Məhkəmə qərarları › İş №2(103)-4768/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4768/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4768/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Kərimli İlham Əziz oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Gasan Guseinovun, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İlkin iddia üzrə İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı ASC-yə qarşı müqavilənin ləğvi və pul tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-392/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxx 2014-cü il tarixli AL-813 “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxx 2016-cı il tarixə 1030.4 manat əsas, 475,54 manat mükafat və həmin günə hesablanmış 444.11 manat dəbbə pulu, cəmi 1950.05 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslanıdırılmışdır ki, "İddiaçı" ASC ilə X5 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli AL-813 saylı X10nə əsasən X1 ilə 2014-cü il buraxılışlı, "Samand Soren" markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 10200 manat məbləğinə "İddiaçı" ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx xxxxxx 2015-ci il tarixdə X5, X12 və "İddiaçı" ASC arasında AL-813(1) saylı "Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlamış və X10 üzrə X12 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxxxx 2015-ci il tarixdə X12, X6 və "İddiaçı" ASC arasında AL-813(2) saylı "Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlamış və X10 üzrə X6 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxxxxx 2015-cı il tarixdə X6, Cavabdeh və "İddiaçı" ASC arasında AL-813(3) saylı "Öhdəliklərin ötürülməsi müqaviləsi bağlamış və X10 üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq şirkəti ilə Cavabdeh arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasən o illik 17 % hesablanmaqla 33 aylıq müddətə hər ay sabit olaraq 305.63 manat, ümumilikdə isə 10085.56 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş "İddiaçı" ASC-nin mülkiyyətində olan avtomobil xx xxxx 2016-cı il tarixdə şirkətin müvəqqəti duracağında yerləşdirilmişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxx 2016-cı il tarixdə 310 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh xx xxxx 2014-cü il tarixli AL-813 saylı “X10' üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxx 2016-cı il tarixə 1030.4 manat əsas. 475.54 manat mükafat və həmin günə hesablanmış 444.11 manat dəbbə pulu, cəmi 1950 05 manat borcu yaranmışdır. "Daxili lizinq" müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2016-cı, 2015-ci ilin noyabr ayından 2016-cı ilin fevral ayı daxil olmaqla ayda ödədiyi 305,63, cəmi 1222,52 manat məbləğində pulun, həmin vaxtdan bu günədək olan 66 ay ərzində əldən çıxmış fayda kimi 750 manat pulun, avtomobilin götürülməsi üçün ilkin ödədiyi 1500 manat pulun, 6 il ərzində həmin məbləğin dəbbə pulu kimi illik bank uçot dərəcəsinin ən az faizindən də aşağı hesablamaqla illik 5% olmaqla 300 manat dəbbə pulunun, cəmi 3772,52 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanan “Daxili Lizinq” müqaviləsində lizinqin obyektinin nədən ibarət olması göstərilməmiş və onun dəqiq təsviri verilməmişdir. Aralarında bağlanan X10nin şərtlərinə görə o razılaşdığı qiyməti vaxtında tam ödədikdən sonra Lizinq obyekti onun mülkiyyətinə verilməli idi. İddiaçı qarşılıqlı razılaşmaya əsasən ödəniş cədvəlinə uyğun olaraq hər növbəti ayın əvvəlində ondan pul məbləğini aldıqdan sonra Lizinq obyektinə bir aylıq etibarnamə verirdi, ödəniş etmədiyi halda etibarnamə verilmirdi. Bildirir ki, sonuncu ödənişi 2016-cı ilin fevral ayında olmuşdur. İddia ərizəsində hansı əsaslarla ondan 2016-cı ilin iyul ayına qədər pul tələb edilməsi dəqiq müəyyən edilməmişdir. Belə ki, 2016-cı ilin fevral ayında sonuncu ödənişi etdiyi halda Lizinq obyektinin idarə olunması üçün ona heç bir etibarnamə verilməmişdir və həmin əmlakın iddiaçının istifadəsində qalmasının əhəmiyyəti olmaması səbəbi ilə məcburiyyətdən həmin əmlakı 2016-cı ilin fevral ayının sonunda qaytarmalı olmuşdur. İddia tələbindən göründüyü kimi iddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddətini buraxmışdır. Belə ki, ondan tələb olunan pul 2016-cı ilin iyul ayına qədər olan müddəti əhatə edir. Belə olduğu halda 2016-cı ilin iyulundan bu günədək 3 ildən artıq müddət keçmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-392/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, Cavabdeh lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 1030,4 manat əsas borc, 475,54 manat mükafat və 103 manat cərimə borcu olmaqla, cəmi 1608,94 manat borc və 30 manat dövlət rüsumunun İddiaçı X9 xeyrinə tutulması qət edilmiş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia rədd edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini ilkin iddia tələbinin təmin olunan hissəsinin, qarşılıqlı iddia tələbinin isə bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qarşılıqlı iddiaya aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan “İddiaçı" ASC ilə İxtiyar Quliyev arasında bağlanmış xx xxxx 2014-cü il tarixli AL-813 saylı X10nə əsasən İ.Quliyevin sifarişi ilə 2014-cü il buraxılışlı, "Samand Soren" markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 10200 manat məbləğinə "İddiaçı" ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx xxxxxx 2015-ci il tarixdə X7, X12 və "İddiaçı" ASC arasında AL-813(1) saylı "Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlamış və X10 üzrə X12 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxxxx 2015-ci il tarixdə X12, X6 və "İddiaçı" ASC arasında AL- 813(2) saylı "Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlamış və X10 üzrə X6 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxxxxx 2015-cı il tarixdə X2 Anar Aslan oğlu və "İddiaçı" ASC arasında AL-813(3) saylı "Öhdəliklərin ötürürülməsi müqaviləsi bağlamış və X10 üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür İş materiallarında olan 813 saylı lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Borcalan Cavabdeh 8013 manat məbləğində pulu, illik 17%-lə, 33 ay müddətinə aylıq 305,63 manat annuitetlə ödəməyi öhdəsinə götürür. xx.xx.2015-ci il tarixli təhvil təslim aktına əsasən "Samand Soren" markalı, **-PZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışdır. xx.xx.2019-cu il tarixli İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün cəmiyyətə borcu yaranmışdır. Öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu və lizinq obyektinə dəymiş ziyanı 7 (yeddi) gün ərzində ödəmədiyi halda ona qarşı iddia irəli sürülərək məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. xx.xx.2019-cu il tarixli arayışa əsasən borclu Cavabdeh xx.xx.2014-cü il tarixli müqavilə üzrə əsas borc 1030,4 manat, mükafat borcu 475,54 manat, cərimə 444,11 manat, cəmi 1950,05 manat təşkil edir. xx.xx.2014-cü il tarixli Əlavə № 1-dən görünür ki, xx.xx.2014- cü il tarixli, AL-813 saylı X10 üzrə əldə olunan əmlakın dəyəri 10200 manat təşkil edir. Birinci instansiya məhkəməsi iş materialları əsasında belə qənaətə gəlmişdir ki, ilkin iddia tələbi lizinq müqaviləsi üzrə əsas və mükafat borcun tutulması hissəsində əsaslı, Məhkəmə Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi isə əsassızdır. İlkin iddianın təmin olunan hissəsi ilə bağlı Kollegiyanın mövqeyi aşağıdakılardan ibarətdir. Mülki Məcəlləyə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə iləşərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1). Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.1, 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdən görünür ki, iddiaçı cavabdehdən yalnız xx.xx.2016-cı il tarixədək yaranmış borcu tələb edir. Bu hal həmin tarixədək lizinq obyektinin iddiaçıya təhvil verildiyini, sonradan cavabdehin heç bir ödəniş etmədiyini və iddiaçının da bu dövr üçün cavabdehə tələbinin olmadığını təsdiq edir. Beləliklə, iş üzrə müəyyən edilir ki, lizinq predmeti olan avtomobil ən geci xx.xx.2016-cı il tarixdə cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş və həmin tarixdən iddiaçı cavabdehin ona müqavilə üzrə ödənişlər etməyəcəyi barədə məlumatlı olmuşdur. Bununla da tərəflər arasında lizinq münasibətlərinə faktiki olaraq qarşılıqlı razılıq əsasında xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu baxımdan lizinq müqaviləsinin hansı müddətədək bağlanmasından asılı olmayaraq lizinq obyekti iddiaçıya təhvil verildiyi gündən iddiaçının həmin tarixədək yaranmış borcu cavabdehdən tələb etmək hüququ yaranmış, lakin iddiaçı 3 il müddət ərzində borcu tələb etməmiş, hazırkı iddia ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmiş, iddia müddətini ötürmüşdür. Cavabdeh isə işə baxılması zamanı mübahisəyə 3 illik iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Qeyd edilənlərə əsasən Kollegiya belə qənaətə gəlir ki, ilkin iddianın təmin olunan hissəsindən şikayət əsaslıdır və təmin edilməlidir. Qarşılıqlı iddiaya münasibətdə isə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 390.1, 390.3-cü maddələrini mübahisəyə tətbiq edərək qarşılıqlı iddianın təmin olunmaması barədə nəticəyə gəlmişdir. “Daxili Lizinq" müqaviləsinin 16.7-ci bəndinə əsasən lizinq alanın öhdəliklərin yerinə yetirilməsi kimi hesab edilmiş ödənişlər heç bir halda geri qaytarılmır. “Daxili Lizinq" müqaviləsinin 4.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. "Daxili Lizinq" müqaviləsinin 16.7-ci bəndinə əsasən lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanı bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanı ödəməkdən azad etmir. Bu zaman lizinq verənə faktiki daxil olmuş lizinq verən tərəfindən lizinq ödənişlərinin həyata keçirilməsi və ya bu müqavilə üzrə lizinq Alanın digər öhdəliklərinin yerinə yetirilməsi kimi hesab edilmiş ödənişlər heç bir halda geri qaytarılmır. Göründüyü kimi cavabdeh lizinq müqaviləsindən irəli gələn öhdəlikləri öz üzərinə götürərkən lizinq alanın öhdəliklərin yerinə yetirilməsi kimi hesab edilmiş ödənişlərin heç bir halda geri qaytarılmadığı barədə şərtini qəbul etmişdir. Ona görə də Kollegiya həmin hissədə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-392/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilkin iddianın təmin olunan hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: İlham Kərimli Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar