Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4764/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: aktın ləğv olunması və borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv olunması və hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1741/2024 nömrəli 10 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 14 fevral 2023-cü il tarixli ******* saylı «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» akta görə Cavabdeh İB-nin işçiləri İddiaçı yaşadığı ünvanda istifadə olunan təbii qazın həcmini ölçən 1500AZ**********97 nömrəli sayğacı çıxararaq, yeni **********408 nömrəli sayğac quraşdırmışlar. Çıxarılan sayğacın mexaniki və elektron göstəriciləri arasında fərqin olması müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 fevral 2023cü il tarixli ******* saylı aktın ləğv edilməsi və İB tərəfindən onun adına (ünvanına) itirilmiş təbii qazın həcmi üzrə hesablanmış 1.432,25 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ailəsi ilə birlikdə iddia ərizəsində qeyd etdiyi ünvanda yaşayır. Onunla İB arasında bağlanmış müqaviləyə əsasən həmin ünvana smart tipli qaz sayğacı quraşdırılmışdır. Həmin sayğac 14 fevral 2023-cü il tarixdə yenisi ilə əvəz edilmişdir, həmin tarixdə akt tərtib etmişlər ki, guya sayğaca müdaxilə edilmişdir. Halbuki aktdan onun xəbəri olmamış, imzalanmaq üçün təqdim edilməmişdir. Birliyə müraciət etdikdən sonra aktdan məlumatı olmuşdur. Həmin sayğaca əsasən ona əlavə olaraq 31 mart 2023-cü il tarixdə də borc hesablanmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin borc məbləğinin hesabdan silinməsi qət edilmişdir. Yenidən eyni sayğaca görə başqa bir əsasla borc yazılması isə tamamilə qanunsuz və əsassızdır. O, vətəndaşdır və sayğaca nəzarət idarə tərəfindən edilməli idi və hər ayda nəzarət olunurdu. Sayğac evdən kənarda yerləşir. Əgər sayğacda hər hansı bir nasazlıq var idisə, nəzarətçi bunu görməli və dərhal da tədbir görməli idi. Lakin onun sayğacı istismar müddətinin bitməsi əsası ilə dəyişdirilmiş, dəyişdirilərkən qeyd olunan nasazlıq aşkar edilmişdir. O, sayğacın göstəricilərinə müdaxilə etməmiş, sayğac dəyişdirilərkən plombu üzərində olmuş, plomba hər hansı bir müdaxilənin olması aşkar olunmamışdır. Göründüyü kimi, əvvəlki sayğacın istismar müddəti bitmiş, istismar müddəti 5 il olan sayğac müddətindən artıq işləmişdir.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 iyun 2024-cü il tarixli 2(002)-1741/2024 nömrəli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia təmin edilmiş, Cavabdeh İB-nin işçiləri tərəfindən tərtib edilmiş 14 fevral 2023-cü il tarixli ******* saylı aktın ləğv edilməsi və iddiaçının adına (ünvanına) (abonent kodu: **********00000) itirilmiş təbii qazın həcmi üzrə hesablanmış 1.432,25 manat məbləğində borcun Cavabdeh İB tərəfindən silinməsi qət edilmişdir.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, qaz sayğacının istismar müddəti bitdikdən sonra sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasında fərq yaranmışdır. Lakin yaranmış həmin fərqin İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, fərqin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqənin olması aşkar edilməmişdir. Bu ondan irəli gəlmişdir ki, həmin səhv istehlakçının deyil, qaz paylayıcısının, yəni istehsalçının səhvi nəticəsində baş vermişdir. Bu baxımdan həmin səhvə görə düzgün hesablanmamış qazın dəyəri də istehlakçıdan tələb edə bilməz. Bundan əlavə, nəzərə alınmalıdır ki, istehlakçının həmin sayğacın elektron və ya mexaniki göstəricisinə müdaxilə etməsi halı işin faktiki halları, habelə məhkəmə araşdırması zamanı da müəyyən olunmamış, «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və aktdakı məlumatların düzgünlüyü iddiaçı və Birliyin nümayəndələri tərəfindən imzalanaraq təsdiq olunmuş olsa belə, həmin hal istehlakçının hərəkətlərinin hüquqazidd və qanunsuz olmasına dəlalət etmir, bu hal yalnız sayğacın göstəriciləri arasında yaranmış fərqi ehtiva edir ki, bu fərq də istehlakçıdan tələb edilə bilməz.
6. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa, «Qazdan istifadə Qaydaları»na, Mülki Məcəllənin 14.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı iştirakı ilə sayğaca baxış keçirilən zaman sayğacın mexaniki göstəricisi ilə elektron göstəricisi arasında fərq olduğu, mexaniki göstəricisinin 23815 m3 qaz sərf edildiyini qeyd etdiyi müəyyən edilmişdir. Sayğaca baxış keçirildikdən sonra istehlakçının iştirakı ilə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və iddiaçı və cavbdehin əməkdaşları tərəfindən imzalanmışdır. Lakin məhkəmə istehlakçının təqsiri olub-olmamasından asılı olmayaraq sayğacın istismar müddəti ərzində iddiaçının həmin qazı sərf etdiyini, bu halın tərəflərin iştirakı ilə sayğac çıxarılan zaman aşkar edildiyini nəzərə almadan sayğac göstəricisi üzrə olan sərfiyyat borcunu dəymiş ziyan kimi qiymətləndirərək qanunsuz qətnamə çıxarmışdır.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu
11. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
12. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.
13. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
14. Maddə 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15. 01.05.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”
16. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
17. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
18. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.
19. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.
20. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
21. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
22. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
31. Tərtib edilmiş akta əsasən iddiaçıya məxsus ünvanda yerləşən qaz sayğacı yenisi ilə əvəz edilmiş və çıxarılan sayğacın mexaniki və elektron göstəriciləri arasında fərqin olması müəyyən edilmişdir.
32. Lakin istehlakçının həmin sayğacın elektron və ya mexaniki göstəricisinə müdaxilə etməsi halı işin faktiki halları ilə müəyyən edilməmişdir.
33. Qanunvericiliyin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.
34. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
35. Baxılan iş üzrə isə iddiaçının təqsirli olmasını müəyyən edən müvafiq qərar cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə olan halda vurulmuş zərərin tələb edilməsi əsassız hesab edilir.
36. Məhkəmə haqlı olaraq göstərmişdir ki, yaranmış həmin fərqin İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, fərqin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqənin olması aşkar edilməmişdir.
37. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.
38. Kollegiya onu da qeyd edir ki, iddiaçı aktın ləğv olunmasını da tələb etsə də, əslində akt hər hansı halın baş verib-verməməsini təsdiq etmək məqsədilə tərtib olunur və heç bir hüquqi nəticə doğurmur, ona görə də, baxmayaraq ki, məhkəmə həmin tələbi də təmin edib, qətnamənin həmin hissəsi yoxlamanın predmeti ola bilməz.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1741/2024 nömrəli 10 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.