Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4781/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “texniki şərtin icra edilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: iş üzrə icraat xitam verilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “texniki şərtin icra edilməsi, maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3753/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı texniki şərtin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərişıq ASC iddiaçının Nardarandakı bağına işıq çəkməyə xx.xx.2017 tarixli texniki şərt verib, amma qanunsuz ödəniş tələb edərək 6 ildir texniki şərti icra etməkdən imtina edir. NK-nın qərarına görə texniki şərtin verilməsi ödənişsiz həyata keçirilir. Eyni zamanda fiziki şəxs olan istehlakçıların elektrik sayğacı ilə təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi elektrik şəbəkəsinin hesabına həyata keçirilir. Lakin cavabdeh iddiaçıdan qanunsuz 201.72 manat tələb edib və ona görə də 6 ildir qərəzlə işıq çəkməkdən imtina edir. Konstitusiyanın 73 -cü maddəsinə görə, heç kəsdən qanunda nəzərdə tutulan məbləğdən artıq ödəniş tələb edilə bilməz.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3753/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı texniki şərtin icra edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
4. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırki işdən müəyyən olunur ki, iddiaçı, cavabdeh Azərişıq ASC-nin təbii inhisar subyekti olaraq, ümumi (publik) hüquq sahəsində fəaliyyəti nəticəsinə onun hüquqlarına müdaxilə edilməsini (mülkiyyətində olan torpaq sahəsi üzərində işıq xətti çəkməsi ilə bağlı hərəkətsizlik etməsini) iddia etmişdir. Belə olan halda, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının 14-cü bəndinin tələblərinə əsasən hazırki iddiaya mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3753/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 12-ci maddəsinə görə, mənəvi ziyan məhkəmə tərəfindən müəyyən edilir. Ali Məhkəmə Plenumunun xx.xx.2015 tarixli 4 saylı qərarının 13-cü bəndinə görə, müqavilə şərtlərinin pozulması ilə bağlı istehlakçı hüquqlarının pozulması haqqında iddialara ümumi məhkəmələr baxır. Amma Sabunçu məhkəməsi hımin qərarın 13-cü yox, 14-cü bəndini əsas tutub ki, onun iddiası ümumi (publik) qərardan, hərəkət və ya hərəkətsizlikdən qaynaqlanır. Halbuki onun iddiası qeyd etdiyi kimi, cavabdehin texniki şərti 7-ci ildir icra etməməməsindən, ödənişsiz verilməsi təsbit olunan texniki şərtin, sayğacın 201.72 manat şişirtmə ödəniş tələb etməklə quraşdırılmamasından dəyən maddi-mənəvi ziyanın ödənilməsi haqqındadır.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3753/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı şikayəti əsassız olduğundan təmin edilməməsi, şikayətin baxılması üçün 2(008)-3753/2023 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsində qeyd edilir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, iddiaçı hazırkı iddia tələbində Bakı şəhəri, Nardaran rayonunda yerləşən bağ sahəsi ilə bağlı verilmiş texniki şərtin "xxxx" ASC tərəfindən icra edilməsi, maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən ona istinad etmişdir ki, iddiaçı cavabdeh Azərişıq ASC-nin təbii inhisar subyekti olaraq etdiyi hərəkətsizlikdən şikayət verdiyi üçün iddiaya mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilir ki, “...nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır...”
15. Göründüyü kimi, hazırkı halda iddiaçının tələbi cavabdehlə aralarında olan müqavilə tələblərindən irəli gəlməmiş, cavabdeh "xxxx" ASC-nin təbii inhisar subyekti olaraq hərəkətsizliyindən yaranan mübahisə ilə bağlı olmuşdur. İddiaçı tələbində cavabdehin üzərinə müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.
16. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur və qərardad formal mülahizələrə görə ləğv edilməməlidir.
17. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3753/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev