Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-477/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-477/2023 (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Bakı şəhəri, 14 mart 2023-cü il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3682/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 438 manat məbləğində sığorta ödənişinin əvəzi və 30,40 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində ünvan 1 ünvanında yerləşən X2 məxsus mənzil "xxxx" ASC tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində ünvan 2 ünvanında yerləşən Cavabdeh məxsus mənzildən su axması nəticəsində həmin ünvanda yerləşən 178 saylı mənzilə zərər dəymişdir. Baş vermiş hadisə ilə bağlı Binəqədi rayonu, 1 saylı MKİS tərəfindən 30 aprel 2020-ci il tarixində akt tərtib olunmuşdur. Müstəqil Sığorta eksperti tərəfindən tərtib olunmuş qüsur aktına əsasən Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 7, mənzil 178 ünvanında yerləşən X2 məxsus mənzilin təmiri üçün dəymiş ziyanın ümumi miqdari 688 manat müəyyən edilmişdir. "xxxx" ASC nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən ziyana görə əmlakın dəymiş ziyan üzrə müqavilə əsasında 250 manat azadolma çıxılmaqla, 438 manat məbləğində sığorta ödənişinin zərəçəkənin şəxsi hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Beləliklə, "xxxx" ASC tərəfindən zərərçəkənə ödənilmiş 438 manat məbləğində vəsait subroqasiya qaydasında cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3682/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 438 (dörd yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti və 30,40 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir (Hakim: G.Abbasova).
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməməsini xahiş etmişdir. b) Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, hadisə baş verən zaman yəni 2020-ci ilin mart ayı tarixində cavabdehə başqa adam bu barədə xəbər vermiş və oğlu nümayəndə kimi həmin mənzilə gedib yerində zərərçəkmişlərlə və 1 saylı MKİS ilə əlaqə saxlamışdır. Belə ki cavabdehin həmin ünvanda 5-ci mərtəbədə yerləşən evində yaşayış olmadığına görə oğlu gedib maraqlanmış və əgər problem varsa da aradan qaldırmaq istəmişdir. Lakin bu zaman 4-cü, 2-ci mərtəbədə yaşayan qonşular və 1 saylı MKİS əməkdaşları evə baxmış lakin hər hansı bir axıntı olmadığı sübut olunmuşdur. Bu zaman oğlu 3-cü mərtəbədə yaşayan qonşuya da xəbər vermiş və evə baxmasını istəmişdir. Bu zaman qonşu bildirmişdir ki əgər 4-cü mərtəbədəki baxıb bir şey tapmamışdırsa onun baxmasına ehtiyac yoxdur. Ona görə də cavabdeh qısa müddət sonra mənzili satmışdır. Evdə yaşayan adam indiki zamana qədər hər hansı bir problem olmadığını bildirmişdir. Lakin 2 il sonra məlum olur ki 3-cü mərtəbədəki evə görə məhkəməyə verilmişdir. 3-cü mərtəbədəki ev sığortalı olduğuna görə evini təmir etdirmək üçün xx.xx.2020-ci il tarixli Akt tərtib etdirmişdir. Məhkəmə iddia ərizəsinə və 01 aprel 2020-ci il tarixli Akta əsaslanaraq qətnamə çıxarmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3682/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə tam olaraq qanunsuz və əsasızdır. Çünki təkcə xx.xx.2020-ci il tarixli Akta əsaslanaraq qərar vermək işin tam araşdırılmaması deməkdir. Belə ki, həmin Aktda cavabdehə məlumat verildiyi yazılsa da o Akt imzalanarkən cavabdehin ümumiyyətlə xəbəri olmamışdır. Sonradan oğlu 4-cü, 2-ci mərtəbədə yaşayan qonşular və 1 saylı MKİS əməkdaşları evə baxmış lakin hər hansı bir axıntı olmadığı sübut olunmuşdur. Bu zaman hətta su sayğacları da göstərmiş və yaşayış olmadığı üçün 0 olduğu müəyyən olunmuşdur. Məhkəmə işi araşdırarkən hər hansı bir ekspertin rəyinə ehtiyac görməmişdir, lakin işin ətraflı araşdırılması üçün ekspert rəyinə ehtiyac vardır. Belə nəticəyə gəlmək olar ki, o ünvanda gələcəkdə də nə isə baş versə gərək ödənişini cavabdeh etsin, çünki nə məhkəmədə nə də hadisə olan vaxt evdə sübutə yetirilməmişdir ki, oraya cavabdehin mənzilindən su axmışdır. Göründüyü kimi məhkəmə araşdırma etməmiş təkcə iddia ərizəsinə və iştirakı olmadan yerində baxış keçirilmədən yazılmış xx.xx.2020-ci il tarixli Akta əsaslanmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar kollegiya iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə hər hansı məlumat verməmişlər.
7. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
9. 21.1-ci madəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
10. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
11. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
12. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər.
13. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
16. 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
17. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
18. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
Apellyasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Odur ki, hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
22. İş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə subroqasiya hüququ ilə əlaqədar 438 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə məktub ünvanlamışdır. Məktubda həmçinin qeyd olunan müddət ərzində vəsaitin ödənilməməsi halında cavabdehə qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəyi barədə məlumatlandırılmışdır.
23. "xxxx" ASC xx.xx.2020-ci il tarixdə sığorta aktı tərtib edərək sığorta hadisəsi zamanı dəymiş zərərin məbləği 688 manat müəyyən edilmiş, 438 manat sığorta ödənişi X1 hesabına köçürülmüşdür.
24. Binəqədi rayon MKTB 1 saylı MKİS tərəfindən tərtib olunmuş akta əsasən, Bakı şəhəri, 8 mkr, Ş.Məmmədova küçəsi, 7 saylı binanın 178-ci mənzilin üst mərtəbəsində yerləşən 184 saylı mənzildən su axması faktına yerli baxış keçirilmiş, baxış zamanı axıntı faktı olmasa da, mənzilin dəhlizinə, mətbəxinə və yataq otağına su axması nəticəsində divar kağızlarının qopması, tavanın saralması və elektrik naqillərinin zədələnməsi və təmirə ehtiyac olması aşkar edilmişdir.
25. Müstəqil Sığorta eksperti tərəfindən tərtib olunmuş əmlakın qiymətləndirilməsinə dair 20/103ET saylı Rəyə əsasən Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 7, mənzil 178 ünvanında yerləşən X2 məxsus mənzilin təmiri üçün dəymiş ziyanın ümumi miqdari 688 manat müəyyən edilmişdir
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia təmin olunmalıdır.
27. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, ünvan 1 ünvanında yerləşən X3 məxsus mənzilə dəyən zərərin 2 mərtəbə yuxarı həmin binada yerləşən Cavabdeh məxsus 184 saylı mənzildən su axması nəticəsində baş verməsi məsələsi araşdırılmamışdır.
28. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman qeyd edilən məsələnin araşdırılması üçün məhkəmə-texniki ekspertizası təyin olunmuş və ekspert qarşısında ünvan 1 ünvanında yerləşən X3 məxsus mənzilə dəyən zərərin həmin binada 2 mərtəbə yuxarıda yerləşən Cavabdeh məxsus 184 saylı mənzildən su axması nəticəsində baş vermişdirmi? sualı qoyulmuşdur.
29. Ekspertin xx.xx.2022-ci il tarixli, 10/7767 saylı vəsatətinə əsasən, tədqiqat obyektinə baxış keçirilməsinin təşkil edilməsi xahiş olunmuşdur.
30. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, məktubu ilə tərəflərin hər biri xx.xx.2023-cü il tarixində, saat 14:00-da tədqiqat obyektinə baxış keçiriləcəyi ilə bağlı məlumatlandırılmışlar.
31. Daha sonra, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məktubu daxil olmuş, həmin məktubda qeyd edilmişdir ki, tədqiqat obyektinə baxış xx.xx.2023-cü il tarixinə təyin edilsə də, tərəflərin gəlməməsi səbəbindən tədqiqat obyektinə baxışın keçirilməsi mümkün olmamışdır, iddiaçının nümayəndəsi ilə mobil telefon vasitəsilə əlaqə saxlanıldıqda, nümayəndə cavabdehin həmin mənzilini satdığı və artıq orada yaşamadığını, baxışın keçirilməsinin mümkün olmayacağını bildirmişdir.
32. Kollegiya hesab edir ki, iddiaçı tərəfin təyin edilmiş vaxta sözügedən ünvana getməməsi, hətda mənzilin satılması səbəbindən baxışın artıq mümkün olmayacağını ekspertə bildirməsi, sonunda ekspertizanın baş tutmamasına səbəb olmuşdur. Belə olduğu təqdirdə də X3 məxsus mənzilə dəyən zərərin həmin binada 2 mərtəbə yuxarıda yerləşən Cavabdeh məxsus 184 saylı mənzildən su axması nəticəsində baş verməsi məsələsinin müəyyən edilməsi mümkün olmamışdır.
33. Belə olan halda, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
34. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
35. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məktubundan göründüyü kimi, iddiaçı tərəf ekspert tədqiqatının keçirilməsinə (mənzilə baxış) iştirak etməkdən imtina etməsi səbəbindən ekspertizanın keçirilməsi baş tutmamışdır.
36. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
38. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
40. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, ünvan 1 ünvanında yerləşən X3 məxsus mənzilə dəyən zərərin həmin binada 2 mərtəbə yuxarıda yerləşən Cavabdeh məxsus 184 saylı mənzildən su axması nəticəsində baş verməsi sübuta yetirilmədiyindən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
42. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
43. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
44. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
45. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
46. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 385, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3682/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Anar Tanrıverdiyev