətmək, onları miras paydan məhrum etmək üçün, əmlakı qardaşlarının adına etibarnamə əsasında rəsmiləşdirdikdən sonra təcili əmlakı digər cavabdehin Cavabdeh2 adına rəsmləşdirmişdir. Yalnız son günlərdə onlar bilmişlər ki, evdə təmir işləri aparılır. Onlar evdə olarkən onlara məlum olmuşdur ki, Cavabdeh3 Qulu oğlu mənzili Cavabdeh2 almış və hazırda təmir etdirir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-740/24 saylı iş üzrə 17 may 2024cü il tarixli qətnaməsi ilə (hakim Ə.Heydərova) iddia rədd edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisəli mənzilin X7 adına hüquqi qeydiyyata alınması zamanı maddi hüquq normalarının tələblərinə riayət olunduğuna, yəni həmin mənzilin Rasim Zeynalovun adına qeydiyyata alınması 09 saylı notariat kontorunun 18 aprel 2017-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinin əsasında verildiyinə görə və həmin şəhadətnamə qüvvədə olduğundan hazırda isə iddiaçı tərəfindən həmin şəhadətnamə əsasında verilmiş çıxarış mübahisələndirilmədiyindən, iddia bu hissə də rədd edilməlidir. İddia tələbi ünvan 2 ünvandakı mənzilin X7 adına hüquqi qeydiyyata alınmasının etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, iddia mənzilin anaları X2 adına ilkin hüququ qeydiyyatın təmin olunması hissəsində də əsassız hesab edilməli və təmin edilməməlidir. Cavabdeh4 Mülki Məcəllənin Maddə 362.1-ci maddəsinə əsasən notariat qaydada təsdiq edilmiş etibarnamə üzrə X7 adından çıxış etdiyindən, hazırkı işdə cavabdehliyi yoxdur.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.2, 149.2, 152.1, 182.1, 182.2, 337, 359.1, 362, 390.1, 405.1, 421.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, analarının vəfatından sonra mirası qəbul ediblər. Lakin qardaşları xəstə olduğundan vərəsəlik işinin rəsmiləşdirilməsini müvəqqəti dayandırıblar.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillərİ
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Cavabdeh2 nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir; Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən dəlillərini əsassız sayır.
17. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
18. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi mübahisəli mənzilin X7 adına hüquqi qeydiyyata alınması, onun adına verilmiş çıxarışın, alqı-satqı müqavilələrinin, digər cavabdehlərin adına verilmiş çıxarışların və ondan irəli gələn nəticələrin etibarsız hesab olunması, payların müəyyən olunması barədədir.
19. Yuxarıda qeyd olunduğu kimi, mübahisəli mənzil mərhum Rasim Zeynalovun adına notariat ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin əsasında mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İddiaçı Rasim Zeynalovun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı mübahisələndirsə də, həmin çıxarışın verilməsi üçün əsas olmuş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməni mübahisələndirməmişdir. Məhz elə buna görə də birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmişdir. Məhkəmənin qənaətinə görə mübahisələndirilən digər əqdlər təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir və buna görə də qeyd edilən müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir.
21. Mülki Məcəlləyə müvafiq olaraq mülki hüquq subyektlərinin müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən edilmişdir (maddə 6). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (maddə 390.1).
22. Mülki Məcəllə nəzərdə tutur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3).
23. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Sivilistika doktrinasında əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalı), əqdin məzmununa aid olunan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidir), əqdin formasına aid edilən şərt (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və iştirakıçıları üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
24. Mülki prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı normalarına əsasən əqdin etibarsızlığına əsas olan halların mövcudluğunu sübut etmək əqdin etibarsızlığını tələb edən tərəfin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1).
25. Prosessual qanunvericiliyin bu normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur.
26. Beləliklə, tərəflər arasında məhkəmədə mübahisələndirilən müqavilə bağlanarkən əqdin subyekt tərkibinə, məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər pozulmamışdır. Odur ki, göstərilən hallarda əqdin etibarsız sayılması üçün heç bir əsas yoxdur.
27. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın əsassız olması ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğundur, ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 17 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.