Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4749/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4799/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, beh müqaviləsi üzrə alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə X2, X4, "xxxx" QSC, X1, X3, X7 və X5 aralarında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, beh müqaviləsi üzrə alqı-satqı müqaviləsinin bağlanması və ümumi sahənin təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4799/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Sayan şossesi, 172 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması və ümumi sahənin ona təhvil verilməsini xahiş etdiyindən bu iddia tələbi müstəsna aidiyyətə görə iddia predmeti olan daşınmaz əmlakın yerləşdiyi Səbail rayonu ərazisində baxılmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Bundan başqa, iddiaçı iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməmişdir. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 8.662,0 kv.m sahənin özgəninkiləşdirilməsinə dair 5.630.495,00 (beş milyon altı yüz otuz min dörd yüz doxsan beş) manata alqı-satqı müqaviləsi bağlamaq barədə öhdəlik götürmüşlər. İddia tələbindən görünür ki, iddiaçı həmin alqı-satqı müqaviləsinin bağlanmasını və ümumi sahənin ona təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Mülki-Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə görə iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda - alınan məbləğlə müəyyən edilir. Həmin Məcəllənin 112.1.2-ci maddəsinə görə iddianın qiyməti əmlakın tələb edilməsi haqqındakı iddialarda - tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. İddiaçı iddia tələblərində alqı-satqı müqaviləsinin bağlanmasını və ümumi sahənin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etdiyinə görə, yəni əmlakın tələb edilməsi barədə iddia ilə məhkəməyə müraciət etdiyinə görə onun tərəfindən tələb edilən əmlakın dəyərinə uyğun olaraq dövət rüsumunu hesablamalı və dövlət nəfinə ödənilməlidir. İddiaçı tərəfindən qanunla nəzərdə tutulan məbləğdən az məbləğdə - 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki-Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4799/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərardadından İddiaçı şikayət verərək qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, qərardad qanunsuz və əsassız olduğu, prosessual hüquq normaları pozulmaqla faktiki hallar aydınlaşdırılmadan qəbul edildiyindən ləğv edilməli və iddia ərizəsi icraata götürülməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4799/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət (müstəsna aidiyyət) istisna olunmaqla, bu Məcəllənin 36.1- 36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddia tələbinin necə və hansı hissələrdən ibarət olması bəllidir və bu cür iddia tələbinin irəli sürülməsi iddiaçının seçimi olub. Bu tələbin yekun hissəsi ümumi sahənin təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması ilə bağlıdır. Birinci instansiya məhkəməsi mövqeyini qərardadda göstərib və nəyə görə bu qənaətə gəldiyini də əsaslandırıb. Ancaq iddiaçı bununla razılaşmır və şikayətində bunun səbəblərini geniş və ətraflı göstərir. İddiaçının(vəkilinin) şikayətində göstərdikləri açıq-aşkar əsassız görünməyə bilər. Lakin bu dəlillər də qərardadın ləğv edilməsi üçün əsas ola bilməzdi. Belə ki, iddiaçının yekun olaraq cavabdehdən tələb etdiyi tikilinin Bakı şəhəri Səbail rayonu ərazisində yerləşməsi, cavabdehin isə Xətai rayonu ərazisində qeydə alınması işin mübahisəsiz halıdır. Buna görə də ümumi sahənin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını özündə əks etdirən bir iddia tələbi üzrə mülki işə müstəsna aidiyyət qaydalarına uyğun daşınmaz əşyanın yerləşdiyi ərazidə baxılmalıdır. Çünki, mülki işə ərazi aidiyyəti üzrə baxılmasında müstəsna aidiyyət qaydaları tətbiq olunduğundan cavabdehin qeydiyyat ünvanının əhəmiyyəti yoxdur. Tutaq ki, müstəsna aidiyyət qaydaları tətbiq olunmur, ancaq hazırki iddia üzrə cavabdehin qeydə alındığı yer Qazax rayonu ərazisindədir, onda iddia ərazi aidiyyəti qaydalarına görə Qazax Rayon Məhkəməsinə verilməli idi. Demək işə həmin daşınmaz əşyanın yerləşdiyi ərazidə deyil, Qazax Rayon Məhkəməsində baxılmalı olarsa, bu zaman məhkəmə tədqiqi zamanı tikinti sahəsi ilə bağlı bir sıra prosessual hərəkətlərin aparılması, o cümlədən məhkəmənin yerində baxış keçirməsi, ekspertiza təyin edilərsə, Bakı şəhərində yaxud digər şəhər və rayonlarda fəaliyyət göstərən ekspertin(mütəxəssisin) yaxud qiymətləndiricinin apardığı tədqiqatla əlaqədar məhkəmədə dindirilməsi və.s. zərurəti yarana bilər. Əlbətdə ki, bu zaman cavabdehin qeydə alındığı üvanının olduğu, Qazax Rayon Məhkəməsinin hakiminin Bakı şəhəri Səbail rayonu ərazisinə gəlməsində, Bakı şəhərində yaxud digər rayon və şəhərlərdə fəaliyyət göstərən ekspertin yaxud qiymətləndiricinin isə Qazax Rayon Məhkəməsinə dəvət olunmasında istər-istəməz narahatlıq və əlavə xərclər yaranması ortaya çıxa bilər ki, bu da ədalət mühakiməsinin həyata keçirilməsində səmərəliliyi təmin etmir. Əksinə buna süni əngəllər yarada bilər. Deməli, MPM-in 39.1-ci maddəsində nəzərdə tutulan müstəsna aidiyyətin məqsədləri xaricində tətbiq edilməsi ədalət mühakiməsinin həyata keçirilməsində səmərəliliyə xidmət etməyəcək və nəticə etibarı ilə həqiqətin müəyyən edilməsi və ədalətin təmin olunması əsassız hallara görə uzanacaq ki, bu da işdə iştirak edən şəxslərdə haqlı narazılıq yaranması ilə nəticələnə bilər. Məhz bu mövqedən yanaşaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir müddəası bu iddia tələbinin mahiyyəti və məzmunu ilə bilavasitə bağlı olduğundan hazırki iddia da daşınmaz əşyanın olduğu yer üzrə verilməli və baxılmalıdır. Bundan əlavə, məhkəmə tərkibi rüsumla bağlı da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, ödənilmiş rüsum da qanunla nəzərdə tutulmuş məbləğdə olmamışdır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki mülki iş də aidiyyət qaydalarının pozulması ilə və dövlət rüsumunun qanunla müəyyən edilmiş məbləğə uyğun olmadan verildiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən işin Səbail Rayon Məhkəməsində baxılmalı olması barədə qənaəti düzgün olmuşdur. Çünki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin tələbi bu cür iddialar üzrə imperativ hesab olunur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4799/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4799/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4749/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4749/2023
24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver