Məhkəmə qərarları › İş №2(103)-4783/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4783/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4783/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» Qapalı Səhmdar Cəmiyyətinin adından çıxış edən törəmə müəssisəsi İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-983/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» Qapalı Səhmdar Cəmiyyətinin adından çıxış edən törəmə müəssisəsi İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2010-cu il tarixli 4773 №-li kredit müqaviləsinə əsasən 198468 manat əsas, 364630,10 manat faiz borcu olmaqla cəmi 563098,10 manat məbləğində kredit borcunun və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulub «xxxxxxxxxxx» QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2010-cu il tarixli 4773 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 16 % olmaqla 500000 manat məbləğində kredit verilmiş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun banka 198468 manat əsas, 364630,10 manat faiz borcu olmaqla cəmi 563098,10 manat məbləğində borcu qalmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 saylı Fərmanına əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə “xxxxxxxxxxx” QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ «xxxxxxxxxxx» QSC-yə keçmişdir. «xxxxxxxxxxx» QSC ilə İddiaçı MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən «xxxxxxxxxxx» QSC-yə keçmiş «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-983/2020 saylı qətnaməsi ilə iddia müddətinin keçməsi əsasına görə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarını səhv təfsir etmiş, nəticədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, kredit müqaviləsinə görə müqavilənin müddəti borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilir. Lakin cavabdeh tərəfindən kredit tam həcmdə ödənilməmişdir. Belə olan halda məhkəmə düzgün olmayaraq iddia müddətini tətbiq etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh isə izahatında göstərdi ki, xx xxx 2010-cu il tarixli kredit müqaviləsi onunla «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC arasında bağlansa da, müqavilədə nəzərdə tutulmuş krediti faktiki olaraq sabiq deputat X3 götürmüşdür. Dünyamin Xəlilov çoxsaylı belə əməllərinə görə uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin sabiq rəhbərliyi kreditin faktiki olaraq Dünyamin Xəlilov tərəfindən götürüldüyünü bildiyinə görə uzun müddət bu barədə məhkəmədə iddia qaldırmamışdır. Hal-hazırda isə iddia müddəti keçdiyinə görə hesab edir ki, iddia təmin oluna bilməz. Buna görə də məhkəmədən apelyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-983/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2010-cu il tarixli 4773 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 16 % olmaqla 500000 manat məbləğində kredit verilmiş, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun banka 198468 manat əsas, 364630,10 manat faiz borcu olmaqla cəmi 563098,10 manat məbləğində borcu yaranmışdır. İş materiallarından həmçinin görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015ci il tarixli 570 saylı Fərmanına əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə “xxxxxxxxxxx” QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ «xxxxxxxxxxx» QSC-yə keçmişdir. «xxxxxxxxxxx» QSC ilə İddiaçı MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən «xxxxxxxxxxx» QSC-yə keçmiş «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. Cavabdeh ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək iddia müddəti keçdiyinə görə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxx 2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsinin icra müddəti xx xxx 2012-ci il tarixdə bitmişdir. Belə olan halda hazırki tələblə iddiaçının məhkəməyə müraciət etməsi üçün qanunla müəyyən edilmiş müddətin axımı xx xxx 2012-ci il tarixdə başlanmış və xx xxx 2015-ci il tarixdə bitmişdir. Beləliklə, iddiaçı xx xxxxxx 2019-cu il tarixdə, yəni qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi cavabdehin ərizəsinə əsasən iddianı rədd etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «xxxxxxxxxxx» Qapalı Səhmdar Cəmiyyətinin adından çıxış edən törəmə müəssisəsi İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-983/2020 saylı qətnaməsi «xxxxxxxxxxx» Qapalı Səhmdar Cəmiyyətinin adından çıxış edən törəmə müəssisəsi İddiaçı apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar