Məhkəmə qərarları › İş №2(103)-4776/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4776/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4776/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı MMC-nin cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun tutulması; zəmanət xidmətinə xitam verilməsinin etibarsız hesab edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X2 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” ilkin, Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddiası üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(003)-899/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 004174 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı MMC tərəfindən alıcı Cavabdeh 23000 manat dəyərində “Epiray LD1 V12” markalı avadanlıq satılmışdır.

2. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən malın qiyməti və ödəmə şərtləri müqavilənin 1 saylı əlavəsi olan X1 öz əksini tapması barədə razılıq əldə olunmuşdur. Malın qiyməti sabitdir və hər hansı bir dəyişikliyə məruz qala bilməz.

3. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən hissə-hissə ödəniş şərti ilə satılmış avadanlığın aylıq ödənişi 2 aydan çox müddətə ödənilməyəcəyi halda avadanlığa verilmiş zəmanətə xitam verilməsi və avadanlığın zəmanətdən çıxdıqda isə avtomatik olaraq avadanlığın servisi xidmətinin dayandırılması barədə tərəflər arasında razılıq əldə olunmuşdur.

4. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən alıcı bu müqavilənin şərtlərini pozduğu təqdirdə satıcı müddətindən asılı olmayaraq ödənişin təmin edilməsi məqsədi ilə məhkəməyə və ya digər hüquq mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır.

5. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə “Alıcı” malın dəyərini və qalıq məbləğini müqavilənin protokulunda göstərilən müddətdə tam və ya qismən icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “ Satıcı”ya cərimə ödəməlidir.

6. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 1 saylı Əlavəsi olan qiymət razılaşması və ödəmə şərtlərinə dair protokola görə malın ümumi dəyəri 23000.00 manat məbləğində təşkil edir. Alıcı ilkin ödəmə olaraq 6000 manat məbləğində ödəniş etmişdir. Alıcı xx.xx.2022-ci il tarixində 3350 manat, xx.xx.2022-ci il tarixində 650 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Alıcı ödənişin qalıq hissəsi olan 13000 manat məbləğini 12 ay müddətində aylıq 1083.33 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Alıcı qalıq 13000 manat məbləğini 8 ay müddətində bağlayarsa 1000 manat endirim olunmalıdır. Alıcı aylıq ödənişi 2 aydan çox müddətə gecikdirdiyi təqdirdə gecikdirilən hər gün üçün qalıq ödənişin 2 % məbləğində dəbbə pulu ödəməlidir. Dəbbə pulunun ödənişi qalıq ödəniş məbləğinin azalmasına səbəb olmur. Satıcı malı alıcıya xx.xx.2022-ci il tarixində təhvil verməlidir.

7. Maliyyə arayışına görə Cavabdeh xx.xx.2022-ci il tarixli 004174 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq 16500 manat ödəmiş, 2023-cü ilin fevral ayının sonuna qədər aylıq 1083.33 manat ödəniş etmək şərtilə 8666 manat ödəməli olduğu təqdirdə 6500 manat ödəniş etmişdir. Sonuncu ödənişi xx.xx.2022-ci il tarixində 500 manat olmuşdur. Hazırda Cavabdeh İddiaçı MMC-yə 6500 manat məbləğində borcu qalmışdır.

8. 08.05.2023-cü il tarixli maliyyə arayışı və ödəniş qrafikinə əsasən hazırda Cavabdeh İddiaçı MMC-yə 6500 manat məbləğində borcu qalmışdır. 4000 manat məbləğində pul güzəşt edilmiş, xx.xx.2022-ci il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 800 manat və xx.xx.2022-ci il tarixdə 500 manat məbləğində Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 004174 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənişlər həyata keçirilmişdir.

9. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu ilə İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 004174 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 6500 manat məbləğində pulun Cavabdeh ödənilməsi tələb edilmiş, ödənilməyəcəyi təqdirdə Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

10. Zəmanət talonuna əsasən “Epiray V12” markalı avadanlığa görə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək zəmanət xidməti müəyyən olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6500 manat əsas borcun, 1950 manat faiz borcunun, dövlət rüsumu qismində ödənilmiş 76 manat pul vəsaitinin, vəkil üçün ödənilmiş 150 manatın, cəmi 8676 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İşin baxılması zamanı iddiaçının nümayəndəsi-vəkili ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin xahiş hissəsində cavabdehdən tələb edilən “faiz məbləği” ifadəsinin “cərimə məbləği” kimi nəzərə alınmasını xahiş etmişdir.

13. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 004174 nömrəli alqı-satqı müqaviləsinin predmeti olan "xxxx" aparatına verilmiş zəmanətə xitam verilməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixində 004174 saylı alqı-satqısı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən, cavabdehə mal satmışdır. Satılmış mallar xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmişdir. Bağlanmış müqavilənin ümumi dəyəri 23000 manat təşkil etmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh ödənişin bir qismini ödəmişdir. Hazırki dövrə isə cavabdehin ödəməli olduğu borc 6500 manat təşkil edir. Cavabdehə qalan borcun ödənməsi ilə bağlı dəfələrə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. Cavabdehin ümumilikdə əsas borcu 6500 manat və gecikmə tarixlərinə görə hər gün üçün yaranan məbləğlərin cəmi 3900 manat (6500azn x 1%=65 azn x 30 gün gecikmə=1950 azn) təşkil edir. Belə ki, müqavilənin 8.1.-ci maddəsinə əsasən cavabdeh əgər gecikməyə yol verərsə, hər gecikən gün üçün müqavilə dəyərinin 1%i məbləğində dəbbə pulu ödəməlidir.

15. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər arasında xx.xx.2022-ci il tarixdə 004174 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti "xxxx" lazer aparatının alqı-satqısı təşkil edir. Müqavilənin “Protokol” bölməsində "xxxx" aparatının dəyəri 23000 manat müəyyən edilmişdir. Həmin Protokolun 1-ci bəndinə görə, alıcı ilkin olaraq 6000 manat məbləğində ödənişi müqavilə bağlanan anda ödəmişdir. Protokolun 2-ci və 3-cü bəndlərinə görə xx.xx.2022-ci il tarixdə alıcı 3350 manat, xx.xx.2022-ci il tarixdə isə 650 manat ödəməyi öhdəsinə götürmüşdür. Protokolun 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş öhdəliklər tərəfindən ödənilmişdir. Bu ödənişlərdən sonra "xxxx" aparatına görə onun 13000 manat ödənilməmiş borcu qalır ki, həmin məbləğin ödəniş qaydası Protokolun 4-cü bəndinə əks olunmuşdur - 12 ay müddətində hər ay 1083,33 manat ödəniş həyata keçirilməlidir. Tərəflər razılığa gəlmişlər ki, qalıq borcun (13.000 manatın) ödənişinin aparılması 2022-ci ilin iyul ayından başlanır. Bu fakt MMC-nin iddia ərizəsində qeyd olunanlarla də təsdiq olunur. O da müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyə başlamış və ödənişləri həyata keçirmişdir. Qeyd olunan tarixə onun iddiaçı MMC-yə hər hansı borcu olmamışdır. xx.xx.2022-ci ildə 700 manat ödənilmış, qalıq borc 12300 manatı şirkət təsdiq etmişdir (xx.xx.2022, Cavabdeh və ********** telefon nömrəsi vasitəsilə “Tutu Mesa” adlı istifadəçı arasında vatsap yazışması (SMS)). xx.xx.2022-ci ildə 500 manat ödənilmişdir, şirkət təsdiq etmiş (xx.xx.2022; ödəniş qəbzi, o və ********** telefon nömrəsi vasitəsilə “Tutu Mesa” adlı istifadəçi arasında vatsap yazışması: səsli mesajı və SMS). xx.xx.2022-ci ildə 800 manat ödənilmiş, şirkət təsdiq etmiş, qalıq borc 11000 manat təşkil etmişdir (qəbz, xx.xx.2022 və xx.xx.2022, o və ********** telefon nömrəsi vasitəsilə “Tutu Mesa” adlı istifadəçi arasında vatsapla səsli mesajlar). xx.xx.2022-ci ildə o, vatsapla səsli mesaj göndərir və bildirir ki, artıq ödənişləri etməyəcəkdir. Çünki, şirkətin əməkdaşı Ülkərlə danışmışdır ki, şirkətin köməkliyi ilə Kapital bankdan kredit götürüləcək və aparatlar lizinqə salınacaqdır. Sənədlərin hazırlanmasını şirkət öz üzərinə götürmüşdür (aralarındakı vatsapla səsli mesajlar). xx.xx.2022-ci ildə şirkətdən SMS gəlmişdir ki, Kapital bankdan kreditin ayrılması ilə bağlı müəyyən sənədləri o şirkətə gətirsin. xx.xx.2022-ci ildə şirkətə getmiş və sənədləri imzalamışdır. xx.xx.2022-ci ildə şirkət SMS göndərir ki, ödənişi etsin və bildirir ki, əks halda xəbərdarlıq göndəriləcək, o isə cavab verir ki, onunla Mesa Qrupun rəhbərliyi arasında razılaşma var ki, şirkət Bankdan kredit götürülməsini təmin edəcək və həmin vəsait hesabına da ödənişlər həyata keçiriləcəkdir (xx.xx.2022, ********** telefon nömrəsi vasitəsilə “Tutu Mesa” adlı istifadəçi və arasında vafsap yazışması: SMS səsli mesaj). xx.xx.2022-ci ildə Şirkətin nümayəndəsi bildirir ki, sentyabr ayı üçün 800 manat ödəniş olunmalıdır. O cavab verir ki, hazırda ödəniş edə bilməyəcək. Çünki, Mesa Qroupun rəhbərliyi ilə təşkil edilən kreditlə bağlı “Kapitalbank”-a 600 manat əlavə ödəniş edəcəkdir (xx.xx.2022, ********** telefon nömrəsi vasitəsilə “Tutu Mesa” adlı istifadəçi və arasında vatsap yazışması: səsli mesajlar). xx.xx.2022-ci ildə şirkətin nümayəndəsi bildirir ki, “Mesa Qroup”un rəhbəri Məftun müəllim demişdir ki, ya Banka gedərək müvafiq müqavilələri imzalamalı, ya da ödəniş etməlidir (xx.xx.2022, ********** telefon nömrəsi vasitəsilə “Tutu Mesa” adlı istifadəçinin vatsap yazışması: səsli mesaj). xx.xx.2022-ci ildə o, bildirir ki, artıq tələb olunan sənədləri imzalamışdır. Şirkətin nümayəndəsi “Tamam” cavabı göndərmişdir (xx.xx.2022, o və ********** telefon nömrəsi vasitəsilə “Tutu Mesa” adlı istifadəçi arasında vatsap yazışması: səsli mesaj və SMS). xx.xx.2022-ci ildə “Mesa Qroup”un rəhbəri Məftun Xəlilovun səsli mesajı ona göndərilir. Həmin səsli mesajda Məftun Xəlilov bildirilir ki, o, kömək etmək istəyində olsa da, Kapital Bankdan kreditin götürülməsi məsələsi alınmamış və təklif etmişdir ki, ona satılmış Venus və Epiray aparatlarına görə ödəniş qrafikində dəyişikliklər edilsin və ya aparatın biri qaytarılsın və qalan aparatla bağlı yeni müqavilə bağlanılsın və aylıq ödənişin 1000 manat olması barədə yeni ödəniş qrafiki tərtib edilsin (xx.xx.2022; ********** telefon nömrəsi vasitəsilə “Tutu Mesa” adlı istifadəçidən gələn səsli mesaj). xx.xx.2022-ci ildə “Mesa Qroup”un rəhbəri Məftun Xəlilovun səsli mesajı ona göndərilmişdir. Həmin səsli mesajda Məftun Xəlilov bildirmişdir ki, o, kredit götürülməsi məsələsini özü həll edə bilirsə etsin və aparata görə borcu tam həcmdə bağlasın (xx.xx.2022, saat 13:31; ********** telefon nömrəsi vasitəsilə “Tutu Mesa” adlı istifadəçidən gələn səsli mesaj). xx.xx.2022-ci ildə şirkətin nümayəndəsi bildirmişdir ki, X4 bağlı məsələnin nəticəsini soruşur, o, məsələnin alınmadığı barədə cavab vermişdir. Şirkətin nümayəndəsi bildirmişdir ki, Venus aparatı xx.xx.2020-ci ildə ondan götürüləcəkdir. İki aparata görə ümumi borcun məbləğinin 22000 manat (Venus aparatına görə 11000 manat, Epiray aparatına görə - 11000 manat) olduğunu, geri götürüləcək Venus aparatının 15.000 manat dəyərləndirildiyini, ümumi 22.000 manat borcdan 15.000 manat çıxıldığını, yerdə 7.000 manat borc qaldığını, həmin məbləğin isə 7 aya bölünərək aylıq ödənişin 1000 manat olacağını bildirmişdir (xx.xx.2022; saat 11:56, 12:08, 14:29, ********** telefon nömrəsi vasitəsilə "Tutu Mesa” adlı istifadəçi və arasında vatsap yazışmaları: səsli mesaj və SMS). Şirkətdən alınmış apatlardan biri (VENUS) şirkətə qaytarılmış və “VENUS”un dəyəri çıxılmış, şirkətin ona 4000 manat borcu qalmışdır. Həmin məbləği də Epiray aparatının qalıq borcundan çıxılmışdır. Qalıq borcun 7.000 manat olduğunu şirkət təsdiq etmişdir (xx.xx.2022 vatsap, səsli mesaj). xx.xx.2022-ci ildə “Mesa Qroup”un nümayəndələri “Venus” aparatını odan təhvil almışlar. xx.xx.2022-ci ildə 500 manat ödəniş etməsi, qalan 500 manatın isə ayın sonuna kimi ödəyəcəyi barədə “Mesa Qroup”a məlumat vermiş və ödənişin qəbzinin şəkilini göndərmişdir. Şirkətin nümayəndəsi cavabında təsdiq etmiş və qalıq borcun 6.500 manat olduğunu bildirmişdir (xx.xx.2022, o və ********** telefon nömrəsi vasitəsilə “Tutu Mesa” adlı istifadəçi arasında aparılan vatsap yazışmaları: SMS və şəkil). Göstərilənlərdən də göründüyü kimi, o, yalnız 2022-ci ilin sentyabr ayında aylıq ödənişi etməmişdir. Bunun səbəbi isə onun adına "xxxx" ASC-dən kredit götürülməsi və həmin kredit hesabına ödənişlərin bağlanması barədə İddiaçı MMC-nin rəhbərinin təklifi olmuşdur. Kreditin rəsmilləşdirilməsinə tələb olunan bütün sənədlərin yığılması, Banka göndərilməsi də MMC tərəfindən həyata keçirilmişdir. Lakin, sonradan öhdəliklərinə zamin duracaq onun həyat yoldaşının bankda başqa kredit müqaviləsi üzrə gecikmələri olduğuna görə kreditin ayrılması məsələsi alınmamışdır. Bütün bu hallar, hazırki iddia ərizəsinə əlavə olunmuş vatsap yazışmalarını əks etdirən disklə təsdiq olunur. Onun adına kreditin götürülməsi məsələsi alınmadığına görə MMC xx.xx.2022-ci il tarixdə təklif etmişdir ki, MMC-dən aldığı “VENUS” aparatını qaytarsın. Aparat qarşılıqlı razılığa əsasən dəyərləndirilsin və hər iki aparata, yəni VENUS” və "xxxx" aparatlarına görə yaranmış borc silinsin. İki aparata görə ümumi borcun məbləği həmin vaxt 22000 manat (Venus aparatına görə 11000 manat, Epiray aparatına görə - 11000 manat) olmuş, “Venus” aparatı 15000 manata dəyərləndirilmiş, ümumi 22000 manat borcdan 15000 manat çıxılmış (həmin məbləğin 4000 manatı "xxxx" aparatının borcundan çıxılmışdır), onun "xxxx" aparatına görə MMC-yə ödənilməmiş qalan borcu 7000 manat təşkil etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə 500 manat ödəniş etmiş, 500 manat isə həmin ayın sonunadək ödəyəcəyi barədə MMC-nin istifadəsində olan telefon nömrəsinə səsli mesaj göndərmişdir. Lakin, buna baxmayaraq, xx.xx.2022-ci il tarixdə MMC tərəfindən yazılı xəbərdarlıq göndərilmiş və həmin xəbərdarlıqda güya müqavilə öhdəliklərini pozması qeyd olunaraq, ona satılmış aparatın zəmanət müddətindən çıxarılması bildirilmişdir. Hesab edir ki, müqavilə öhdəliklərini pozmamış və ona satılmış aparatın zəmanət müddətindən çıxarılması üçün heç bir əsas olmamışdır. Belə ki, yuxarıda qeyd olunan ödənişlərin ümumiləşdirilməsi onu göstərir ki, onun 2022-ci ilin noyabr ayı da daxil olmaqla, "xxxx" aparatına görə MMC-yə cəmi 6500 manat ödəniş etmişdir. Müqaviləyə görə, 2022-ci ilin iyul ayından aylıq ödənişin 1083,33 manat olduğunu nəzərə alsaq müəyyən edilər ki, onun 2 ay gecikməsi mövcud deyildir. Buna baxmayaraq, MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ona satılmış aparatı zəmanət müddətindən çıxarılmışdır. Göründüyü kimi, müqavilə şərtləri iddiaçı MMC-nin özü tərəfindən pozulmuş, 2 aydan sox müddətdə ödənişlərdə gecikmə olmadığı halda, zəmanətə xitam vermişdir. Bununla da MMC, həmin aparatın satışının və təmirinin yalnız özü tərəfindən keçirildiyini bilə-bilə onu ağır vəziyyətə salmışdır.

16. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 may 2023-cü il tarixli 2(003)-899/2023 nömrəli qətnaməsi ilə (hakim İlham Cəfərzadə) ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 6500 manat əsas borc, 200 manat cərimə olmaqla cəmi 6700 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 76 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı MMC-yə qarşı zəmanət xidmətinə xitam verilməsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2022-ci il tarixli, 004174 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən İddiaçı MMC qarşısında üzərinə götürülmüş öhdəliklərin tamamilə yerinə yetirilməsi, yəni həmin müqavilə üzrə borcun tam şəkildə İddiaçı MMC-yə qaytarıldığı bildirilsə də, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə işin hallarından (iş materiallarından, qarşılıqlı iddia ərizəsinin məzmunundan və vatsap yazışmalarından) görünür ki, Cavabdeh, alqı-satqı müqaviləsi üzrə almış cihaza görə xx.xx.2022-ci il tarixdən sonra qalıq qalmış 13000 manatın 12 ay müddətində ayda 1083,33 manat ödəniş etməklə qaytarması barədə öhdəlik götürməsinə baxmayaraq onun tərəfindən xx.xx.2022-ci il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 800 manat və xx.xx.2022-ci il tarixdə 500 manat məbləğində pul İddiaçı MMC-yə ödənilməklə müvafiq qaydada və məbləğlərdə ödəniş həyata keçirilməmiş və bununla da müqavilə şərtləri onun tərəfindən pozulmuşdur.

18. Cavabdeh İddiaçı MMC ilə bağladığı alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada (müddətlərlə) və məbləğlərdə ödəniş etməməklə yerinə yetirmədiyindən ilkin iddia tələbi əsaslıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 6500 manat məbləğində borcu qalmışdır.

19. Məhkəmə göstərmişdir ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlmişdir ki, 6500 manat məbləğində əsas borca münasibətdə Cavabdeh 1950 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, ondan İddiaçı MMC-nin xeyrin 200 manat cərimə tutulmalıdır.

20. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia tələbi tərəflər arasında bağlanılmış xx.xx.2022ci il tarixli 004174 nömrəli alqı-satqı müqaviləsinin şərtləri satıcı İddiaçı MMC tərəfindən pozulması ilə əsaslandırılsa da işin müəyyən edilmiş hallarından görünür ki, həmin müqavilə şərtləri qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tərəfindən pozulmuş və həmin müqavilənin 6.2-ci bəndinə əsasən İddiaçı MMC satılmış cihazın servis xidmətinin dayandırmasına dair hərəkəti müqavilə şərtlərinin müddəalarına uyğun olmuşdur.

21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 425.1, 427.3, 442, 445.1, 445.2, 448.1, 448.2, 462.1, 467, 567, 582.2, 583.1, 597.1, 600.1, 600.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətində qarşılıqlı iddia ərizəsində göstərilənlər sadalanmaqla qeyd edilmişdir ki, müqavilə öhdəliklərini pozmamış və ona satılmış aparatın zəmanət müddətindən çıxarılması üçün heç bir əsas olmamışdır. Qeyd olunan ödənişlərin ümumiləşdirilməsi onu göstərir ki, tərəfindən 2022-ci ilin noyabr ayı da daxil olmaqla, "xxxx" aparatına görə cəmi 6500 manat ödəniş edilmişdir. Müqaviləyə görə 2022-ci ilin iyul ayından aylıq ödənişin 1083,33 manat olduğu nəzərə alınsa müəyyən edilir ki, onun 2 ay gecikməsi mövcud deyildir. Buna baxmayaraq MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ona satılmış aparat zəmanət müddətindən çıxarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apelkyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

25. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

26. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq

Mülki Məcəllə

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

31. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

32. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

33. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Mülki Prosessual Məcəllə

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

43. Tərəflər arasında olan müqavilənin şərtlərinə əsasən 23000 manat dəyərində “Epiray LD1 V12” markalı cihaz satılmış, cavabdeh aldığı cihaza görə 6000 manat məbləğində ilkin, xx.xx.2022-ci il tarixdə 3350 manat və xx.xx.2022-ci il tarixdə 650 manat ödəniş etməsi barədə öhdəlik götürmüş və həmin öhdəlikləri yerinə yetirmişdir. Həmin müqavilə üzrə qalıq qalmış 13000 manat məbləğində pulu isə xx.xx.2022-ci il tarixindən sonra 12 ay müddətində aylıq 1083,33 manat olmaqla ödəniş etməsi barədə cavabdeh İddiaçı MMC qarşısında öz üzərinə öhdəlik götürmüşdür.

44. İddiaçı hazırda cavabdehin müqavilə üzrə ödənilməmiş 6500 manat əsas borcunun qaldığını iddia edir.

45. Cavabdeh isə öhdəliyini tam icra etdiyini, 6500 manatı da ödədiyini bildirir.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.

49. Bu baxımdan, cavabdeh qalıq qalmış borc məbləği olan 6500 manatı ödədiyini iddia edirsə, bu halı sübut etmək yükünü daşıyır. Lakin o, bu halı əsaslandıra, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.

50. Ona görə də məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, Cavabdeh, İddiaçı MMC ilə bağladığı alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada (müddətlərlə) və məbləğlərdə ödəniş etməməklə yerinə yetirmədiyindən ilkin iddia tələbi əsaslıdır.

51. Qarşılıqlı iddia tələbinə münasibətdə də məhkəmə haqlı olaraq qarşılıqlı iddianın rədd edilməsi qənaətinə gəlmişdir.

52. Tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən hissə-hissə ödəniş şərti ilə satılmış avadanlığın aylıq ödənişi 2 aydan çox müddətdə ödənmədiyi halda avadanlığa verilmiş zəmanətə xitam verilir və avadanlıq zəmanətdən çıxdıqda isə avtomatik olaraq avadanlığın servisi xidməti dayandırılır.

53. Cavabdeh ona əsaslanır ki, müqavilə öhdəliklərini pozmamış və ona satılmış aparatın zəmanət müddətindən çıxarılması üçün heç bir əsas olmamışdır.

54. Lakin işin müəyyən edilmiş hallarına əsəsən aydın olur ki, müqavilə şərtləri cavabdeh tərəfindən pozulmuşdur, məhkəmə də qeyd olunanlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, həmin müqavilənin 6.2-ci bəndinə əsasən İddiaçı MMC satılmış cihazın servis xidmətinin dayandırmasına dair hərəkəti müqavilə şərtlərinin müddəalarına uyğun olmuşdur.

55. Kollegiya onu da qeyd edir ki, 2022-ci ilin avqust ayı üçün ödəniş edildikdən sonra cavabdeh növbəti ödənişi xx.xx.2022-ci ildə etmişdir ki, bu da müqavilə şərtinin pozulmasını ehtiva edir. Cavabdeh bunu maliyyə çətinlikləri ilə əlaqələndirsə də, Kollegiya bu dəlillə razılaşmır. Cavabdehin lizinq və ya kredit götürüb borcunu ödəmək istəyində olması ona bəraət qazandırmır, həm də nəzərə almaq lazımdır ki, lizinq və ya kredit verilməməsi də məhz cavabdehin təqsiri (zamin duracaq ərinin kredit borcunun olması) üzündən baş vermişdir, cavabdeh başqa zamin də təqdim edə bilərdi.

56. Həmçinin qeyd olunmalıdır ki, alınmış avadanlığa cəmi 1 il zəmanət verilmişdir ki, həmin müddət də xx.xx.2023-cü il tarixdə artıq bitmişdir.

57. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas vermir.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-899/2023 nömrəli iş üzrə 10 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar