Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-477/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı mülki iş üzrə (açar sözlər: müqavilənin birtərəfli qaydada ləğv edilməsinin qanunsuz hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı «müqavilənin icrasından imtinanın, birtərəfli qaydada ləğv edilməsinin və müqavilənin ləğv edilməsi ilə bağlı bildirişin qanunsuz sayılması, mənzil üzrə ödənişlərin qəbul edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2111/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İcraçı Cavabdeh MTK ilə sifarişçi İddiaçı arasında bağlanmış daşınmaz əmlakın (mənzilin) sifarişi barədə 04 oktyabr 2023-cü il tarixli müqavilənin: 1.1-ci bəndinə əsasən «İcraçı» Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı Masazır şossesi ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus olan yaşayış binasının 2-ci binanın, 4-cü blokun, 7-ci mərtəbəsi, ümumi sahəsi 69.15 kv.metr olan 2 otaqlı 52 nömrəli mənzili inşa edib təmirsiz vəziyyətdə «Sifarişçi»yə təhvil verməyi və kommunal xidmətlər göstərməyi, «Sifarişçi» isə mənzilin dəyərini bu müqaviləyə əsasən 60 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən «Sifarişçi»nin bu müqavilədə nəzərdə tutulan mənzilə görə hissə-hissə ödədiyi məbləğ (əlavədəki cədvəl üzrə) onun ümumi məbləğinə aid edilir. Ödəniş cədvəli müqavilənin tərkib hissəsidir və bu müqavilə olmadan etibarsız hesab sayılır. 2.7-ci bəndinə əsasən mənzilin dəyəri ödənilib başa çatanadək «Sifarişçi» mənzili üçüncü şəxsə özgəninkiləşdirə bilməz, əgər mənzilin dəyərini bu müqavilənin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq vaxtlı-vaxtdında (iki ay ardıcıl olaraq cədvəl üzrə tam ödəniş etməzsə) ödəyə bilməzsə mənzil «İcraçı»ya geri qayıdır, həmin mənzil satılır və «Sifarişçi»nin imzaladığı əlavə müqavilədə qeyd olunan şərtlər ilə cərimə tutularaq qalan məbləğ «Sifarişçi»yə qaytarılır. 3.1.6-cı bəndinə əsasən «İcraçı», ödəniş cədvəlinə uyğun olaraq iki ay ardıcıl ödənişlər edilmədiyi təqdirdə bu müqaviləyə birtərəfli qaydada xitam vermək, mənzili satışa çıxarmaq və əldə olunan vəsait hesabına «Sifarişçi»nin ödədiyi pul məbləğini 10% tutqu tutaraq ona geri qaytarmaq hüququna malikdir. 3.2.2-ci bəndinə əsasən «Sifarişçi» mənzilin dəyərini müqavilə ilə müəyyən olunmuş müddətdə ödəniş qrafikinə əsasən «İcraçı»ya ödəməyi öhdəsinə götürür. Əks təqdirdə müqavilə birtərəfli qaydada ləğv edilir. 3.7-ci bəndinə əsasən «Sifarişçi» tərəfindən mənzilə görə bu müqavilənin şərtlərinə əsasən müəyyən edilmiş ödənişlər (əsas borc və cərimə) 2 ay müddətində ödənilmədikdə müqavilənin predmeti olan 52 saylı mənzili boşaldaraq, olunmuş daxili dəyişikliklər «İcraçı» tərəfindən qəbul edilmədiyi halda, binanın qeyd olunmuş çertyoj planına əsasən təhvil vermək öhdəliyi daşıyır. Bu zaman «Sifarişçi»nin ödədiyi məbləğdən mənzilin müqavilə üzrə dəyərinin 10%-i «İcraçı»ya qalmaq şərtilə yerdə qalan məbləğ həmin mənzil satıldıqdan sonra və ya «Sifarişçi»nin imzaladığı əlavə müqavilənin bəndləri əsas götürülərək cərimələr tutulur, qalan vəsait həmin mənzil satıldıqdan sonra əlavə müqavilədə nəzərdə tutulmuş qaydada «Sifarişçi»yə qaytarılacaqdır. Müqaviləyə əlavə edilmiş aylıq ödəniş cədvəlindən görünür ki, «Sifarişçi» ilkin ödəniş olaraq 5.000 manat, qalan 60 ay müddətində isə hər ay 1207,5 manat olmaqla, ümumilikdə 77.448 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Ödənişin başlanğıc tarixi xx.xx.2023-cü il tarix olmaqla, ödəniş hər növbəti ayın 4-ü həyata keçirilməlidir. Kassa mədaxil orderlərinin surətinə əsasən İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ilkin ödəniş qismində 5.000 manat, xx.xx.2023-cü il tarixdə 1207 manat və xx.xx.2024-cü il tarixdə 1207 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh MTK-nın İddiaçı ünvanlanmış olan xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilə üzrə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı tərəfindən öhdəliyin yerinə yetirilmədiyi, sözügedən müqavilənin 3.1, 3.7, 3.8 və 3.9-cu bəndlərinə əsas verərək müqaviləyə birtərəfli xitam verildiyi, müqavilənin predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus olan yaşayış binasının 2-ci binanın 4-cü girişin 7-ci mərtəbəsində yerləşən 2 otaqlı 52 saylı mənzilin imzalanmış olan əlavə müqaviləyə əsasən satışa çıxarıldığı bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MTK-ya qarşı «müqavilənin icrasından imtinanın, birtərəfli qaydada ləğv edilməsinin və müqavilənin ləğv edilməsi ilə bağlı bildirişin qanunsuz sayılması, mənzil üzrə ödənişlərin qəbul edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «İcraçı» Cavabdeh MTK ilə «Sifarişçi» İddiaçı arasında Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-masazır şossesi ünvanında yerləşən və kooperativə məxsus olan yaşayış kompleksinin 2-ci binanın, 4-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 69,15 kv.metr olan 2 otaqlı 52 nömrəli mənzilə dair bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın (mənzilin) sifarişi haqqında müqaviləyə cavabdeh tərəfindən birtərəfli qaydada xitam verilməsi barədə hərəkətlərin qanunsuz hesab edilməsi, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın (mənzilin) sifarişi haqqında müqaviləyə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli bildirişin və müqavilənin icrasından birtərəfli qaydada imtina edilməsinin qanunsuz hesab edilməsi, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın (mənzilin) sifarişi haqqında müqavilə üzrə öhdəliklərin icrasının və İddiaçı tərəfindən edilən ödənişlərin qəbul edilməsinin Cavabdeh MTK tərəfindən bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MTK arasında xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın (mənzilin) sifarişi haqqında müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən «İcraçı» Cavabdeh MTK Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi ünvanında yerləşən və kooperativə məxsus olan yaşayış kompleksinin 2-ci binanın, 4-cü blokun, 7-ci mərtəbəsi, ümumi sahəsi 69,15 kv.m olan, 2 otaqlı 52 N-li mənzili inşa edib təmirsiz vəziyyətdə «Sifarişçiyə» təhvil verməyi və kommunal xidmətlər göstərməyi, «Sifarişçi» isə mənzilin dəyərini bu müqaviləyə əsasən 60 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Mənzil üzrə hər ay ödəniş «Aylıq ödəniş cədvəli»nə əsasən 1207,5 manat müəyyən edilmişdir. Ödəniş cədvəlinə əsasən ödənişlər xx.xx.2023-cü il tarixdən başlayaraq hər növbəti ayın 4-ü ödənilməlidir. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən mənzilin dəyəri ödənilib başa çatanadək «Sifarişçi» mənzili üçüncü şəxsə özgəninkiləşdirə bilməz, əgər mənzilin dəyərini bu müqavilənin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq vaxtlı-vaxtında (iki ay ardıcıl olaraq cədvəl üzrə tam ödəniş etməzsə) ödəyə bilməzsə mənzil «İcraçı»ya geri qayıdır, həmin mənzil satılır və «Sifarişçi»nin imzaladığı əlavə müqavilədə qeyd olunan şərtlər ilə cərimə tutularaq qalan məbləğ «Sifarişçi»yə qaytarılır. Sifarişçi tərəfindən xx.xx.2023-cü ildə 5000 manat, xx.xx.2023-cü ildə 1207 manat və xx.xx.2024-cü ildə 1207 manat məbləğində ödənişlər edilmişdir. 2024-cü ilin fevral ayının 15-i iddiaçı növbəti ödəniş etmək üçün cavabdehin yerləşdiyi ofisə yaxınlaşmış, lakin oradan ona bildirmişlər ki, mənzilə dair bağlanılmış müqavilə birtərəfli qaydada ləğv edilmiş, mənzil artıq iddiaçıya məxsus deyil və satışa çıxarılmışdır. Mənzil satıldıqdan sonra müqaviləyə görə ödənişlər geri qaytarılacaqdır. İddiaçı bu hərəkətlərin qanunsuz olmasını və ödənişlərin qəbul edilməsini tələb etsə də, cavabdeh ödənişləri qəbul etməkdən imtina etmiş və 14 fevral 2024-cü il tarixdə iddiaçıya bildiriş göndərərək müqaviləyə xitam verilməsini və mənzilin satışa çıxarıldığını bildirmişdir. Hesab edir ki, müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı bildiriş və müqavilənin icrasından imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Mülki Məcəllənin yuxarıda göstərilən tələblərindən də göründüyü kimi, müqavilə tərəfinin tələbi ilə müqavilə yalnız o halda ləğv edilə bilər ki, qarşı tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuş olsun. İddiaçı tərəfindən ödənişlər həyata keçirilsə də, onlar tam cədvələ uyğun həyata keçirilməmişdir. Belə ki, ödəniş cədvəlinə əsasən xx.xx.2023-cü il tarixdə edilməli olan ödəniş xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə edilməli olan ödəniş 11 yanvar 2024-cü ildə edilmişdir. Ödənişlər gecikmə ilə aparılsa da, cavabdeh ödənişləri qəbul etmiş və buna hər hansı etirazını bildirməmişdir. 15 fevral 2024-cü il ildə növbəti ödənişi həyata keçirmək istəyərkən cavabdeh ödənişi qəbul etməmiş və müqavilənin ləğv edilməsi ilə bağlı ünvanına artıq bildirişin göndərilməsini bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən ödənişlər cədvəl üzrə iki dəfə ardıcıl olaraq pozulsa da, həmin pozuntu əhəmiyyətli olmamış, hər iki ödəniş cavabdeh tərəfindən qəbul edilmiş və həmin gecikmələrə hər hansı etiraz bildirilməmişdir. Cavabdeh müqavilə üzrə ödənişləri qəbul etməkdən imtina etməklə, faktiki olaraq müqavilənin icrasından birtərəfli qaydada imtina etmişdir. Lakin həmin imtina müqavilənin birtərəfli qaydada ləğv edilməsi və ya xitam verilməsi anlamına gəlmir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəməyə daha öncədən ünvanlamış olduqları etiraz ərizəsini müdafidə edərək bildirdi ki, iddiaçı müqavilənin ləğvi əsası kimi olan aylıq pul ödənişlərinin müqavilənin əhəmiyyətsiz pozuntu olduğunu əsas gətirir. Birincisi, şəxs artıq elə ilk aylardan gecikmələrlə ödənişlər edib, ikincisi, gecikmə 2 ay 11 gündür. Bu müddət kifayət qədər əhəmiyyətli bir zamandır və müqavilə şərtinin pozuntusudur. Yəni şəxs xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə ödəniş etməmiş, yanvar ayında qrafik üzrə dekabrın ödənişini edərək öhədliyini bitmiş hesab etmiş, xx.xx.2024 və xx.xx.2024-cü il üçün heç bir ödəniş etməmişdir. Sanki yanvarda ödəmə etməsini özünə bəraət qazandıran hal kimi bu gün də məhkəmədə bildirir. İddiaçının ödənişləri bu formada gecikdirməklə ödəməsini sanki normal ödəniş periodu kimi göstərməsi və cavabdehin yerinə bu pozuntunun əhəmiyyətsiz olması qənaətinə gəlməsi qəbul edilməzdir. İddiaçı həm gecikdirməni qəbul edir, həm də ona haqq qazandırmağa çalışır. Müqavilə öhdəlikləri vicdanla icra edilməlidir. İddiaçı müqavilə öhdəliyinin heç bir ay da olsun icrasını vicdanlı icra etməmiş, gecikdirmələr etmiş, indi də məhkəməni bunu normal hal kimi, qanun və müqavilə pozuntusu kimi qəbul etməməsini xahiş edir. Müqavilə tərəflərin iradəsinə uyğun bağlanır, cavabdeh bu gün 2 ay 10 gün müddətində müqavilə öhdəliyini pozmanı əhəmiyyətli hesab edir. Digər tərəfdən müqavilədə bu şərt nəzərdə tutulduğundan iddiaçı belə pozuntulara yol verəcəyi təqdirdə müqavilənin birtərəfli qaydada ləğv ediləcəyini bilmiş və qəbul etmişdir. Təcrübə göstərir ki, müqavilə öhədliyinə vicdanlı yanaşan alıcı 60 aylıq müqavilənin ilk ayından etibarən gecikmələrə yol vermir. Əgər şəxs elə ilk aylarda belə pozuntulara yol verirsə, maddi vəsaiti vaxtlı-vaxtlı ödəmələr etməyə imkan vermirsə və yaxud maddi vəsaiti olmasına baxmayaraq, öhdəliyini gec icra etməyə meyillidirsə bu müqavilə tərəfi kimi cavabdehin müqavilə şərtlərinə uyğun davranmağa məcbur edir. Belə müqavilə tərəfinə inam itir, müqavilə şərtlərinin əhəmiyyətli pozuntusu meydana çıxır. Belə vəziyyətdə müqavilə münasibətlərini davam etdirmək cavabdehin vəzifəsi, öhdəliyi deyil, hüququdur. Məhkəmənin ödəniş cədvəlindəki gecikmələri və son olaraq 2 ay 10 gün müddətində qrafik üzrə ödəniş etməməsini nəzərə almasını xahiş edirlər. Odur ki, iddiaçının iddia tələbi əsassızdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2111/2024 nömrəli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh MTK-ya qarşı «müqavilənin icrasından imtinanın, birtərəfli qaydada ləğv edilməsinin və müqavilənin ləğv edilməsi ilə bağlı bildirişin qanunsuz sayılması, mənzil üzrə ödənişlərin qəbul edilməsi» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 14.2.1, 389.1, 390.1, 405.1, 421.1, 421.2, 421.3, 425, 385-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 217.4-cü maddələrinə, “Avşar Türkiyəyə qarşı” AİHM-nin № 25657/94, §282 qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2111/2024 nömrəli saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın (mənzilin) sifarişi haqqında müqavilə bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı Cavabdeh MTK Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi ünvanında yerləşən və kooperativə məxsus olan yaşayış kompleksinin 2-ci binanın, 4-cü blokun, 7-ci mərtəbəsi, ümumi sahəsi 69,15 kv.m olan 2 otaqlı 52N-li mənzili inşa edib təmirsiz vəziyyətdə şifarişçiyə təhvil verməyi və kommunal xidmətləri göstərməyi, sifarişçi isə mənzilin dəyərini bu müqaviləyə əsasən 60 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Mənzil üzrə hər ay ödəniş aylıq ödəniş cədvəlinə əsasən 1207,5 manat müəyyən edilmişdir. Ödəniş cədvəlinə əsasən ödənişlər xx.xx.2023-cü il tarixdən başlayaraq hər növbəti ayın 4-ü ödənilməlidir. Müqavilənin 2.7-ci bəndinə əsasən mənzilin dəyəri ödənilib başa çatanadək sifarişçi mənzili üçüncü şəxsə özgəninkiləşdirə bilməz, əgər mənzilin dəyərini bu müqavilənin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq vaxtlı-vaxtında (iki ay ardıcıl olaraq cədvəl üzrə tam ödəniş etməzsə) ödəyə bilməzsə mənzil icraçıya geri qayıdır, həmin mənzil satılır və sifarişçinin imzaladığı əlavə müqavilədə qeyd olunan şərtlər ilə cərimə tutularaq qalan məbləğ sifarişçiyə qaytarılır. Sifarişçi tərəfindən xx.xx.2023-cü ildə 5000 manat, xx.xx.2023-cü ildə 1207 manat və xx.xx.2024-cü ildə 1207 manat məbləğində ödənişlər edilmişdir. 2024-cü ilin fevral ayının 15-i iddiaçı növbəti ödəniş etmək üçün cavabdehin yerləşdiyi ofisə yaxınlaşmış, lakin oradan ona bildirmişlər ki, mənzilə dair bağlanılmış müqavilə birtərəfli qaydada ləğv edilmiş, mənzil artıq iddiaçıya məxsus deyil və satışa çıxarılmışdır. Mənzil satıldıqdlan sonra müqaviləyə görə ödənişlər geri qaytarılacaqdır. İddiaçı bu hərəkətlərin qanunsuz olmasını və ödənişlərin qəbul edilməsini tələb etsə də, cavabdeh ödənişləri qəbul etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixdə iddiaçıya bildiriş göndərərək müqaviləyə birtərəfli qaydada xitam verilməsini və mənzilin satışa çıxarıldığını bildirmişdir. Məhkəmənin gəlidyi nəticə - işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh MTK ilə İddiaçı arasında 04 oktyabr 2023-cü il tarixdə daşınmaz əmlakın (mənzilin) sifarişi barədə müqavilə bağlanmışdır. Bağlanmış müqavilə əsasında tərəflər öz üzərinə müəyyən öhdəliklər götürmüşlər. İcraçının (Cavabdeh MTK-nın) öhdəliyi Abşeron rayonu, Saray qəsəbəsi Novxanı-Masazır şossesi ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus olan yaşayış binasının 2-ci binanın, 4-cü blokun, 7-ci mərtəbəsi, ümumi sahəsi 69.15 kv.metr olan 2 otaqlı 52 nömrəli mənzili inşa edib təmirsiz vəziyyətdə sifarişçiyə (İddiaçı) təhvil vermək və kommunal xidmətlər göstərmək, sifarişçinin (İddiaçı) isə öhdəliyi mənzilin dəyərini 60 ay müddətində hissə-hissə ödəməkdən ibarət olmuşdur. Müqavilənin əsas şərtlərindən biri isə sifarişçi tərəfindən müqavilə şərtlərinə əməl edilmədiyi, yəni müqavilənin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq vaxtlı-vaxtında (iki ay ardıcıl olaraq cədvəl üzrə tam ödəniş etməzsə) ödəniş edilmədiyi təqdirdə, mənzilin icraçıya geri qayıtması, satılması və sifarişçinin imzaladığı əlavə müqavilədə qeyd olunan şərtlər ilə cərimə tutularaq qalan məbləğin sifarişçiyə qaytarılmasından ibarət olmuşdur. Lakin göründüyü kimi, iddiaçı tərəfindən həmin şərtlərə əməl edilməyərək, ödənişlərdə dəfələrlə gecikmələrə yol verilmiş və bu gecikmələr Cavabdeh MTK-nın müqaviləyə birtərəfli qaydada xitam verməsinə səbəb olmuşdur. İş materiallarında olan sənədlərlə iddiaçı tərəfindən ilkin ödənişdən savayı iki ay üçün ödəniş edildiyi müəyyən olunsa da, bu ödənişlər də vaxtlı-vaxtında həyata keçirilməmişdir. Belə ki, müqaviləyə əlavə olan cədvələ görə ödənişlər hər ayın 4-ü həyata keçirilməklə, ödənişin başlanğıc tarixi 04 noyabr 2023cü il müəyyən edilmişdir. İddiaçı isə 04 noyabr 2023-cü il tarixində etməli olduğu ödənişi 30 noyabr 2023-cü il tarixində, 04 dekabr 2023-cü il tarixində isə etməli olduğu ödənişi 11 yanvar 2024-cü il tarixdə gecikmələrlə həyata keçirmişdir. İddiaçının əsas dəlillərindən biri gecikmələrlə olsa belə etmiş olduğu ödənişlərin cavabdeh tərəfindən qəbul edilməsi və bu məsələ ilə əlaqədar ona hər hansı bir etirazın bildirilməməsi ilə bağlı olmuşdur. İddiaçının bu dəlilinə isə cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış olan etiraz ərizəsində aydınlıq gətirilmiş və bildirilmişdir ki, gecikmələrlə edilmiş olan ödənişlər onlar tərəfindən qəbul edilmiş olsa da, bu ödənişlər gecikdirilmiş aylar üzrə edilməli olan ödəniş qismində qəbul edilmişdir. Yəni iddiaçının yanvar ayının 11-i etdiyi ödəniş əslində gecikdirmiş olduğu dekabr ayı üçün nəzərə alınmış və bununla da iddiaçı mahiyyət etibarı ilə yanvar ayı üçün etməli olduğu ödənişin də vaxtının gecikdirilməsinə səbəb olmuşdur. Nəticədə iddiaçı müqavilə şərtlərini pozaraq iki ay ardıcıl olaraq ödəniş etməmiş və müqavilə ilə üzərinə götürmüş olduğu öhdəliyin icrasını pozmuşdur. Bütün yuxarıda sadalanmış hallar isə cavabdehə müqavilənin icrasından birtərəfli qaydada imtina etməsinə haqq qazandırmış və onun tərəfindən hər hansı pozuntuya yol verilməsinə səbəb olmamışdır. Cavabdeh müqaviləni birtərəfli qaydada ləğv edərkən müqavilənin 2.7 və 3.1.6-cı bəndlərini əsas tutmuşdur. 2.7-ci bənddə qeyd edilir ki, sifarişçi əgər mənzilin dəyərini bu müqavilənin əlavə olan ödəniş cədvəlinə uyğun olaraq vaxtı-vaxtında (iki ay ardıcıl olaraq cədvəl üzrə tam ödəniş etməzsə) ödəyə bilməzsə mənzil icraçıya geri qayıdır, həmin mənzil satılır və sifarişçinin imzaladığı əlavə müqavilədə qeyd olunan şərtlər ilə cərimə tutularaq qalan məbləğ sifarişçiyə qaytarılır. 3.1.6-ci bənddə qeyd edilir ki, ödəniş cədvəlinə uyğun olaraq iki ay ardıcıl olaraq ödənişlər edilmədiyi təqdirdə, bu müqaviləyə birtərəfli qaydada xitam vermək icraçının hüquqları kimi müəyyən edilmişdir. İşin mübahisəsiz hallarından da göründüyü kimi iddiaçı tərəfindən ödənişlər qrafik üzrə gecikdirilsə də, icraçı həmin ödənişləri qəbul etmiş və hər hansı etirazı bildirməmişdir. Ödəmələr ödəniş cədvəlində olan müddətlərə uyğun aparılmasa da, cavabdeh onları qəbul edərkən iddiaçıya hər hansı xəbərdarlıq və ya etiraz etməmiş və bununla da sifarişçi tərəfindən edilən gecikməni faktiki olaraq qəbul etmişdir. İkinci gecikmə baş verərkən də icraçı sifarişçiyə hər hansı etiraz və ya xəbərdarlıq etməmiş və faktiki olaraq həmin ödənişi qəbul etməklə müqavilə şərtlərinin pozulması faktını qəbul edərək onu əhəmiyyəti hesab etməmişdir. İcraçı artıq 3-cü ödəniş edilərkən sifarişçiyə etiraz etmiş və heç bir xəbərdarlıq etmədən müqavilənin birtərəfli qaydada ləğv edildiyini bəyan etmişdir. Göründüyü kimi tərəflər arasında bağlanılmış müqavilə üzrə yeni işgüzar münasibətlər formalaşmış, icraçı iki dəfə ardıcıl olaraq ödənişlər gecikdirilsə də, heç bir etiraz və xəbərdarlıq etmədən onları qəbul etmişdir. Bundan başqa iddiaçı hər gecikmə barədə əvvəlcədən cavabdehə məlumat vermiş və cavabdeh buna da etiraz bildirməmişdir. Bu da onu göstərir ki, cavabdeh müqaviləni birtərəfli qaydada ləğv etməkdə haqlı olmamışdır. Müqavilə birtərəfli qaydada, o, halda ləğv edilə bilərdi ki, ikinci dəfə ödəniş gecikdirilərkən cavabdeh tərəfindən müqavilənin ləğvi barədə iddiaçıya xəbərlarlıq edilərdi. Cavabdeh isə belə xəbərdlarlıq etməmiş və ardıcıl olaraq gecikmə ilə həyata keçirilmiş ödənişləri qəbul etmişdir. Göründüyü kimi tərəflər arasında ödənişlərin gecikmə ilə aparılması ilə bağlı bir işgüzar münasibətlər yaranmış və cavabdeh həmin işgüzar münasibətlərini yaranmasına hər hansı etirazını bildirməmişdir. Belə olan halda müqavilənin birtərəfli qaydada ləğv edilməsi Mülki Məcəllənin 404.2-ci maddəsinin tələblərinə zidd olmuşdur. Bundan başqa qeyd olunmalıdır ki, müqavilənin hər hansı bəndində müqavilənin 2.7-ci bəndinə əsasən onun birtərəfli qaydada ləğvi barədə müddəa göstərilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Tərəflər arasında bağlanılmış müqavilənin 3.1.6-cı bəndində qeyd olunmuşdur ki, ödəniş cədvəlinə uyğun olaraq iki ay ardıcıl ödənişlər edilmədiyi təqdirdə bu müqaviləyə birtərəfli qaydada xitam vermək icraçının hüquqları kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi cavabdeh müqavilənin birtərəfli qaydada o halda ləğv edə bilərdi ki, iddiaçı iki ay ardıcıl olaraq müqavilə üzrə hər hansı ödəniş etməsin. İddiaçı isə ödənişləri etmiş, sadəcə olaraq onları gecikdirmişdir. İddiaçı müqaviləni birtərəfli qaydada ləğv edərkən Müqavilənin 2.7-ci bəndini əsas tutmuşdur. Lakin müqavilənin 3.1.6-cı bəndində müqavilənin 2.7-ci bəndinə əsasən ləğv etmək hüququ konkret olaraq göstərilməmişdir. Yəni iddiaçının müqavilə üzrə ardıcıl olaraq iki dəfə ödənişləri gecikdirmək, onun birtərəfli qaydada ləğvi üçün əsas kimi müqavilədə təsbit olunmamışdır. Bu da onu göstərir ki, cavabdehin müqavilənin 2.7-ci bəndini əsas tutmaqla müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ olmamışdır. Beləliklə tərəflər arasında bağlanılmış müqavilənin “Tərəflərin hüquq və vəzifələri” adlanan bölməsində iddiaçının müqaviləni 2.7-ci bəndini əsas tutmaqla birtərəfli qaydada ləğv edilməsi ilə bağlı hər hansı hüququ təsbit olunmadığı üçün, onun hərəkətləri qanuni olmamışdır. Lakin məhkəmə işin bu hallarına düzgün hüquqi qiymət verməmiş, müqavilənin şərtlərini düzgün təsfir etməmiş və bununla da Mülki Məcəllənin 404 və 421-ci maddələrinin tətbiqində səhvə yol vermişdir. Digər tərəfdən tərəflər arasında bağlanılmış müqavilə məhkəmə tərəfindən düzgün təfsir edilməmişdir. Belə ki, müqavilənin 2.7-ci bəndində dəqiq göstərilir ki, sifarişçi “iki ay ardıcıl olaraq cədvəl üzrə ödəniş etməzsə”, yəni vaxtlı-vaxtında ödəniş etməzsə, mənzil icraçıya qaytarılır. Lakin iddiaçı tərəfindən ödənişlər edilmiş, sadəcə olaraq gecikdirilmişdir. Müqavilədə ödənişlərin “vaxtı-vaxtında ödənilməməsi” söz birləşməsinə konkret aydınlıq gətirilmiş və mötərizədə qeyd olunmuşdur ki, həmin ifadə “iki ay ardıcıl olaraq cədvəl üzrə ödəniş edilməzsə” kimi başa düşülür. Yəni müqavilənin şərtinə görə iddiaçı tərəfindən iki ay ardıcıl olaraq müqavilə üzrə ödənişlər aparılmazsa, müqavilə üzrə şərtlər pozulmuş hesab olunur. İddiaçı tərəfindən isə ödənişlər gecikmə ilə edilmiş və bu hal müqavilənin 2.7-ci bəndinin pozulması kimi qiymətlənlirilə bilməz. Beləliklə məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə almamış və nəticədə irəli sürülmüş iddianın heç bir hüquqi əsas olmadan rədd olunması barədə qətnamə qəbul etmişdir. Qanunvericiliyin qeyd olunan tələblərindən də göründüyü kimi müqavilə o halda ləğv edilə bilər ki, tərəflərdən biri onu əhəmiyyətli dərəcədə pozmuş olsun, yaxud müqavilədə onun birtərəfli qaydada ləğvi ilə bağlı şərtlər dəqiq və konkret göstərilsin. Müqavilədə onun birtərfli qaydada ləğvi ilə bağlı (3.1.6-cı bənd) bənd olsa da, o bənd konkret deyil və ümumi xarakter daşıyır. Belə olan halda müqavilənin konkret bir əsas üzrə (hazırki halda ödənişlərin ardıcıl olaraq iki dəfə gecikdirilməsi) ləğvi ilə bağlı şərtlər olmadığı üçün, cavabdeh müqaviləni yalnız digər tərəfin razılığı əsasında, yaxud məhkəmə qaydasında ləğv edə bilərdi. Yəni Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən “müqavilədə nəzərdə tutulan halda” şərti ilə müqavilənin ləğvi üçün hər hansı əsas olmamışdır. Müqavilənin 3.1.6-cı maddəsində göstərilən əsaslar ümumi xarakter daşıdığı üçün və müqavilənin digər bəndlərində olan əsaslara istinad etmədiyi üçün, məhkəmə cavabdehin hərəkətlərini qanunsuz hesab etməli idi. Lakin göründüyü kimi məhkəmə Mülki Məcəllənin 421-ci maddəsinin tələblərini mübahisəyə düzgün tətbiq etməmiş və bu səbəbdən qətnamə MPM-in 384-cü maddəsinin tələblərinə görə ləğv edilməlidir. Digər tərəfdən hətta cavabdehin hərəkətləri müqaviləyə qismən də olsa uyğun qəbul edilərsə, bu halda cavabdehin hərəkətləri hüquqlarından suiistifadə kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə ödənişləri gecikdirsə də, həmin gecikməyə görə cərimə ödəməyə hazır olduğunu cavabdehə bildirmiş və gecikmənin maddi vəziyyəti ilə əlaqədar olduğunu bildirmişdir. Digər tərəfdən iddiaçı ödənişləri həyata keçirmiş və cavabdeh onları qəbul etmişdir. Buna baxmayaraq cavabdeh hüququndan sui-istifadə etmiş, iddiaçı tərəfindən 3-cü ödəniş həyata keçirilərkən onu qəbul etməkdən imtina etmiş və müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Göründüyü kimi iddiaçı müqavilə üzrə ödənişlərin ödənilməsi tarixlərini pozsa da, həmin pozma əhəmiyyətli olmamış və cavabdehin hər hansı mənafeyini pozmamışdır. Bu hal da cavabdehə müqaviləni birtərəfli qaydada ləğv etməyə əsas verməmişdir. Cavabdehin müqaviləni birtərəfli qaydada ləğv etməsinin məqsədi də tam aydındır. Belə ki, hamıya bəlli olduğu kimi Bakı şəhərində və Abşeron rayonunda tikilən mənzillərin qiymətlərində son zamanlar çox böyük sürətlə qalxma dinamikası müşahidə olunur. Cavabdeh mənzillərin qiymətlərinin qalxmasını və daha baha qiymətə satmaq imkanının ələ düşməsindən sui-istifadə etmək üçün, iddiaçıya qarşı belə addım atmışdır. Cavabdeh bu hərəkətləri hüquqlarından sui-istifadə kimi qiymətləndirilməli və bu səbəbdən də qanunsuz hesab edilməlidir. Beləliklə işə baxan məhkəmə qeyd olunan halları düzgün qiymətləndirməmiş, Mülki Məcəllənin 404, 421, 425 və 560-cı maddələrini mübahisəyə düzgün tətbiq etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh gecikmə ilə aparılmış ödənişlərin müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi göstərmişdir. Lakin cavabdeh bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qanunun tələbinə əsasən tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Cavabdeh tərəfindən müqavilə üzrə ödənişlərin gecikmə ilə aparılması nəticəsində zərər vurulmasını təsdiq edən hər hansı sübutlar təqdim olunmamışdır. Bu da bir daha onun göstərir ki, cavabdehin müqaviləni birtərəfli qaydada ləğv etmək üçün hər hansı hüquqi əsası olmamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsindən də göründüyü kimi, məhkəmə təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmiş və onları işin hallarına uyğun olaraq qiymətləndirməmişdir. Bu da öz növbəsində əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə tərəflər arasında bağlanmüş müqavilənin şərtlərinə düzgün nəzər yetirməmiş və cavabdehin müqaviləni birtərəfli qaydada ləğvi ilə bağlı hüquqlarının olub-olmamasına hüquqi qiymət verməmişdir. Məhkəmə cavabdehin müqaviləni birtərəfli qaydada ləğvi ilə bağlı hüququnun olması qənaətinə gəlsə də, müqavilədə bununla bağlı hər hansı müddəaya istinad etməmişdir. İddiaçı tərəfindən müqavilə üzrə ödənişlər gecikdirilsə də, həmin gecikdirilmə əhəmiyyətli olmamışdır. Cavabdeh tərəfindən gecikdirilmiş ödənişlər qəbul edilməsi və onlara qarşı hər hansı etiraz bildirməməsi, özüözlüyündə gecikmənin cavabdeh üçün əhəmiyyətli olmadığını göstərir. Bu halın əksi isə məhkəmə tərəfindən sübut olunmamışdır. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(004)-2111/2024 saylı qətnaməsinin ləğv edilməsi iddianın tam şəkildə təmin olunması barədə yeni qətnamə qəbul edilməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixinə təyin edilmiş iclasında İddiaçı və nümayəndəsi (əri) X2 apellyasiya şikayətini müdafiə edib izahatlarında cavabdehlə iki mənzilə dair müqavilə bağlamalarını, hazırkı müqavilə üzrə ödənişlərin aparılmasını gecikdirmələrini bildirmişlər. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixinə təyin edilmiş iclasında cavabdeh Dörd Qardaş MTK-ın nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq nənəsinin yas mərasimi ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında barışığın əldə edilmədiyini bildirib işə onun iştirakı olmadan baxılaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunmadığından və iddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda: Kollegiya qeyd edir ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Hazırkı iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, tərəflər arasında bağlanmış daşınmaz əmlakın (mənzilin) sifarişi barədə 04 oktyabr 2023-cü il tarixli müqavilənin şərtlərinə əsasən, tərəflər müqavilənin birtərəfli qaydada ləğv edilməsinin mümkün olan halı kimi sifarişçinin ödəniş cədvəlinə uyğun olaraq iki ay ardıcıl ödənişlər edilməməsi halını müəyyən etmiş, bu hal baş verdikdə icraçının müqaviləyə birtərəfli qaydada xitam vermək, mənzili satışa çıxarmaq və əldə olunan vəsait hesabına sifarişçinin ödədiyi pul məbləğinin 10%-ni tutaraq ona geri qaytarmaq hüququnun olmasını müəyyən etmişlər. İddiaçı müqaviləni imzalamaqla müqavilə şərtləri ilə razı olmasını, bu şərtləri qəbul etməsini təsdiq etmiş, sifariş etdiyi mənzilin dəyərini müqavilə ilə müəyyən olunmuş müddətdə ödəniş qrafikinə əsasən müəyyən olunmuş vaxtda icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Əks təqdirdə isə müqavilənin birtərəfli qaydada ləğv ediləcəyinə razı olmasını bildirmişdir. Tədqiq olunan sübutlardan daha sonra müəyyən olunur ki, tərəflər arasında bağlanan müqaviləyə əlavə edilmiş aylıq ödəniş cədvəlinə əsasən, iddiaçı ilkin ödəniş olaraq 5.000 manat, qalan 60 ay müddətində isə hər ay 1207,5 manat olmaqla, ümumilikdə 77.448 manat ödəniş etməyi, ödənişin başlanğıc tarixi xx.xx.2023-cü il tarix olmaqla, ödənişi hər növbəti ayın 4-ü həyata keçirilməyi öhdəsinə götürsə də, xx.xx.2023cü il tarixdə ilkin ödəniş qismində 5.000 manat, xx.xx.2023-cü il tarixdə 1207 manat və xx.xx.2024-cü il tarixdə 1207 manat məbləğində cavabdehə ödəniş etmiş, bundan sonra ardıcıl olaraq iki dəfə, yəni xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixləri üçün ödənişləri aparmadığına görə Cavabdeh MTK İddiaçı xx.xx.2024-cü il tarixli bildiriş ünvanlayaraq xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilə üzrə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə öhdəliyini yerinə yetirilmədiyindən sözügedən müqavilənin 3.1, 3.7, 3.8 və 3.9-cu bəndlərinə əsasən müqaviləyə birtərəfli xitam verdiyini bildirmişdir. Müqavilə üzrə ödənişləri vaxtında, daha sonra isə iki ay ardıcıl icra etmədiyini etiraf edən iddiaçı apellyasiya şikayətində cavabdehin etiraz etmədən tərəfindən aparılan ödənişləri qəbul etməklə müqavilə şərtlərinin pozulması faktını qəbul edərək onu əhəmiyyəti hesab etmədiyini, nəticədə tərəflər arasında bağlanılmış müqavilə üzrə yeni işgüzar münasibətlər formalaşmasını bildirsə də bu halı təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı isə iddiaçının ödənişləri gecikdirməsi, daha sonra iki dəfə ardıcıl ödəniş etməməsi nəticəsində cavabdeh tərəfindən müqaviləyə bir tərəfli qaydada xitam verməsi öz təsdiqini tapmışdır. Kollegiya iddiaçı tərəfin müqavilə üzrə ödənişlərin aparılması qaydasında mövcud olan problemlərlə bağlı vaxtında ödənişlərin edilə bilinməməsinə dair izahatlarında qeyd olunan dəlil üzrə qeyd edir ki, həmin binada yerləşən digər mənzilə dair bağlanmış müqavilə üzrə iddiaçının vaxtında ödənişlər aparması tərəflərin izahatları ilə təsdiq olunduğundan qeyd olunan dəlil inandırıcı deyildir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2111/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.