Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4754/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-128/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. 14 iyun 2021-ci il tarixdə Cavabdeh1 “BMW 525” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi ərazisində "xxxx" ASC tərəfindən MV-P 00052-21 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Volkswagen Passat” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Volkswagen Passat” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 100 manat azadolma məbləği çıxılaraq 9746 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı şəhər DYPİ-nin İnzibati tənbeh vermə haqqında TP4430844 saylı qərarına əsasən Cavabdeh1 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olması səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbi ilə bağlı 4.949,73 manat sığorta ödənişi edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4.796,27 manat və ödənilmiş dövlət rüsumuna görə 77.70 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 14 iyun 2021-ci il tarixdə Cavabdeh1 “BMW 525” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi ərazisində "xxxx" ASC tərəfindən MV-P 00052-21 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Volkswagen Passat” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Volkswagen Passat” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 100 manat azadolma məbləği çıxılaraq 9.746 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı şəhər DYPİ-nin İnzibati tənbeh vermə haqqında TP4430844 saylı qərarına əsasən Cavabdeh1 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olması səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbi ilə bağlı 4.949,73 manat sığorta ödənişi edilmişdir, yerdə qalan 4.796,27 manat məbləğ isə Cavabdeh1 tərəfindən ödənilməlidir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-128/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 vurulmuş zərərə görə 4579,27 manat məbləğində sığorta ödənişi, 77.70 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 95 (doxsan beş) manatı Cavabdeh1, qalan 5 (beş) manatı isə iddiaçı "xxxx" ASC-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 24 noyabr 2022-ci il tarixdə verilmiş ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC-nin 17 iyun 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Volkswagen Passat” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 9.529 manat müəyyən edilmişdir. Məhkəmə dəymiş zərərin miqdarı məsələsini müzakirə edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab etmişdir ki, hazırkı iş üzrə keçirilmiş ekspert rəyinə əsasən avtomobilə dəymiş zərərin miqdarı 9.529 manat müəyyən edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən avtomobilə dəymiş zərərə görə 9.746 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh1 “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olduğundan "xxxx" ASC tərəfindən 4.949,73 manat sığorta ödənişi edilmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, ekspert rəyinə əsasən dəymiş zərərin miqdarı 9.529 manat müəyyən edildiyindən və cavabdehin sığortası tərəfindən 4949,73 manat ödəniş edildiyindən, həmin məbləğ dəymiş zərərin miqdarından çıxılmalı (9.529-4.949,73=4.579,27) və yerdə qalan 4.579,27 manat məbləğində sığorta ödənişi Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin digər Cavabdeh2 aid hissəsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq belə hesab etmişdir ki, subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırkı işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh1dur. İş üzrə digər Cavabdeh2 yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət daşımır. Odur ki, məhkəmə belə hesab edir ki, iddia tələbi avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 aid olan hissədə rədd edilməlidir.
6. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 936.1, 936.2, 1097.1, 1099.1, 1108.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88, 107, 119.1, 216- 220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-128/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən təmin olunmuş hissəsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı iddia ərizəsində 10-00-156 qeydiyyat nişanlı Volsvagen Pasat markalıavtomobilin təmiri üçün 100 manat azadolma məbləği çıxılmaqla 9746 manat vəsait ödədiyini qeyd etmişdir. Həmin məbləğin 4949,73 hissəsi onun avtomobilinin icbari qaydada sığortalandığı "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı hesab edir ki, yerdə qalan məbləğ yəni 4796,27 manat cavabdehlər tərəfindən ona ödənilməlidir. Göründüyü kimi iddiaçının onlardan tələb etdiyi iki qat şişirdilmişdir. Baxmayaraq ki, icbari sığota olunmuş avtomobillərə qarşı tərəfə vurduğu zərərə görə maksimum 5000 manat ödənişin ödənilməsi nəzərdə tutulur. Lakin onun avtomobilinin icbari qaydada sığorta edildiyi halda "xxxx" Şirkəti tərəfindən iddiaçıya yalnız 4949, 73 manat ödənilmişdir. Qətnamədə istinad edilən maddi hüquq norması ilə yekun nəticə ziddiyyət təşkil edir. Məhkəmə iş materiallarında olan həm də təqdim etdiyi sübutları araşdırmadan iddianı təmin etmişdir. Bütün bu mövqeyi ilə məhkəmə sadalanan qanunvericilik normalarının tələblərini pozmuşdur. İddiaçı məhkəməyə iddia tələbinin təmin olunması üçün iddia qaldıran zaman məhkəməyə qədər nizamlama (pretenziya) qaydasına riayət etməmişdir. Yəni o iddiaçı tərəfindən hər hansı bir şəkildə məktub almayıb. Avtomobilin təmir olumaması və yeni detallarla əvəz olunması barədə ona iddiaçılar tərəfindən heç bir məlumat verilməmişdir. Avtomobilin detallarının da kifayət qədər qiyməti yüksək olan detalla əvvəl olunması təbii ki, bir vətəndaş olaraq onun hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmiş, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh prosessual qanunvericiliyin pozulması ilə bağlı əsaslandırma edərkən tərəfindən təqdim edilmiş sübutları araşdırmadan qətnamə qəbul edildiyini qeyd etmişdir. Lakin cavabdeh tərəfindən hər hansı əlavə sübut təqdim edilməmiş, əgər təqdim edildiyini iddia edirdisə, hansı sübutları təqdim etdiyini qeyd etməmişdir. Cavabdeh Mülki Prosessual Məcəllənin 4.3-cü maddəsinə istinad edərək bu maddənin tələblərinin yerinə yetirilmədiyini qeyd etmişdir. Göstərilən maddənin tələbinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi cavabdehlə aramızdakı mübahisə kommersiya mübahisəsi olmadığından işə mülki qaydada Xətai rayon məhkəməsində baxılmışdır. Tərəflərindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli, 0949/22 saylı məktubla həm yazılı qaydada, həm də şifahi qaydada subroqasiya tələbi ilə bağlı məlumat verilmiş, lakin vətəndaş ödəmək istəmədiyini bildirmişdir. Həmçinin Cavabdeh1 pretenziya məktubunun çatması ilə bağlı qaiməyə qol çəkərək məktubu qəbul etdiyi aydın görünür. Həmin qaimə etiraza əlavə edilir. Cavabdehin qiymətləndirmə ilə bağlı şikayətinə münasibətdə bildirir ki, onun şikayəti nəzərə alınmaqla Xətai rayon məhkəməsinin qərarı ilə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 24 noyabr 2022-ci il tarixdə verilmiş ekspert rəyinə əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Volkswagen Passat” markalı, 10-00-156 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 9529 manat müəyyən edilmiş və məhkəmə həmin ekspert rəyinə əsaslanmaqla qərar qəbul etmişdir.
Proses iştirakçılarının izahatı
10. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirir ki, 14 iyul 2021-ci ildə yol nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi zamanı onların kasko sığortalı "Volkswagen" Passat markalı avtomobilə zərər dəymişdir. Dəymiş zərər onlar tərəfindən 9746 manat hesablanmış və qarşı tərəfə onlar tərəfindən ödənmişdir. Daha sonra onlar kasko sığorta olduğuna görə qarşı tərəfdən icbari sığorta kimi 5000 manat tələb ediblər. "xxxx" ASC bizə 4949,73 qəpik ödəyib, qalan hissə isə normal olaraq “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunun 56.1.3-cü maddəsinə əsasən 5000-ə qədər ödəndiyi üçün qalanı da vətəndaşdan tələb olunur. Bununla bağlı vətəndaşa məktub göndəriblər, əlaqə saxlamağa çalışıblar, amma vətəndaş ödəmək istəmədiyini bildirib. Eləcə də vətəndaş apellyasiya şikayətində maddi hüquq normalarının pozulduğunu bildirmişdir, amma heç bir maddəyə istinad etməmişdir. Qarşı tərəf həmçinin prosessual hüquq normalarının pozulduğunu da bildirmişdir, bu iş kommersiya işi olmadığından işi Kommersiya Məhkəməsinə verməyiblər. Qarşı tərəfin istəyi ilə Xətai Rayon Məhkəməsi ekspertiza keçirmiş və onlar məbləğə uyğun olaraq köhnəlmə faizi ilə qiymət tətbiq edilmiş və onların iddiası təmin edilmişdir. Qarşı tərəf şikayətində bildirmişdir ki, ona heç bir məktub göndərilməyib. Amma onlar məktub da göndəriblər, əlaqə də saxlayıblar, hətta tərəf qaiməyə imza çəkib onlara göndərmişdir.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verməmiş, cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, hazırkı iddiasında "xxxx" ASC tərəfindən MV-P 00052-21 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Volkswagen Passat” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında Cavabdeh1 tutulması xahiş olunur.
19. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə istinad edərək Cavabdeh1 iddiaçının xeyrinə 4579,27 manat tutulmalı olduğu qənaətinə gəlmişdir.
20. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, “Volkswagen Passat” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan olaraq tutulmalı məbləğ şişirdilmişdir.
21. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 24 noyabr 2022-ci il tarixdə verilmiş ekspert rəyinə istinad etmişdir.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 24 noyabr 2022-ci il tarixdə verilmiş ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC-nin 17 iyun 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Volkswagen Passat” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 9.529 manat müəyyən edilmişdir.
23. Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
24. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
25. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
26. İş materialları ilə müəyyən edilir ki, "xxxx" ASC tərəfindən 4.949,73 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının xeyrinə sığorta şirkəti tərəfindən ödənilməmiş 9.529 - 4.949,73 = 4.579,27 manat məbləğində pul tutulmalıdır.
28. Cavabdeh apellyasiya şikayətində zərərin məbləğinin şişirdildiyini qeyd etsə də, dəymiş zərər ilə bağlı, şikayətinin dəlili kimi istinad etdiyi hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.
29. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).
30. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
31. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-128/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev