Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4744/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh, eləcə də digər cavabdehlər X1 və Cavabdeh2 nümayəndəsi Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-36/2022 saylı, 18 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 birgə apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə Cavabdeh1, yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2002ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2004-cü il təvəllüdlü X3 ilə birlikdə 8000 manat məbləğində kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini artıraq Cavabdeh1, onun yetkinlik yaşına çatmayan X1 və yetkinlik yaşına çatdığına görə başqa cavabdeh qismində işə cəlb etməklə Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 31 saylı evin 39 saylı mənzilinə olan istifadə hüquqlarına 11000 manat kompensasiya verilməklə xitam verilməsini və mənzildən çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2000-ci ildə mərhum xalasının övladlığa götürdüyü X4 ilə faktiki nikaha daxil olaraq evlənmişdir, birgə yaşadıqları dövrdə xx.xx.2002-ci ildə Nəzrin və xx.xx.2004-cü ildə Nərmin adlı iki uşaqları doğulmuşdur. Məmmədov Elçin xx.xx.2009-cu ildə vəfat etmiş və Ruhəngiz əri öləndən sonra mülkiyyətçi olan X6 ilə yola getməyərək 2011-ci ilin fevral ayında uşaqları ilə birlikdə mənzili tərk etmişdir. X6 xx.xx.2011-ci il tarixdə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili ona vəsiyyət etmişdir və bu barədə ünvan 2torunda vəsiyyətnamə vermişdir. Xalası Ş.Məmmədova xx.xx.2016-cı ildə vəfat etmişdir. Həmin vəsiyyətnamə əsasında mənzilə xx.xx.2018-ci il tarixdə mülkiyyət hüququ ona keçmişdir. Cavabdeh1 ona və ünvan 2toruna qarşı iddia qaldıraraq miras əmlakdan məcburi payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddiası təmin edilməyərək qanuni qüvvəsini almışdır. Bundan sonra Cavabdeh1 yenidən ona və ünvan 2toruna qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiası təmin edilməyərək qanuni qüvvəsini almışdır. Daha sonra Cavabdeh1 yenidən evə köçürülmə ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 yetkinlik yaşına çatmayan övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Lakin onların arasında uzun müddət məhkəmə mübahisələri olduğuna, ev darısqal olduğuna görə həmin şəxslərin ona məxsus mənzildə köçüb yaşaması mümkün deyildir. Bu səbəbdən istifadə hüquqlarına xitam verilməklə cavabdehlərin və yetkinlik yaşına çatmayan uşağın evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-36/2022 saylı, 18 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11000 manat kompensasiya ödənilməklə ünvan 3 ünvanında yerləşən mənzilə olan istifadə hüquqlarına xitam verilməsi; iddianın qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi; ekspertiza xərcinin dəyəri olan 300 (üç yüz) manat məbləğində vəsaitin İddiaçı tutularaq "xxxx" MMC-nin (VÖEN:**********, bank "xxxx" ASC Yasamal filialı, bankın VÖEN **********, kod 512565, H/h AZ30AZRT********************, M/h:AZ02NABZ********************, SWİFT AZRTAZ22) hesabına ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-36/2022 saylı, 15 aprel 2022-ci il tarixli əlavə qətnaməsi ilə cavabdehlərə kompensasiya ödənilməklə ünvan 3 ünvanında yerləşən mənzilə olan istifadə hüquqlarına xitam verilərkən, həmçinin xx.xx.2004-cü il təvəllüdlü X2 da istifadə hüququna xitam verilməsi qət edilmişdir. Cavabdehlər birgə apellyasiya şikayəti verərək qətnamənin və əlavə qətnmənin ləğv edilməsini xahiş edib şikayətdə göstərirlər ki, məhkəmə qətnamə qəbul edərkən mənzildə istifadə hüququ olan şəxslərin hər birinə münasibətdə kompensasiya məbləğini müzakirə etməmişdir. Həmin şəxslərin birlikdə və ya ayrı yaşaması, onların 11 000 manat məbləğində pulla müəyyən dövr ərzində birlikdə və ya ayrı-ayrı yaşamalı olmalı məsələlərinə aydınlıq gətirməmişdir. Eyni zamanda, qızı X2 xx.xx.2022-ci il tarixdə artıq 18 yaşı tamam olmuşdur. Ona görə də Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-36/2022 saylı qətnaməsi və xx.xx.2022-ci il tarixli, 2(001)-36/2022 saylı əlavə qətnaməsi onun maraqlarına toxunur. Ona görə də X3 qeyd edilən məhkəmə qətnamələrinin onun maraqlarına toxunan şəxs kimi tanınması barədə ərizə ilə məhkəməyə müraciət edir və apellyasiya şikayəti verir. Məhkəmə iclasında cavabdeh, eləcə də digər cavabdehlər X1 və Cavabdeh2 nümayəndəsi Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək kompensasiya məbləğinin 15000 (on beş min) manatadək artırılmasına razı olduğunu, lakin apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı həmçinin aşağıdakıları qeyd edir. 1.Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı işlər fərqli xüsusiyyətlərə malik olduqlarına görə kompensasiyanın məbləğinin müəyyən edilməsində hər bir işin konkret xüsusiyyətləri, özünəməxsusluğu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. 2. Kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə). 3. kompensasiya ödənilən şəxsin evin təmirində, bərpasında rolu. 4. Yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranma əsası.
5. Kompensasiya təklif olunan şəxsin həmin evə köçməmişdən əvvəl yaşayış sahəsinə malik olub-olmaması, həmin yaşayış sahəsinin taleyi. 6. Yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği. 7. Kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları. 8. Kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri (məsələn, kompensasiya ödənilən şəxsin digər ailə üzvlərinə qarşı dəfələrlə cinayət törətməsi) 9. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. İşdə olan sənədlərdən də göründüyü kimi, mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə və yaxın ətrafda yerləşən yaşayış binalarında 2 otaqlı mənzillərin orta aylıq kirayə haqqının bazar dəyərinin 300 manat təşkil etməsi müəyyən olunmuşdur. Yəni, həmin ərazidə iki otaqlı mənzilin aylıq kirayə haqqı bir il üçün 3600 manat, iki il üçün 7200 manat, üç il üçün 10800 manat təşkil edir. İddiaçı isə cavabdehlərin istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması üçün daha çox, yəni 11000 manat məbləğində kompensasiya təklif edir. Başqa sözlə, iddiaçının təklif etdiyi kompensasiya ilə cavabdehlər təqribən 3 ilə yaxın bir müddətdə oxşar yaşayış sahəsi ilə təmin oluna bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehlər artıq 10 ildən çoxdurki həmin mənzildə yaşamırlar və həmin müddət ərzində kirayədə yaşamaqla özlərini yaşayış sahəsi ilə təmin edə bilmişlər. Yəni hazırki halda təklif olunan kompensasiya məbləği onların daha uzun müddət üçün yaşayış sahəsinə olan tələbatını qarşılayacaqdır. Bu məqamda nəzərə alınmalıdır ki, kompensasiya institutu əmlakdan müəyyən pay olmamaqla yaşamaq imkanı üçün zəruri olan vəsaitdir. Beləliklə məhkəmə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi ilə bağlı iddiaçının təklif etdiyi kompensasiya məbləği ilə razılaşır və o qənaətə gəlir ki, 11000 manat kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə cavabdehlərin və yetkinlik yaşına çatmayan X2 mənzildən çıxarılmaları barədə iddianı əsaslı hesab etmir. Belə ki, cavabdehlər və yetkinlik yaşına çatmayan şəxsin mənzilə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olsa da, hal-hazırda(hətta məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra mənzilə köçməmişlər) həmin şəxslər mübahisəli mənzildə yaşamırlar. Halbuki mənzildən çıxarılma barədə iddia tələbinin qanuni əsası mülkiyyətin müdafiəsi hüququndan irəli gəlir.
Tətbiq edilməsi nəzərdə tutulan hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.1-228.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur.
R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə”...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır... Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.,...”
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas olmasa da, dəyişdirilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsində, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dizpozisiya əlamətləri ilə uzlaşsa da kompensasiyanın məbləği hissəsində məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin dispozisiya şərtləri ilə uzlaşır və cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır, eyni zamanda bu xarakterili iddialar üzrə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarında formalaşdırdığı hüquqi mövqe ilə də tam uzlaşır. İkincisi, apellyasiya instansiya məhkəməsi kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq 15000(on beş min) manat müəyyən etdi. İddiaçının nümayəndəsi bu məbləğlə razılaşaraq ərizə ilə məhkəməyə müraciət edərək kompensasiya məbləğinin 15000(on beş min) manat olmasına etiraz etmədi. Hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Bununla yanaşı, məhkəmə özünün müəyyən etdiyi və iddiaçının bununla razılaşaraq cavabdehlərə təklif etdiyi 15000 (on beş min) manat məbləğində kompensasiya verməsini ədalətli və ağlabatan hesab edir. Məhz bu məbləğ cavabdehlərə mülkiyyətçinin hesabına davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Üçüncüsü, cavabdehlərin iddiaçıdan mənzildə istifadə hüququ olan şəxslərin hər birinə münasibətdə kompensasiya məbləği tələb etməsi sonuncunun mülkiyyətinə hər hansı bir hüquqi əsas olmadan müdaxilə kimi qiymətləndirilir ki, bu da yol verilməzdir. Çünki, kompensasiya institutu cavabdehlərə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir. Bu institutun mahiyyəti yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Buna görə də məhkəmənin müəyyən etdiyi və iddiaçının təklif etdiyi kompensasiya məbləği işin hallarına uyğundur. Mənzilin dəyərinin kompensasiyanın məbləğinə hər hansı bir təsiri olmasa da, kompensasiyanın məbləğinin bazar qiymətinə uyğunluğunun yoxlanılması üçün mənzilin bazar dəyəri də müəyyən edilmiş, hər iki qiymətləndirici rəyində mənzilin bazar dəyəri demək olar ki, yaxın məbləğlər olmuşdur. Göründüyü kimi, bütün bu hallar da iddiaçının cavabdehlərin həmin mənzildən istifadə hüquqlarına xitam verilməsinə nail olmaqda israrlı olduğuna dəlalət edir. Dördüncüsü, cavabdehlərin təklif olunan kompensasiya ilə müəyyən dövr ərzində birlikdə və ya ayrı-ayrı yaşamalı olması məsələlərinə aydınlıq gətirilməsinə də əsas və zərurət olmamışdır. Çünki, bu cavabdehlərin öz seçimi və istəyi ilə bağlı olan bir məsələdir. Bunun iddianın əsaslılığına heç bir təsiri ola bilməz. X1 xx.xx.2022-ci il tarixdə 18 yaşının tamam olmasının da qətnamənin(əlavə qətnamənin) qanuniliyinə heç bir təsir etmir. Ona görə də qətnamə və əlavə qətnamə onun maraqlarına zidd hesab edilmir. Çünki, cavabdehlər məhkəmə qətnaməsinə əsasən mübahisəli mənzilə köçürülsələr də faktiki olaraq 10 ildən artıq müddətdə orada yaşamır və yaşamaq istəkləri və arzuları da yoxdur. Əgər belə olmasaydı bu dövrdə ən azından köçürüldüyü məhkəmə qətnaməsinin icrasını tələb edərdilər. Etmirsə, demək bu yaşayış sahəsinə ehtiyacları da yoxdur yaxud bu ehtiyac aradan qalxmışdır. Buna baxmayaraq iddiaçı üstəlik 11000(on bir min) manat kompensasiya təklif etməklə, apellyasiya baxışı zamanı isə kompensasiyanın məbləğinin 15000(on beş min) manat olmasına razılaşmaqla cavabdehlərin istifadə hüquqların xitam verilməsini istəmiş, məhkəmə də haqlı olaraq iddianı təmin etmişdir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-36/2022 saylı, 18 mart 2022-ci il tarixli qətnaməsi qismən, yəni kompensasiyanın məbləği hissəsində dəyişdirilməli və kompensasiyanın miqdarı artırılaraq 15.000 (on beş min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-36/2022 saylı, 18 mart 2022-ci il tarixli qismən, yəni kompensasiya məbləği hissəsində dəyişdirilsin və kompensasiyanın miqdarı artırılaraq 15.000 (on beş min) manat müəyyən edilsin. Qətnamə, mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.