Məhkəmə qərarları › İş №2(103)-4746/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4746/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4746/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1814/2024 nömrəli 06 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş həyat sığortası şəhadətnaməsinə görə İddiaçı fiziki şəxslərə təqdim edilən kredit müqaviləsi üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydalarının 4.4cü maddəsində qeyd olunan sığorta riskləri üzrə sığortalanmışdır. Sığortalının ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 144000 manat təşkil edir. Növbəti aylar üçün ipoteka kredit müqaviləsinin əlavəsində göstərilmiş ödəniş cədvəlinə uyğun olaraq müəyyən edilir. İlkin ödəniləcək sığorta haqqı və ödəniş tarixi 3310.2 manat xx.xx.2019-cu il, növbəti dövrlər üzrə sığorta haqqı 275.85 manat. Növbəti dövrlər üzrə ödəniləcək sığorta haqlarının ödəniş tarixi xx.xx.2019-cu il - xx.xx.2039-cu il. Sonuncu sığorta haqqı 275.85 manat. Ölüm halında sığorta məbləğinin 100 faizi sığorta ödənişi verilir. Sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirilməsi ilə əlaqədar ona əlillik dərəcəsinin təyin olunması halında İ qrup əlillik üzrə sığorta məbləğinin 80 faizi, İİ qrup əlillik üzrə sığorta məbləğinin 60 faizi, İİİ qrup əlillik halında maksimum 1500 manat olmaqla sığorta məbləğinin 30 faizi sığorta ödənişi verilir. Sığorta olunanın xidməti vəzifəsinin icrası ilə bağlı hərbi əməliyyatlar, manevrlər və ya digər hərbi tədbirlər nəticəsində baş vermiş sığorta hadisəsinə (əmək qabiliyyətinin davamlı olaraq tam və ya qismən itirilməsi və ya ölümü) təminat verilir.

2. "xxxx" ASC-nin əməliyyat departamenti tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X4 ünvanlanan məktubda göstərilmişdir ki, xx.xx.2019-cu il tarixli 297İK- SAB/2019 saylı ipoteka müqaviləsi əsasında müvafiq dövlət strukturu tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ipoteka predmeti qismində çıxış edən, reyestr nömrəsi **********30-10301 olan ünvan 1 ünvanda yerləşən əmlak ipoteka saxlayana ipoteka qoyulmuş və dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olaraq, bankın yuxarıda qeyd olunan ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmış və həmin hüququn həyata keçirilməsi üçün müvafiq bildiriş xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatının ləğv edilməsi barədə tərəflər qarşılıqlı razılığa gəldiyindən, xx.xx.2022-ci il tarixli 22-11573/22 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatının ləğv edilməsi xahiş edilmişdir.

3. "xxxx" ASC-nin əməliyyat departamenti tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X4 ünvanlanan məktubda göstərilmişdir ki, ipotekanın təmin etdiyi xx.xx.2019cu il tarixli 297İK-SAB/2019 saylı kredit müqaviləsi üzrə bank qarşısında hər hansı öhdəlik qalmadığından, ipoteka kağızına xitam verilmiş və ipoteka kağızının dövlət qeydiyyatının ləğv edilməsi üçün xx.xx.2022-ci il tarixli 31- 23588/2022 saylı müraciət məktubu ünvanlanmışdır. Odur ki, notariat kontorunun reyestrində 4Ə-17 nömrə ilə qeydə alınmış, alqı-satqı və ipoteka müqaviləsi əsasında qeydiyyata alınmış ipotekanın dövlət qeydiyyatının ləğv etməsini imtina olunarsa bu barədə onlara rəsmi məlumat verilməsi xahiş olunmuşdur.

4. "xxxx" ASC-nin Səbail filialı tərəfindən Cavabdeh Sığorta Şirkətinin İdarə Heyətinə xx.xx.2022-ci il tarixdə ünvanlanan məktubda göstərilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixli 297İK-SAB/2019 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 137982.3 manat məbləğində ümumi borc məbləği mövcuddur. Qeyd olunanları nəzərə alaraq müştəriyə sığorta təminatı ilə əlaqədar köməklik göstərilməsi xahiş edilmişdir.

5. "xxxx" ASC tərəfindən verilmiş arayışa əsasən İddiaçı xx.xx.2019-cu il tarixli 297İK- SAB/2019 saylı kredit müqaviləsi üzrə heç bir öhdəliyi yoxdur.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 071 saylı h/h tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, polkovnik-leytenant İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan minaatan mərmisi partlayışı zamanı xəsarət almışdır.

7. İddiaçı üçüncü dərəcəli əlillik verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC-dən maksimum 1500 manat olmaqla sığorta məbləğinin 30%-nin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 16 yanvar 2019-cu il tarixdə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu"nun xətti ilə yaşayış mənzilinin alınması üçün “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən 297/İK-SAB/2019 saylı kredit müqaviləsinə əsasən 262 ay müddətinə, 8 faiz dərəcəsi ilə 144000.000 manat məbləğində kredit vəsaiti götürmüşdür. 21 yanvar 2019-cu il tarixdə onunla şirkət arasında MAP- 197523 şəhadətnamə nömrəli Həyat sığortası müqaviləsi bağlanmışdır. O, 06 noyabr 2020-ci ildə tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı yaralanmış, postkontuzion sindrom, üzvi dissosiativ pozuntu, dissosiativ (konversion) pozuntular, burun və burun ciblərinin digər dəqiqləşdirilmiş xəstəlikləri ikinciİi hipertenziya, qulaqlarda küy (subyektiv) diaqnozu ilə üçüncü dərəcəli əlillik almışdır. 13 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmişdir. Mərkəzi Bank müəyyən etmişdir ki, o, 10 aprel 2023-cü il tarixdə “Atəşgah Həyat" Sığorta Şirkəti ASC-yə ərizə ilə müraciət etmiş və 22 yanvar 2019-cu il tarixli MAP-197523 saylı sığorta müqaviləsinə 22 dekabr 2022-ci il tarixdən xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq, qaytarılmalı sığorta haqqı təqdim etdiyi bank hesabına geri qaytarılmışdır. Həmçinin “Azərbaycan Beynəlxalq Bank" ASC pərakəndə biznes seqmenti üzrə” Səbail filalı qarşısında 16 yanvar 2019-cu il tarixli, 297İK- SA13/2019 saylı kredit müqaviləsinə əsasən heç bir öhdəliyi yoxdur. Araşdırma zamanı müəyyən olundu ki, o, 297İK-SAB/20İ9 saylı Kredit Müqaviləsinə əsasən MAP-197523 saylı Sığorta Şəhadətnaməsi üzrə sığortalanmışdır. Bildirilmişdir ki, “ABB" ASC tərəfindən 21 fevral 2023-cü il tarixli 27 saylı məktuba əsasən 297İK-SAB/20İ9 saylı İpoteka kredit müqaviləsi üzrə borcu tam olaraq silinmişdir, borc yoxdur, kredit müqaviləsi üzrə borc olmadığıdan MAP-197523 saylı müqavilənin Sığorta Məbləği sıfıra bərabərdir. Bununla yanaşı “fiziki şəxslərə təqdim edilən kredit müqaviləsi üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta qaydalarının” 13.6.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcun ödəniş qrafiki nəzərdə tutulmuş qaydada azalmasına uyğun olaraq azalan sığorta məbləği həcmində müəyyən edilmişdir. 3-cü dərəcəli əlil olaraq maksimum 1500 manat olmaqla sığorta məbləğinin 30%-i ona ödənilməlidir. Lakin ödənilməyib, Qarabağ qazisinin hüquqları pozulub.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 iyun 2024-cü il tarixli 2(006)-1814/2024 nömrəli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia tələbi təmin edilmiş, Cavabdeh Sığorta Şirkəti ASC-dən 1500 manat alınaraq İddiaçı ödənilməsi, Cavabdeh Sığorta Şirkəti ASC-dən 35 manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə göstərmişdir ki, tərəflər arasında İddiaçı fiziki şəxslərə təqdim edilən kredit müqaviləsi üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmasına dair müqavilə bağlanmışdır. Hazırda iddiaçı üçüncü qrup əlil olduğu üçün müqavilə üzrə şərtləndikləri kimi sığorta məbləğinin 30 faizini tələb edir.

12. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 385.1, 933.1.1, 934.1, Mülki Prosessual Məcəllənin 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, sığorta şirkəti tərəfindən iddiaçıya Müqaviləyə xitam verilən zaman 916.53 AZN ödənilməli olduğu halda, daha çox (ödənilməli olandan 2117.82 A ZN artıq), yəni 3034.35 AZN ödənilmişdir. Digər halda, yəni iddiaçıya hazırki iddia tələbi üzrə imtina edilmədən sığorta ödənişi 1500 AZN verilsəydi, daha sonra Müqavilə xitam edilən zaman da 916.53 AZN ona ödənilsəydi, iddiaçıya ümumi Müqavilə üzrə cəmi 2416.53 AZN (916.53 və 1500 AZN birgə ) ödənilməlidi idi. Odur ki, iddiaçının hazırki tələbi üzrə 1500 AZN pul məbləği, hətta bundan artıq məbləğ sığorta şirkəti tərəfindən ona ödənilmişdir. Ona görə də iddiaçının tələbi əsassız və qanunsuzdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

17. İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 933.1.1. Sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya sığorta tələbini ünvanladığı halda sığorta ödənişi həyata keçirilir.

19. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Tərəflər arasında bağlanmış 16 yanvar 2019-cu il tarixli 297/İK-SAB/2019 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən yaşayış mənzilinin alınması üçün iddiaçıya 262 ay müddətinə 8% dərəcəsi ilə kredit verilmiş, həmçinin xx.xx.2019-cu il tarixli 297İK- SAB/2019 saylı ipoteka müqaviləsi əsasında ipoteka predmeti qismində çıxış edən, reyestr nömrəsi **********30-10301 olan ünvan 1 ünvanda yerləşən əmlak ipoteka saxlayana ipoteka qoyulmuş və dövlət qeydiyyatına alınmışdır.

29. Eyni zamanda iddiaçı ilə Cavabdeh Sığorta Şirkəti arasında 21 yanvar 2019-cu il tarixli MAP-197523 saylı ipoteka kreditləri üzrə borcalanların həyat sığorta müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ölüm halında sığorta məbləğinin 100 faizi sığorta ödənişi verilir. Sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirilməsi ilə əlaqədar ona əlillik dərəcəsinin təyin olunması halında İ qrup əlillik üzrə sığorta məbləğinin 80 faizi, İİ qrup əlillik üzrə sığorta məbləğinin 60 faizi, İİİ qrup əlillik halında maksimum 1500 manat olmaqla sığorta məbləğinin 30 faizi sığorta ödənişi verilir. Sığorta olunanın xidməti vəzifəsinin icrası ilə bağlı hərbi əməliyyatlar, manevrlər və ya digər hərbi tədbirlər nəticəsində baş vermiş sığorta hadisəsinə (əmək qabiliyyətinin davamlı olaraq tam və ya qismən itirilməsi və ya ölümü) təminat verilir.

30. İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan minaatan mərmisi partlayışı zamanı xəsarət almış, ona üçüncü dərəcəli əlillik verilmişdir.

31. Hazırda iddiaçı üçüncü qrup əlil olduğu üçün müqavilə üzrə şərtləndikləri kimi sığorta 1500 manat sığorta ödənişini tələb edir.

32. Cavabdehin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, həmin dəlillər sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı münasibətlərə aiddir (2039- 2040-cı illər üçün əvvəlcədən edilmiş sığorta haqqının qaytarılması, son 7 ay 21 gün üçün sığorta ödənişinin aparılmaması), həmin münasibətdən doğan mübahisənin isə hazırki tələbə aidiyyəti yoxdur.

33. Kollegiya hesab edir ki, iddiaçının tələbi haqlı olduğundan məhkəmə əsaslı olaraq iddianın təmin edilməsi qənaətinə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1814/2024 nömrəli iş üzrə 06 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar