Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4777/2025 27.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “borcun silinməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2081/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərişıq” ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, NİM № 002012 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun **********A0000 nömrəli abunə kodu üzrə İddiaçı məxsus Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən fərdi yaşayış evinin sayğacına baxış keçirən zaman həmin evdə sayğac sxemindən kənar xətdən istifadə edildiyi məlum olmuşdur. Belə ki, kənar xətt abonentə məxsus 24433614 nömrəli digər sayğacı birbaşa şəbəkəyə qoşmaqla həmin kənar xəttin fərdi yaşayış evinə də çəkmişdir. Axan yük ölçülmüş, kənar xəttin ləğv edilməsi tələb edilmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 2398/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, 28 mart 2024- cü il tarixli, 000611 saylı akt əsasında hesablanmış 1423,99 manat borcdan 1090.99 (bir min doxsan manat doxsan doqquz qəpik) manat məbləğində pulun "xxxx" ASC tərəfindən İddiaçı abunə hesabından (kod: **********A0000) silinməsi, iddianın digər hissələrdə rədd edilməsi qət edilmişdir.
3. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, **********A0000 kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil edilərkən məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixində Nəzarət İdarəsinin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən, mənzilə məxsus elektrik sayğacındakı kənar xətt səbəbilə NİM № 002012 nömrəli akt tərtib edilmiş və itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 2218 kVts (274,34 manat) dəyərində ödəniş sənədi hazırlanmışdır. Abunə haqqında bildiriş vərəqinin təhlili də təsdiq edir ki, akta görə təqdim edilmiş ödəniş sənədi, tarif fərqi nəzərə alınmaqla, “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq hazırlanmışdır. xx.xx.2024-cü il tarixinə elektrik enerjisi sərfiyyatına görə 607 manat borcun ödənilməsi zəruridir.
4. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, NİM № 010532 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun **********A0000 nömrəli abunə kodu üzrə İddiaçı məxsus Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən fərdi yaşayış evinin elektrik sayğacına baxış keçirilən zaman həmin evdə sayğac sxemindən kənar xətdən istifadə edildiyi məlum olmuşdur. Belə ki, kənar xətt sayğacı qidalandıran SİP xəttinin izolyasiyasını pozmaqla sayğac qutusunun içərisində budaqlanma yolu ilə birbaşa çıxıb ayrıcıya verməklə çəkilmişdir. Axan yüklər ölçülmüş, kənar xəttin ləğv edilməsi tələb edilmişdir.
5. Abunə haqqında sənəddən görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə **********A0000 nömrəli abunə koduna NİM № 002012 nömrəli akta əsasən xx.xx.2025-ci il tarixdə 9,00 manat, 16,00 manat, 249,34 manat olmaqla, cəmi 274,34 manat, xx.xx.2025-ci il tarixdə isə NİM № 010532 nömrəli akta əsasən 1.419,60 manat cərimə yazılmışdır.
6. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, “Azərişıq» ASC-də satışa nəzarət şöbəsinin müdiridir. Onlar tərəfindən yoxlama aparılarkən abonent İddiaçı öz yaşayış evinə və obyektinə məxsus sayğaclardan kənar xətt çəkərək evini və obyektini elektriklə qidalandırması müəyyən edilmişdir. Bununla bağlı NİM002012 nömrəli və 010532 nömrəli aktlar tərtib edilərək rəhbərliyə göndərilmişdir. Onların işi ərazidə olduğundan, aktlara əsasən hansısa hüquq mühafizə orqanlarına müraciət edilməsi onların səlahiyyətinə aid deyil. Aktları tərtib etdikləri zaman iddiaçıya məxsus evin qapısını döyüb-döymədiklərini xatırlamır, amma 2025-ci ildəki aktı tərtib etdikləri zaman iddiaçının orada olmadığı yadına gəlir.
7. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, onların vəzifəsi sayğacların işləkliyini və plomblarını yoxlamaqdır. Yoxlama aparılarkən abonent İddiaçı yaşayış evinə və obyektinə məxsus sayğaclarda qüsur müəyyən olunduğuna görə akt tərtib edilmişdir. Onlar aktı tərtib etdikdən sonra idarəyə təhvil verirlər, bundan sonrası isə onların səlahiyyətinə aid deyil.
8. İş materiallarında iddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizə, fotoşəkillərin kserosurəti, cavabdeh tərəfindən təqdim edilmiş videoyazının olduğu 1 ədəd disk də vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli NİM002012 nömrəli akt əsasında hesablanmış 274,34 manat dəyərində borcun qeyri-qanuni hesab edilib, silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbinə texniki düzəliş edilmişdir).
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 09:15 radələrində qonşusu Həsən adlı şəxs iddiaçıya zəng edərək elektrik enerjisi sayğacının ətrafında 2 nəfər şəxsin olması barədə məlumat vermişdir. Bundan sonra iddiaçı elektrik enerjisi sayğacının yerləşdiyi divara yaxınlaşmış və orada olan əməkdaşlardan onun iştirakına şərait yaratmalarını xahiş etmişdir. Hündürboylu əməkdaş iddiaçının iştirakına şərait yaratmamış, əksinə polislə hədələyərək kiməsə zəng etmişdir. Sonra iddiaçı evə qayıdıb mobil telefonunu götürərək yenidən həmin şəxslərə yaxınlaşmışdır. İddiaçı mobil telefonla həmin şəxsləri çəkmək istədiyi zaman hündürboylu əməkdaş üzünü gizlətməyə çalışmışdır. İddiaçı 25 noyabr 2024-cü il tarixdə "xxxx" ASC-yə müraciət etsə də, yazılmış borcun silinməsindən imtina edilmişdir. Aktı tərtib edən əməkdaşlar tərəfindən iddiaçının iştirakına şərait yaradılmamış, əksinə əməkdaşlar polislə hədələyərək üzlərini gizlətmişlər. Eyni zamanda, müvafiq akt satışa nəzarət idarəsinin rəisi tərəfindən təsdiq edilməmiş, hesablama düzgün aparılmamış, əlavə sərfiyyata görə 1,1 kv.s olmaqla 34 günə 274,34 manat hesablanmışdır. Görünür ki, akt saxta olmaqla, Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli Qərarının tələblərinə ziddir və əsassızdır.
11. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə dair ikinci iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş NİM 010532 nömrəli akt əsasında hesablanmış cərimə məbləğinin qeyri-qanuni hesab edilərək silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbinə texniki düzəliş edilmişdir).
12. İkinci iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu işıq idarəsinin sahə rəisi Əli adlı şəxs İddiaçı zəng edərək xx.xx.2024-cü il tarixli akt əsasında 274 manat borcunun olduğuna görə elektrik enerjisi təchizatının dayandırıldığını bildirmişdir. Bundan sonra iddiaçı elektrik enerjisi təchizatının dayandırılmasına göstəriş verən Elman adlı əməkdaşa yaxınlaşmış, o isə bildirmişdir ki, elektrik enerjisi təchizatı borca görə deyil, tərtib edilmiş akta əsasən dayandırılmışdır. İddiaçı həmin aktların təqdim edilməsini xahiş etsə də, əməkdaş aktı verməkdən imtina etmiş və kalkulyatorda hesablama apararaq 1940 manat borcun ödənildiyi təqdirdə elektrik enerjisi təchizatının bərpa olunacağını bildirmişdir. İddiaçı qeyd edilən aktı götürmək üçün Binəqədi rayonu işıq idarəsinə yaxınlaşmış və həmin idarənin əməkdaşı Nicat adında şəxs aktın portala yerləşdirilmədiyinə görə Kazımzadə küçəsi, 20 ünvanına yaxınlaşmalı olmasını ona bildirmişdir. Qeyd edilən ünvanda 3-cü mərtəbədə yerləşən 6 nömrəli otaqda iddiaçıya akt təqdim edilmiş, hesabatın isə portalda olmadığı və kalkulyatorda hesablama apararaq ödənilməli olan borcun 1330 manat olması göstərilmişdir. İddiaçıya "xxxx" ASC-nin elektrik enerjisinin satışına nəzarət idarəsində borcunun 1940 manat, Kazımzadə küçəsi, 20 ünvanında 3-cü mərtəbədə yerləşən 6 nömrəli otaqda isə borcunun 1330 manat olması bildirilir. Hesabat tərtib edilmədiyindən dəqiq cərimə məbləğini göstərmək mümkünsüzdür. Eyni zamanda tərtib edilən akt xx.xx.2025-ci il tarixli 18 nömrəli qərarın tələblərinə (akt yoxlama aparan idarənin rəhbəri tərəfindən təsdiq edilməmişdir) ziddir.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 2122/2025 nömrəli qərardadı ilə iddia ərizələri bir icraatda birləşdirilmişdir.
14. İddiaçı “iddia ərizəsinə əlavə” təqdim edərək, aktlara əsasən hesablamanın düzgün aparılmadığını bildirmişdir.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2081/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə birləşdirilmiş birinci və ikinci iş üzrə iddiaların təmin edilməsi, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, NİM № 002012 nömrəli akt üzrə yazılmış 274,34 manat və xx.xx.2025-ci il tarixli, NİM № 010532 nömrəli akt üzrə yazılmış 1.419,60 manat məbləğində borcların **********A0000 nömrəli abunə hesabından silinməsi qət edilmişdir. (hakim X4)
16. Məhkəmə öz mövqeyini «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü, 17-ci maddələrinə, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci, 19-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 6-cı, 7-ci, 8.2-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin əməkdaşları(M.Əliyev və A.hüseynov) tərəfindən xx.xx.2025-ci il tarixli NİM 010532 saylı saylımüvafiq akt tərtib olunmuşdur və video çəkiliş aparılmışdır. Aktın tərtib edilməsi zamanı abonent iştirak etməmişdir. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair xx.xx.2025-ci il tarixli qərarına əsasən xx.xx.2025-ci il tarixdə NİM 010532 saylı akt üzrə 10.920 kvts=(4,4kvt*24 saat*0,7*260 gün*) itirilmiş elektrik enerjisinin dəyəri 1.219,60 manat məbləğində müəyyən edilməklə abonentin (kod: **********A0000) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Hesab edirlər ki, qeyd edilən aktlar qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və aktlar əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri 1.693,94 mahat iddiaçı tərəfindən ödənilməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19 Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
20. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
d) Tətbiq edilən hüquq
22. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 19.16. Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: 6.4-cü bənd. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X1 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X1 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. 7.6-cı bənd. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.11-ci bənd. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.17-1-ci bənd. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bənd. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
e) Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Cavabdeh tərəfindən qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
29. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə hesablaşma elektrik sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı, o cümlədən məişət abonenti tərəfindən həmin sayğaclarının zədələnməsi (plombun qoparılması, baxış şüşəsinin sındırılması, gövdəsinin zədələnməsi və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), habelə sayğacdan kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulması hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmişdir. Bununla belə, bu işlərin görülməsini təmin edən, o cümlədən sayğacın işlək vəziyyətdə saxlanılmasına və elektrik enerjisindən düzgün istifadə edilməsinə nəzarət edən enerji təchizatı müəssisəsinin əməkdaşları bu sahədə hər hansı pozuntular aşkar etdikdə bunun səbəblərini qanunvericiliyin tələblərinə uyğun araşdırmalı və rəsmiləşdirməlidir. Bu zaman pozuntular bilavasitə istehlakçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranmasını sübut etmək vəzifəsini də məhz enerji təchizatı müəssisəsi daşıyır. Əks halda, pozuntunun istehlakçı tərəfindən yol verilməsinə dair aparılmış hər hansı rəsmiləşdirmə hüquqi nəticə etibarı ilə etibarsız, bunun nəticəsi olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsassız olacaqdır.
30. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacdan (abonent kodu: **********A0000) kənar xətt çəkilməsi – elektrik enerjisi şəbəkəsinə qanunsuz qoşulma halı aşkar edilməsi əsası ilə cavabdeh "xxxx" ASCnin əməkdaşları tərəfindən xx.xx.2024-cü və xx.xx.2025-ci il tarixlərdə NİM № 002012 və NİM № 010532 nömrəli aktlar tərtib edilərək, abonent koduna birinci akt üzrə 274,34 manat, ikinci akt üzrə isə 1.419,60 manat məbləğlərində cərimə yazılmışdır. 19. İddiaçı aktların ləğv edilməsi tələbi ilə cavabdehə müraciət etsə də, heç bir müsbət nəticə əldə etməmiş, buna görə də aktlar üzrə yazılmış borcların silinməsi tələbinə dair hazırkı iddia ərizələri ilə məhkəməyə müraciət etmişdir. 20. Məhkəmə araşdırmaları zamanı cavabdeh tərəf iddianı qəbul etməmiş, iddiaçının sayğacdan kənar xətt çəkməsi hallarının aşkar edilməsinə görə cərimələrin əsaslı yazıldığını, lakin iddiaçının müvafiq məsuliyyətə cəlb edilməsi ilə bağlı müvafiq orqana müraciət etmədiklərini bildirmişdir. Mübahisələndirilən aktları tərtib edən əməkdaşlar cavabdeh tərəfin vəsatətinə əsasən əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş və onlar işlərinin belə hallar aşkar edildikdə, akt tərtib etmək olduğunu, belə hala yol verən şəxsin müvafiq məsuliyyətə cəlb edilməsi ilə bağlı müvafiq orqana müraciət etməyə səlahiyyətlərinin olmadığını bildirmişlər.
31. Belə ki, qanunvericiliyin tələbinə əsasən, iddiaçıya məxsus fərdi yaşayış evinin sayğacından kənar xətt çəkilməsi – iddiaçının elektrik enerjisi şəbəkəsinə qanunsuz qoşulma halı aşkar edildiyi halda, cavabdeh tərəf bu fakt barəsində akt tərtib edərək, aktın bir nüsxəsini iddiaçının müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi üçün X1 Agentliyinə və ya onun əməlində cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim etməli olsa da, akt tərtib etməsinə baxmayaraq, bir nüsxəsini müvafiq orqana təqdim etməməklə bu vəzifəsini yerinə yetirməmişdir.
32. Halbuki, qanunun tələbinə görə, istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması yalnız həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi halda, cavabdeh bununla bağlı cəriməni (zərəri) iddiaçıdan tələb edə bilərdi. Lakin hazırkı işin materiallarından görünür ki, iddiaçının təqsirli olması müvafiq qaydada sübuta yetirilmədiyi halda, cavabdeh tərəf mübahisələndirilən aktlar üzrə hesablanmış cərimə məbləğlərini ona məxsus abonent koduna yazmaqla, iddiaçıdan həmin borcların ödənilməsini tələb edir.
33. Belə olan halda kollegiya hesab edir ki, sübutetmə yükü cavabdehin üzərində olsa da, elektrik enerjisi şəbəkəsinə qanunsuz qoşulma – elektrik enerjisini talama faktında iddiaçının təqsirinin müəyyən edilməsinə dair qanunvericiliklə dəqiq müəyyən edilmiş müvafiq mötəbər sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, iddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
34. Çünki onu da qeyd etmək zəruridir ki, müvafiq sayğac iddiaçının fərdi yaşayış evindən kənarda yerləşdiyindən, qanunun tələbinə əsasən, ona edilmiş müdaxiləyə görə enerjitəchizatı müəssisəsi, yəni cavabdeh məsuliyyət daşıyır. Bu prezumpsiyanın əksini iddia sübut etmək yükü isə cavabdehin üzərindədir. Lakin göründüyü kimi, cavabdeh iddiaçının təqsirinin olub-olmamasının müvafiq orqanlar tərəfindən müəyyən edilməsi üçün öz üzərinə düşən vəzifəni yerinə yetirməmiş, aktlara əsasən hesablanmış cərimə məbləğlərini iddiaçıdan tələb etmək üçün zəruri olan mötəbər sübutu əldə etməmişdir.
35. Nəticə etibarı ilə qeyd edilən abunə kodu üzrə hesablanmış elektrik enerjisinin dəyərinin ödənilməsini cavabdeh iddiaçıdan tələb edə bilməz. Qeyd edilənlər hüquqi nəticə etibarı ilə cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən hesablanmış borcun silinməsini şərtləndirir.
36. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya əsassız hesablanmış borcun silinməsi nəticəsinə gəmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
37. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2081/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.