Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4747/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), x2 və x1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə qarşı səhmdarların ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(006)-2695/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 ASC-nin 23 iyul 2019-cu il tarixli səhmdarların ümumi yığıncağının protokolunun və həmin protokol əsasında tərtib olunmuş bütün sənədlərin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən Hüquqi şəxslərin Dövlət reyestrində Cavabdeh1 ASC-nin ləğvetmə prosesində olması ilə bağlı aparılmış bütün qeydlərin etibarsız hesab edilməsi, cəmiyyətin icra orqanının adının və vəzifəsinin əvvəlki vəziyyətdə olduğu kimi qeyd edilməsi, Cəmiyyətin fəaliyyətinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(006)- 2695/2020 saylı qərardadı ilə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmışdır. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən tələbə mülki mühakimə icraatı qaydasında müvafiq kommersiya məhkəməsində baxılmalıdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qəbul edilərkən prosessual hüquq normaları pozulmuş, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün iş üzrə mühüm əhəmiyyətli olan faktiki hallar araşdırılmamışdır. Məhkəmə onun iddiasının kommersiya məhkəməsinin səlahiyyətlərinə aid olduğunu əsas götürərək icraata qəbuldan imtina etmişdir. Baxmayaraq ki, o, vergi ödəyicisi deyil, sahibkarlıq fəaliyyəti ilə məşğul olmur və iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. İddia tələbi Cavabdeh1 ASC-nin 23 iyul 2019-cu il tarixli səhmdarların ümumi yığıncağının protokolunun və həmin protokol əsasında tərtib edilmiş bütün sənədlərin etibarsız hesab edilməsi və cəmiyyətin fəaliyyətinin bərpa edilməsi ilə bağlı olmaqla həmin işlərə baxılması kommersiya məhkəməsinin yox, ümumi məhkəmənin səlahiyyətinə aiddir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli 2(006)- 2695/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(006)-2695/2020 saylı qərardadı ləğv edilməli, iddia ərizəsi icraata qəbul edilməsi üçün mülki iş materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizənin məhkəmə qaydasında baxılmalı olmaması, hər şeydən əvvəl, aidiyyət qaydaları ilə əlaqədardır. Hazırkı halda birinci instansiya məhkəməsi iddia tələbinə müvafiq kommersiya məhkəməsində baxılmalı olduğunu qeyd edərək iddia ərizəsini icraata qəbul etməmişdir. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1-ci maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması yalnız kassasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsi zamanı məhkəmə aidiyyəti haqqında mübahisəyə apelyasiya instansiyası məhkəməsi tərəfindən baxılması həmin işə gələcəkdə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən məhkəmə aidiyyəti haqqında mübahisə yarandıqda qeyri-müəyyən vəziyyətin yaranmasına səbəb ola bilər. Buna görə də İddiaçı iddia tələbinin predmetinə görə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələb olduğu müəyyən edilib gələcəkdə məhkəmə aidiyyəti haqqında mübahisə yarandığı təqdirdə qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə iddia ərizəsi icraata qəbul olunub işdə iştirak edən şəxsin ərizəsi və ya hakimin təşəbbüsü ilə məhkəmə aidiyyəti haqqında məsələyə baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(006)- 2695/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə qarşı səhmdarların ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi icraata qəbul olunması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4747/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4747/2020
02.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver