Məhkəmə qərarları › İş №2(103)-4743/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4743/2020

28.10.2020 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4743/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 5381/2019 nömrəli qətnaməsindən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi, ödənilmiş məbləğin və vurulmuş ziyanın cavabdehdən məcburi qaydada tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanılan xx xxxxxx 2004-cü il tarixli müqavilənin ləğv edilməsi, qarajın dəyəri olaraq ödənilmiş 6500 ABŞ dolları məbləğində pulun qaytarılması və 2004-cü ildən başlayaraq Milli Bankın uçot dərəcəsi üzrə illik 5 faiz olmaqla cəmi 4550 ABŞ dolları məbləğində vurulmuş zərərin ödənilməsi, müqavilənin ləğv olunması ilə ödənilmiş məbləğin geri qaytarılmasının eyni vaxta icra olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiаçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2004-cü ildə Cavabdeh Nərimanov rayonu ərazisində yerləşən binasının 89 nömrəli mənzilini alqı-satqı yolu ilə əldə etmişdir. xx xxxxxx 2004-cü ildə həmin Kooperativ ilə iddiaçıya məxsus olan mənzilin altında yerləşən qarajın hazır vəziyyətə gətirilərək iddiaçıya satılması üçün müqavilə bağlanmış və həmin müqavilədə qarajın dəyəri olaraq nəzərdə tutulan 6500 ABŞ dollarına ekvivalent olan pulu iddiaçı manatla ödəmişdir. Pulun ödənilməsindən keçən bir neçə il ərzində Kooperativin nümayəndəsi qarajın tikilməsinə Fövqəladə Hallar Nazirliyinin icazə vermədiyini və bu məsələni həll edəcəyini bildirərək iddiaçıdan bir az daha gözləməsini xahiş etmişdir. İddiaçı onun dediklərinə inanaraq bir müddət daha gözləmişdir. Qarajın heç bir halda tikilməyəcəyi aydın olduqda iddiaçı cavabdehdən ödənilmiş pulun geri qaytarılmasını tələb etmişdir. Cavabdeh isə iddiaçıya avtomobilini binanın qarşısında saxlamağı təklif edərək pulu qaytarmaqdan yayınır. Cavabdehin öhdəliyi pozması nəticəsində iddiaçı qanuni əsaslarla ona çatmalı olan əmlakdan məhrum olmuş və buna görə də həmin binadan əldə etdiyi mənzili satmağa məcbur olaraq əlavə zərərə düşmüşdür. Cavabdeh tərəfindən verilən iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı qeyd edir ki, tərəflər arasında xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən həmin müqavilədə mübahisəli qarajın iddiaçıya təhvil verilmə tarixi göstərilməmişdir. Müqavilədə göstərilir ki, tamamlama işləri bitdikdən sonra qaraj iddiaçıya hazır vəziyyətdə verilir. Müqavilə öhdəlikləri ilə bağlı işlərdə iddia müddətinin tətbiqinin başlanğıcı obyektin təhvil verildiyi zamandan başlayır. Bugünədək qaraj iddiaçıya təhvil verilməmişdir. Ona görə də hesab edirik ki, iddia müddəti buraxılmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 5381/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2004-cü il tarixli "Cavabdeh" MTK-nın binası üçün xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” müqavilənin ləğv edilməsi, həmin müqaviləyə əsasən qarajın dəyəri olaraq ödənilmiş 6500 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdehndən alınaraq İddiaçı qaytarılması, müqavilənin ləğv olunması ilə ödənilmiş məbləğin qaytarılmasının eyni vaxtda icra olunması, iddianın digər hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5381/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsininin tamamilə ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, Birinci instansiya məhkəməsi öz qətnaməsində AR Mülki Məcəlləsinin 386.1, 390.1, 421.2, 427.3, 442, 443.1, 448.1 və 752.1-ci maddələrinə istinad etmiş və belə qənaətə gəlmişdir ki, guya, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla qarajın bu günədək iddiaçıya təhvil verilmədiyi müəyyən edilmişdir. Lakin məhkəmə bu halın hansı sübutlarla müəyyən edildiyini öz qətnaməsində əsaslandırmamışdır və əsaslandıra da bilməzdi. Çünki, iş materiallarında belə bir sübut mövcud deyilidir. Bunun tam əksinə olaraq, qarajın cavabdeh tərəfindən iddiaçıya ən geci 2012-ci il tarixdən əvvəl təhvil verildiyi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş, iddiaçının pay üzvlüyündən imtina barədə ərizəsindən və həmin ərizəyə əlavə edilmiş qeydlərdən görünür ki, o, MTK-da olan mənzil payından imtina etmişdir. Yəni, həmin vaxta qədər artıq o, MTK-da olan payını götürmüşdü. Bunun əksini düşünmək isə absurd olardı. Çünki, 2004-cü ildə inşa edilməkdə olan yaşayış binasının onun MTK-ya rəsmi müraciət etdiyi xx xxx 2019-cu il tarixinədək təhvil verilməməsi ağlabatan deyil və Respublikamızda mövcud olan işgüzar adətlərə uyğun deyildir. “Kooperativ binada mənzil tikintisi haqqında” Müqavilə əsasında mənzil təhvil yerləşən avtomobil parkı sahəsindən 1 ədəd qaraj da iddiaçının faktiki sahibliyinə verilmişdir. İddiaçı binanın İİ blokunun 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 125,3 kv.m olan 3 otaqlı 89 nömrəli mənzilə olan pay hüququndan xx xxxxxx 2012ci il tarixində imtina etmiş və ödədiyi 45 108ABŞ dollarını MTK-nın kassasından" götürmüşdür. Lakin, mənzilin yerləşdiyi binanın altında onun istifadəsinə verilmiş 1 ədəd qarajla bağlı MTK-ya heç bir müraciət etməmişdir. İddiaçı öz iddiasında qeyd edib ki, guya MTK müqavilədə nəzərdə tutulmuş qarajın tikintisinə Fövqəladə Hallar Nazirliyi tərəfindən icazə verilmədiyini əsas gətirərək, bu günədək həmin qarajı iddiaçıya təhvil verməməklə, müqavilə şərtlərini pozduğu üçün, müqavilə ləğv edilməlidir. Məhkəmə iddiaçının yeganə arqumenti olan “Fövqəladə Hallar Nazirliyinin icazə verməməsi”nin düzgün olubolmamadığını yoxlamaq üçün hər hansı tədbir görməmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, qaraj çoxdan tikilib, hazırdır və artıq uzun müddətdir ki, mənzillə birlikdə iddiaçıya təhvil verilib. Görünür, iddiaçı binada olan mənzildən pay hüququndan imtina etdiyinə, hal-hazırda həmin qaraja ehtiyacı olmadığına və yeni alıcı tapa bilmədiyinə görə, məhkəmə vasitəsilə qarajı MTK-ya təhvil verərək, ödədiyi pulu geri almaq niyyətinə düşüb. İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” xx xxxxxx 2004-cü il tarixli müqavilənin şərtləri MTK tərəfindən pozulmayıb, MTK müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirib və qarajı iddiaçıya təhvil verib. Bu günədək, iddiaçının qarajdan istifadəsinə heç bir maneçilik törədilməyib. Məhkəmə, iddiaçıya verilməsi nəzərdə tutulan qarajın hazır olub-olmadığını, hansı tarixdən hazır olduğunu, qarajın iddiaçının istifadəsinə verilib-verilmədiyini və iddiaçının həmin qarajdan istifadəsinə maneənin olub-olmadığını araşdırmaq üçün hər hansı tədbir görməmiş, bu məqsədlə qarajın yerləşdiyi binaya yerinədə baxış da keçirməmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı öz qətnaməsində tamamilə əsassızdır. İddiaçı ilə aralarında bağlanmış müqavilədə müqavilənin icra müddəti nəzərdə tutulmasa da, qaraj ağlabatan müddətdə istifadəyə tam hazır vəziyyətə gətirilərək mənzillə birlikdə iddiaçının faktiki istifadəsinə verildyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X5 iddia ərizəsinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, tərəflərin izahatlarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2004-cü il tarixli "Cavabdeh" MTK-nın binası üçün xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» müqavilədən görünür ki, MTK-nın müdriyyəti qarajı təklif edir, MTK-nın payçısı ümumi dəyəri 6500 ABŞ dollar ekvivalent olan qarajın qiymətini manatla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh xx xxxx 2006-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 4-cü tikinti meydançası ünvanında yerləşən kooperativ yaşayış binası "Cavabdeh" MTK-sına məxsusdur. Binanın həyətində inşa edilən 46 №-li qarajln dəyəri 6500 ABŞ dolları payçı İddiaçı tərəfindən ödənilmişdir. MTKya borcu yoxdur. İş materiallarında olan İddiaçı tərəfindən "Cavabdeh" MTK-nın sədrinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, o, 2004-cü ildə Cavabdeh Nərimanov rayonu ərazisində yerləşən binasının 89 nömrəli mənzilini alqı-satqı yolu ilə əldə etmişdir. xx xxxxxx 2004-cü il tarixdə həmin Kooperativ ilə ona məxsus olan mənzilin altında yerləşən qarajın hazır vəziyyətə gətirilərək ona satılması üçün müqavilə bağlanmış və həmin müqavilədə qarajın dəyəri olaraq nəzərdə tutulan 6500 ABŞ dollarına ekvivalent olan pul kooperativə ödənilmişdir. Pulun ödənilməsindən uzun müddət keçməsinə baxmayaraq nə söz verilən qaraj ona tikilib təhvil verilmiş, nə də ödədiyi pul geri qaytarılmışdır. Qarajın dəyəri olaraq ödənilmiş 6500 ABŞ dolları məbləğində pulu 1 həftə müddətində geri qaytarmasını xahiş etmiş, əks halda həmin pulun vurulmuş zərərlə birlikdə məhkəmə qaydasında tələb ediləcəyi qeyd edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli sorğusuna cavab olaraq təqdim olunmuş Cavabdeh təsisçilərinin ümumi yığıncağnın 75 saylı, xx xxxx 2017-ci il tarixli protokoldan görünür ki, həmin protokol X10, X8, X11, X12 və X6 tərəfindən imzalanaraq Cavabdeh payçısı İddiaçı məxsus olan 89 saylı qarajın onun mülkiyyəti kimi sayılması və həmin qarajın onun istifadəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2004-cü il tarixli "Cavabdeh" MTK-nın binası üçün xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» müqaviləyə əsasən MTK-nın müdriyyəti qarajı təklif etmiş, MTK-nın payçısı – iddiaçı isə ümumi dəyəri 6500 ABŞ dollar ekvivalent olan qarajın qiymətini manatla ödəməyi öhdəsinə götürmüşdür. "Cavabdeh" MTK-nın xx xxxx 2006-cı il tarixli maliyyə arayışına əsasən qarajın dəyəri 6500 ABŞ dolları iddiaçı tərəfindən tam ödənilmişdir. Lakin müqavilədə razılaşdırılmış qaraj bu günədək iddiaçıya təhvil verilməmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə müraciət edilsə də, müraciətinə cavab verilməmişdir. Kollegiya Cavabdeh” Mənzil-Tikinti Kooperativinin təsisçilərinin ümumi yığıncağnın 75 saylı, xx xxxx 2017-ci il tarixli protokoluna əsasən Cavabdeh payçısı İddiaçı məxsus olan 89 saylı qarajın onun mülkiyyəti kimi sayılması və həmin qarajın onun istifadəsinə verilməsinin qərara alınması ilə bağlı qeyd edir ki, həmin protokol 1-ci instansiya məhkəməsində təqdim olunmamış , nə də apellyasiya şikayətinə əlavə olunmamışdır.Qarajın iddiaçının istifadəsinə verilməsi isə digər hər hansı sübutlarla təsdiq olunmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan müqavilə ləğv edilməli, qarajın dəyəri olaraq ödənilmiş 6500 ABŞ dolları məbləğində pul cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin «2004-cü ildən başlayaraq Milli Bankın uçot dərəcəsi üzrə illik 5 faiz olmaqla cəmi 4550 ABŞ dolları məbləğində vurulmuş zərərin ödənilməsi» hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona qeyd olunan məbləğdə zərərin vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə əlaqədar qeyd edir ki, tərəflər arasında imzalanmış "Cavabdeh" MTK-nın binası üçün xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» müqavilədə öhdəliyin icra müddəti müəyyən edilməmişdir, müqavilənin 1-ci bəndində tamamlama işləri bitdikdən sonra qarajın hazır vəziyyətdə təhvil verilməsi qeyd olunmuşdur. Lakin bugünədək qaraj iddiaçıya təhvil verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2004-cü il tarixli "Cavabdeh" MTK-nın binası üçün xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” müqavilənin ləğv edilməsi, həmin müqaviləyə əsasən qarajın dəyəri olaraq ödənilmiş 6500 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdehndən alınaraq İddiaçı qaytarılması, müqavilənin ləğv olunması ilə ödənilmiş məbləğin qaytarılmasının eyni vaxtda icra olunması, iddianın digər hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 5381/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar