Məhkəmə qərarları › İş №2(103)-4756/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4756/2023

11.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4756/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Azəriqaz" İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi, ödənilmiş pulun geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “cərimə borcunun silinməsi və pulun geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2419/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmiş, sayğacın çıxarılma səbəbi - sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd olmuşdur.

2. İddiaçı Cavabdeh tərəfindən 1.857,6 manat məbləğində cərimə tətbiq edilmiş, onun tərəfindən təbii qazdan istifadəyə görə ödənilən məbləğdən 2018-ci ildən 2023-cü ilin fevral ayınadək 78.99 manat məbləğində tutmalar aparılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə əsassız olaraq borc kimi yazılmış 1.778,61 manatın Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən evdə yaşayır. Cavabdeh İB-nin nümayəndələri tərəfindən həmin yaşayış evində sayğac dəyişdirilərək köhnə sayğac aparıldıqdan sonra yerinə yeni sayğac quraşdırılmışdır. İndiyə qədər həmin evdə sayğacdan istifadəyə görə yaranmış borclar aybaay gecikdirilmədən ödənilmişdir.

5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 2419/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

6. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh İB tərəfindən əsassız olaraq tələb olunan 1.778,61 manatın silinməsi və əsassız olaraq abonent hesabından tutulmuş 78,99 manat pulun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 2419/2023 nömrəli qətnaməsi ilə (hakim A.N.Həsənova) iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 1.778,61 manat məbləğində borcun silinməsi, Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 78.99 manat məbləğində pulun iddiaçıya geri qaytarılması, Cavabdehndən 38.57 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1.778,61 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya borc kimi yazılan cərimənin ödənilməsi üçün iddiaçının abonent hesabına yüklədiyi məbləğlərdən 50% tutulması və bu məbləğlərin əsassız hesablanmış borcun silinməsinə yönəlmiş hərəkətləri də yolverilməzdir. Odur ki, iddia bu hissədə də təmin edilməli, cavadehin iddiaçının abonent hesabından sildiyi 78.99 manat mələğində pul iddiaçıya geri qaytarılmalıdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.9-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə, Mülki Prosessual Məcəlləsinin 119.1, 124.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8, 9.1.5, 9.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İBnin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 1.778,61 məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları, borcun yaranması hallarını araşdırmamışdır. Məhkəmə araşdırmanın obyektivliyini təmin etmək məqsədilə mülki iş materiallarında mövcud olan aktlarda imza etmiş şəxslərin şahid qismində dəvət olunmasını təmin etməmişdir. Mülki iş üzrə hesabatların doğru olub-olmadığını yoxlamaq üçün mühasibatlıq və trassoloji ekspertizasına göndərilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”: Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən iddiaçıya məxsus fərdi yaşayış evindəki sayğac yenisi ilə əvəzlənmiş, sayğacın çıxarılma səbəbi sayğacın çıxış plastmas borusunun deşilməsi olmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının təqsiri ucbatından sayğacın yararsız hala düşməsini və onun təbii qazdan qanunsuz olaraq istifadə etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

23. Qeyd edilənlər onu deməyə əsas verir ki, həmin akt üzrə iddiaçıya borcun hesablanması və cavabdeh tərəfindən iddiaçıya borc kimi yazılan cərimənin ödənilməsi üçün iddiaçının abonent hesabına yüklədiyi məbləğlərin bir hissəsinin tutulması əsassız olmuşdur.

24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evindəki sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən iddia tələbi təmin edilməlidir. Həmçinin, iddiaçının abonent hesabından sildiyi 78.99 manat mələğində pul iddiaçıya geri qaytarılmalıdır.

25. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

26. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

27. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2419/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar