Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4773/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dam örtüyünün sökülərək əvvəlki vəziyyətinə qaytarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 iyun 2025-ci il tarixli qətnamədən İddiaçı1 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçılar İddiaçı3, İddiaçı2, (apellyator) İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı6, İddiaçı7, İddiaçı4 və İddiaçı5 cavabdehlər tərəfindən özlərinə məxsus mənzillərin üzərində qanunsuz inşa etdikləri əlavə dam örtüyünün cavabdehlərin hesabına sökülməsi və əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia ərizəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd olunmuşdur.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzillər mülkiyyət huququ ilə iddiaçılara məxsusdur. Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan Cavabdeh1 və onun qonşuluğunda olan mənzil 6 ünvanında yaşayan Cavabdeh2 yaşayış evlərinin qır təbəqəsindən ibarət dam örtüyünün üzərindən qanunsuz şəkildə, tikinti norma və qaydalarının tələblərini pozmaqla, müvafiq icazələr olmadan təxminən 2 - 2,5 metr olan hündürlük səviyyəsində, asbest tərkibli material olan şifer örtüyündən istifadə edərək, 3-cü mərtəbədə yerləşən mənzillərin mətbəx və digər yaşayış otaqlarının pəncərələri səviyyəsində qanunsuz olaraq əlavə yeni dam örtüyü inşa etmişlər. Açıq səma altında muzey kimi fəaliyyət göstərən İçərişəhər ərazisində yerləşən yaşayış evlərinin dam örtükləri illər boyu yalnız qır və qara tol vasitəsilə bağlanmışdır. Evlərin üstü iki dam örtüyü ilə, yəni qır dam və üzərində əlavə qurulmuş yüksək hündürlüyü olan konstruksiya (mansard) üslubunda inşa edilməsi İçərişəhərin əvvəlki arxitekturasının və memarlığının pozulması deməkdir və bu da heç bir qaydada yolverilməzdir. Asbest tərkibli materialların insan sağlamlığına və ətraf mühitə zərərli təsiri artıq bütün dünyaya məlumdur. Mütəxəssislərin qeyd etdiyinə görə asbest şiferlər günəş altında azot tərkibli konserogen zərərli maddələr buraxır və bu maddələrin xərçəng xəstəliyini yaratması təkzib olunmaz bir faktdır. Nəzərə alsalar ki, Bakı şəhəri günəş şüalarının düşmə faizi baxımından ən aktiv zonalardan biridir, asbest tərkibli inşaat materiallarından belə şəraitdə istifadəsi insanların sağlamlığı üçün daha da təhlükəlidir. Buna görə də, inkişaf etmiş dünya ölkələrinin əksəriyyətində radioaktiv şüalanma mənbəyi olan asbest şifer materiallarının istehsalı və istifadəsi qadağan edilmişdir. Həmçinin asbest tərkibli şifer materialların odadavamlılıq səviyyəsi olduqca aşağı olmaqla, tezalışan yanğın təhlükəli bir inşaat materialıdır. Göstərilən dam örtüyü 3-cü mərtəbədə yerləşən mənzillərin bütün pəncərələrinin qarşısında yerləşməklə, onların divarlarına bitişikdir və bu səbəbdən də, ilin bütün fəsillərində pəncərələrdən istifadə zamanı, damın səviyyəsi pəncərələrin səviyyəsinədək qaldırıldığı üçün mənzillər zirzəmi vəziyyətinə gətirilmişdir və bu hal küləkli hava şəraitində damın üstünə yığılan toz-torpağın və şiferin zərərli maddələrinin buxar şəklində mənzillərə daxil olmasına səbəb olur. Belə şəraitdə pəncərələri açmaq olmur ki, bu da mənzillərin havalandırma şəraitini pozur. Bundan əlavə, həddindən artıq hündürlükdə qurulan şifer dam örtüyü təbii işıq və təmiz havanın yeganə mənbəyi olan binanın içəri küçəsinə kölgə saldığından 2-ci mərtəbədə yerləşən digər iki mənzillərə düşən gün işığının qarşısını kəsmişdir və mənzillərə təmiz havanın daxil olmasına maneə yaratmışdır. Qurulan dam örtüyü 1-ci mərtəbədə yerləşən mənzilləri isə tamamilə qaranlığa salmışdır və təmiz havanın daxil olmasına da ciddi maneə yaradaraq mənzillərdə zirzəmi effekti yaratmışdır. Beləliklə, cavabdehlərə məxsus mənzillərin dam örtüyü hissəsində aparılmış yenidənqurma işləri səlahiyyətli dövlət orqanları ilə razılaşdırılmamış, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşa olunmamışdır. Sözügedən dam örtüyünün qanunsuz olaraq yuxarı səviyyəyə qaldırılması və onun üst təbəqəsinin şifer örtüyü ilə inşa edilməsi iddiaçıların sağlamlığının qorunması, radiasiya təhlükəsizliyinin təmin olunması, eləcə də sanitar-gigiyena norma və qaydaları, yanğın təhlükəsizliyi baxımından hüquqlarını pozduğundan hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilmiş dam örtüyünün sökülərək əvvəlki vəziyyətinə qaytarılması, sağlamlığının pozulması, radiasiya və yanğın təhlükəsizliyinin təmin olunması, eləcə də cavabdehlər tərəfindən sanitar norma və qaydalarının pozulmasının qarşısının alınması ilə bağlı müvafiq dövlət orqanlarına edilmiş müraciətlər nəticəsiz qalmışdır. Lakin Respublika Gigiyena və Epidimiologiya Mərkəzi tərəfindən yerində aparılmış araşdırma ilə müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı4 və Çingiz Hüseynova məxsus mənzillərdə təbii işıqlandırma səviyyəsi 0 lk, 2-ci mərtəbədə yerləşən İddiaçı6 və İddiaçı7 məxsus mənzillərdə isə 50 lk olmaqla həmin mənzillərdə təbii işıqlandırma səviyyəsi normadan (norma 150 lk) 3 dəfə aşağıdır. b) cavabdeh tərəfin iddia tələbinə etirazı barədə məlumat
4. Cavabdeh1 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda göstərmişdir ki, iddiaçıların və onların yaşadıqları yaşayış evinin bir hissəsi 3 mərtəbəli, digər hissəsi 2 mərtəbəlidir. İddiaçılar binan 3 mərtəbəli hissəsində, o və digər Cavabdeh2 binanın 2 mərtəbəli hissəsində yaşayırlar. Binan 3 mərtəbəli hissəsində yaşayan qonşular, binanın 2 mərtəbəli hissəsinin damından istədikləri kimi istifadə edirdilər. Bunun nəticəsində damın qır örtüyü zədələnib damırdı. Buna görə də onlar müvafiq dövlət qurumlarına dəfələrlə şikayət etmiş, lakin dövlət qurumları qonşuların damdan istifadə etmələrinin qarşısını ala bilmirdilər. Sonda, yəni təxminən 20 il bundan əvvəl dövlət qurumları binanın 2 mərtəbəli hissəsinin damını dəyişmiş və hazırkı, yəni iddiaçıların damdan istifadə etməsini imkansız etmiş vəziyyətə gətirmişlər. İddiaçılar hazırda damdan istifadə edə bilmədikləri üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Çardağın yenidən qurulması qanuni əsaslarla və dövlət tərəfindən həyata keçirilib, bunu təsdiq edən sənədlər var və o, həmin sənədlər məhkəməyə təqdim edib. Həmin dəyişkilik nə onun, nə də ki, digər cavabdehin tərəfindən edilmədiyindən iddia tələbi əsassız hesab edilməlidir.
5. Cavabdeh2 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə Cavabdeh1 izahatına uyğun izahat vermiş və iddianın rədd edilməsini xahiş etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. Rayon Məhkəməsi tərəfindən iddiaçılar İddiaçı4 və İddiaçı5 mülki iş üzrə iddiaçı qismində iştiraklarına xitam verilmişdir (həmin şəxslər Rayon Məhkəməsinə bildirmişlər ki, iddia ərizəsini oxumadan imzalamışlar, iddia ilə razı deyillər).
7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müvafiq icazə almadan inşa edilmiş və tikintisi başa çatmış tikilinin sökülməsi məhkəmə qaydasında həyata keçirilir. Belə tikintinin sökülməsi barədə məhkəməyə iddianı müvafiq icra hakimiyyəti orqanı– Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi qaldırır. Hətta inşa edilən tikilinin qanunvericilikdə nəzərdə tutulmuş qaydaya riayət edilmədən, müvafiq icazə sənədləri alınmadan inşa edilməsinin müəyyən edilməsi halında belə iddiaçıların həmin tikilinin sökülməsi ilə bağlı iddia qaldırmağa subyektiv hüquqları mövcud deyil. Bundan başqa nəzərə alınmalıdır ki, iş üzrə cavabdehlər bu kimi iddiaya cavab verməli olan şəxslər də deyillər. d) apellyasiya şikayəti barədə məlumat
9. İddiaçı1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Əsasları iddia tələbinin əsasları eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış və iddianı rədd etmiş Rayon Məhkəməsinin əsaslanması səhv olmuşdur. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
11. İddiaçı – apellyator İddiaçı1, onun bacısı olan İddiaçı2 və onların anası olan İddiaçı3 apellyasiya baxışı iclasında iştirak edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
12. Cavabdehlər apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdilər. Onlar əlavə olaraq bildirdilər ki, təxminən 20 il əvvəl, onlar, əsasən də 12 saylı mənzildə yaşamış professor X7 iddiaçıların damdan qanunsuz istifadə etmələri ilə bağlı müvafiq dövlət qurumlarına dəfələrlə şikayət etmişlər. Son nəticədə Səbail Rayon İcra Hakimiyyətinin 2004-cü ildə verdiyi sərəncamına əsasən binanın 2 mərtəbəli hissəsinin damı dəyişdirilmişdir. Buna görə də hesab edirlər ki, Rayon Məhkəməsi iş üzrə qanuni nəticəyə gəlmişdir.
13. İş üzrə üçüncü şəxs olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, təmsil etdiyi qurum 2004-cü ildə Səbail Rayon İcra Hakimiyyətinin tabeliyində olmuşdur. Mübahisəli dam örtüyü Səbail RİH-nin icazəsi və layihəsi əsasında, lakin sakinlərin vəsaiti hesabına dəyişdirilmişdir. Buna görə hesab edir ki, Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
14. Digər üçüncü şəxslərin nümayəndələri və digər iddiaçılar apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, mülkiyyət hüquqlarını təsdiq edən müvafiq sənədlərdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Asəf Zeynallı küçəsi, bina № 13-də yerləşən 5 saylı mənzil İddiaçı7, 8 və 9 saylı mənzillər İddiaçı1, 7 saylı mənzil isə İddiaçı6, Nigar Hüseynovanın, Ləman Hüseynovanın və Pənah Hüseynovun mülkiyyətindədir.
17. Bakı Şəhər İcra Hakimiyyətinin “Bakımənzilkommunallayihə” Layihə İnstitutu tərəfindən Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Asəf Zeynallı küçəsi, bina № 13-də yerləşən 12 saylı mənzildə professor X5 ünvanlanmış xx.xx.2004-cü il tarixli məktubundan görünür ki, Kazım Axundovun xx.xx.2004-cü il sifariş-ərizəsinə əsasən “Bakımənzilkommunallayihə” institutunun mütəxəssisləri xx.xx.2004-cü il tarixdə yaşadığı A.Zeynallı küçəsi, 13, mənzil 12-yə texniki baxış keçirmiş və aşağıdakıları müəyyən etmişlər: - Baxış keçirilən bina 2 və 3 mərtəbəli hissələrdən ibarət, kvardat formada həyəti olan, qədim və qapalı daş binadır. - Planda baxanda binanın yalnız bir tərəfi, yəni cənuba baxan hissəsi 2 mərtəbəli, qalan hissələri isə 3 mərtəbəlidir. - Binanın 2-ci və 3-cü mərtəbələrinə ağac pilləkənlərlə həyətin ortasından qalxaraq şüşəbəndlərə və oradan da mənzillərə girmək mümkündür. - 12 saylı mənzil 2 mərtəbəli hissədə yerləşir və bilavasitə pilləkənlərlə küçəyə çıxışı vardır. - Binanın həyət tərəfə çıxan ağac şüşəbəndləri, xüsusilə də şimal, şərq və cənub tərəflərlə yerləşən şüşəbəndlər ğütün mərtəbələrdə köhnə ağac tirlərin və dirəklərin deformasiyası nəticəsində qəzalı vəziyyətdədirlər. - Binanın 2 mərtəbəli hissəsinin qəzalı vəziyyətdə düşməsinin əsas səbəbləri binanın konstruksiyalarının ümumiyyətlə çox köhnəlməsi ilə bərabər həm də aşağıdakılardır: şüşəbəndin üstündə- damda taxta döşəmə-yolun olması; həmin yolun sonunda, şüşəbəndin üstündə qeyri-qanuni (heç bir normaya uyğun olmayan) qəzalı vəziyyətdə olan daş tualetin olması; damda həmin tualet istiqamətində heç bir funksional əhəmiyyəti olmayan daş hasarın (h=2 m) olması; bir də 3-cü mərtəbədə (8-ci mənzil) rekonstruksiya ilə əlaqədar konstruksiyaların çəkisinin artması nəticəsində (orada sonradan yeni əsaslı sanitar qovşağı tikilmişdir) köhnəlmiş yükdaşıyan ağac konstruksiyaların deformasiyasıdır. Qeyd etmək lazımdır ki, taxta döşəmə-yolun, daş hasarın və damüstü tualetin 12-ci mənzilə və digər mənzillərə heç bir aidiyyatı yoxdur. Onların mövcudluğu texniki pasportdakı plana ziddir və həm bina, həm də sakinlər üçün olduqca təhlükəlidir. Mövcud vəziyyəti təhlil edərək institut hesab edir ki: - Binanın ağac şüşəbəndlərinin qeyri-müntəzəm çökməsi və yükgötürən ağac tirlərin əyilməsi kəskin qəzalı və təhlükəli olduğu üçün konstruktiv tədbirlər vasitəsi ilə onları təcili olaraq gücləndirmək lazımdır. - Texniki pasportun planına əsasən 2 mərtəbəli hissədə, yəni 12-ci mənzilin damının üstündəki qəzalı vəziyyətdə olan damüstü taxta döşəmə-yol, daş hasar və daş tualet tamamilə sökülməli və damın üstü təmirlənməlidir. - 3-cü mərtəbədə yerləşən mənzillərin giriş-çıxışları texniki pasportun planında göstərildiyi kimi yerlərində bərpa olunmalıdırlar. 12-ci mənzil və 3-cü mərtəbənin (8-ci mənzil) şərikli sütun və dirəkləri dəyişdirilərək əsaslı təmir olunmalıdır. - 12-ci mənzilin damı və özü əsaslı təmir olunmalıdır. Təmir zamanı dam örtüyünün çardaq tipli tikilməsi məsləhət görülür.
18. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən Səbail Rayon İcra Hakimiyyətinin başçısına surəti isə “İçərişəhər” DTMQ Birləşmiş Müdiriyyətinin direktoruna, İçərişəhər, Asəf Zeynallı küçəsi, 13 ünvandakı evin 12-ci mənzilinin sahibi Kazım Axundova ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubun surətindən görünür ki, İçərişəhər, Asəf Zeynallı küçəsi, 13 ünvandakı evin 12-ci mənzilində yaşayan Kazım Axundov mənzilinin üstündəki 3-cü mərtəbənin sakini İddiaçı3 tərəfindən qanunsuz aparılmış yenidənqurma işlərinin və yüngül konstruksiyalı taxta şüşəbəndin üstündə quraşdırılmış dəmir qapının təsirindən mənzilinin ciddi qəzalı vəziyyətə düşdüyü üçün, dəfələrlə müxtəlif instansiyalara, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə, Səbail Rayon İcra Hakimiyyətinə və “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğuna müvafiq tədbirlərin görülməsi xahişi ilə müraciət etmişdir. Kazım Axundovun müraciətləri ilə əlaqədar mənzilə baxışlar keçirilmiş, mövcud vəziyyəti və təmir-bərpa işlərinin zəruri olmasını əks etdirən aktlar tərtib edilmişdir. Ev sahibinin nəzərinə çatdırılmalıdır ki, görüləcək işlər yalnız mühəndis-kostruktor tərəfindən işlənmiş layihəyə əsasən və bina memarlıq abidəsi olduğu üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi icazəsi ilə həyata keçirilə bilər. Layihənin hazırlanmasına və icrası üçün Mədəniyyət Nazirliyindən icazə alınmasına sərf olunan vaxt ərzində binada vəziyyət daha da ağırlaşmış və hazırda mənzildəki şüşəbəndin hər an uçmaq təhlükəsi vardır. Qeyd olunanlarla əlaqədar yuxarıda göstərilən ünvanda yaranmış təhlükəli vəziyyətin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edərək, təqdim olunmuş layihə əsasında mənzildə təcili təmir-bərpa və möhkəmləndirmə işlərinin aparılması tapşırılır.
19. “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və təmiri xidməti tərəfindən Sevinc Abbasovaya və qeyrilərinə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, A.Zeynallı 13 ünvanında yerləşən binanın 2-ci mərtəbəsinin damının asbest örtükdən (şiferdən) olması və onun ətrafa güşən şüarları altında azot tərkibli konserogen zərərli maddələrin buraxması haqqında müəyyən təşkilatlara və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ünvanlanmış müraciətlərə mənzil-kommunal və təmir xidmətində baxılmışdır. Müraciətlərlə əlaqədar olaraq aparılan müvafiq araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən mənzillər şəxsi mülkiyyətdədir. Bildirirlər ki, İdarənin balasında olan dövlət mənzil fonduna aid binalarda və həmin binalarda yerləşən dövlət mənzillərində təmir işləri dövlət vəsaiti hesabına növbəlilik əsasında aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.11-ci maddəsinə əsasən şəxsi mülkiyyətçi ona mənsub olan əmlakın saxlanması yükünü özü daşıyır. Eyni zamanda nəzərinə çatdırırlar ki, şəxsi mülkiyyətdə olan mənzillərdə təmir işləri aparılarkən MKTX-də xüsusi ərizə doldurulmalıdır.
20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ünvan 5 ünvanında yaşayan Sevinc Abbasovaya və digər sakinlərinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, yaşadıqları evin həyətində yerləşən bir neçə mənzilin dam örtüyünün asbest tərkibli şifer materiallarına dəyişdirilməsindən və hündürlüyünün qaldırılması nəticəsində təbii işıqlanmanın qarşısının alınmasından narazılıq barədə Səhiyyə Nazirliyinə ünvanladığı şikayət ərizəsi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində araşdırılmışdır. Araşdırmalar zamanı bir neçə mənzildə işıqlanmanın səviyyəsi ölçmüşdür. Ölçmələrin nəticələrinə görə 1-ci mərtəbədə yerləşən sakinlər İddiaçı4, S.Abbasovanın mənzillərində təbii işıqlanma səviyyəsi 0 lk, 2-ci mərtəbədə İddiaçı6 mənzilində 50 lk olaraq normadan (norma 150 lk) aşağı olmuşdur. X1 asbestlə bağlı xəstəliklərin ləğv edilməsi məqsədi ilə verilmiş tövsiyələrində asbestin bütün növlərin istifadəsinin dayandırılması, asbestin digər təhlükəsiz materiallarla əvəz edilməsinin mümkünlüyü barədə məlumatların yayımlanması və əvəz edilməsinin stimullaşdırılması məqsədilə iqtisadi və texniki mexanizmlərin hazırlanması və digər tədbirlərin nəzərdə tutulmasının məqsədəuyğun olduğu bildirilmişdir. Həmin tədbirlərin həyata keçirilməsi aktual olaraq qalır. Eyni zamanda bildirirlər ki, Cavabdeh1 məxsus mənzilin dam örtüyü hissəsində aparılan yenidənqurma işləri ilə yaranan narahatlıqla əlaqədar, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinə müraciət etməsini məqsədəmüvafiqdir.
21. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən ünvan 6 ünvanında yaşayan Sevinc Abbasovaya və digər sakinlərinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, yaşadıqları üçmərtəbəli binanın dam örtüyündə bina sakinləri Cavabdeh1 və Cavabdeh2 tərəfindən əlavə olaraq asbest-şiferdən dam örtüyü inşa edilməsindən narazılığı barədə Fövqəladə Hallar Nazirliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli müraciət mütəxəssisləri tərəfindən araşdırılmışdır. Araşdırma zamanı qeyd edilən ünvana mütəxəssisləri tərəfindən baxış keçirilmiş, asbest-şifer dam örtüyünün uzun müddət əvvəl inşa edildiyi müəyyən olunmuşdur. Qaldırdığı məsələnin həlli Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmadığından, aidiyyəti üzrə müraciət etməsini tövsiyə olunur.
22. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Çingiz Hüseynova və digərlərinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, yaşadıqları binada digər qonşusu tərəfindən dam örtüyünün təmiri vaxtı tikinti qanunvericiliyinin tələblərini pozduğu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il daxilolma tarixli müraciətinə ”İçərişəhər” X4 İdarəsində baxılmışdır. Müraciətləri ilə əlaqədar olaraq İdarəsinin mütəxəssisləri sözügedən ünvan üzrə araşdırmalar aparmışlar. Araşdırmalar zamanı məlum olmuşdur ki, qeyd olunan təmir-tikinti işləri Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin “Bakımənzilkommunallayihə” Layihə İnstitutunun xx.xx.2004-cü il tarixli, 63/08-41 nömrəli məktubu və layihə sənədləri əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 7-62/7g nömrəli sərəncam ilə həmin illərdə aparılmışdır. Eyni zamanda diqqətinə çatdırırlar ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il16 may tarixli, 574 nömrəli Fərmanına əsasən yaradılmışdır.
23. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı1 yaşadığı binada digər qonşusu tərəfindən dam örtüyünün təmiri vaxtı tikinti qanunvericiliyinin tələblərini pozduğuna dair müraciətinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq İdarənin mütəxəssisləri sözügedən ünvan üzrə araşdırmalar aparmışlar. Araşdırmalar zamanı məlum olmuşdur ki, qeyd olunan təmir-tikinti işləri Bakı Şəhər İcra Hakimiyyətinin “Bakımənzilkommunallayihə” Layihə İnstitutunun xx.xx.2004-cü il tarixli, 63/08-41 nömrəli məktubu və layihə sənədləri əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005 ci il tarixli, 7-62/7d nömrəli sərəncamı ilə həmin illərdə həyata keçirilmişdir. A.Zeynallı küçəsi, ev 13 ünvanında (mənzil 2) təmir-tikinti işləri aparılan zamanı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olmuşdur və bu səbəbdən qaldırdığı məsələnin həlli İdarənin səlahiyyətləri xaricindədir. Eyni zamanda məhkəməyə müraciət etmək hüququna malikdir.
24. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 27 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, sorğuda qeyd edilən Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2005-ci il tarixli 7-62/7b nömrəli sərəncamı, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin “Bakımənzilkommunallayihə” Layihə İnstitutunun xx.xx.2004-cü il tarixli, 63/08-41 nömrəli məktubu və layihə sənədləri Bakı şəhəri, Asəf Zeynallı küçəsi, ev 13, 2-ci mərtəbədə yerləşən Cavabdeh1 və Cavabdeh2 məxsus mənzillərin xx.xx.2004-cü il tarixədək mövcud olmuş texniki pasportları və cizgisi “İçərişəhər” Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsinin arxivində mövcud deyil.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinn Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2025-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, iş üzrə xx.xx.2024-cü il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Qərardadda ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə baxış keçirilməsi zəruri olduğundan bu barədə məhkəməyə xx.xx.2024cü il tarixli vəsatət göndərilmişdir. Vəsatətdə baxış vaxtının xx.xx.2024-cü il, saat 10.00-a təyin olunması məsələsinə baxılması xahiş olunmuşdur. Həmin tarixdə tədqiq olunan tikiliyə baxış keçirilmiş, lakin əlavə materiallar təqdim olunmadığından qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır.
26. Məhkəmə işdə olan sübutları nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə görə, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra- razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır.
28. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə, bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıq planlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər bu Məcəllənin 15.1.4-cü maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir (maddə 60.1.). Dam örtükləri atmosfer təsirlərinə qarşı dayanıqlı və yanğından mühafizə qaydaları ilə nəzərdə tutulmuş hallarda odada davamlı olmalıdır (maddə 61.1.). Dam örtüyündə təmir-tikinti işləri aparılarkən şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş xüsusi təhlükəsizlik tədbirləri görülməlidir (maddə 61.4).
29. Rayon Məhkəməsi tərəfindən qaldırılan iddia ilə əlaqədar müvafiq mühəndistexniki ekspertizası təyin edilsə də, ekspert tədqiqatına zəruri materiallar təqdim olunmadığından, ekspert qarşısında qoyulan suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.
30. İddiaçılar cavabdehlər tərəfindən dam örtüyündə aparılmış işlərin özbaşına həyata keçirilməsini, həmin tikilinin mövcudluğunun mülkiyyətlərində olan mənzillərə təbii işıq və hava axımının qarşısının alınmasına səbəb olduğunu, zərərli maddələrin mənzilə daxil olmasını qeyd edərək mövcud tələblə məhkəməyə müraciət etmişlər.
31. Məhkəmə iclasında cavabdehlər mübahisəli dam örtüyünün onlar tərəfindən deyil, dövlət tərəfindən, iddiaçılar isə məhz cavabdehlər tərəfindən inşa edilməsini bildirilmişlər.
32. Məhkəmə mübahisəli evin “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunda yerləşməsini, bununla da binanın memarlıq abidəsi olduğunu, həmin tikilidə aparılan hər hansı rekonstruksiya işlərinin yalnız müvafiq inzibati orqanın rəsmi icazəsi ilə həyata keçirilə bilməsini nəzərə alaraq hesab edir ki, həmin işlərin özbaşına və məhz cavabdehlər tərəfindən həyata keçirilməsi barədə iddiaçıların dəlilləri əsaslı hesab edilə bilməz.
33. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır (maddə 10.). Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar (maddə 11.).
34. Şəhərsalma və Tikinti Məcəlləsinin 12-ci maddəsinə görə, şəhərsalma və tikinti fəaliyyəti çərçivəsində tarixi landşaftın və mədəni irs obyektlərinin olduğu ərazilərin, xüsusi mühafizə olunan təbiət ərazilərinin və ya obyektlərin mühafizəsi təmin edilməlidir.
35. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Mübahisələndirilən dam örtüyünün inşasının cavabdehlər tərəfindən həyata keçirilməsi məhkəmə iclasında təsdiq olunmamışdır. Həmin rekonstruksiyanın 20 ildən artıq müddətə aparılmasını, həmin yenidənqurmanın məhz müvafiq razılıq əsasında həyata keçirilməli olması, 20 il müddətində mövcud olan tikilinin özbaşına və təhlükəli olması ilə bağlı sökülməsi ilə əlaqədar müvafiq qurum tərəfindən məhkəməyə müraciət edilməməsini, bununla da hazırkı tələbə cavabdehlərin subyektiv cavabdehlik daşımaması müəyyən edildiyindən Rayon Məhkəməsi düzgün hesab etmişdir ki, qaldırılan iddia təmin edilə bilməz.
36. Digər tərəfdən qeyd edilməlidir ki, hətta aparılan tikililər özbaşına tikili olsa belə, iddiaçıların özbaşına tikilinin sökülərək əvvəlki vəziyyətə gətirilməsi barədə tələb irəli sürməyə subyektiv hüquqları da mövcud deyil.
37. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə sökülür (maddə 95.1.1.). Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər (maddə 95.2.). Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir (maddə 95.3.).
38. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli, 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 695 saylı Fərmanının 4.10cu bəndinə əsasən həmin Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.
39. Göründüyü kimi müvafiq icazə almadan inşa edilmiş və tikintisi başa çatmış tikilinin sökülməsi məhkəmə qaydasında həyata keçirilir. Belə tikintinin sökülməsi barədə məhkəməyə iddianı müvafiq icra hakimiyyəti orqanı qaldırır. Həmin iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququ mövcud deyil. Rayon Məhkəməsi həmçinin bu əsasla da iddianın əsassız olması qənaətinə gəlməkdə haqlı olmuşdur. g) apellyasiya instansiyası məhkəməsinin nəticəsi
40. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə həmçinin bildirir ki, digər iddiaçılar, cavabdehlər və üçüncü şəxslər tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə dəyişdirilmədən saxlanıldığından, həmin şəxslər hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
44. İddiaçı1 apellyasiya şikayəti təmin edilmədiyindən isə o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
45. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 iyun 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı1 hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməzlər.