Məhkəmə qərarları › İş №2(103)-477/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-477/2024

06.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-477/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 may 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi (övladı) X11 və Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Bakı şəhəri 7 saylı notariat ofisində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, N.Məmmədov küçəsində yerləşən 5 “A” saylı evdən ibarət miras əmlaka dair Cavabdeh adına xx.xx.2019-cu il tarixdə verilmiş və reyestrdə 2V-254 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri 7 saylı Notariat Ofisi iddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən ünvanda yerləşən fərdi yaşayış evi iş üzrə tərəflərin anaları X4 məxsus olmuşdur. Anaları xx.xx.1999-cu il tarixdə vəfat etmiş və ev miras qalmışdır. 7 saylı Notariat Ofisində vərəsəlik işi aparılan zaman iddiaçının gözləri zəif olduğundan, qulağı ağır eşitdiyindən cavabdeh olan qardaşı iddiaçının etibarından sui-istifadə edərək, iddiaçını aldadaraq iddiaçıya düşən payı özününküləşdirmişdir. Cavabdeh evə müştəri olduğunu, sənədləri hazır olan kimi evi və torpaq sahəsini sataraq əldə edəcəyi pulu iddiaçı ilə yarı böləcəyini vəd etmişdir. Lakin cavabdeh vədinə əməl etməmiş, evi təkcə özünün adına sənədləşdirmişdir. Onun yanında etibarnamə ilə iştirak edən X12 bu işin sənədləşməsini aparmışdır. Bu səbəbdən iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsində iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini müdafiə edərək, Rayon Məhkəməsinə verdiyi izahatda əlavə olaraq göstərmişdir ki, miras əmlakın vərəsəlik qaydasında sənədləşdirilməsi zamanı cavabdeh iddiaçını aldatmış, həmin əmlakın satılması ilə əlaqədar sənədləşdirilməsi adı ilə iddiaçını 7 saylı Notariat Ofisinə aparmış, notariat orqanında mirasdan imtina etməsi barədə ərizəni imzalatdırmışdır. Həmin zaman iddiaçıya hansı sənədinin imza etməsi barədə hər hansı izah verilməmişdir. İddiaçının isə gözü pis gördüyündən imzaladığı sənədi oxumamışdır. Bundan başqa notariat orqanı tərəfindən vərəsələrin dairəsi tam müəyyən edilməmiş və yalnız cavabdehin adına “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir.

5. İddiaçı iddia tələbini müdafiə edərək, Rayon Məhkəməsinə verdiyi izahatda əlavə olaraq göstərmişdir ki, cavabdeh ona bildirmişdir ki, mübahisəli evi almaq istəyən var və satılması üçün onun tərəfindən razılıq verilməlidir. Aralarında olan razılığa əsasən cavabdeh həmin evi satdıqdan sonra ona çatası paya görə əldə edilmiş puldan ona verməli olmuşdur. O, oğlunun səhətində olan problemlərin müalicəsi üçün ona pul lazım olduğundan razılaşmışdır. İddiaçı 10 ildir ki, şəkər xəstəsi olduğuna görə gözündə problemlər var və notariat ofisində sənəd qəbulu pəncərəsindən ona sənədlər verilmiş, daha sonra isə əlindən tutularaq sənədləri imzalamışdır. İddiaçı, ailə qurduqdan sonra Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ş.İskəndərov küçəsində yerləşən 48 saylı evdə yaşamış, miras qalmış əmlakda isə cavabdeh yaşamış, hazırda da ailəsi ilə birlikdə yaşayır. 2019-cu ilin sentyabr ayında iddiaçının oğlu ölmüşdür. 2020-ci ilin sentyabr ayında oğlunun “il” yas mərasimində iddiaçı, cavabdehdən analarından qalmış miras əmlakla bağlı soruşanda, cavabdeh bildirmişdir ki, iddiaçıya pay düşmür, iddiaçı, notariusda imzaladığı sənədlə bağlı soruşanda isə cavabdeh ona - onun öz payından imtina etməsini və evi yalnız öz adına rəsmiləşdirdiyini bildirmişdir. Cavabdeh evi satıqdan sonra ona çatası paya uyğun pul verəcəyinə söz versə də, vədinə əməl etməmişdir.

6. İddiaçının nümayəndəsi (övladı) X18 iddia tələbini müdafiə edərək, Rayon Məhkəməsinə verdiyi izahatda əlavə olaraq göstərmişdir ki, anası iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən 1 ay 15 gün əvvəl evin hasarının üzərində “satılır” sözlərinin yazıldığını görmüşlər və bundan sonra cavabdehə evə dair onlarının paylarının olduğunu bildirmişlər. Cavabdeh isə onlara həmin evdən heç bir paylarının olmadığını bildirmişdir. Bundan sonra notariusa müraciət etmişlər, notarius isə iddiaçıya vərəsəliyə dair şəhadətnamə verməkdən imtina etmişdir. İddiaçının anası Sayad Dadaşovanın bir uşağı da Əliyoldaş Dadaşova olmuş, cavabdehin adına “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verildiyi vaxt notarius bunu bilmiş, lakin bu məsələyə diqqət verməmiş və yalnız cavabdehin adına şəhadətnamə vermişdir.

7. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar həqiqəti əks etdirmir. Belə ki, iddiaçı, könüllü olaraq özünün yaşamadığı, cavabdehin faktiki qəbul etdiyi miras əmlakdan cavabdehin xeyrinə imtina etmiş, xx.xx.2019-cu il tarixdən hazırki dövrə qədər bu halı mübahisələndirməmişdir. İddiaçının iddia tələbində qeyd etdiyi hallar sübut edilmədiyindən, mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən uzun müddət ərzində (4 ilə yaxın) bununla bağlı mübahisə açmayaraq bu hüququ itirdiyindən, hərəkətsizliyi ilə bu hüququn vaxtından əvvəl xitamına səbəb olduğundan, həmçinin əmlaka sahiblik etmə və ya əmlakı idarə etməyə faktiki başlama iddiaçı tərəfindən deyil cavabdeh tərəfindən olduğundan iddia tələbi təmin olunmamalıdır. İddiaçı öz payından cavabdehin xeyrinə imtina etmiş və onlar arasında hər hansı bir razılaşma olmamışdır. Vərəsəliklə bağlı sənədləşmə işlərinin aparılması ilə bağlı iş üzrə dindirilmiş şahid Ədalət Məmmədov cavabdehə köməklik etmiş və bu səbəbdən cavabdeh Ədalət Məmmədova borclu qalmışdır. Həmin borcu verə bilmədiyinə görə Ədalət Məmmədovun təkidi ilə iddiaçı tərəfindən hazırki iddia qaldırılmışdır. Hətta miras qalmış əmlaka dair cavabdehin adına verilmiş çıxarışı Ədalət Məmmədov özündə saxlamaqla cavabdehə vermir. İddiaçı könüllü olaraq ailə qurduqdan sonra 20 ildən çoxdur ki, özünün yaşamadığı, cavabdehin faktiki qəbul etdiyi miras əmlakdan onun xeyrinə imtina etmişdir. Bundan başqa məhkəmə iclasında iddiaçı özü də bildirmişdir ki, 2020-ci il tarixdən oğlunun yas mərasimində qardaşı ona demişdir ki, o, notariusda öz payından imtina etmişdir. Qeyd olunanlara əsasən iddia əsassızdır.

8. Rayon Məhkəməsi iş üzrə üçüncü şəxs olan 7 saylı Notariat Ofisinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat versə də, Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Rayon Məhkəməsi, üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

9. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

10. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin araşdırılmış hallarından görünür ki, miras qoyanın 3 uşağı olmuşdur – (iddiaçı) İddiaçı, X6 və (cavabdeh) Cavabdeh. Miras qoyanın ölümündən sonra cavabdeh miras əmlakı faktiki qəbul etmişdir. İddiaçı tərəfindən miras əmlak açıldığı vaxtdan faktiki qəbul edilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Mirasın açıldığı yerin notariusu tərəfindən cavabdehin müraciəti əsasında vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin vərəsəlik işindən görünür ki, iş üzrə iddiaçı anasından qalmış bütün daşınar və daşınmaz əmlakdan imtina etməsi barədə notariusa ərizə vermiş və həmin ərizə notarius tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən mirasın açıldığı yerin notariusuna mirasın qəbul edilməsi barədə müraciəti isə yalnız 23 il sonra olmuşdur. Bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən vərəsəlik formal qaydada da qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qəbul edilməmişdir. Qanunvericiliyə əsasən isə miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Rayon Məhkəməsi həmçinin iddiaçının notariat orqanı tərəfindən təsdiq edilmiş “miras əmlakdan imtina etməsi barədə” ərizəni oxumadan imzalamasına dair iddiaçının əsası ilə bağlı qeyd etmişdir ki, işin araşdırılmış hallarından görünür ki, cavabdeh tərəfindən notariat ofisinə müraciət edilməzdən əvvəl iddiaçı ilə onun arasında miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı danışıqlar aparılmış və həmin danışıqlar əsasında iddiaçı notariat ofisinə getmiş və həmin ərizəni imzalamışdır. Həmin ərizənin iddiaçı tərəfindən imzalanması işin mübahisə edilməyən halından ibarətdir. İddiaçının özünün izahatından və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahidin ifadəsindən müəyyən olunur ki, iddiaçının notariat ofisinə hansı məqsədlə getməsi ona qabaqcadan məlum olmuşdur. Belə ki, iddiaçı izahatında miras əmlakın gələcəkdə cavabdeh tərəfindən satıldıqdan sonra əldə edilən pul məbləğindən ona da veriləcəyi təqdirdə özgəninkiləşdirilməsinə razılıq verdiyini bildirməklə dolayısı ilə miras əmlakdan məhrum olacağını anladığını etiraf etmiş, eyni zamanda iş üzrə şahid qismində dindirilmiş və həmin ərizənin imzalandığı vaxtı iş üzrə tərəflərlə birlikdə notariat ofisində olmuş Ədalət Məmmədovun ifadəsindən də məlum olur ki, notariat ofisində iddiaçı cavabdehdən sənədləri imzalaması üçün onu aldatmadığına dair sualına cavab aldıqdan sonra ərizəni imzalamışdır. Bununla məhkəmə, iddiaçının imzaladığı sənədin mirasdan imtina etməsi barədə ərizədən ibarət olmasına dair məlumatının olmaması barədə dəlilinə tənqidi yanaşaraq bu halla bağlı mötəbər sübutların məhkəməyə təqdim edilmədiyi qənaətinə gəlir. Eyni zamanda Rayon Məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən mirasdan imtina etməsi barədə ərizəsinin etibarsızlığına dair iddia irəli sürülməməklə mübahisələndirilməmişdir. Bundan başqa Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı, cavabdehə verilmiş vərəsəlik şəhadətnaməsini mübahisələndirmək hüququnu itirmişdir. Belə ki, iş üzrə cavabdehə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” xx.xx.2019-cu il tarixdə verilmiş, cavabdeh isə bu barədə məhkəmə iclasında verdiyi izahatına əsasən 2020-ci ilin sentyabr ayında oğlunun yas mərasimində bilmiş, lakin bundan sonra yuxarıda qeyd olunan müddətdə müvafiq hərəkətlər etməmiş, yalnız 2023-cü ildə ona vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün notariat ofisinə, ondan imtina aldıqdan sonra isə məhkəməyə müraciət etmişdir. Bununla da mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddiaçı tərəfindən ötürülmüşdür. Qeyd olunanlardan başqa iddiaçı tərəfin cavabdehə vərəsəlik haqqında şəhadətnamə verildiyi zaman miras qoyanın onlardan başqa vərəsəsi olmasını və həmin vərəsənin nəzərə alınmamasına dair dəlilinə münasibətdə Rayon Məhkəməsi qeyd etmişdir ki, yalnız həmin vərəsənin və ya həmin vərəsənin vərəsələri tərəfindən (irsi transmissiya qaydasında) bu halın mübahisələndirilməsi hüquqları vardır ki, iddiaçının başqa vərəsə əvəzinə çıxış etməklə bu halı mübahisələndirməsi istisna edilir. d) apellyasiya şikayəti barədə məlumat

11. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarının pozulması ilə iddianın rədd edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışında iştirak etmiş şəxslərin mövqeyi

13. İddiaçının nümayəndəsi (övladı) İradə Babayeva və apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş iddiaçının özü apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.

14. İş üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, iddiaçı miras əmlakı nə faktiki nə qanun üzrə qəbul etməmişdir. İddiaçı 1972-ci ildə ailə quraraq ər evinə köçmüşdür.

15. İş üzrə üçüncü şəxs olan 7 saylı Notariat Ofisi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

16. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, MPM-in 376.2-ci maddəsinə əsasən işə Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

17. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

18. Belə ki, Rayon Məhkəməsinin sorğusu əsasın Rayon Məhkəməsinə təqdim edilmiş 7 saylı Notariat Ofisində açılmış 2V-254 nömrəli vərəsəlik işi materiallarının təsdiq edilmiş surətlərindən görünür ki, həmin vərəsəlik işi xx.xx.2019-cu il tarixdə başlanmış və xx.xx.2019-cu il tarixdə qurtarmışdır. İş üzrə tərəflərin anaları Sayad Dadaşova xx.xx.1999-cu il tarixdə ölmüşdür (AZ-İ seriyalı, 991490 nömrəli “Ölüm haqqında şəhadətnamə”). Ondan miras qalmış Bakı şəhəri, Şağan qəsəbəsi, N.Məmmədov küçəsi, ev 7 “B” əmlaka dair vərəsəsi, övladı Cavabdeh 1/1 hissədə payı olması, miras əmlakın 33,1 kv.metr olan fərdi yaşayış evindən və 0,0944 ha olan torpaq sahəsindən ibarət olması barədə xx.xx.2019-cu il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir.

19. Həmin notariat işində olan “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Nüsrət Məmmədov küçəsində yerləşən 5 “A” nömrəli fərdi yaşayış evi və 0,0944 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə X2 adına qeydiyyata alınmışdır.

20. Həmin notariat işində olan xx.xx.2019-cu il tarixli 7 saylı Notariat Ofisinə ünvanlanmış Cavabdeh ərizəsindən görünür ki, o, xx.xx.1999-cu il tarixdə ölmüş anası Sayad Dadaşovadan miras qalmış və Şağan qəsəbəsi, N.Məmmədov küçəsində yerləşən 5 “A” nömrəli evi qəbul edir.

21. Həmin notariat işində olan İddiaçı notariat ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, xx.xx.1999-cu il tarixdə ölmüş anası Sayad Dadaşovadan miras qalmış bütün daşınar və daşınmaz əmlaklardan vərəsəliyi qəbul etmir və qəbul etmək niyyətində deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsi yəni, mirasdan imtinanın hüquqi nəticələri və həmin ərizənin geri götürülməsinin mümkünsüzlüyü ona izah edilmişdir. Gələcəkdə pay tələbi ilə məhkəmədə iddia qaldırılmayacaqdır.

22. Həmin notariat işində olan İddiaçı notariat ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, onun bacısı Əliyoldaş Dadaşova 1954-cü ildə doğulmuş və 6 aylığında ölmüşdür. Mərhum bacısının adına ölüm kağızı alınmamışdır. Mərhum anası Sayad Dadaşovadan miras qalmış və Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, N.Məmmədov küçəsində yerləşən 5 “a” saylı evə və mülkiyyətində olan torpaq sahəsinə dair mərhumun yeganə vərəsəsi Cavabdeh olmasının nəzərə alınmasını xahiş etmişdir.

23. Həmin notariat işində olan Cavabdeh notariat ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, bacısı Əliyoldaş Dadaşova 1954-cü ildə doğulmuş və 6 aylığında ölmüşdür. Mərhum bacısının ölüm kağızı alınmamışdır. Mərhum anası Sayad Dadaşovadan miras qalmış və Şağan qəsəbəsi N.Məmmədov küçəsi ev 5 “a” ünvanında yerləşən evə və mülkiyyətində olan torpaq sahəsinə dair yeganə vərəsəsi odur. Gələcəkdə hər hansı bir mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürür.

24. Həmin notariat işində olan Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şağan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 397 nömrəli arayışdan görünür ki, Sayad Dadaşova ölənədək, yəni xx.xx.1999-cu il tarixinədək N.Məmmədov küçəsi ev 7 “b” ünvanında yaşamış, ailə üzvləri Cavabdeh, İddiaçı və X13r. X16 ölmüşdür.

25. Həmin notariat işində olan vətəndaşlıq vəziyyəti aktlarının AQİS-dən çıxarışdan görünür ki, X2 Həqiqət Dadaşova və Əliyoldaş Dadaşova adlı uşaqları vardır.

26. Həmin notariat işində olan AZ-T seriyalı, 084306 nömrəli “Doğum haqqında şəhadətnamədən” görünür ki, xx.xx.1956-cı ildə doğulmuş Cavabdeh anası X5r.

27. Həmin notariat işində olan xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, Cavabdeh onun adından X1 işlərini aparması, torpaq sahəsinin, tikilinin özgəninkiləşdirilməsi ilə bağlı bütün hüquqi hərəkətlərinin və sairə hərəkətlərin etməsi barədə vəkalətləndirmişdir.

28. ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sonuncunun ərizəsinə cavab olaraq Notariat Ofisi bildirmişdir ki, xx.xx.1999-cu il tarixdə ölmüş Sayad Dadaşovadan miras qalmış və Şağan qəsəbəsi, N.Məmmədov küçəsində yerləşən 5 “A” saylı evə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsi, yəni mirasdan imtinanın hüquqi nəticələri və həmin ərizənin geri götürülməsinin mümkünsüzlüyünə əsasən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada verilməsinin mümkün olmaması və məsələnin həlli üçün ərazi üzrə məhkəməyə müraciət etməlidir.

29. Bakı Şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1999-cu ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə aparılmış yoxlama nəticəsində aşkar edilmişdir ki, Sayad Dadaşovanın ailə tərkibi qızı – İddiaçı və Əliyoldaş Dadaşovadır.

30. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X12 öz ifadəsində bildirmişdir ki, o, iş üzrə tərəfləri tanıyır. Belə ki, Həqiqət ilə Nazim bacı-qardaşdırlar və onlarla qonşu olmuşdur. Həqiqət ilə Nazimin ataları ayrıdır, onlar ögey bacı-qardaşdırlar. X8mış əmlakın Nazimin adına rəsmiləşdirməsində o köməklik etmişdir. Belə ki, Nazim ona anasından qalmış əmlaka müştəri olduğunu bildirmiş və əmlakın sənədləşdirilməsində ona köməlik etməsini xahiş etmişdir. Nazim ona bildirmişdir ki, əmlakı sənədləşdirməyə pulu yoxdur, ona görə də sonda “hallalıq” verəcək. Onun miras qalmış əmlakın sənədləşdirmə işləri ilə bağlı rüsumların ödənilməsi üçün 1.000 manat xərci çıxmış, Nazim isə ona 3.000 manat pul verəcəyinə söz vermişdir. O, miras qalmış əmlakın Nazimin adına sənədləşdirilməsi işlərini görmüş, çıxarış və texniki pasport almışdır. Hazırda da həmin sənədlər ondadır. Bir müddət əvvəl isə Həqiqət ona yaxınlaşaraq bildirmişdir ki, Nazim ona pul vermir. Bundan sonra bilmişdir ki, Nazim Həqiqəti aldatmışdır. İfadəsində həmçinin bildirmişdir ki, Nazim ondan köməklik istəyəndə o, Nazimə izah etmişdir ki, miras əmlak bütün vərəsələrin adına rəsmiləşdirilməlidir. Lakin, miras əmlak bir şəxsin adına rəsmiləşdirildiyi halda həmin əmlakın satılması daha asan olacaqdır. Bir müddətdən sonra Nazim ona bildirmişdir ki, o, evdə Həqiqətlə danışaraq məsələni həll etmiş və Həqiqət miras qalmış əmlakın onun adına rəsmiləşdirilməsinə etiraz etməyəcək. Belə ki, Nazim ona bildirmişdir ki, Həqiqətlə onun arasında razılaşma var ki, o, miras qalmış əmlakı satdıqdan sonra Həqiqətə çatası paya görə pul verəcəkdir. Daha sonra notariusda olan zaman Sayad Dadaşovanın ailə tərkibi ilə bağlı arayış əldə edildikdə müəyyən olunmuşdur ki, mərhum X10 adlı bir uşağı da olmuşdur. Bundan sonra o, çöldə gözləmiş və notarius ilə Nazim təklikdə danışdıqdan sonra Nazim çölə çıxmış, bu məsələni də həll etdiyini bildirmiş və Əliyoldaş vərəsələr sırasından çıxarılmışdır. Nazim ona bildirmişdir ki, Əliyoldaş adlı uşaq olmuş, lakin ölmüşdür. Nazimin notariusla təklikdə nə haqqında danışmaları barədə məlumatı yoxdur. Daha sonra Həqiqət notarius orqanına gəlmişdir. Həqiqət gələndən sonra notariusun kabinetinə daxil olmazdan əvvəllər koridorda Nazimlə söhbət etmişdir. Həqiqət onun yanında Nazimdən onu aldatmayacağı, sənədləri imzalaması üçün Nazimin ona pul verəcəyi barədə soruşmuş, Nazim də Həqiqətə narahat olmamasını və torpağı satdıqdan sonra ona pul verəcəyini bildirmişdir. Bundan sonra Həqiqət gedib sənədləri imzalamışdır. Həqiqət şəxsən notariusun yanında olmamış, notariat orqanının Səbinə adlı işçisinin yanında olmuş və həmin işçi tərəfindən təqdim olunmuş jurnalı və sənədləri imzalamışdır. Həqiqətin gözləri pis gördüyündən notariat orqanın işçisi tərəfindən əlindən tutularaq sənədlərə imza atdırılmışdır. Həqiqət həmin zaman hansı sənədlərə imza atdığını bilməmişdir. Notariat orqanının əməkdaşı Həqiqətə hüquq və vəzifələrini izah etməmişdir. Həmçinin ifadəsində bildirmişdir ki, Həqiqət sənədləri imzaladığı vaxtda o, koridorda gözləmiş, Həqiqətin yanında olmamışdır. Daha sonra Nazim ona etibarnamə vermiş, o da miras əmlaka dair Nazimin adına çıxarış və texniki pasport almışdır. Nazim, son vaxtlara kimi Həqiqətə pul verəcəyini bildirmiş, lakin verməmişdir.

31. Qeyd edilən sübutlara əsasən müəyyən edilir ki, miras qoyan X9 xx.xx.1999-cu il tarixdə ölmüş, mərhumdan miras əmlak kimi Xəzər rayonu, Şağan qəsəbəsi, Nüsrət Məmmədov küçəsində yerləşən 5 “A” nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0944 ha torpaq sahəsi qalmışdır. Mirasqoyanın ölümündən sonra miras qalmış həmin əmlakda cavabdeh, öz ailəsi ilə birlikdə yaşamış, iddiaçı isə ərinə məxsus Mərdəkan qəsəbəsində yerləşən evdə yaşamışdır. xx.xx.2019-cu il tarixdə İddiaçı anası Sayad Dadaşovdan miras qalmış bütün daşınar və daşınmaz əmlaklardan imtina etməsi barədə ərizə vermişdir. Miras əmlaka dair 7 saylı Notariat Ofisi tərəfindən Cavabdeh 1/1 hissədə payı müəyyən edilməklə müvafiq “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə” verilmişdir. Həmçinin müəyyən olunur ki, iddiaçı anasının ölümündən sonra, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirasın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etməmiş, o, mirasın açılmasından təxminən 20 il sonra, yəni xx.xx.2019-cu il tarixdə yazdığı ərizə ilə mirasın qəbulundan imtina etmiş, təxminən 2023cü ilin yanvar ayında isə vərəsəliklə bağlı notariat orqanına müraciət edərək, xx.xx.2019cu il tarixli ərizədən imtina etmişdir.

32. İşə baxmış Rayon Məhkəməsi nəzərə almışdır ki, Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə görə, dövlət vərəsəlik hüququna təminat verir.

33. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir (maddə 57.). Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır (maddə 58.). Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır (maddə 59.).

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1.). Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur (maddə 1133.2.). Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (maddə 1145.). Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146.). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1.). Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (maddə 1151.2.). Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbə vərəsə sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243). Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər (maddə 1252.). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir (maddə 1256). Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir (maddə 1257). Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın (maddə 1262). Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz (maddə 1268.1.). Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir (maddə 1322.).

35. Rayon Məhkəməsi sadalanan normaların tələblərinə istinadən hazırki qətnamənin 10-cu bəndində qeyd edilən qənaətlərə gəlmiş və iddianı əsassız hesab etmişdir.

36. Lakin Rayon Məhkəməsi tərəfindən bu qənaətə gəlinərkən, mirasın yeni mülki Məcəllə qüvvəyə minməzdən əvvəl açılması, iddiaçı tərəfindən mirasın qəbulundan imtina müddətinin buraxılması nəzərə alınmamış, işə baxılarkən maddi və prossesual hüquq normalarının tələbləri pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbuluna səbəb olmuşdur.

37. Belə ki, işin hallarını nəzərə alan Məhkəmə bildirir ki, hazırki iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibəti, 1999-cu ildə, yəni iş üzrə tərəflərin anası Sayad Dadaşovanın xx.xx.1999-cu il tarixdə ölməsindən sonra yaranmışdır. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də, hazırki iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən həmin dövr üçün Azərbaycan Respublikasında qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.

38. Qeyd edilən dövrdə (1964-cü ildə qəbul edilmiş, 1965-ci il tarixində qüvvəyə minmiş, və xx.xx.2000-ci il tarixədək) qüvvədə olmuş Mülki Məcəllənin tələblərinə görə, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir (maddə 527.). Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur (maddə 528.). Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir (maddə 529.). Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar (maddə 532.). Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir (maddə 533.). Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur (maddə 552.). Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir (maddə 553.). Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir (maddə 556).

39. Göründüyü kimi həmin Məcəllənin 556-cı maddəsinə görə, vərəsə vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina edə bilərdi.

40. Hazırki iş üzrə miras qoyan xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. İddiaçı miras qoyanın vəfatından xəbərdar olmuşdur. Lakin iddiaçı 20 il sonra, yəni xx.xx.2019-cu il tarixdə ərizə ilə 7 saylı Notariat Ofisinə müraciət edərək mirasın qəbulundan imtina etmişdir.

41. Məhkəmə qeyd edir ki, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Mirasdan imtina etmək vərəsənin hüququdur. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini müəyyən edilmiş xüsusi müddət ərzində ifadə etməlidir. Həmin müddətin bitimi isə hüququn itirilməsinə səbəb olur. Çünki mirasdan imtina anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir. Mövcud olmayan hüququn həyata keçirilməsi isə əhəmiyyətsizdir. Hazırki halda iddiaçının mirasdan imtina etmək hüququ vərəsəliyin açılması, yəni miras qoyanın öldüyü tarixdən yaranmış və altı ay sonra müddətin axımının bitməsi hüququn itirilməsinə səbəb olmuşdur.

42. Rayon Məhkəməsi isə iddiaçı tərəfindən mirasdan imtina üçün müəyyən edilmiş müddətin bitməsi məsələsinə hüquqi qiymət verməmişdir.

43. Nəzərə alınmalıdır ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyan Sayad Dadaşovanın miras qalmış əmlak hüququnun əmələ gəlməsinin xx.xx.2019-cu il tarixdə dövlət tərəfindən tanınması və təsdiq edilməsi, ölümündən sonra onun adına “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilməsi bir daha göstərir ki, miras qoyanın öldüyü məqamda əmlak üzərində tanınması və təsdiq edilməsi gözlənilən mülkiyyət hüququ olmuş və həmin hüquq ondan miras qalmışdır.

44. Hazırki iş üzrə tərəflər miras qoyanın ölümündən və mübahisəli əmlak üzərində hüququn ondan miras qalmasından xəbərdar olmuş, ona analarından qalan irs kimi yanaşmışdır. Vərəsəlik işi ilə bağlı notariat ofisinə müraciət etmələri özü də bu halı bir daha təsdiq edir. İddiaçı da bir vərəsə kimi ona miras qalmış bu əmlak hüququna yiyələnmək üçün gözləntidə olmuşdur.

45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra işlər üzrə qəbul etdiyi qərarlarda, o cümlədən “Axverdiyev Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qərarda təsbit edilmiş hüquqi mövqeyə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır.

46. Məhkəmə hesab edir ki, mirasdan imtina müddəti şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan xüsusi müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Artıq xitam verilmiş hüququn sonradan həyata keçirilməsi isə əhəmiyyətsiz olmaqla etibarsız sayılır.

47. Belə olan halda, iddiaçının mirasın qəbulundan imtina edilməsi müddətinin bitimindən təxminən 20 il sonra – xx.xx.2019-cu il tarixdə ərizə ilə 7 saylı Notariat Ofisinə müraciət edərək mirasın qəbulundan imtina etməsi Məhkəmə tərəfindən əhəmiyyətsiz hesab edilir.

48. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməməsi ilə bağlı Rayon Məhkəməsinin gəlmiş olduğu nəticə də düzgün deyil.

49. Belə ki, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinin tələbinə görə, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.

50. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya baxışında iddiaçının 1972-ci ildə ailə quraraq ər evinə köçdüyünü bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.

51. Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şağan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 397 nömrəli arayışdan görünür ki, miras qoyan Sayad Dadaşova ölən günədək, yəni xx.xx.1999-cu il tarixinədək onun ailə üzvü kimi İddiaçı miras qalmış və ünvan 2 ünvanında yerləşən evdə yaşamışdır.

52. Göstərilənlərə əsasən qəbul edilməlidir ki, İddiaçı miras qoyanın öldüyü məqamda mübahisəli evdə faktiki yaşamaqla mirası qəbul etmişdir. Bu fakt vərəsəlik açılan gündən (yəni altı ay müddətin daxilində) baş vermiş olduğu üçün onun tərəfindən miras artıq faktiki qəbul edilmiş hesab edilməlidir. Necə ki, vərəsəlik açılan gündən altı ay müddət keçdikdən sonra mirasın faktiki qəbul edilməsi artıq öz əhəmiyyətini itirdiyi kimi, sonradan iddiaçının hansısa səbəbdən yaşayış yerini dəyişməsi, ərinin evinə köçməsi də artıq mirasın onun tərəfindən qəbul edilməsi faktını dəyişmir.

52. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən mirasın faktiki qəbul edilməsi cavabdeh tərəfindən də qəbul edilmiş və mirasa yeganə vərəsə kimi yiyələnə bilməsi üçün iddiaçının notariat ofisinə mirasdan imtina ərizəsi verilməsinə istinad edərək notariat ofisi tərəfindən mirasdan yeganə irs alan vərəsə kimi tanınması barədə vərəsəlik şəhadətnaməsi almağa nail olmuşdur. Notariat ofisi də öz növbəsində iddiaçının mirası faktiki qəbul etmiş vərəsə kimi mirasdan imtina etməsi barədə ərizəsinə istinad edilmişdir.

53. Sadəcə olaraq həm cavabdeh, həm də notariat ofisi tərəfindən mirası faktiki qəbul etmiş vərəsə olan iddiaçının müddətin keçməsi ilə əlaqədar mirasdan imtina etmək hüququnu itirməsi nəzərə alınmamışdır. Həmin imtinanın əhəmiyyətsiz olması isə iddiaçının mirası faktiki qəbul etməsi faktını aradan qaldırmır.

54. Artıq iddiaçının mirası faktiki qəbul etmiş vərəsə olduğunu müəyyən etmiş Məhkəmə həmçinin qeyd etməyi lazım bilir ki, iddiaçı vərəsə kimi mirası faktiki qəbul etmiş olmasaydı belə, o, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədiyi üçün bu əsasla da mirası qəbul etmiş vərəsə hesab edilməli idi. Çünki vərəsəlik hüququ məhz mirasın açılması ilə yaranır və qəbulla şərtləndirilə bilməz. Vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.

55. Belə olan halda, vərəsənin qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməməsi və ya mirası faktiki qəbul edəcək hərəkətlər etməməsi onun öz subyektiv vərəsəlik hüququnu həyata keçirməməsi kimi qiymətləndirilə bilməz.

56. Qeyd edilənlər nəzərə alınaraq Məhkəmə tərəfindən müəyyən edilir ki, hər bir halda miras əmlak iddiaçı tərəfindən qəbul edilmişdir. Belə olan halda, iddiaçının əhəmiyyətsiz olan mirasdan imtinası notariat orqanı tərəfindən nəzərə alınmaqla miras əmlakda cavabdehin tam payı müəyyən edilərkən iddiaçının payı nəzərə alınmadığından iddia əsaslı hesab edilməlidir.

57. Bu baxımdan müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə, bu nəticəyə gəlmək üçün əsas götürdüyü mövqe səhv olmuş, habelə Rayon Məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir. İddiaçı mirası qəbul etmiş sayıldığından qeyd olunan halların mübahisələndirilməsinə subyektiv hüququ vardır. İddianın əsaslılığı işdə olan sübutlarla tam təsdiq olunur.

58. İddiaçının tələbinə 2 aylıq xüsusi müddəti tətbiq etmiş Rayon Məhkəməsi mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddətin iddiaçı tərəfindən ötürülməsi ilə bağlı yanlış nəticəyə gəlmişdir. g) apellyasiya baxışının nəticəsi

59. Göründüyü kimi iddia tələbi əsaslıdır, Rayon Məhkəməsinin iddianın əsassız hesab edilməsi barədə iş üzrə gəldiyi nəticə səhvdir.

60. Beləliklə qeyd edilənləri nəzərə alan Məhkəmə, MPM-in 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə ləğv edilməli, iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

61. Məhkəmə hesab edir ki, iddia tələbi və apellyasiya şikayəti təmin edildiyindən, məhkəmə xərcləri MPM-in 119.1-ci maddəsinin tələbinə görə cavabdehə aid edilməli, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 150 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

62. Məhkəmə həmçinin bildirir ki, iddia təmin edildiyindən, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

63. Cavabdeh və iş üzrə üçüncü şəxs olan Notariat Ofisi isə MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdirlər.

64. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 may 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi barədə” iddiası təmin edilsin. Bakı Şəhəri 7 saylı xüsusi Notariat Ofisi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, N.Məmmədov küçəsində yerləşən 5 “A” saylı evdən ibarət miras əmlaka dair Cavabdeh adına 18 iyun 2019-cu il tarixdə verilmiş və reyestrdə 2V-254 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilsin. İş üzrə məhkəmə xərcləri Cavabdeh aid edilsin və bu məqsədlə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq cəmi 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh və iş üzrə üçüncü şəxs olan Bakı Şəhəri 7 saylı xüsusi Notariat Ofisi tərəfindən hazırki qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilərlər. Qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar