Məhkəmə qərarları › İş №2(103)-4758/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4758/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4758/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və Elchieva Durdananın Cavabdeh MMC-nə qarşı, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Cavabdeh MMC-nə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: icraatın dayandırılması, əşya hüququna əsaslanan tələb, əqdin etibarlılığının yoxlanılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı1 və Elchieva Durdananın Cavabdeh MMC-nə qarşı “daşınmaz əmlakın alqısatqı müqaviləsinin və daxili lizinq müqaviləsinin etibarsız hesab edilməsi”, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Cavabdeh MMC-nə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qərardadından iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndələri (vəkilləri) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 239, M3, m.6) saylı mənzili Cavabdeh (MMC) tərəfindən 08 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında lizinqə verilmək məqsədilə satın alınmışdır.

2. MMC ilə İddiaçı1 arasında 08 noyabr 2019-cu il tarixdə bağlanmış D050 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 239, M3, m.6) saylı mənzili lizinq məbləği 130 000 (yüz otuz min) manat, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 27 faiz olmaq şərtilə İddiaçı1 lizinqə verilmişdir.

3. MMC ilə X5 arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli D050 saylı zaminlik müqaviləsinə görə, X5 MMC və İddiaçı1 arasında bağlanmış D050 saylı “Daxili lizinq müqaviləsi” üzrə lizinq alan İddiaçı1 öhdəliklərinin icrasına zamin durmuşdur.

4. Cavabdeh İddiaçı1 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC və İddiaçı1 arasında bağlanmış 08 noyabr 2018-ci il tarixli D050 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv olunması, mənzildən istifadə etdiyi müddət ərzində hesablanmış 63 696 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun İddiaçı1 tutularaq "Faktor Lizinq” MMC-nə ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 saylı mənzilinə (yeni qaydalarla AZ1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 239, M3, m.6) olan istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılaraq MMC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunması qət edilmişdir.

5. Həmin qətnamədən İddiaçı1 nümayəndəsinin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərardadı ilə qismən təmin olunmuş, qətnamə ləğv edilərək iş ərazi aidiyyəti üzrə baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir.

6. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC və İddiaçı1 arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli D050 nömrəli daxili lizinq müqaviləsinin ləğv edilməsi, İddiaçı1 və X2 63 696 (altmış üç min altı yüz doxsan altı) manatın və 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla AZ1118 Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 239 M3 mənzil ) saylı mənzilinə İddiaçı1 istifadə hüququnun itirilməsi və mənzilin boşaldılaraq "Faktor Lizinq” MMC-yə təhvil verilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı1 və Elchieva Durdana Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Elchieva Durdana ilə Cavabdeh MMC arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli D050 nömrəli daxili lizinq müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

8. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin etbarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin 23 may 2023-cü il tarixli qərardadı ilə işin icraatının, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılıb yekunlaşanadək dayandırılması qərara alınmışdır.

10. Məhkəmə hesab etmişdir ki, Biləsuvar Rayon Məhkəməsində baxılan iş həll edilməyincə, İddiaçı1 və Elchieva Durdananın Cavabdeh MMC-nə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və daxili lizinq müqaviləsinin etibarsız hesab edilməsi”, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Cavabdeh MMC-nə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab olunması” tələblərinə dair işə mahiyyəti üzrə baxmaq və yekun qərar qəbul etmək mümkün deyildir.

11. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Prosessual Məcəllənin 254.1.4-cü və 258-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli Qərarına istinad etmişdir.

12. Qərardaddan iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndələri (vəkilləri) şikayət verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iki işin arasındakı bağlılığın mahiyyətini düzgün qiymətləndirməmiş, müqavilələrin etibarsızlığı ilə bağlı işə daha əvvəl baxılmalı olduğunu, bu səbəblə əslində Biləsuvar Rayon Məhkəməsində baxılan işin icraatının dayandırılmasının zəruriliyini nəzərə almayaraq əsassız qərar qəbul etmişdir.

13. Məhkəmənin 13 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya baxışı

14. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa.

16. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı

17. “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.”

Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadı

18. Məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır (Qərardadın nəticə hissəsi).

19. O da vurğulanmalıdır ki, əqdə əsaslanan tələb hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər (bənd 54).

20. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı (bənd 55).

21. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir (bənd 54).

Apellyasiya baxışının həddi

22. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

23. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin icraatını dayandırdığı zaman, yuxarıda qeyd olunan işlərin arasındakı bağlılığın mahiyyətinə düzgün hüquqi qiymət verməmişdir.

24. Belə ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan - Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.

25. İşin hallarından görünür ki, hazırkı iş üzrə iddiaçılardan biri olan X7 Rayon Məhkəməsində baxılan iş üzrə tərəf deyil və onun hazırda irəli sürdüyü iddia tələbi əşya hüququna söykənən tələbdir.

26. Bu kontekstdə qeyd olunmalıdır ki, Durdana Elchievanın iddia tələbinə baxılması, Biləsuvar Rayon Məhkəməsində baxılan işin nəticəsindən asılı edilə bilməz; İddiaçı1 və Oqtay Yoçiyevə münasibətdə isə qeyd olunmalıdır ki, əgər Biləsuvar Rayon Məhkəməsinin müvafiq əqdlərin (lizinq və zaminlik müqavilələri) etibarlılığı məsələsinə qiymət verdiyi müəyyən olunarsa, bu halda icraatın dayandırılması deyil, iddianın baxılmamış saxlanılması müzakirə oluna bilər (§ 18).

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2152/2023 saylı iş üzrə 23 may 2023-cü il tarixli qərardadı ləğv olunsun və mülki iş, icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar